III. İdaəetmə qərarlarının qəbulu:
- problemin vaxtında və dəqiq qoyulması, problemli vəziyyətin aşkar olunması və qeyd edilməsi;
- problemin diaqnozunun müəyyən edilməsi;
- qərarçıxarma üçün meyarların və məhdudiyyətlərin müəyyənləşdirilməsi;
- kollektiv üzvlərinin qərarçıxarma prosesinə cəlb edilməsi, qərarların hazırlanmasına səlahiyyətin verilməsi;
- idarəetmə qərarlarının qəbulu üçün informasiya təminatının həyata keçirilməsi;
- mümkün alternativlərin tapılması və qiymətləndirilməsi;
- kollektiv müzakirə şəraitində qərarların qəbul edilməsi (diskussiyaya geniş şərait yaratmaqla)
- özünün vəzifə səlahiyyətləri və peşəkarlığı əsasında təkbaşına idarəetmə qərarlarının qəbulu;
- qəbul olunmuş qərarın icra vaxtının dəqiq müəyyən edilməsi;
- pedaqoji kollektivin qəbul olunmuş qərarın həyata keçirilməsi üçün səfərbər edilməsi, müsbət cəhətlərin nəzərə alınması;
- qəbul olunmuş qərarın icrasının axıra çatdırılmasının izlənməsi;
IV. İnnovasiya fəaliyyətinin inkişafı və onun idarə edilməsi:
- tətbiq olunmaqla təlim prosesinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verən ideyaların ümumiləşdirilməsi;
- pedaqoji kollektivi yeniliklərin öyrənilməsinin zəruriliyinə, əhəmiyyətinə inandırmaq və ruhlandırmaq;
- yeniliklərin tətbiqinin informasiya təminatını (hər bir şagird və müəllim üçün yeniliyin məqsədi, mahiyəti, əhəmiyyəti barədə məlumat vermək);
- qiymətləndirmə zamanı aşağıdakıları nəzərə almalı: 1) yenilikləri mənimsəməyi pedaqoji kollektiv nə dərəcədə istəyir; 2) yenilikləri mənimsəmək üçün pedaqoji kollektivin hansı çətinlikləri var; 3) yenilikləri mənimsəmə prosesində müəllimlər hansı bilik və bacarığa yiyələnəcəklər;
- müəllimlərin təşəbbüslərini qiymətləndirmək, tədqiqat, təcrübə aparmaq, yaradıcı qruplar formalaşdırmaq bacarığı;
- müəllimlərə, o cümlədən yenilikləri mənimsəmə prosesinə qoşulan müəllimlərə vaxtında və lazımi kömək göstərmək (məsləhət, seminar, təcrübə nümayiş etdirmək, praktik məşğələlər, tövsiyələr);
- psixoloji xarakterli maneələrin aradan qaldırılmasında müəllimlərə kömək etmək.
V.Rəhbərin pedaqoji mədəniyyəti:
- pedaqoji prosesi sistemli, tam şəkildə (qəbul olunmuş məqsədlərdən son nəticəyə qədər) görmə bacarığı;
- pedaqoji prosesi tam şəkildə elmi baxımdan təhliletmə və təşkiletmə bacarığı;
- pedaqoji prosesin təşkili üçün ən perspektiv konsepsiyanı və təlim texnologiyalarını təhliletmə, müqayisəetmə və seçmə bacarığı;
- tədris planlarını, proqramları, dərslikləri, metodik vasitələri təhliletmə bacarığı;
- hər hansı fənni (ixtisas fənnini) müasir təlim texnologiya-larından istifadə etməklə yüksək peşəkarlıqla tədrisetmə bacarığı;
-müəllimlərə metodik kömək göstərmək bacarığı;
- dərsi elmi, psixoloji, pedaqoji, metodik baxımdam təhliletmə bacarığı;
- müəllimin tam peşəkarlıq fəaliyyətinin diaqnostikasının aparılması bacarığı;
- tərbiyə işləri sistemini təhliletmə bacarığı.
VI. Rəhbərin sosial-psixoloji mədəniyyəti, yaradıcı pedaqoji kollektivin təşkili:
- məktəbin qarşısında qoyulan məqsədə nail olmaq üçün kollektivin birliyi və mütəşəkkilliyini yaratmaq bacarığı;
- məktəbin qarşısında qoyulan məqsədi hər bir işçinin subyektiv tələbatına çevirmək, əhəmiyyətli etmək yollarını tapmaq bacarığı;
- kollektivin dəyər-normativ birliyinin formalaşdırılması (kollektiv üzvlərinin tələbləri, vəzifələri, arzuları əks olunmuş sənəd);
- rəhbər ətrafında yaradıcı müəllimlərin birləşməsinə kömək məqsədilə pedaqoji ideyaları, konsepsiyaları irəli sürmək və kollektivi sosial-pedaqoji sistemə çevirmək bacarığı;
- təcrübəli və yüksək ixtisaslı müəllimlərdən fəal qrup yaratmaq, əməkdaşları həmfikirlərin birliyinə çevirmək bacarığı;
- tədrisin özünüinkişaf rejiminə keçməklə kollektivin inkişafının rəğbətləndirilməsi;
- kollektivdə əlaqələri möhkəmləndirməyə şərait yaradan məktəb ənənələrini saxlamaq və inkişaf etdirmək bacarığı.
VII. Kollektivi inandıra bilmək:
- müəllimlərin əməyə müsbət münasibətlərini rəğbətləndirmək bacarığı;
- əmək fəaliyyəti prosesində müəllimlərin özünürealizə tələbatının ödənilməsi üçün şəraitin yaradılması bacarığı;
- əməyə müsbət münasibət göstərməklə, müvəfəqiyyət üçün şəraitin yaradılması bacarığı;
- məhsuldar əmək fəaliyyətinin üstünlük təşkil etdiyi sahələrin dəstəklənməsi;
- müəllimlərin müstəqil axtarışlarının müdafiə edilməsi, onlara proqramın, dərsliklərin, təlim vasitələrinin və metodlarının seçilməsində müstəqillik vermək;
- pedaqoji prosesi məqsədəmüvafiq təkmilləşdirməyə imkan verən müəllif proqramlarının işlənilməsini, xüsusi planların müdafiəsini, pedaqoji yaradıcılığın müxtəlif formalarının tətbiqini qiymətləndirmək;
- diaqnostika və xarici məlumatlara əsasən (xüsusi informasiya toplayanların məlumatları istisna edilir) müəllimlərin peşəkarlıq fəaliyyətini və şəxsi keyfiyyətini adekvat özünüqiymətləndirmə bacarığı;
- kollektivdə yaradıcı mühitin yaradılması və pedaqoji işçilərin yaradıcı axtarışa cəlb edilməsi.
VIII. Kollektivdə əlverişli psixoloji mühitin yaradılması.
- kollektivdə hər bir üzvün razılıq hissi doğuran məhsuldar işlərini təşkil etmək bacarığı;
- kollektivdə heç kimə xüsusi fərq qoymamaqla onların qarşılıqlı münasibətlərinin nizamlanması;
- kollektivdə optimist, sağlam və yüksək əhvali-ruhiyyə yaratmaq və müdafiə etmək bacarığı;
- kollektivdə sağlam ictimai fikir formalaşdırmaq bacarığı;
- kollektivin mütəşəkkilliyini təmin etməklə kollektiv idarəetmə üslubu və geniş aşkarlıq formalaşdırmaq bacarığı;
- müəllimlərin fəaliyyətində bilik və yenilik təmin etmək bacarığı;
- kollektivdə şüurlu intizama və mütəşəkkilliyə nail olmaq bacarığı;
- kollektivin qarşısında duran məqsədlərin reallığına onun inamını yaratmaq bacarığı;
- kollektivin hər bir üzvünün pedaqoji kollektivin müvəffəqiyyətinə qürur və sevinc hissi keçirməsi;
- kollektivin üzvlərinin bir-birinə və rəhbərə inamını möhkəmləndirmək bacarığı;
- işgüzar münasibətlər zamanı şəxsiyyətlərarası mədəni və səmərəli əlaqələrin formalaşdırılması bacarığı.
IX. Rəhbərin ünsiyyət mədəniyyəti.
- inandırma metodarından səmərəli istifadə etmək bacarığı (arqument və isbatlar əsasında);
- işgüzar müzakirələri rəğbətləndirmək bacarığı;
- kollektivə və oun üzvlərinə təsir metodlarından istifadə etmək bacarığı;
- müəllim, şagird və valideynlərlə ünsiyyət formalarını müntəzəm təhliletmə bacarığı;
- vəziyyətdən asılı olaraq idarəetmə formasını çevik dəyişmək bacarığı;
- yaranmış vəziyyəti başqasının gözü ilə görə bilməyi, həmsöhbətinə qulaq asmağı, onun vəziyyətində olmağı, onu başa düşməyi və hansı hissələri keçirdiyini dərk etməyi (bunların hamısına empatiya bacarığı deyilir) bacarmaq;
- refleksiya qabiliyyəti (öz fəaliyyəti və özü haqda ətrafdakıların fikrini nəzərə almaq);
- ünsiyyətdə təşəbbüskarlıq: ünsiyyətdə fəaliyyət mövqeyinə meyllilik, əlaqə yaratmaq qabiliyyəti, fəal müdaxilə tələb olunan vəziyyətdə işi öz üzərinə götürmək bacarığı;
- həmsöhbətinə diqqətlə qulaq asmaq, onun rəğbətini qazanmaq bacarığı;
- istənilən vəziyyətdə həmkarları ilə ünsiyyətdə pedaqoji fakt nümayiş etdirməyi bacarmaq;
- qarşılıqlı ünsiyyətdə əməkdaşlıq imkanlarının təmin edilməsi üçün psixoloji maneələri aradan qaldırmaq bacarığı;
- dözüm, soyuqqanlılıq, iradə nümayiş etdirmək bacarığı;
- gərginlik yaranan hallarda, münasibətlərdə emosional dayanıqlılıq, dözümlülük, səbrlilik nümayiş etdirmək bacarığı;
- ünsiyyətdə daim özünü nəzarətdə saxlamaq bacarığı;
- həmsöhbətinin məlumatlar (xüsusi informasiya toplayanların məlumatları istisna edilir) əsasında öyrənmək bacarığı;
- şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi bacarığı;
- həmsöhbətinin emosional-psixi vəziyyətinə müvafiq ünsiyyət fəaliyyətini nizamlamaq bacarığı;
- məktəbin və kollektivin maraqlarını təmin etmək məqsədilə iradə nümayiş etdirmək, “yox” deməyi bacarmaq.
X. Rəhbərin öz işini təşkil etməsi:
- əhəmiyyətlilik dərəcəsinə görə idarəetmə fəaliyyətini həyata keçirmək üçün vaxtın müəyyən edilməsi;
- vaxtın dəqiq planlaşdırılması və nizamlanması;
- perspektiv və gündəlik işin əsas istiqamətlərini müəyyən edə bilməsi;
- gündəlik və ən vacib işləri yerinə yetirmək;
- əməkdaşların inkişafına müvafiq bəzi işləri yerinə yetirmək;
- müxtəlif fəaliyyət növlərinin yerinə yetirilməsi üçün tabeliyində olanların əməyinin nizamlanması;
- işin görülməsi üçün sərf edilən vaxtın hesaba alınması;
- əməyin təşkilinin forma və yollarının təkmilləşdirilməsi.
XI. Rəhbərin işgüzar keyfiyyətləri:
- təşkilati fəaliyyət bacarığı;
- şəxsi təşkilatçılığı, özünün , vaxtının, əməyinin təşkili bacarığı;
- işgüzarlığı və əməksevərliyi;
- məsuliyyət hissi;
- idarəetmə bacarığı;
- fəallığı;
- məqsədə çatmaq üçün inadkarlığı;
- yaradıcı və icra təşəbbüskarlığı;
- işi axıra çatdırma və bunu başqalarından tələb etmə bacarığı;
- əmək və ictimai fəaliyyətdə intizamlılıq bacarığı;
- işçilərin fəaliyyətində müsbət və mənfi cəhətləri görmək və qiymətləndirmək bacarığı;
- özünə qarşı tələbkarlıq, özünütənqid bacarığı;
- başqalarına qarşı tələbkarlıq bacarığı;
- idarəetmə məsələlərinin həllində özünün bilik və təşkilatçılıq keyfiyyətlərini tez və çevik tətbiq etmə bacarığı;
- hər bir işçinin ən yaxşı icra və tətbiq etmə bacarığını tapa bilməsi;
- ədalətli təsiretmə mexanizmi müəyyənetmə bacarığı.
XII. Rəhbərin şəxsi keyfiyyətləri:
- müəllimlərin fəaliyyətinin qiymətləndirilməsində obyektivlik;
- insanlara münasibətdə xeyirxahlıq;
- həmkarlarının işində müsbət cəhətləri qeyd etmək bacarığı;
- işçilərin fəaliyyətində çatışmayan cəhətləri görmək və qərəzsiz tənqid etmək bacarığı;
- həmkarları ilə qarşılıqlı münasibətdə mehribanlıq göstərmək bacarığı;
- işçilərin fərdi xüsusiyyətlərini görmək və onların nəzərə alınması bacarığı;
- həmkarlarının fərdi-psixoloji xüsusiyyətlərini nəzərə almaqla onlarla davranmaq bacarığı;
- psixoloji- pedaqoji takt;
- tənqidi təfəkkür;
- insanların əməllərinə, sözlərinə, həmçinin onun barəsində olan informasiyaya əsasən (xüsusi informasiya toplayanların məlumatları istisna edilir) öyrənmək və müşahidə etmək bacarığı;
- öz həmkarlarını yaradıcılıq fəaliyyətinə həvəsləndirmək bacarığı;
- müəllimlərin tənqidinə qulaq asmaq, özündəki çatışmayan cəhətləri aradan qaldırmağa çalışmaq bacarığı;
- idarəetmə fəaliyyətində müəllimlərin, şagirdlərin və valideynlərin faydalı təkliflərini nəzərə almaq bacarığı.
Məktəbdə işlərin ayrı-ayrı istiqamətlərinə rəhbərlik direktorun müavinlərinə həvalə olunur. Bu vəzifələr aşağıdakılardır: tədris-tərbiyə işləri üzrə direktor müavini, sinifdənxaric və məktəbdənkənar iş üzrə təşkiltçı, elmi- tədqiqat işi üzrə direktor müavini (bəzi məktəblərdə bu vəzifə təsis olunub), ayrı-ayrı fənləri dərindən öyrənən siniflər üzrə direktor müavini, təsərrüfat işləri üzrə direktor müavini (köməkçi, təsərrüfat müdiri).
Tədris-tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyalarına aiddir: təlim-tərbiyə və metodiki işləri təşkil edir; tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir; həmçinin zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanmasına, onların keyfiyyətinə məsuliyyət daşıyır; zərurət yarandıqda operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir; təlim-tərbiyə prosesinin, həmçinin fakültativ və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir və şagirdlərin dövlət standartlarına uyğun təhsil almalarına nail olur; şagirdlərin meyl-maraqları əsasında seçmə fənlərin və seçmə təhsil sahələrinin müəyyənləşdirilməsini, siniflərin optimal komplektləşdirilməsini təmin edir; tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir; fənn kabinetlərinin qorunub saxlanması, zənginləşdirilməsi və səmərəli istifadəni təmin edir; təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində fəaliyyət göstərir; pedaqoji işçilərin attestasiyadan keçmələri üçün görülən hazırlıq işlərində iştirak edir, onarın təkmilləşdirilmələrinə, ixtisasartırmalarına, eləcə də kadrların peşə ustalıqlarının artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur; təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasına məsuliyyət daşıyır, şagirdlərin rüblük, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, imtahanların təlimata müvafiq keçirilməsini təşkil edir; təlim keyfiyyətinin idarə olunması məqsədilə vaxtaşırı monitorinq-qiymətləndirmə aparılmasını təmin edir.
Tədris-tərbiyə işləri üzrə direktor müavini bilməlidir: gənclərin təhsil və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını; “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu”nu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını, tədris proqramları və tədris-metodiki sənədlərlə işi, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdə pedaqogika və pedaqoji-psixologiya elminin son nailiyyətlərini, yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-komunikasiya sistemlərindən istifadəni; təhsil informasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri, hesabatvermə və statistikanın əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.
Tərbiyə işləri üzrə direktor müavininin (təşkilatçının) əmək funksiyasına daxildir: Azərbaycan Respublikasının qanunlarına (aiddiyyatı üzrə), Təhsil Qanununa, Təhsil Nazirliyinin normativ-hüquqi sənədlərinə, məktəbin əsasnaməsinə, nizamnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir; müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir; gənclərin milli adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinin yaxşılaşdırılmasına rəhbərlik edir, müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir; təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işə rəhbərlik edir.
Təşkilatçı bilməlidir: tərbiyə məsələləri ilə bağlı dövlətin qərar və sərəncamlarını, təhsil-tərbiyə ilə əlaqədar normativ sənədləri; pedaqogikanın, psixologiyanın əsaslarını; tərbiyənin tədrislə vəhdətini; insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haqqında konvensiyanı; fəal təlim metodlarını; sosial-psixoloji ünsiyyət metodlarını.
Təsərrüfat işləri üzrə direktor müavininin əmək funskiyasına aiddir: məktəbin təsərrüfat işlərinə rəhbərlik edir; təsərrüfat inventarlarının qorunub saxlanmasını, məktəb binasının, kabinetlərinin və sinif otaqlarının, məktəbin həyətinin təmiz saxlanılmasını təmin edir; kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyenik vəziyyəti və qayda-qanunu təmin edir; məktəb binasının vaxtında təmiz olmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını həyata keçirir.
Təsərrüfat işləri üzrə direktor müavini bilməlidir: təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini; xidmətçi heyətin əməyinin mexanikləşdirilməsi vasitələrini; binaların və qurğuların istismar olunması qaydalarını, əməyin elmi təşkilinin əsaslarını; daxili əmək intizamı qaydalarını; əmək qanunçuluğunun əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə qayda və normalarını.
Direktorun idarəetmə fəaliyyətinin effektliliyi məktəbin inzibati aparatında hüquqların və vəzifələrin məqsədəuyğun dəqiq bölüşdürülməsindən çox asılıdır. Məktəb direktoru lazım gəldikdə instruktiv və operativ müşavirələr, pedaqoji şuranın iclaslarını keçirir.
Rəhbərlik metodları haqqında məsələ iş üslubu haqqında məsələ ilə sıx bağlıdır.
Üslub idarəetmə fəaliyyəti prosesində meydana çıxan bu və ya digər vəzifələrin və problemlərin həlli üçün həmin şəxsə daha çox tipik olan metodların məcmusudur. İdarəetmə nəzəriyyəsi və sosial psixologiya sahəsində mütəxəssislər rəhbərlik üçün xas olan üç əsas üslubu fərqləndirirlər: 1) avtoritar üslub; 2) səhlənkar üslub; 3) demokratik üslub. İdarəetmə sistemində ən əlverişli üslub demokratik üslubdur.
6. Məktəbdə təhsilverənlərin fəaliyyətinin
təkmilləşdirilməsinə xidmət edən metodik iş
Müasir dövr müəllim yaradıcılığının, pedaqoji novatorluğun qeyri-təbii, anomaliyalı vəziyyətini qətiyyətlə aradan qaldırmağı, yüksək ixtisaslı, elmi-nəzəri və metodik cəhətdən daha yetkin və səriştəli müəllim kadrları tələb edir. Belə kadrlar olmasa məktəbin bütün həyat fəaliyyətini pedaqoji cəhətdən məqsədəuyğun şəkildə təşkil etmək, təlim-tərbiyənin keyfiyyətini günün tələbləri səviyyəsinə qaldırmaq mümkün deyil. Müəllimlərin ixtisasını artırmağa kömək edən vasitə və amillər çoxdur. Onlardan biri də müəllimlərlə aparılan metodiki işlərdir.
Məktəbdə metodik işin təşkili formaları dinamikdir, onlar bir çox amillərdən asılı olaraq dəyişir və yeniləşir. Həmin amillər içərisində aşağıdakıları göstərmək olar:
-
təhsil sahəsində dövlətin siyasəti,qanunvericilik aktları və sənədləri;
-
müəllimlərin pedaqoji mədəniyyətinin səviyyəsi, onların şəxsiyyət və peşə-fəaliyyət göstəricilərinin diaqnostik ölçülməsi prosesində aşkar edilmiş metodik hazırlığı;
-
məktəb kollektivində əxlaqi-psixoloji mühit, metodik işin təşkili üçün maddi-texniki imkanlar;
-
məktəbdaxili pedaqoji təcrübənin öyrənilməsi, müəllimlərin fəallığı, metodik işi həyata keçirmək üçün məktəb rəhbərlərinin peşə hazırlığı;
-
məktəb kollektivində konkret situasiya: müəllimlər arasındakı, müəllimlərlə şagirdlər arasındakı, müəllimlərlə rəhbərlər arasındakı münasibətlər.
Hazırda məktəbdə metodik işlərin iki forması-fərdi və kollektiv formaları geniş yayılmışdır.
Fərdi iş formasına daxildir: müəllimin öz planı əsasında qabaqcıl pedaqoji təcrübəni öyrənməsi, səriştəli həmkarlarının dərslərini, yaxud pedaqoji və metodik mövzulara həsr olunmuş radio və televiziya verlişlərini müntəzəm surətdə dinləyib özü üçün nəticə çıxarması, özünütəhsil yolu ilə pedaqoji, psixoloji və metodik ədəbiyyatı mütaliə etməsi, elmi-praktik konfranslarda, ixtisasartırma kurslarında vaxtaşırı iştirakı, pedaqoji və metodik mövzularda məruzə hazırlaması, çıxış etməsi, məqalə yazması və s.
Metodik işin kollektiv forması isə məktəb metodbirləşmələrində, məsələn, sinif müəllimlərinin metodbirləşmələrində, sinif rəhbərlərinin, günü uzadılmış qrup tərbiyəçilərinin metodbirləşmə-lərində, fənn komissiyalarında müəllimlərin birləşməsidir. Məktəbdə fənn komisiyaları və metodbirləşmələr adətən bütün fənlər üzrə təşkil olunur.
Metodik işin fənlər üzrə kollektiv formalarında müxtəlif xarakterli işlər aparılır. Nümunə üçün fənlər üzrə tədris proqramları materiallarının məqsədəuyğun şəkildə planlaşdırılması, qabaqcıl iş təcrübəsinin öyrənilib ümunmiləşdirilməsi, açıq dərslərin planlaşdırılması, təşkili və təhlili (kollektiv müzakirəsi), pedaqogika və metodikaya aid elmi yenilikləri müəllimlər arasında yaymaq, müvafiq mövzunun və ya fənnin tədrisi zamanı özünü göstərə biləcək çətinliklərin qarşısını vaxtında almaq üçün tədbirlər görülməsi, dərslik və ya metodik vəsaitin müzakirəsi, metodbirləşmə üzvlərinin öz qüvvəsi ilə müəyyən vəsait hazırlamaq, təlimin daha səmərəli vasitə və yollarını müəyyənləşdirib tövsiyə etmək, müəllimlərin fəaliyyətindəki nailiyyətləri əks etdirən sərgilər düzəltmək, direktiv orqanların təlimati və metodik məktublarının, tövsiyələrinin öyrənilməsi və həyata keçirilməsi, metodbirləşmə üzvlərinin tematik planlarının nəzərdən keçirilməsi, fakültativlərin işinin istiqamətləndirilməsi və s.
Metodik işin səmərəli formalarından biri vahid metodik günün (məktəbin bütün pedaqoji işçiləri üçün rübdə bir dəfə) keçirilməsidir. Vahid metodik günlərin mövzuları qabaqcadan müəllimlərə çatdırılır.
Vahid metodik günün işinin məzmununa daxildir: açıq dərslərin və sinifdənxaric işlərin keçirilməsi, onların geniş təhlili və müzakirəsi, yeni metodik ədəbiyyatın xülasəsi, metodik günə yekun vurulması (iclas, “dəyirmi masa”, mətbuat konfransı və s.). Bu formalarda müəllimlər metodik mövzular üzərində işlərin yekunları haqqında çıxış edir. Məktəb rəhbərləri isə keçirilən tədbirin ümumi təhlilini aparır və ona qiymət verirlər.
Problem seminarlar və praktikumlar müəllimlərin nəzəri və praktik hazırlığının vəhdətdə aparılmasına yönəldilmişdir. Müasir pedaqoji nəzəriyyələrin öyrənilməsi problem seminarların işinin məzmununu təşkil edir. Onların müzakirəsi müəllimin özünütəhsili işinə çox kömək edir.
Qabaqcıl təcrübə məktəbi metodik işin forması kimi əsas, etibarlı, fərdi və kollektiv hamiliyin məqsəd və vəzifələrini realizə edir. Qabaqcıl təcrübə məktəbinin əsas məqsədi təcrübəli müəllimin, məktəb rəhbərlərinin aztəcrübəli müəllimə metodik köməyindən ibarətdir. Belə məktəbin yaradılması könüllülük əsasında baş verir. Qabaqcıl təcrübə məktəbi strukturunda gənc müəllimlər məktəbi də yaradıla bilər. Gənc müəllimlər təcrübəli müəllimin və ya məktəb rəhbərlərindən birinin rəhbərliyi altında birləşirlər. İş xüsusi plan əsasında aparılır. Plana dərsin və sinifdənxaric işin məqsədinin qoyulması qaydası və metodikası, sinif rəhbərlərinin işinin planlaşdırılması xüsusiyyətləri və s. kimi məsələlərin müzakirəsi daxil edilir.
Professor Ə.Paşayev və professor F.Rüstəmov qeyd edirlər ki, məktəblərə eksperimentlərin təşkili ilə bağlı müəyyən hüquqların verilməsi ilə əlaqədar olaraq problem qrupların (innovasiya qruplarının) fəaliyyəti geniş maraq doğurur. Müəllimlərin belə qrupu həm məktəb rəhbərlərinin, alim-pedaqoqların, həm də müəllimlərin özlərinin təşəbbüsü ilə meydana gələ bilər.
Elmi pedaqoji konfranslar, pedaqoji mühazirələr, ayrı-ayrı müəllimlərin və ya metodbirləşmələrin hesabatları metodik işin yekun formalarıdır. Onlar müəyyən müddətdə görülən işlərin yekunlarına həsr olunur.
Metodik işin təşkilində formaları köhnə və yeni, müasir və qeyri müasir formalara bölmək olmaz, çünki işin səmərəsi fərdi, qrup (və ya kollektiv) tələbatlardan və imkanlardan asılıdır.
* * *
Bir daha vurğulayaq ki, təhsilin keyfiyyətinin təmin olunması və nailiyyətlərin əldə edilməsi bilavasitə müasir idarəetmə modellərinin tətbiqindən birbaşa asılıdır. Odur ki, Azərbaycanda təhsili idarəetmə sahəsində islahatlara başlanılmışdır. Bu istiqamətdə Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində artıq bir sıra tədbirlər həyata keçirilmişdir, hansı ki, iki aspekt-idarəetmə orqanları əməkdaşları və təhsil müəssisələri rəhbərlərinin idarəetmə səriştələri nəzərdən keçirilir. Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılmış, yeni şöbələr (Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması, Monitorinq və qiymətləndirmə, Təhsilin idarəolunmasının məlumat sistemləri) və yeni sektorlar (Təhsil sənədlərinin tanınması, Məktəbəqədər təhsil) yaradılmaqla Nazirliyin idarə imkanları xeyli gücləndirilmişdir. İkinci layihə çərçivəsində idarəetmə sahəsində dəyişikliklərin daha sistemli aparılması və çevik mexanizmin yaradılması üçün ilk növbədə vahid konsepsiyasının hazırlanması nəzərdə tutulmuşdur.
Eyni zamanda, nəzərdə tutulur ki, Təhsil Nazirliyinin mərkəzi aparatında edilmiş struktur dəyişiklikləri mərhələ-mərhələ yerli təhsili idarəetmə orqanlarına da sirayət etsin və onlarda da bu dəyişikliklər aparılsın. Bu istiqamətdə ilk addım, Təhsil Nazirliyinin birbaşa tabeliyində Bakı şəhəri üzrə Təhsil idarəsinin yaradılması və onun strukturunun təsdiq edilməsidir. Gələcəkdə yerli təhsili idarəetmə orqanlarında da müvafiq struktur dəyişikliklərin edilməsi və bununla əlaqədar normativ-hüquqi bazanın yeniləşdirilməsi ilə əlaqədar addımların atılması nəzərdə tutulur.
Daha bir yenilik ondan ibarət olacaq ki, idarəetmənin əsas funksiyalarından olan strateji planlaşdırma və yeni hesabatvermə sisteminin Nazirlikdə uğurlu tətbiqi yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrində də bu sistemə keçidi şərtləndirəcək. Onlarda da strateji planlaşdırma və yeni hesabatvermə mexanizmi tətbiq ediləcək (bax: M.C.Mərdanov. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı, “Çaşıoğlu”, 2009, 526 s.)
İdarəetmə sahəsində aparılan islahatların bir istiqaməti də təhsili idarəetmə orqanları əməkdaşlarının və təhsil müəssisələri rəhbərlərinin idarəetmə sahəsində bacarıqlarının təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübəyə uyğun xüsusi seminar və treninq proqramlarının hazırlanması və tətbiq olunmasıdır.
Vacib məsələlərdən biri də məktəb direktorları və onların müavinlərinin vəzifə funksiyalarının qiymətləndirilməsi və nəticələrə əsasən təkliflərin hazırlanmasıdır. Eyni zamanda məktəb direktorlarının hazırlanması, təyin edilməsi və onlarla sistemli şəkildə iş aparılması üçün də müəyyən tədbirlər həyata keçiriləcəkdir. Bu istiqamətdə ilkin addımlar artıq atılmış, yeni təyin olunan məktəb direktorları üçün əsas tələb kimi İKT bacarıqları və idarəetmə sahəsində təcrübə müəyyənləşdirilmişdir. Əlbəttə, gələcəkdə bu tələblərin və direktorların təyin olunma mexanizminin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Məktəblərin fəaliyyətinin qiymətləndirilməsi və reytinq cədvəlinin tərtib olunması da altkomponent çərçivəsində həyata keçiriləcək tədbirlərdəndir.
Məlumdur ki, idarəetmə sahəsində səriştəli mütəxəssislərin olması üçün həmin mütəxəssislər hazırlanmalıdır. Mövcud təcrübə belədir ki, bacarıqlı, səriştəli, öz sahəsində müəyyən uğurlar əldə etmiş müəllimlər idarəetmə sahəsində irəli çəkilir. Lakin bu yanaşma heç də həmişə səmərəli olmur və ehtiyat kadrların formalaşmasına gətirib çıxarmır. Bununla əlaqədar idarəetmə sahəsində kadr hazırlığı nəzərdə tutulmuşdur ki, ehtiyat kadrlar olsun və idarəetmə sahəsinə bacarıqlı, səriştəli mütəxəssislər təyin oluna bilsin. Bu istiqamətdə müvafiq konsepsiya və strategiya sənədinin hazırlanması, idarəetmə üzrə mütəxəsisləri hazırlamaq üçün müvafiq kurikulumun işlənməsi və müəyyənləşdirilmiş universitetlərdə, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetində idarəetmə üzrə mütəxəssis hazırlığına başlanması da altkomponent çərçivəsində nəzərdə tutulan vacib tədbirlərdəndir (orada).
7. Təhsilin iqtisadiyyatı
Azərbaycan Respublikasında təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsuldarlarından ibarətdir. Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və digər əmlakla təmin edilir. Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Onun əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
Dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaiti və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.
Təhsil müəssisəsi göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.
Dövlət mülkiyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) özəlləşdirilməsi qadağandır.
Dövlət təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir, onun istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir. Təhsil müəssisəsinin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.
Dövlət təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər ayırır. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.
Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq hər bir təhsilalana düşən məsrəf məbliği nəzərə alınmaqla müəyyən edilir. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə azkomplektli dövlət ümumtəhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
Dövlət təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq ödənişli təhsildən əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini işçilərin maddi həvəsləndirilməsi istiqamətlərini və onların maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.
Dövlət təhsil müəssisəsinin inkişfına, təhsil alanların təhsil haqlarının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat qrantları təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz. Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən, xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verilir. Təhsil sisteminə xarici investisiya qoyuluşu qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Dövlət və bələdiyyə təhsil müəssisələri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
- qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
- ödənişli təhsildən daxil olan vəsaitər;
- hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələr və yardımları;
- müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;
- təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;
- hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidənhazırlanması üçün ayırdıqları vəsait;
- dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;
- təhsil müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
- qanunvericilikdə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər;
Özəl təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
- təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitər;
- təsisçilərin (himayəçilərin) vəsaitləri;
- qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;
- hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət olunan əmlak və bağışlanılan hədiyyələr;
- təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdikləri vəsaitlər;
- qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.
Özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir, təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyənləşdirir. Özəl təhsil müəsisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanunu nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
Təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər və əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.
Təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldıra bilər. Bu iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.
* * *
Maliyyə islahatları, rasionallaşdırma ilə bağlı haşiyə çıxaq. 2007-ci ildən maliyyə islahatlarının reallaşdırılması istiqamətində bir sıra qabaqcıl ölkələrin təcrübəsi öyrənilməklə 3 rayonun (Ucar, İsmayıllı rayonları, Şirvan şəhəri) 59 məktəbində adambaşına maliyyələşdirmənin tətbiqi üzrə eksperimentlərə başlanmışdır.
Mövcud maliyyələşdirmədən fərqli olaraq adambaşına maliyyələşdirmə bir sıra üstünlüklərə malikdir:
-
məktəblərin maliyyələşməsi sahəsində subyektivlik halları aradan qaldırılır. Belə ki, hazırda məktəblərin maliyyələşməsi əvvəlki ilin büdcəsinə istinadən aparılır. Yeni sistemdə isə maliyyələşmə mövcud imkanlar çərçivəsində məktəbin ehtiyaclarının daha real nəzərə alınmasına imkan verən vahid düstur əsasında müəyyənləşdirilir;
-
büdcənin tərtibində məktəb rəhbərliyinin iştirakı təmin edilir. Nəzərdə tutulan maliyyə vəsaitinin məktəblilərin ehtiyaclarına daha səmərəli yönəldilməsi imkanı yaranır. Belə ki, təhsilin keyfiyyətinə bilavasitə təsir edən müəllimlərin ixtisasartırmasının daha səmərəli təşkilinə, onların xaricdə treninq və seminarlara cəlbinə, təlim materiallarının alınması, innovasiyaların tətbiqi və digər inkişafetdirici tədbirlərə vəsaitin yönəldilməsi mümkün olur;
-
büdcə vəsaitindən səmərəli istifadə mümkün olur. Belə ki, zərurət yarandığı hallarda hər hansı bir xərc maddəsi üzrə istifadə edilməyən vəsaitin digər ehtiyaclara yönəldilməsi üçün məktəbə səlahiyyət verilir;
-
büdcədənkənar vəsaitlərin məktəbə cəlbinə və şəffaf istifadə edilməsinə şərait yaradılır. Belə ki, məktəbin xəzinə hesabı olduğu üçün, büdcədənkənar vəsaitlər üçün də xəzinədə hesab açmaq imkanı əldə edir.
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin vəzifələrindən biri də başlanmış maliyyə islahatlarının qiymətləndirilməsi və Hökumətə tövsiyələrin verilməsindən ibarətdir. Ölkənin bütün təhsil müəssisələrində dünyanın inkişaf etmiş ölkələrdə çoxdan tətbiq edilən, təhsilə ayrılan maliyyə resuslarından daha səmərəli istifadəyə və bilavasitə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən adambaşına maliyyələşmə və ya vançer sisteminə keçid mühüm vəzifə kimi qarşıda durur. Bununla yanaşı həmin şəhər və rayonlarda “Məktəb qrantı proqramı” həyata keçirilmişdir. Proqramın məqsədi məktəblərə əlavə maliyyə vəsaiti verməklə onlarda innovasiyaların tətbiqi istiqamətində maliyyənin idarə edilməsi üçün lazımi bacarıqların formalaşdırılması olmuşdur. Maliyyə müstəqilliyi verilmiş 59 məktəbin hamısı qrant proqramı müsabiqəsində uğur qazanmış və qrant vəsaitini özləri idarə etmişdir.
Eyni zamanda Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarında rasionallaşdırma planları çərçivəsində 41 məktəb əsaslı təmir olunmuş, mebel və İKT avadanlıqları ilə təchiz edilmişdir ki, bu da Azərbaycanda məktəb infrastrukturunun müasirləşdirilməsi prosesinə öz töhfəsini vermişdir. Bununla yanaşı, hazırda ölkədə şagirdlərin sayı otuzadək olan 387, əlliyədək 238, yüzədək 614 məktəb fəaliyyət göstərir. Şagirdlərin sayı az olan həmin məktəblərlə bağlı rasionallaşdırma planının hazırlanması və həyata keçirilməsi istiqamətində tədbirlər görülməlidir.
Ümumiyyətlə, məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində qarşıda duran əsas vəzifələrdən biri Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində bu sahədə dövlət proqramının hazırlanması və nəqliyyat vasitələri məsələsinin həlli ilə proqramın həyata keçirilməsidir (bax: M.C.Mərdanov. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı, “Çaşıoğlu”, 2009)
Dostları ilə paylaş: |