C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi



Yüklə 3,21 Mb.
səhifə12/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

Məsləhətçi - məktəblə valideynlər arasında əsas əlaqələndi­ri­ci­dir. Müəllimlərə öz vəzifələrini yerinə yetirməyə kömək üçün orta mək­təblər məsləhət proqramları, genişləndirilmiş ev şəraiti, koman­da əsaslı rəhbərlik və s. kimi müxtəlif təşkilati strukturlardan istifa­də edirlər. Bu cəhətlər məktəbdəki digər əsas rəhbərlik və köməkçi xid­mət sahələri ilə ziddiyyət təşkil etmir. Nümunəvi məktəb hər bir şa­girdə təhsil aldığı müddətdə ardıcıl olaraq qayğı və dəstək nü­ma­yiş etdirir.

Məktəblər şagirdlərin təhsilini təkbaşına həyata keçirmir. Bü­tün cəmiyyətlərdə, o cümlədən Azərbaycanda da, yeniyetmələrin uğur­lu təhsil almalarının ilkin şərtlərindən biri valideyn və icti­ma­iyyətin bu işdə həqiqətən iştirak etməsidir. Valideynlərin bir ço­xu məktəbin fəaliyyəti ilə zəif maraqlanır və səhvən belə fikir­lə­şir­lər ki, təhsilin bu pilləsində şagirdlərin köməyə az ehtiyacları var. La­kin məktəbin fəaliyyətində valideynlərin müntəzəm iştirakı həlle­di­ci əhəmiyyət kəsb edir. Məktəblər özləri məktəb - valideyn, mək­təb – ictimaiyyət əlaqələrinin gücləndirilməsində maraqlı ol­malı­dırlar. Məktəblər daha da irəli getdikcə, valideynlər geniş mə­na­da məktəb-ictimaiyyət kontekstində məktəbin işlərində necə iştirak edə­cəklərini müəyyənləşdirə bilmirlər. Onlar həmçinin özlərinin sü­rət­lə dəyişən və yetkinləşən övladları ilə necə davranmaq yollarını da tapmaqda çətinlik çəkirlər. Ona görə də məktəb burada həlledici rola malik ol­malı, valideynlərə məktəbə və öz övladlarına real köməyin yol­la­rını göstərməlidirlər.

Bir qayda olaraq məktəb-valideyn əlaqələrinin güclü olduğu mək­təblərdə şagirdlərin təlim nəticələri və davranış normaları yük­sək olur və məktəb öz fəaliyyətində daha yaxşı dəstək alır. Ona görə də nümunəvi məktəblər valideyn təhsil proqramlarını irəli sürmək və təşkil etməklə, əlaqələndirilmiş məktəb-ailə öyrənmə təcrübəsi ya­rat­maqla, müxtəlif işgüzar insanları, mədəniyyət qruplarını və di­gər ictimaiyyət üzvlərini məktəbin fəaliyyətinə daha geniş cəlb edir. Orta məktəblərin məqsədləri məktəbin uzunmüddətli məqsədləri ilə uy­ğunluq təşkil edən sosial xidmət sahələri, işgüzar dairələr və di­gər təşkilatlarla müvafiq əməkdaşlıq qurmaq imkanlarına yönəl­mə­li­dir. İcma nümayəndələri və məktəbdə əməkdaşlıq edən təşkilatlar mək­təbin təlim proqramlarının həyata keçirilməsinə də əhəmiyyətli də­rəcədə yardım edirlər.

Bütün əməkdaşlıq formalarında tərəflərin hər biri mənfəət əl­də etməli, öz rollarını və nəticələrini başa düşməlidirlər. Bu ba­xım­dan məktəb-ailə-icma əməkdaşlığı da istisna deyildir. Məktəb şa­girdlərin biliyi mənimsəmələrinə kömək etmək üçün valideynlərin və icmanın mövcud imkanlarından istifadəni nəzərdə tutmalıdır. Bun­dan əlavə, valideyn övladının təhsilinə müəyyən vaxt ayırmalı və məktəbin işində maraqlı olduğunu, ona inandığını nümayiş et­dir­mə­lidir. Müəllim ailələrlə əməkdaşlıq edərkən onların yerli və milli xü­susiyyətlərinə diqqətlə və düşüncə ilə yanaşmalıdır.



Tədris proqramı (müvafiq, inteqrativ, mürəkkəb səviyyəli və araşdırmayönümlü kurikulum) məktəbin qarşıya qoyduğu məq­səd və vəzifələrə nail olması üçün başlıca vasitədir. Ümumi şə­kil­də götürdükdə, tədris proqramı şagirdlərə öyrədiləcək məzmuna və vərdişlərə aiddir. Lakin yüksək inkişaf səviyyəsi əldə etmiş orta mək­təblərdə tədris proqramı məktəb təhsil proqramlarının bütün plan­laşdırılan aspektlərini əhatə edir. O, mükəmməl bilik və ba­ca­rıq­lar aşılayan siniflərlə yanaşı, ümumməktəb proqramlarını və xid­mət sahələrini, məsələn, məsləhət, klub və maraq qrupları, musiqi və dram fəaliyyətləri, şagird idarəçiliyi, idman və digər sahələri də özün­də birləşdirir. Nümunəvi orta məktəb tədris proqramı yeni­yet­mə­l­ər üçün hərtərəfli öyrənmə fəaliyyətləri və əhəmiyyətli suallara ca­vablar almaq imkanları yaratmaqla səciyyələnir. Orta məktəbin mü­vəffəqiyyətli tədris proqramı həm şagird, həm də müəllim pers­pek­tivindən yanaşdıqda imkanlara müvafiq, inteqrativ, getdikcə ar­tan çətinlik səviyyəli və araşdırmayönümlü olmalıdır. Nü­mu­nəvi orta məktəblərdə tədris proqramları ayrı-ayrı dərs formasında deyil, bir neçə həftə müddətində davam edən, mürəkkəb tapşırıqları və əsas sualları əhatə edən bölmələr formasında planlaşdırılır. Bu böl­mələr tədrisin yuxarı pilləsi üçün xarakterik olan fənn yönümlü de­yil, daha çox mövzu, problemlər üzrə inteqrativ xarakterdə olur, mü­əllim və şagirdlərin birgə məqsədlərini əhatə edir. Şagirdlərin öy­rənmə fəaliyətinə və təlim nəticələrinə ciddi təsir göstərən “gizli ku­ri­kulum” da mövcuddur. Bu, şagirdlərin ünsiyyətdə olduqları in­sanlardan, işlədikləri strukturlardan, insani münasibətlərdə labüd şə­kil­də baş verən problemlərdən öyrəndikləri bilik və həyati təc­rü­bədir. Faktik olaraq öyrənmənin bu cəhəti çox dərin və uzun­müd­dətli olur, bəzən də ənənəvi təlimdən daha çox önəm təşkil edir. Bə­zən insanların həyatı məktəbdəki təlimdən daha çox kənar təlim­lər­dən asılı olur.

Nümunəvi orta məktəbdə işləyən müəllimlər planlaşdırılmış və planlaşdırılmamış kurikulumları birləşdirərək əmin olurlar ki, şa­girdlərlə qarşılıqlı münasibətlər müsbətdir, bütün şagirdlər qiy­mət­lən­dirilir və onlara bərabər münasibət göstərilir. Orta məktəb mü­əl­lim­ləri üçün müəyyən edilmiş məzmunun əhatə edilməsi xüsusi əhə­miyyət kəsb edir. Halbuki, müəllimlər proqramın əhatə edilməsi ilə materialın mənimsənilməsinin oxşar və sinonim olmadığını dərk edi­rlər. Əsas məqsəd yeniyetmələr üçün elə təlim təcrübəsi həyata ke­çir­məkdən ibarətdir ki, onlar dövlətin standartlarını ödəyə bil­sin­lər.

Kurikulum o zaman münasib hesab olunur ki, o, şagirdin özü, fən­lərin məzmunu, ümumən dünya haqqında olan sorğularına cavab ve­rə bilsin. Bəzi hallarda şagirdlərə kurikulumun məzmununu mü­əy­yən etməyə, mövzular arasında seçim etməyə imkan verilir. Lakin ə­k­sər hallarda müəllimlər orta məktəb şagirdləri haqqında öz bilik­lə­­rinə istinad edərək dövlət tələblərini və şagirdlərin təlim ma­raq­larını təmin etməklə, təlim məzmununu - kurikulumu müəyyən edir­lər. Müəllimlər müxtəlif fənlər arasındakı əlaqələri dərk etməkdə öz şa­girdlərinə köməklik göstərərkən şagirdlər insan biliklərinin franq­men­tar deyil, tam və bütöv təbiətə malik olduqlarını başa düşürlər. Bu həqiqətin dərk edilməsi bütün şagirdlər üçün önəm kəsb etsə də , dün­ya haqqında öz görüş dairələrini genişləndirən orta məktəb şa­girdləri üçün bu xüsusilə dəyərlidir.

Şagirdlərin real sualları üzərində qurulan təlim prosesi daha cid­di cəhd tələb edir, çünki bir sıra hallarda əvvəlcədən tərtib edil­miş proqramlar şagirdlərin maraqlanmadıqları sualların cavablan­dı­rıl­ması üzərində qurulur. Şagirdlər onlar üçün maraq kəsb edən bi­lik­ləri, konsepsiyaları və cəmiyyət tərəfindən irəli sürülən həyati tə­ləb­ləri öyrənmək imkanları əldə etmək istəyirlər. Məktəb kurikulu­mu­nun istənilən aspekti yeniyetmələrin suallarına, maraqlarına, dünya­görüşlərinə, ideyalarına, konsepsiyalarına uyğun olduqda da­ha səmərəli təlim prosesi təşkil etmək olur. Təlim məzmununun müəy­yən­­ləşdirilməsində yeniyetmənin iştirakı çoxaldıqca, kurikulum onun üçün daha uyğun və münasib olur. Kurikulumun müəyyən edil­məsində şagirdlərin iştirakını təmin etmək heç də o demək de­yil­dir ki, bütövlükdə təlimin məzmunu şagirdlərin maraqları üzə­rində qurulmalıdır. Təbii ki, burada dövlət maraqları həlledici olma­lı­dır. Lakin kurikulumu şagirdlər üçün münasib etməkdə məqsəd on­ların yeni maraqlarını stimullaşdırmaqdan, yeni biliklərə qapılar aç­maqdan və şagirdlərin daha yüksək öyrənmə səviyyələrinə çatma­la­rına cəhdlər etməsini həyata keçirməkdən ibarətdir.



Artan çətinlik səviyyəli kurikulum yeniyetmələri öz maraq dai­rəsinə və gücünə uyğun olan aktiv fəaliyyətlərə qoşur. O, ciddi prob­lemləri və vərdişləri əhatə edən, şagirdlərin anlama səviyyə­lə­ri­nə uyğun gəlir və tədricən onlara öyrənmə fəaliyyətlərinə nəzarəti öz üzərlərinə götürməyə imkan verir. Təlim tapşırıqları çətin olsa da, öhdəsindən gəlinə biləcək səviyyədə olmalıdır. Kurikulumda əsas ideyaların və vərdişlərin vurğulanması müəllimlərdən öz qüv­və­lərini cəmləşdirməyi, qeyd edilən materialların əhatə edilmə­sin­dən daha vacib fəaliyyətlə məşğul olmağı tələb edir. Müəllimlər şa­gird­lərlə məsləhətləşərək və özlərinin ekspert biliklərinə istinad ed­ə­r­ək geniş informasiya imkanlarından və təlim materiallarından elə­lərini seçirlər ki, onlar həqiqətən vacib və dərindən mənimsə­mə­yə layiq olsun. Bu məsələlərin həyata keçirilməsi üçün müəllimlər şa­girdlərə dəyərləri, mülahizələri, əsas prinsipləri, alternativ ba­xış­la­rı düzgün qiymətləndirməkdə, habelə hadisələrin “Necə?” baş ve­r­mə­si ilə yanaşı “Nə üçün?” baş verməsi kimi suallara da müraciət et­mə­lərinə kömək etməlidirlər. Onlar vərdişləri və konsepsiyaları kon­kret kontekst daxilində öyrətməli, şagirdlərin, başqalarının ide­yalarını köçürməkdən və əzbərləməkdənsə, özlərinin bacarıqlı yazı­çı, tədqiqatçı, mütəfəkkir olmalarına kömək etməlidirlər. Müasir or­ta məktəblərin müxtəlif inkişaf mərhələlərində olduğunu nəzərə ala­raq, kurikulumu hər bir şagirdin səviyyəsinə uyğunlaşdırmaq çox çə­tin bir vəzifədir. Bundan başqa, yeniyetmələrin fərqli öyrənmə üs­lub­ları, müxtəlif inkişaf və mədəni səviyyələri, keçmiş təcrübələri də nəzərə alınmalıdır. Bununla yanaşı, xüsusi təhsilə ehtiyacı olan şa­girdləri də əhatə edəndə müxtəliflik səviyyəsi daha da artır. Kuri­ku­lumu hər bir şagirdin artan və fərqli inkişaf səviyyəsinə uy­ğun­laş­dır­maq müəllimlər, məsləhətçilər, valideynlər və şagirdlər arasında ciddi əməkdaşlığın həyata keçirilməsini tələb edir. Təlimin həm məz­munu, həm də metodları fərdiləşdirilməli və fərqləndirilməlidir. Mü­əllimlər ilk addım olaraq şagirdlərə öyrənmə imkanları arasında se­çim etmək, öz qabiliyyətlərinə əsasən məqsədlərinə çatmaq və in­ki­şaf etmək üçün şərait yaratmalıdırlar. Müstəqil öyrənmə, kiçik qrup­larla iş, xüsusi maraq fəaliyyətləri və s. şagirdlərin fərdi ehti­yac­­larını ödəməyə xidmət edir.

Yeniyetmələr müstəqilliyə doğru can atdıqlarına görə onlar öz eh­ti­yaclarına uyğun təhsil almağa imkan verən kurikuluma ehtiyac du­yurlar. Şagirdlər öz qabiliyyətlərinə uyğun olaraq təlimin məqsə­di, məzmunu, fəaliyyət növləri, qiymətləndirmə vasitələri və s. haq­qında seçim və qərar qəbul etməlidirlər. Bundan başqa, hər bir orta mək­təb şagirdi demokratik həyat tərzini başa düşməyə və qiymət­lən­dirməyə kömək edən, təşəbbüskarlığı və məsuliyyəti gücləndirən ko­manda idarəçiliyində iştirak etmək imkanlarına da malik olma­lı­d­ı­r.



Kurikulum o vaxt inteqrativ olur ki, o, şagirdlərə həyatın mə­nasını, onları əhatə edən dünyanı dərk etməkdə kömək edir, şa­girdlər öz öyrənmələri haqqında əhəmiyyətli, mənalı qərarlar qə­bul etməyi bacarırlar. Belə kurikulum aydın və məntiqidir. O, fənlərin sərhədlərini aşan mövzulara, ideyalara diqqət verir.

Orta məktəblərdə ayrı-ayrı müəllimlər və ya müəllimlər ko­man­dası tərəfindən elə təlim təcrübəsi, kurslar, bölmələr həyata ke­çi­ri­lməlidirlər ki, onlar inteqrativ məzmuna və mahiyyətə malik ol­sun, çünki şagirdlər belə materialları daha yaxşı mənimsəyirlər. Oxu, yazı və başqa fundamental vərdişlər ayı-ayrı fənlər tərəfindən bir-birindən təcrid edilmiş halda deyil, sıx qarşılıqlı əlaqədə tədris və tətbiq edilməlidir. Bundan daha əhəmiyyətlisi müəllimlərin öz şa­girdlərinə məktəbdə öyrədilən biliklərdən, aşılanan vərdişlərdən gün­dəlik həyatda necə istifadə olunmasını və onların tətbiq edil­mə­sini başa salmalarıdır. Gündəliklərdən, portfoliodan, konfranslardan və s. istifadə etmək şagirdlərə öz təcrübələri üzərində fikirləşməyə ge­niş imkan verir. Onlar tədricən təlim prosesində əldə etdiyi mü­vəf­fəqiyyətləri qiymətləndirməyə və öz öyrənmə fəaliyyətlərinin mə­suliyyətini öz üzərinə götürməyə başlayırlar. Fəaliyyətin üzə­rin­də düşünmək özünüqiymətləndirmənin və müntəzəm öyrənmənin ay­rıl­maz bir hissəsidir. Bütün bu cəhətlərin inteqrasiyası o zaman da­ha səmərəli olur ki, kurikulum həm şagirdlər və həm də yaşlılar üçün əhəmiyyət kəsb edən ideyaları, konsepsiyaları, mövzuları əha­tə edir. Həyatı əmələlər təbiətən fənlərarası olduğu üçün, həmin mə­sə­lələr təbii şəkildə də tədris prosesinə gətirilməlidir. İdraki, sosial, ün­siyyət və texnoloji vərdişlər yalnız kontekst daxilində öyrənilməli və tətbiq edilməlidir. Tənqidi təfəkkür, problem həlli, qərar qəbulet­mə, yaradıcılıq kimi həlledici qabiliyyətlər o zaman səmərəli şəkildə for­­malaşır ki, şagirdlər həmin problemlərlə üzləşir, onların həlli yol­ları üzə­rində fikirləşir və onları həll edir. Bu halda şagirdlər sadəcə in­for­ma­siya mənbəyi olmur, onlar yeni biliklər yaradır və onları tət­biq edir­lə­r.

Təhsilin orta mərhələsini “tapıntı məkanı” kimi səciyyələn­dir­mək mümkündür. Bu səviyyə üçün tərtib edilmiş kurikulumların ək­səriyyəti tədqiqat istiqamətli, araşdırma yönümlü olmalıdır, çün­ki yeniyetmələr özləri də təbiətən macəra axtaran və hər şeylə ma­raqlanan tədqiqatçılardırlar. Araşdırma, faktiki olaraq nümunəvi orta məktəb kurikulumunun vacib tərkib hissəsi olub, yeni­yet­mə­lə­rin təbiətini, ehtiyaclarını düzgün və ətraflı əks etdirir. Bəzi təlim təc­rübələrinə və kurslara araşdırma yönümlü etiketin verilməsi o de­mək deyildir ki, onlar qeyri-akademik sahəyə aid edilməlidir. Məsə­lə­yə başqa aspektdən yanaşsaq, doğru nəticə alınar. Yəni, əsaslı aka­demik fənn, məsələn, kimya, fizika və s. düzgün tədris edildikdə açıq-aşkar tədqiqat yönümlü olur. Araşdırma təlim prosesində fən­nin məzmunu kimi deyil, ilk növbədə münasibət, yanaşma ki­mi nəzərdə tutulmalıdır. Xüsusi vurğulayaq ki, əgər yeniyet­mə­lər təlim prosesində araşdırma yönümlü fəaliyyətlə məşğul olma­sa­lar, tədqiqat aparmaq vərdişlərinə yiyələnməsələr, onların gələcək hə­yatları, müstəqil fəaliyyətləri daha məhdud xarakterə malik ola­caq­dır. Şagirdlər xüsusi maraq və qabiliyyətlərini təmin edən im­kan­lar qazanmalı, elə fəaliyyət növləri ilə məşğul olmalıdırlar ki, on­ları əhatə edən dünya və özləri haqqında baxışları, dünyagörüşləri for­malaşsın.

Yeniyetmələrin fərqli inkişaf və mənimsəmə xüsusiyyətləri ku­ri­kulumun tərtib edilməsində olduğu kimi, mənimsəmə və təlim stra­tegiyalarını müəyyənləşdirməyin də əsasını təşkil edir. Təlim stra­tegiyaları və və yanaşmaları şagirdlərin fərqli bacarıq və vərd­iş­lə­rinə, keçmiş bilik və təcrübələrinə uyğun gəlməli, fərqli idraki qa­bi­liyyətlərini inkişaf etdirməlidir. Şagirdlər müxtəlif suallar vermək, on­ları cavablandırmaq vərdişlərinə yiyələnməli, elə öyrənmə fəaliy­yət­lərinə cəlb edilməlidirlər ki, həmin əsas vərdişlər konkret funk­si­o­nal şəraitdə mənimsənilsin.

Təlim prosesi şagirdlərin mədəni və fərdi təcrübələrini nəzərə al­maqla həyata keçirildikdə ideyalar, konsepsiyalar şagirdlərin möv­cud təcrübələri zəminində və daha əsaslı şəkildə mənimsənilir. Hər bir şagirdin inkişafı sistemli və məsuluyyətli bir işdir. Onun əsasları işə kurikulumda təsbit edilmişdir. Şagirdlərin fəaliyyətlərin bila­va­si­tə iştirakçısı və bir-birləri ilə qarşılıqlı münasibətdə olanda daha yax­şı öyrəndiklərini nəzərə alaraq, müəllimlərin təlim zamanı istifa­də etdikləri mənimsəmə-öyrənmə strategiyaları onların öz müəllim­lə­ri və bir-biriləri ilə intensiv ünsiyyəti üzərində qurulur. Onlar həm­çinin, öyrənmək üçün mövzuların seçilməsi və bu mövzuların han­sı yolla daha yaxşı mənimsənilməsi məsələlərinin müzakirəsində fəal iştirak edirlər. Təlim prosesində müəllim fəaliyyətinin üstünlük təş­kil etdiyi üsullardan istifadə edilməsi zəruri olduqda da, şagird fəa­liy­yətinin həlledici olduğu müxtəlif fəaliyyətlərdən, məsələn, eks­periment, nümayiş, araşdırma layihələri, qrup işləri, müstəqil iş və s. istifadə edilməlidir. Şagirdlərin fərdi öyrənmə xüsusiyyətləri si­nifdə fərdi təlimin məzmununun müəyyən edilməsində və başqa ku­ri­kulum proqramlarında nəzərə alınır. Xüsusi maraq və qabiliy­yət­ləri, məsələn, intellektual, atletik, artistlik qabiliyyətləri olan şa­gird­lərin tələbatlarını ödəmək üçün onlar uyğun praktik fəaliyyətlə tə­min olunurlar. Müxtəlif ixtisas müəllimləri fərqli öyrənmə qabi­liy­yəti və bacarığı olan şagirdlərin tələbatlarını ödəmək üçün birgə iş­ləyir və uyğunlaşdırılmış öyrənmə fəaliyyətləri təşkil edirlər. Bu­ra­da əsas məsələ müəllimlərin və şagirdlərin əməkdaşlığının təmin edil­məsidir. Məqsəddən, şagirdlərin fərdi qabiliyyət və maraqların­dan və başqa kriteriyalardan istifadə olunur. Şagirdlərin fəaliyyətə cəlb edilmə səviyyəsini yüksəltməklə onlar daha yüksək təlim nəti­cə­lərinə nail olurlar. Məktəb pedaqoji kollektivi valideynlərin aktiv iş­tirakı ilə xüsusi təlimə ehtiyacı olan şagirdlər üçün mükəmməl proq­ramlar tərtib edir. Şagirdləri yeni ideyalar, problemlər araşdır­ma­ğa ruhlandıran, onlarda müxtəlif baxışlar formalaşdırmağa xid­mət edən təlim materialları və resusları həlledici əhəmiyyətə malik­dir. Təlim prosesdə müzakirə edilən məsələ ilə bağlı şagirdlərdən ye­ganə “düzgün” cavab almağa adət etmiş müəllimlər üçün bir prob­lemlə bağlı müxtəlif baxışların irəli sürülməsi, cavabların alın­ması yeni bir pedaqoji reallıqdır. Yaradıcı müəllimlər və müəllimlər ko­mandası araşdırılan problemlə bağlı şagirdlərin daha geniş info­r­ma­siyaya malik olmaları, müxtəlif fikir yürüdə bilmələri üçün on­la­ra əlavə çap və ya internet materialları verirlər.

Məktəblərdə kompyuter texnologiyasının getdikcə daha geniş tət­biq edilməsi hər bir şagirdin öyrənmə imkanlarını artırır. Kompyuter texnologiyasının məktəbdə istifadə edilməsi özü məqsəd ol­ma­yıb, təlim vəzifələrinə xidmət etməli, yeni öyrənmə imkanları yarat­ma­lıdır. Texnologiya təfəkkür vərdişlərini inkişaf etdirir, müxtəlif mən­bələrdən alınan son informasiyalarla şagirdlərin və müəllimlə­rin fəaliyyətlərinin daha səmərəli təşkilinə imkan verir. Lakin tex­no­lo­giyanın tədris prosesinə gətirilməsi bir sıra tələblər irəli sürür.

Müəllimlər yeni texnologiyanı kurikulumla birləşdirmək üçün xüsusi peşə hazırlığı kursları keçməlidirlər. Texnologiyalardan tə­lim zamanı düzgün istifadə edilməsi şagirdlərin fərdi məsuliy­yə­tini və müstəqilliyini artırır, onları müasir həyata hazırlayır.

Əsas öyrənmə fəaliyyətləri müxtəlif formalı təqdimatlarla ye­kun­laşdırılmalıdır ki, şagirdlər öyrəndiklərini və edə bildiklərini va­li­deynləri ilə bölüşə bilsinlər. İnkişaf yönümlü öyrənmə fəaliyyətləri şa­girdlərdən fərdi təlim məqsədləri qoymağı, bilik və davranış baxı­mın­dan əldə edilən nəticələrin standarta uyğunluğunu qiymətləndir­mək bacarığına yiyələnməyi tələb edir.



Fasiləsiz, real və müvafiq yoxlama və qiymətləndirmə proq­ramları müəllimləri və valideynləri hər bir şagirdin təlim nəti­cə­ləri və müvəffəqiyyətləri haqqında dəlillərlə təmin edir. Bu cür ob­yektiv informasiya şagirdlərə, müəllimlərə, ailə üzvlərinə təlim məq­sədlərini dəqiq müəyyənləşdirməyə və təhsilin növbəti pilləsini də­qiq planlaşdırmağa imkan verir. Şagirdlərin topladıqları ballar ay­rı­lıqda götürdükdə onların fəaliyyətlərini qiymətləndirmək, şagird­lə­rin öz məqsədlərinə nə dərəcədə nail olduqlarını müəyyənləşdir­mək üçün kifayət deyildir. Şagirdlər şəxsi məqsədləri müəyyən et­mək, öz fərdi inkişafını izləmək və nail olduğu bilik, bacarıq və vər­dişlər üzərində düşünmək imkanlarına malik olmalıdırlar. Şagirdlər tə­lim müvəffəqiyyətlərini qiymətləndirmək vasitələri də öyrətmə funk­siyası kəsb etməli, onlara öz təlim nəticələrini başa düşməyə kö­mək etməlidir. Yoxlama və qiymətləndirmə meyarları şagirdlərin öy­rənmə fəaliyyətlərini həm işin nəticəsi, həm də prosesin özü kimi qiy­mətləndirməli, şagirdlərin fərqli və fərdi xüsusiyyətlərinin aşkar edil­məsinə xidmət etməlidir. Müəllimlər əvvəlcədən qiymətləndir­mə meyarlarını, məsələn, rubrika formasında müəyyən etməlidirlər. Bu rubrikalar təkcə müəllimlər tərəfindən deyil, həm də şagirdlərin iş­tirakı ilə tərtib edilməli və onların müxtəlif tipli və məzmunlu fəa­liy­yətlərini yoxlamaq və qiymətləndirmək məqsədinə xidmət et­mə­li­dir. Yeniyetmələr yoxlama və qiymətləndirmə proseslərində fəal işti­rak edirlər, öz nailiyyətlərini obyektiv qiymətləndirə bilirlər. Şagird­lə­rin bilik və bacarıqlarının dəftər və qələm vasitəsilə yoxlanması və qiy­mətləndirilməsi təkcə bu parametrlərlə kifayətlənməyib, həmçi­nin, onlarda tənqidi təfəkkürü, müstəqilliyi, məsuliyyəti və insan hə­yatına təsir göstərən digər fərdi amilləri də əhatə edir. Bütün bun­lar yoxlanılarkən müxtəlif qiymətləndirmə strategiyalarından, mə­sə­lən, protokol (jurnal) yazmaq, elektron portfolio hazırlamaq, şagird yol­d­aşlarının qiymətləndirilməsi, müəllim tərəfindən hazırlanmış test­lər, öyrənmənin audio və video vasitəsi ilə sübutu və s. istifadə olu­nur. Nümunəvi orta məktəblərdə aparılan qiymətləndirmə həm də yeniyetmələrin özlərinə məxsus xarakterik xüsusiyyətlərini əks et­dirir. Erkən yeniyetməlik insan həyatında öz şəxsiyyətinə hörmə­tin formalaşdığı dövr hesab olunur. Ona görə də qiymətləndirmə bir şa­girdin başqa şagirdə münasibətdə necə oxumasını müəyyənləşdir­mə­yə xidmət etməməli, şagirdin öz fərdi inkişaf səviyyəsini üzə çı­xar­malı, bu zaman xarici motivlərə istinad etməməlidir. Belə qiy­mət­ləndirmədə başlıca məqsəd şagirdlərin güclü və zəif cəhətlərini, ma­raqlarını və qabiliyyətlərini, şəxsi keyfiyyətlərini aşkar etmək və dərk­etmədə onlara kömək etməkdən ibarətdir. Şagirdlərin fəaliy­yətl­əri təkcə müəllimlər, təşkilatlar tərəfindən qiymətləndirilmir. Ye­niyetmələrin fəaliyyətlərinin özləri tərəfindən qiymətləndirilməsi on­larda ədalət hissinin və özünə hörmətin formalaşmasına kömək edir. Yeniyetmələr üçün yoldaşları tərəfindən necə qiymətləndiril­mə­si də həlledici əhəmiyyət kəsb etdiyi üçün onlara özlərini yol­daş­ları ilə müqayisə etməyə deyil, öz fərdi keyfiyyət və qabiliyyətlərini üzə çıxarmağa səy göstərirlər. Müəllimlər şagirdlərin cəhdlərini qiy­mətləndirməli, onların inkişafına dəstək verməli, eyni zamanda bil­mə­lidirlər ki, bütün yeniyetmələr ümumi standartlara eyni vaxtda ça­ta bilməz. Əsas diqqət şagirdin real təlim nəticələri və digər key­fiy­yətləri olmalıdır. Nümunəvi məktəblər qiymətləndirməyə təkcə şa­girdin şəxsi nailiyyəti kimi baxmır, onu dövlətin tələblərinə uy­ğunluq səviyyələrinə görə də dəyərləndirirlər.

Yeniyetmələrin müstəqillik idealları və arzuları tez-tez vali­deyn­lərlə ziddiyyətlərə, onların ailədə ünsiyyətdən qaçmalarına gə­ti­rib çıxarır. Bununla yanaşı, şagirdlər, müəlimlər, müəllim koman­da­ları və ailələr yeniyetmələrin müvəffəqiyyətlərini yoxlamaqda və qiy­mətləndirməkdə fəal iştirak etdikdə, bu ziddiyyətlər aradan qal­dı­rı­lır. Şagird konfransları qiymətləndirmə məqsədlərinin həyata ke­çi­ril­məsində xüsusilə əhəmiyyətlidir. Müəllim və şagirdlərdən müx­tə­lif növlü yazılı məruzələr, telefon zəngləri, elektron poçtları vasitə­si­lə göndərilən xəbərlər valideynləri və məktəb müəllimlərini birgə iş­lə­məyə sövq edir. İnternet xidmətləri şagirdin davranışı və təlim nə­ti­cələri haqqında operativ məlumat almaqda məktəbə və valideyn­lə­rə ciddi kömək edir.

Orta məktəblərdə müəllimlərin təlim işlərinin təşkili yolları, şa­girdlərin fəaliyyətlərinin qruplaşdırılması və cədvələ salınması öy­rən­mə mühitinin yaranması baxımından böyük əhəmiyyətə ma­lik­dir. Müxtəlif fənləri tədris edən müəllimlərin ikidən dördə qədər qrup halında olan şagirdlərlə işləməsi yüksək təlim göstəriciləri olan mək­təblərin xüsusiyyətidir və yaxşı məktəbin işinin əsasını təşkil edir. Müəllim-şagird fəaliyyətlərinin belə yüksək səviyyədə təşkili baş­qa proqramların və təlim təcrübələrinin meydana gəlməsinə sə­bəb olur. Məktəblərdə güclü öyrənən cəmiyyət yaratmaq üçün ilkin mər­hələ müəllim və şagirdlərdən təşkil olunmuş birgə komanda ya­rat­maqdan ibarətdir. Bu komanda üzvləri arasında sıx münasibətlər bər­qərar olur, müəllim və şagirdlər bir-birilərini yaxşı tanıyır, özlərini ar­xalı və etibarlı hiss edir, idraki risklər etməyə ruhlanırlar. Burada fəa­liyyətin əməkdaşlıq formasında təşkili həm müəllimlər, həm də şa­girdlər üçün xüsusi əhəmiyyət kəsb edir.

Səmərəli komanda şagirdlərin yüksək təlim müvəffəqiyyətlə­ri­nə, artan məktəb-valideyn əlaqələrinə, məktəbdə sağlam mühitin ya­ra­dılmasına, şagirdlərin bir-birlərinə qarşı əsl insani münasibət­lə­rin formalaşmasına gətirib çıxarır. Qeyd edilən müsbət cəhətlərə na­il olmaq üçün iki-üç nəfər müəllim və şagirdlərdən ibarət koman­da­la­rın daha səmərəli olması sübut edilmişdir. Bundan başqa, koman­da həm də müəllimlərin peşə keyfiyyətlərinin inkişafı və onların pe­şə həyatı üçün müsbət təsirə malikdir. Komandaların necə və ya kim tə­rəfindən asılı olmayaraq, eyni və ya yaxın fənləri tədris edən mü­əl­limlər tez-tez fikir, təcrübə mübadiləsi etmək üçün görüşmək im­ka­nı əldə edirlər. Məktəb müəllimləri planlaşma işləri üçün müntə­zəm olaraq toplaşırlar, burada əsasən fənn və ya yaxın fənlərdən təş­kil edilmiş komandalar (metobirləşmələr formasında) kurikulumu birl­əş­dirmək, test nəticələrini təhlil etmək, şagirdlərin fəaliyyətlə­ri­nin nəticələrini nəzərdən keçirmək, öz sahələri ilə əlaqədar müasir təd­qiqat işlərini müzakirə etmək, öz təlim təcrübələrinin səmə­rə­li­li­yi haqda fikir mübadiləsi etmək və s. kimi işlərlə məşğul olurlar. Nü­munəvi orta məktəblərdə, komanda şəklində fəaliyyət göstərən mü­əl­limlər, başqa mütəxəssislərlə məsləhətləşərək tədris proq­ram­la­rı­nın əsas hissəsini özləri hazırlayır, şagirdlərin savad alması üçün mə­suliyyəti öz aralarında bölüşür və şagird həyatının daha vacib prob­lemləri haqda müzakirələr aparırlar. Komandalar hər bir şa­gir­din təlim müvəffəqiyyətini təmin etmək üçün vaxtdan, yerdən, mək­tə­bin digər pedaqoji heyətindən səmərəli istifadə etmək imkanlarına ma­likdirlər. Komandaların liderləri öz komandalarını ümumməktəb ko­mandalarında təmsil edir, məktəb müdiriyyəti ilə sıx əməkdaşlıq şə­ra­itində işləyərək əsas istiqamətləri müəyyənləşdirir və məktəb rəh­bərliyini komandanın təlim nəticələri ilə tanış edirlər.

Cəmiyyətin inkişaf tələbatlarına cavab verən orta məktəblər şa­girdlərin sağlam idraklı, möhkəm bədənli olmaları, özlərinin şəxsi in­ki­şafını dərk etmələri üçün geniş imkanlar yaradır. Sağlamlığa və təh­lükəsizliyə xüsusi önəm vermək bütün məktəbi əhatə edir. Mək­təb müəllimləri sağlam mühit yaratmaq üçün məsuliyyət daşıyırlar. Əla­qələndirilmiş sağlamlıq proqramları əsasən şagirdlərin öyrənmə fəa­liyyətlərinə və ya öyrənməyə mane olan məsələlərə diqqət verir. Mək­təb həyatının normal fəaliyyətini təmin etmək üçün nəzərdə tu­tulan yazılı göstərişlər məktəbin səylərinə istiqamət verir, məktəb-ic­ma əməkdaşlıq layihələrinin həyata keçirilməsinə, həmçinin mək­təb-valideyn əməkdaşlığına kömək edir. Məktəbdəki yaşlılar şa­girdlər üçün sağlam həyat tərzi və düzgün vərdiş göstərmək üçün nü­mu­nə olmalıdırlar.

Məktəb sağlamlıq proqramları şagirdlərin dərsdə və dərs­dən­kə­nar fəaliyyətlərini əhatə edir. Sağlamlığa hədəflənən tədbirlər sis­te­mi şagirdlərin imkanlarına uyğun gəlməli, milli standartlara cavab ver­­məli və hər bir şagirdə şamil edilməlidir.

Şagirdlərdə fiziki və psixoloji təhlükəsizliyi tərbiyə edən mək­təb­lər bunu sağlam və etibarlı mühit, rəngarəng fəaliyyətlər təşkil et­məklə həyata keçirirlər. Fiziki sağlamlıq tərbiyəsi üzrə məktəb si­ya­səti işlənib hazırlanır, müəllimlərə, valideynlərə və şagirdlərə izah edilir. Sağlam ziddiyyətləri sülh yolu ilə həll etmək, əsəblərinə, hiss­lərinə nəzarət etmək, zorakılıq hallarına qarşı mübarizə aparmaq və s. keyfiyyətlər də tərbiyə edilir. Belə məktəblərdə əmin-amanlıq bər­qərar olur və şagirdlərin təlim müvəffəqiyyətləri getdikcə artır.

Məktəblər yerli icma ilə əlaqələri inkişaf etdirərək şagirdlər üçün sağlam mühit yaradır və əsl məktəb-valideyn-icma əmək­daş­lı­ğı­nın gücləndirilməsi mühitin mənfi təsirlərindən şagirdləri qoru­ma­ğa xidmət edir.

2. Təhsilvermə modelləri

(orta ümumtəhsil üzrə) barədə


Təhsilvermə (təhsilləndirmə) modelləri - təhsilvermənin (təh­sil­lən­dirmənin) strukturu, tədris kursunun məzmunu və quruluşu, şa­girdlərlə işin təşkilinin konkret məqsədləri, şagirdləri qruplara böl­mənin formaları, testləşdirmə və qiymətləndirmənin metodları, həm­çinin təlim prosesinin qiymətləndirilməsi kimi məsələlərin qar­şılıqlı əlaqələrini müəyyənləşdirməyə imkan verir. Qərbi Avropanın təd­qiqatçı pedaqoqları ümumtəhsil sistemində təhsilvermənin aşa­ğı­dakı yeni modellərindən (formalarından) istifadə etməyi məsləhət bi­lirlər: 1) seçmə qruplar (selektiv) modeli; 2) birləşmiş qruplar mo­de­li; 3) “qarışıq qabiliyyətlər” modeli; 4) inteqrativ təlim modeli; 5) in­novasion təlim modeli.

Təhsilvermə (təhsilləndirmə) modelləri aşağıdakı əsas komp­o­nent­ləri ilə bir-birindən fərqlənirlər:



  • modelin təhsilvermə strukturu;

  • təlim kurslarının məzmunu;

  • təlim kurslarının təşkili;

  • şagirdlərin qrup şəklində təşkili formaları;

  • şagirdlərin idarə edilməsi;

  • tətbiq edilən testlər və yoxlamalar;

  • təlim prosesinin qiymətləndirilməsi.

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin