Məsləhətçi - məktəblə valideynlər arasında əsas əlaqələndiricidir. Müəllimlərə öz vəzifələrini yerinə yetirməyə kömək üçün orta məktəblər məsləhət proqramları, genişləndirilmiş ev şəraiti, komanda əsaslı rəhbərlik və s. kimi müxtəlif təşkilati strukturlardan istifadə edirlər. Bu cəhətlər məktəbdəki digər əsas rəhbərlik və köməkçi xidmət sahələri ilə ziddiyyət təşkil etmir. Nümunəvi məktəb hər bir şagirdə təhsil aldığı müddətdə ardıcıl olaraq qayğı və dəstək nümayiş etdirir.
Məktəblər şagirdlərin təhsilini təkbaşına həyata keçirmir. Bütün cəmiyyətlərdə, o cümlədən Azərbaycanda da, yeniyetmələrin uğurlu təhsil almalarının ilkin şərtlərindən biri valideyn və ictimaiyyətin bu işdə həqiqətən iştirak etməsidir. Valideynlərin bir çoxu məktəbin fəaliyyəti ilə zəif maraqlanır və səhvən belə fikirləşirlər ki, təhsilin bu pilləsində şagirdlərin köməyə az ehtiyacları var. Lakin məktəbin fəaliyyətində valideynlərin müntəzəm iştirakı həlledici əhəmiyyət kəsb edir. Məktəblər özləri məktəb - valideyn, məktəb – ictimaiyyət əlaqələrinin gücləndirilməsində maraqlı olmalıdırlar. Məktəblər daha da irəli getdikcə, valideynlər geniş mənada məktəb-ictimaiyyət kontekstində məktəbin işlərində necə iştirak edəcəklərini müəyyənləşdirə bilmirlər. Onlar həmçinin özlərinin sürətlə dəyişən və yetkinləşən övladları ilə necə davranmaq yollarını da tapmaqda çətinlik çəkirlər. Ona görə də məktəb burada həlledici rola malik olmalı, valideynlərə məktəbə və öz övladlarına real köməyin yollarını göstərməlidirlər.
Bir qayda olaraq məktəb-valideyn əlaqələrinin güclü olduğu məktəblərdə şagirdlərin təlim nəticələri və davranış normaları yüksək olur və məktəb öz fəaliyyətində daha yaxşı dəstək alır. Ona görə də nümunəvi məktəblər valideyn təhsil proqramlarını irəli sürmək və təşkil etməklə, əlaqələndirilmiş məktəb-ailə öyrənmə təcrübəsi yaratmaqla, müxtəlif işgüzar insanları, mədəniyyət qruplarını və digər ictimaiyyət üzvlərini məktəbin fəaliyyətinə daha geniş cəlb edir. Orta məktəblərin məqsədləri məktəbin uzunmüddətli məqsədləri ilə uyğunluq təşkil edən sosial xidmət sahələri, işgüzar dairələr və digər təşkilatlarla müvafiq əməkdaşlıq qurmaq imkanlarına yönəlməlidir. İcma nümayəndələri və məktəbdə əməkdaşlıq edən təşkilatlar məktəbin təlim proqramlarının həyata keçirilməsinə də əhəmiyyətli dərəcədə yardım edirlər.
Bütün əməkdaşlıq formalarında tərəflərin hər biri mənfəət əldə etməli, öz rollarını və nəticələrini başa düşməlidirlər. Bu baxımdan məktəb-ailə-icma əməkdaşlığı da istisna deyildir. Məktəb şagirdlərin biliyi mənimsəmələrinə kömək etmək üçün valideynlərin və icmanın mövcud imkanlarından istifadəni nəzərdə tutmalıdır. Bundan əlavə, valideyn övladının təhsilinə müəyyən vaxt ayırmalı və məktəbin işində maraqlı olduğunu, ona inandığını nümayiş etdirməlidir. Müəllim ailələrlə əməkdaşlıq edərkən onların yerli və milli xüsusiyyətlərinə diqqətlə və düşüncə ilə yanaşmalıdır.
Tədris proqramı (müvafiq, inteqrativ, mürəkkəb səviyyəli və araşdırmayönümlü kurikulum) məktəbin qarşıya qoyduğu məqsəd və vəzifələrə nail olması üçün başlıca vasitədir. Ümumi şəkildə götürdükdə, tədris proqramı şagirdlərə öyrədiləcək məzmuna və vərdişlərə aiddir. Lakin yüksək inkişaf səviyyəsi əldə etmiş orta məktəblərdə tədris proqramı məktəb təhsil proqramlarının bütün planlaşdırılan aspektlərini əhatə edir. O, mükəmməl bilik və bacarıqlar aşılayan siniflərlə yanaşı, ümumməktəb proqramlarını və xidmət sahələrini, məsələn, məsləhət, klub və maraq qrupları, musiqi və dram fəaliyyətləri, şagird idarəçiliyi, idman və digər sahələri də özündə birləşdirir. Nümunəvi orta məktəb tədris proqramı yeniyetmələr üçün hərtərəfli öyrənmə fəaliyyətləri və əhəmiyyətli suallara cavablar almaq imkanları yaratmaqla səciyyələnir. Orta məktəbin müvəffəqiyyətli tədris proqramı həm şagird, həm də müəllim perspektivindən yanaşdıqda imkanlara müvafiq, inteqrativ, getdikcə artan çətinlik səviyyəli və araşdırmayönümlü olmalıdır. Nümunəvi orta məktəblərdə tədris proqramları ayrı-ayrı dərs formasında deyil, bir neçə həftə müddətində davam edən, mürəkkəb tapşırıqları və əsas sualları əhatə edən bölmələr formasında planlaşdırılır. Bu bölmələr tədrisin yuxarı pilləsi üçün xarakterik olan fənn yönümlü deyil, daha çox mövzu, problemlər üzrə inteqrativ xarakterdə olur, müəllim və şagirdlərin birgə məqsədlərini əhatə edir. Şagirdlərin öyrənmə fəaliyətinə və təlim nəticələrinə ciddi təsir göstərən “gizli kurikulum” da mövcuddur. Bu, şagirdlərin ünsiyyətdə olduqları insanlardan, işlədikləri strukturlardan, insani münasibətlərdə labüd şəkildə baş verən problemlərdən öyrəndikləri bilik və həyati təcrübədir. Faktik olaraq öyrənmənin bu cəhəti çox dərin və uzunmüddətli olur, bəzən də ənənəvi təlimdən daha çox önəm təşkil edir. Bəzən insanların həyatı məktəbdəki təlimdən daha çox kənar təlimlərdən asılı olur.
Nümunəvi orta məktəbdə işləyən müəllimlər planlaşdırılmış və planlaşdırılmamış kurikulumları birləşdirərək əmin olurlar ki, şagirdlərlə qarşılıqlı münasibətlər müsbətdir, bütün şagirdlər qiymətləndirilir və onlara bərabər münasibət göstərilir. Orta məktəb müəllimləri üçün müəyyən edilmiş məzmunun əhatə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Halbuki, müəllimlər proqramın əhatə edilməsi ilə materialın mənimsənilməsinin oxşar və sinonim olmadığını dərk edirlər. Əsas məqsəd yeniyetmələr üçün elə təlim təcrübəsi həyata keçirməkdən ibarətdir ki, onlar dövlətin standartlarını ödəyə bilsinlər.
Kurikulum o zaman münasib hesab olunur ki, o, şagirdin özü, fənlərin məzmunu, ümumən dünya haqqında olan sorğularına cavab verə bilsin. Bəzi hallarda şagirdlərə kurikulumun məzmununu müəyyən etməyə, mövzular arasında seçim etməyə imkan verilir. Lakin əksər hallarda müəllimlər orta məktəb şagirdləri haqqında öz biliklərinə istinad edərək dövlət tələblərini və şagirdlərin təlim maraqlarını təmin etməklə, təlim məzmununu - kurikulumu müəyyən edirlər. Müəllimlər müxtəlif fənlər arasındakı əlaqələri dərk etməkdə öz şagirdlərinə köməklik göstərərkən şagirdlər insan biliklərinin franqmentar deyil, tam və bütöv təbiətə malik olduqlarını başa düşürlər. Bu həqiqətin dərk edilməsi bütün şagirdlər üçün önəm kəsb etsə də , dünya haqqında öz görüş dairələrini genişləndirən orta məktəb şagirdləri üçün bu xüsusilə dəyərlidir.
Şagirdlərin real sualları üzərində qurulan təlim prosesi daha ciddi cəhd tələb edir, çünki bir sıra hallarda əvvəlcədən tərtib edilmiş proqramlar şagirdlərin maraqlanmadıqları sualların cavablandırılması üzərində qurulur. Şagirdlər onlar üçün maraq kəsb edən bilikləri, konsepsiyaları və cəmiyyət tərəfindən irəli sürülən həyati tələbləri öyrənmək imkanları əldə etmək istəyirlər. Məktəb kurikulumunun istənilən aspekti yeniyetmələrin suallarına, maraqlarına, dünyagörüşlərinə, ideyalarına, konsepsiyalarına uyğun olduqda daha səmərəli təlim prosesi təşkil etmək olur. Təlim məzmununun müəyyənləşdirilməsində yeniyetmənin iştirakı çoxaldıqca, kurikulum onun üçün daha uyğun və münasib olur. Kurikulumun müəyyən edilməsində şagirdlərin iştirakını təmin etmək heç də o demək deyildir ki, bütövlükdə təlimin məzmunu şagirdlərin maraqları üzərində qurulmalıdır. Təbii ki, burada dövlət maraqları həlledici olmalıdır. Lakin kurikulumu şagirdlər üçün münasib etməkdə məqsəd onların yeni maraqlarını stimullaşdırmaqdan, yeni biliklərə qapılar açmaqdan və şagirdlərin daha yüksək öyrənmə səviyyələrinə çatmalarına cəhdlər etməsini həyata keçirməkdən ibarətdir.
Artan çətinlik səviyyəli kurikulum yeniyetmələri öz maraq dairəsinə və gücünə uyğun olan aktiv fəaliyyətlərə qoşur. O, ciddi problemləri və vərdişləri əhatə edən, şagirdlərin anlama səviyyələrinə uyğun gəlir və tədricən onlara öyrənmə fəaliyyətlərinə nəzarəti öz üzərlərinə götürməyə imkan verir. Təlim tapşırıqları çətin olsa da, öhdəsindən gəlinə biləcək səviyyədə olmalıdır. Kurikulumda əsas ideyaların və vərdişlərin vurğulanması müəllimlərdən öz qüvvələrini cəmləşdirməyi, qeyd edilən materialların əhatə edilməsindən daha vacib fəaliyyətlə məşğul olmağı tələb edir. Müəllimlər şagirdlərlə məsləhətləşərək və özlərinin ekspert biliklərinə istinad edərək geniş informasiya imkanlarından və təlim materiallarından elələrini seçirlər ki, onlar həqiqətən vacib və dərindən mənimsəməyə layiq olsun. Bu məsələlərin həyata keçirilməsi üçün müəllimlər şagirdlərə dəyərləri, mülahizələri, əsas prinsipləri, alternativ baxışları düzgün qiymətləndirməkdə, habelə hadisələrin “Necə?” baş verməsi ilə yanaşı “Nə üçün?” baş verməsi kimi suallara da müraciət etmələrinə kömək etməlidirlər. Onlar vərdişləri və konsepsiyaları konkret kontekst daxilində öyrətməli, şagirdlərin, başqalarının ideyalarını köçürməkdən və əzbərləməkdənsə, özlərinin bacarıqlı yazıçı, tədqiqatçı, mütəfəkkir olmalarına kömək etməlidirlər. Müasir orta məktəblərin müxtəlif inkişaf mərhələlərində olduğunu nəzərə alaraq, kurikulumu hər bir şagirdin səviyyəsinə uyğunlaşdırmaq çox çətin bir vəzifədir. Bundan başqa, yeniyetmələrin fərqli öyrənmə üslubları, müxtəlif inkişaf və mədəni səviyyələri, keçmiş təcrübələri də nəzərə alınmalıdır. Bununla yanaşı, xüsusi təhsilə ehtiyacı olan şagirdləri də əhatə edəndə müxtəliflik səviyyəsi daha da artır. Kurikulumu hər bir şagirdin artan və fərqli inkişaf səviyyəsinə uyğunlaşdırmaq müəllimlər, məsləhətçilər, valideynlər və şagirdlər arasında ciddi əməkdaşlığın həyata keçirilməsini tələb edir. Təlimin həm məzmunu, həm də metodları fərdiləşdirilməli və fərqləndirilməlidir. Müəllimlər ilk addım olaraq şagirdlərə öyrənmə imkanları arasında seçim etmək, öz qabiliyyətlərinə əsasən məqsədlərinə çatmaq və inkişaf etmək üçün şərait yaratmalıdırlar. Müstəqil öyrənmə, kiçik qruplarla iş, xüsusi maraq fəaliyyətləri və s. şagirdlərin fərdi ehtiyaclarını ödəməyə xidmət edir.
Yeniyetmələr müstəqilliyə doğru can atdıqlarına görə onlar öz ehtiyaclarına uyğun təhsil almağa imkan verən kurikuluma ehtiyac duyurlar. Şagirdlər öz qabiliyyətlərinə uyğun olaraq təlimin məqsədi, məzmunu, fəaliyyət növləri, qiymətləndirmə vasitələri və s. haqqında seçim və qərar qəbul etməlidirlər. Bundan başqa, hər bir orta məktəb şagirdi demokratik həyat tərzini başa düşməyə və qiymətləndirməyə kömək edən, təşəbbüskarlığı və məsuliyyəti gücləndirən komanda idarəçiliyində iştirak etmək imkanlarına da malik olmalıdır.
Kurikulum o vaxt inteqrativ olur ki, o, şagirdlərə həyatın mənasını, onları əhatə edən dünyanı dərk etməkdə kömək edir, şagirdlər öz öyrənmələri haqqında əhəmiyyətli, mənalı qərarlar qəbul etməyi bacarırlar. Belə kurikulum aydın və məntiqidir. O, fənlərin sərhədlərini aşan mövzulara, ideyalara diqqət verir.
Orta məktəblərdə ayrı-ayrı müəllimlər və ya müəllimlər komandası tərəfindən elə təlim təcrübəsi, kurslar, bölmələr həyata keçirilməlidirlər ki, onlar inteqrativ məzmuna və mahiyyətə malik olsun, çünki şagirdlər belə materialları daha yaxşı mənimsəyirlər. Oxu, yazı və başqa fundamental vərdişlər ayı-ayrı fənlər tərəfindən bir-birindən təcrid edilmiş halda deyil, sıx qarşılıqlı əlaqədə tədris və tətbiq edilməlidir. Bundan daha əhəmiyyətlisi müəllimlərin öz şagirdlərinə məktəbdə öyrədilən biliklərdən, aşılanan vərdişlərdən gündəlik həyatda necə istifadə olunmasını və onların tətbiq edilməsini başa salmalarıdır. Gündəliklərdən, portfoliodan, konfranslardan və s. istifadə etmək şagirdlərə öz təcrübələri üzərində fikirləşməyə geniş imkan verir. Onlar tədricən təlim prosesində əldə etdiyi müvəffəqiyyətləri qiymətləndirməyə və öz öyrənmə fəaliyyətlərinin məsuliyyətini öz üzərinə götürməyə başlayırlar. Fəaliyyətin üzərində düşünmək özünüqiymətləndirmənin və müntəzəm öyrənmənin ayrılmaz bir hissəsidir. Bütün bu cəhətlərin inteqrasiyası o zaman daha səmərəli olur ki, kurikulum həm şagirdlər və həm də yaşlılar üçün əhəmiyyət kəsb edən ideyaları, konsepsiyaları, mövzuları əhatə edir. Həyatı əmələlər təbiətən fənlərarası olduğu üçün, həmin məsələlər təbii şəkildə də tədris prosesinə gətirilməlidir. İdraki, sosial, ünsiyyət və texnoloji vərdişlər yalnız kontekst daxilində öyrənilməli və tətbiq edilməlidir. Tənqidi təfəkkür, problem həlli, qərar qəbuletmə, yaradıcılıq kimi həlledici qabiliyyətlər o zaman səmərəli şəkildə formalaşır ki, şagirdlər həmin problemlərlə üzləşir, onların həlli yolları üzərində fikirləşir və onları həll edir. Bu halda şagirdlər sadəcə informasiya mənbəyi olmur, onlar yeni biliklər yaradır və onları tətbiq edirlər.
Təhsilin orta mərhələsini “tapıntı məkanı” kimi səciyyələndirmək mümkündür. Bu səviyyə üçün tərtib edilmiş kurikulumların əksəriyyəti tədqiqat istiqamətli, araşdırma yönümlü olmalıdır, çünki yeniyetmələr özləri də təbiətən macəra axtaran və hər şeylə maraqlanan tədqiqatçılardırlar. Araşdırma, faktiki olaraq nümunəvi orta məktəb kurikulumunun vacib tərkib hissəsi olub, yeniyetmələrin təbiətini, ehtiyaclarını düzgün və ətraflı əks etdirir. Bəzi təlim təcrübələrinə və kurslara araşdırma yönümlü etiketin verilməsi o demək deyildir ki, onlar qeyri-akademik sahəyə aid edilməlidir. Məsələyə başqa aspektdən yanaşsaq, doğru nəticə alınar. Yəni, əsaslı akademik fənn, məsələn, kimya, fizika və s. düzgün tədris edildikdə açıq-aşkar tədqiqat yönümlü olur. Araşdırma təlim prosesində fənnin məzmunu kimi deyil, ilk növbədə münasibət, yanaşma kimi nəzərdə tutulmalıdır. Xüsusi vurğulayaq ki, əgər yeniyetmələr təlim prosesində araşdırma yönümlü fəaliyyətlə məşğul olmasalar, tədqiqat aparmaq vərdişlərinə yiyələnməsələr, onların gələcək həyatları, müstəqil fəaliyyətləri daha məhdud xarakterə malik olacaqdır. Şagirdlər xüsusi maraq və qabiliyyətlərini təmin edən imkanlar qazanmalı, elə fəaliyyət növləri ilə məşğul olmalıdırlar ki, onları əhatə edən dünya və özləri haqqında baxışları, dünyagörüşləri formalaşsın.
Yeniyetmələrin fərqli inkişaf və mənimsəmə xüsusiyyətləri kurikulumun tərtib edilməsində olduğu kimi, mənimsəmə və təlim strategiyalarını müəyyənləşdirməyin də əsasını təşkil edir. Təlim strategiyaları və və yanaşmaları şagirdlərin fərqli bacarıq və vərdişlərinə, keçmiş bilik və təcrübələrinə uyğun gəlməli, fərqli idraki qabiliyyətlərini inkişaf etdirməlidir. Şagirdlər müxtəlif suallar vermək, onları cavablandırmaq vərdişlərinə yiyələnməli, elə öyrənmə fəaliyyətlərinə cəlb edilməlidirlər ki, həmin əsas vərdişlər konkret funksional şəraitdə mənimsənilsin.
Təlim prosesi şagirdlərin mədəni və fərdi təcrübələrini nəzərə almaqla həyata keçirildikdə ideyalar, konsepsiyalar şagirdlərin mövcud təcrübələri zəminində və daha əsaslı şəkildə mənimsənilir. Hər bir şagirdin inkişafı sistemli və məsuluyyətli bir işdir. Onun əsasları işə kurikulumda təsbit edilmişdir. Şagirdlərin fəaliyyətlərin bilavasitə iştirakçısı və bir-birləri ilə qarşılıqlı münasibətdə olanda daha yaxşı öyrəndiklərini nəzərə alaraq, müəllimlərin təlim zamanı istifadə etdikləri mənimsəmə-öyrənmə strategiyaları onların öz müəllimləri və bir-biriləri ilə intensiv ünsiyyəti üzərində qurulur. Onlar həmçinin, öyrənmək üçün mövzuların seçilməsi və bu mövzuların hansı yolla daha yaxşı mənimsənilməsi məsələlərinin müzakirəsində fəal iştirak edirlər. Təlim prosesində müəllim fəaliyyətinin üstünlük təşkil etdiyi üsullardan istifadə edilməsi zəruri olduqda da, şagird fəaliyyətinin həlledici olduğu müxtəlif fəaliyyətlərdən, məsələn, eksperiment, nümayiş, araşdırma layihələri, qrup işləri, müstəqil iş və s. istifadə edilməlidir. Şagirdlərin fərdi öyrənmə xüsusiyyətləri sinifdə fərdi təlimin məzmununun müəyyən edilməsində və başqa kurikulum proqramlarında nəzərə alınır. Xüsusi maraq və qabiliyyətləri, məsələn, intellektual, atletik, artistlik qabiliyyətləri olan şagirdlərin tələbatlarını ödəmək üçün onlar uyğun praktik fəaliyyətlə təmin olunurlar. Müxtəlif ixtisas müəllimləri fərqli öyrənmə qabiliyyəti və bacarığı olan şagirdlərin tələbatlarını ödəmək üçün birgə işləyir və uyğunlaşdırılmış öyrənmə fəaliyyətləri təşkil edirlər. Burada əsas məsələ müəllimlərin və şagirdlərin əməkdaşlığının təmin edilməsidir. Məqsəddən, şagirdlərin fərdi qabiliyyət və maraqlarından və başqa kriteriyalardan istifadə olunur. Şagirdlərin fəaliyyətə cəlb edilmə səviyyəsini yüksəltməklə onlar daha yüksək təlim nəticələrinə nail olurlar. Məktəb pedaqoji kollektivi valideynlərin aktiv iştirakı ilə xüsusi təlimə ehtiyacı olan şagirdlər üçün mükəmməl proqramlar tərtib edir. Şagirdləri yeni ideyalar, problemlər araşdırmağa ruhlandıran, onlarda müxtəlif baxışlar formalaşdırmağa xidmət edən təlim materialları və resusları həlledici əhəmiyyətə malikdir. Təlim prosesdə müzakirə edilən məsələ ilə bağlı şagirdlərdən yeganə “düzgün” cavab almağa adət etmiş müəllimlər üçün bir problemlə bağlı müxtəlif baxışların irəli sürülməsi, cavabların alınması yeni bir pedaqoji reallıqdır. Yaradıcı müəllimlər və müəllimlər komandası araşdırılan problemlə bağlı şagirdlərin daha geniş informasiyaya malik olmaları, müxtəlif fikir yürüdə bilmələri üçün onlara əlavə çap və ya internet materialları verirlər.
Məktəblərdə kompyuter texnologiyasının getdikcə daha geniş tətbiq edilməsi hər bir şagirdin öyrənmə imkanlarını artırır. Kompyuter texnologiyasının məktəbdə istifadə edilməsi özü məqsəd olmayıb, təlim vəzifələrinə xidmət etməli, yeni öyrənmə imkanları yaratmalıdır. Texnologiya təfəkkür vərdişlərini inkişaf etdirir, müxtəlif mənbələrdən alınan son informasiyalarla şagirdlərin və müəllimlərin fəaliyyətlərinin daha səmərəli təşkilinə imkan verir. Lakin texnologiyanın tədris prosesinə gətirilməsi bir sıra tələblər irəli sürür.
Müəllimlər yeni texnologiyanı kurikulumla birləşdirmək üçün xüsusi peşə hazırlığı kursları keçməlidirlər. Texnologiyalardan təlim zamanı düzgün istifadə edilməsi şagirdlərin fərdi məsuliyyətini və müstəqilliyini artırır, onları müasir həyata hazırlayır.
Əsas öyrənmə fəaliyyətləri müxtəlif formalı təqdimatlarla yekunlaşdırılmalıdır ki, şagirdlər öyrəndiklərini və edə bildiklərini valideynləri ilə bölüşə bilsinlər. İnkişaf yönümlü öyrənmə fəaliyyətləri şagirdlərdən fərdi təlim məqsədləri qoymağı, bilik və davranış baxımından əldə edilən nəticələrin standarta uyğunluğunu qiymətləndirmək bacarığına yiyələnməyi tələb edir.
Fasiləsiz, real və müvafiq yoxlama və qiymətləndirmə proqramları müəllimləri və valideynləri hər bir şagirdin təlim nəticələri və müvəffəqiyyətləri haqqında dəlillərlə təmin edir. Bu cür obyektiv informasiya şagirdlərə, müəllimlərə, ailə üzvlərinə təlim məqsədlərini dəqiq müəyyənləşdirməyə və təhsilin növbəti pilləsini dəqiq planlaşdırmağa imkan verir. Şagirdlərin topladıqları ballar ayrılıqda götürdükdə onların fəaliyyətlərini qiymətləndirmək, şagirdlərin öz məqsədlərinə nə dərəcədə nail olduqlarını müəyyənləşdirmək üçün kifayət deyildir. Şagirdlər şəxsi məqsədləri müəyyən etmək, öz fərdi inkişafını izləmək və nail olduğu bilik, bacarıq və vərdişlər üzərində düşünmək imkanlarına malik olmalıdırlar. Şagirdlər təlim müvəffəqiyyətlərini qiymətləndirmək vasitələri də öyrətmə funksiyası kəsb etməli, onlara öz təlim nəticələrini başa düşməyə kömək etməlidir. Yoxlama və qiymətləndirmə meyarları şagirdlərin öyrənmə fəaliyyətlərini həm işin nəticəsi, həm də prosesin özü kimi qiymətləndirməli, şagirdlərin fərqli və fərdi xüsusiyyətlərinin aşkar edilməsinə xidmət etməlidir. Müəllimlər əvvəlcədən qiymətləndirmə meyarlarını, məsələn, rubrika formasında müəyyən etməlidirlər. Bu rubrikalar təkcə müəllimlər tərəfindən deyil, həm də şagirdlərin iştirakı ilə tərtib edilməli və onların müxtəlif tipli və məzmunlu fəaliyyətlərini yoxlamaq və qiymətləndirmək məqsədinə xidmət etməlidir. Yeniyetmələr yoxlama və qiymətləndirmə proseslərində fəal iştirak edirlər, öz nailiyyətlərini obyektiv qiymətləndirə bilirlər. Şagirdlərin bilik və bacarıqlarının dəftər və qələm vasitəsilə yoxlanması və qiymətləndirilməsi təkcə bu parametrlərlə kifayətlənməyib, həmçinin, onlarda tənqidi təfəkkürü, müstəqilliyi, məsuliyyəti və insan həyatına təsir göstərən digər fərdi amilləri də əhatə edir. Bütün bunlar yoxlanılarkən müxtəlif qiymətləndirmə strategiyalarından, məsələn, protokol (jurnal) yazmaq, elektron portfolio hazırlamaq, şagird yoldaşlarının qiymətləndirilməsi, müəllim tərəfindən hazırlanmış testlər, öyrənmənin audio və video vasitəsi ilə sübutu və s. istifadə olunur. Nümunəvi orta məktəblərdə aparılan qiymətləndirmə həm də yeniyetmələrin özlərinə məxsus xarakterik xüsusiyyətlərini əks etdirir. Erkən yeniyetməlik insan həyatında öz şəxsiyyətinə hörmətin formalaşdığı dövr hesab olunur. Ona görə də qiymətləndirmə bir şagirdin başqa şagirdə münasibətdə necə oxumasını müəyyənləşdirməyə xidmət etməməli, şagirdin öz fərdi inkişaf səviyyəsini üzə çıxarmalı, bu zaman xarici motivlərə istinad etməməlidir. Belə qiymətləndirmədə başlıca məqsəd şagirdlərin güclü və zəif cəhətlərini, maraqlarını və qabiliyyətlərini, şəxsi keyfiyyətlərini aşkar etmək və dərketmədə onlara kömək etməkdən ibarətdir. Şagirdlərin fəaliyyətləri təkcə müəllimlər, təşkilatlar tərəfindən qiymətləndirilmir. Yeniyetmələrin fəaliyyətlərinin özləri tərəfindən qiymətləndirilməsi onlarda ədalət hissinin və özünə hörmətin formalaşmasına kömək edir. Yeniyetmələr üçün yoldaşları tərəfindən necə qiymətləndirilməsi də həlledici əhəmiyyət kəsb etdiyi üçün onlara özlərini yoldaşları ilə müqayisə etməyə deyil, öz fərdi keyfiyyət və qabiliyyətlərini üzə çıxarmağa səy göstərirlər. Müəllimlər şagirdlərin cəhdlərini qiymətləndirməli, onların inkişafına dəstək verməli, eyni zamanda bilməlidirlər ki, bütün yeniyetmələr ümumi standartlara eyni vaxtda çata bilməz. Əsas diqqət şagirdin real təlim nəticələri və digər keyfiyyətləri olmalıdır. Nümunəvi məktəblər qiymətləndirməyə təkcə şagirdin şəxsi nailiyyəti kimi baxmır, onu dövlətin tələblərinə uyğunluq səviyyələrinə görə də dəyərləndirirlər.
Yeniyetmələrin müstəqillik idealları və arzuları tez-tez valideynlərlə ziddiyyətlərə, onların ailədə ünsiyyətdən qaçmalarına gətirib çıxarır. Bununla yanaşı, şagirdlər, müəlimlər, müəllim komandaları və ailələr yeniyetmələrin müvəffəqiyyətlərini yoxlamaqda və qiymətləndirməkdə fəal iştirak etdikdə, bu ziddiyyətlər aradan qaldırılır. Şagird konfransları qiymətləndirmə məqsədlərinin həyata keçirilməsində xüsusilə əhəmiyyətlidir. Müəllim və şagirdlərdən müxtəlif növlü yazılı məruzələr, telefon zəngləri, elektron poçtları vasitəsilə göndərilən xəbərlər valideynləri və məktəb müəllimlərini birgə işləməyə sövq edir. İnternet xidmətləri şagirdin davranışı və təlim nəticələri haqqında operativ məlumat almaqda məktəbə və valideynlərə ciddi kömək edir.
Orta məktəblərdə müəllimlərin təlim işlərinin təşkili yolları, şagirdlərin fəaliyyətlərinin qruplaşdırılması və cədvələ salınması öyrənmə mühitinin yaranması baxımından böyük əhəmiyyətə malikdir. Müxtəlif fənləri tədris edən müəllimlərin ikidən dördə qədər qrup halında olan şagirdlərlə işləməsi yüksək təlim göstəriciləri olan məktəblərin xüsusiyyətidir və yaxşı məktəbin işinin əsasını təşkil edir. Müəllim-şagird fəaliyyətlərinin belə yüksək səviyyədə təşkili başqa proqramların və təlim təcrübələrinin meydana gəlməsinə səbəb olur. Məktəblərdə güclü öyrənən cəmiyyət yaratmaq üçün ilkin mərhələ müəllim və şagirdlərdən təşkil olunmuş birgə komanda yaratmaqdan ibarətdir. Bu komanda üzvləri arasında sıx münasibətlər bərqərar olur, müəllim və şagirdlər bir-birilərini yaxşı tanıyır, özlərini arxalı və etibarlı hiss edir, idraki risklər etməyə ruhlanırlar. Burada fəaliyyətin əməkdaşlıq formasında təşkili həm müəllimlər, həm də şagirdlər üçün xüsusi əhəmiyyət kəsb edir.
Səmərəli komanda şagirdlərin yüksək təlim müvəffəqiyyətlərinə, artan məktəb-valideyn əlaqələrinə, məktəbdə sağlam mühitin yaradılmasına, şagirdlərin bir-birlərinə qarşı əsl insani münasibətlərin formalaşmasına gətirib çıxarır. Qeyd edilən müsbət cəhətlərə nail olmaq üçün iki-üç nəfər müəllim və şagirdlərdən ibarət komandaların daha səmərəli olması sübut edilmişdir. Bundan başqa, komanda həm də müəllimlərin peşə keyfiyyətlərinin inkişafı və onların peşə həyatı üçün müsbət təsirə malikdir. Komandaların necə və ya kim tərəfindən asılı olmayaraq, eyni və ya yaxın fənləri tədris edən müəllimlər tez-tez fikir, təcrübə mübadiləsi etmək üçün görüşmək imkanı əldə edirlər. Məktəb müəllimləri planlaşma işləri üçün müntəzəm olaraq toplaşırlar, burada əsasən fənn və ya yaxın fənlərdən təşkil edilmiş komandalar (metobirləşmələr formasında) kurikulumu birləşdirmək, test nəticələrini təhlil etmək, şagirdlərin fəaliyyətlərinin nəticələrini nəzərdən keçirmək, öz sahələri ilə əlaqədar müasir tədqiqat işlərini müzakirə etmək, öz təlim təcrübələrinin səmərəliliyi haqda fikir mübadiləsi etmək və s. kimi işlərlə məşğul olurlar. Nümunəvi orta məktəblərdə, komanda şəklində fəaliyyət göstərən müəllimlər, başqa mütəxəssislərlə məsləhətləşərək tədris proqramlarının əsas hissəsini özləri hazırlayır, şagirdlərin savad alması üçün məsuliyyəti öz aralarında bölüşür və şagird həyatının daha vacib problemləri haqda müzakirələr aparırlar. Komandalar hər bir şagirdin təlim müvəffəqiyyətini təmin etmək üçün vaxtdan, yerdən, məktəbin digər pedaqoji heyətindən səmərəli istifadə etmək imkanlarına malikdirlər. Komandaların liderləri öz komandalarını ümumməktəb komandalarında təmsil edir, məktəb müdiriyyəti ilə sıx əməkdaşlıq şəraitində işləyərək əsas istiqamətləri müəyyənləşdirir və məktəb rəhbərliyini komandanın təlim nəticələri ilə tanış edirlər.
Cəmiyyətin inkişaf tələbatlarına cavab verən orta məktəblər şagirdlərin sağlam idraklı, möhkəm bədənli olmaları, özlərinin şəxsi inkişafını dərk etmələri üçün geniş imkanlar yaradır. Sağlamlığa və təhlükəsizliyə xüsusi önəm vermək bütün məktəbi əhatə edir. Məktəb müəllimləri sağlam mühit yaratmaq üçün məsuliyyət daşıyırlar. Əlaqələndirilmiş sağlamlıq proqramları əsasən şagirdlərin öyrənmə fəaliyyətlərinə və ya öyrənməyə mane olan məsələlərə diqqət verir. Məktəb həyatının normal fəaliyyətini təmin etmək üçün nəzərdə tutulan yazılı göstərişlər məktəbin səylərinə istiqamət verir, məktəb-icma əməkdaşlıq layihələrinin həyata keçirilməsinə, həmçinin məktəb-valideyn əməkdaşlığına kömək edir. Məktəbdəki yaşlılar şagirdlər üçün sağlam həyat tərzi və düzgün vərdiş göstərmək üçün nümunə olmalıdırlar.
Məktəb sağlamlıq proqramları şagirdlərin dərsdə və dərsdənkənar fəaliyyətlərini əhatə edir. Sağlamlığa hədəflənən tədbirlər sistemi şagirdlərin imkanlarına uyğun gəlməli, milli standartlara cavab verməli və hər bir şagirdə şamil edilməlidir.
Şagirdlərdə fiziki və psixoloji təhlükəsizliyi tərbiyə edən məktəblər bunu sağlam və etibarlı mühit, rəngarəng fəaliyyətlər təşkil etməklə həyata keçirirlər. Fiziki sağlamlıq tərbiyəsi üzrə məktəb siyasəti işlənib hazırlanır, müəllimlərə, valideynlərə və şagirdlərə izah edilir. Sağlam ziddiyyətləri sülh yolu ilə həll etmək, əsəblərinə, hisslərinə nəzarət etmək, zorakılıq hallarına qarşı mübarizə aparmaq və s. keyfiyyətlər də tərbiyə edilir. Belə məktəblərdə əmin-amanlıq bərqərar olur və şagirdlərin təlim müvəffəqiyyətləri getdikcə artır.
Məktəblər yerli icma ilə əlaqələri inkişaf etdirərək şagirdlər üçün sağlam mühit yaradır və əsl məktəb-valideyn-icma əməkdaşlığının gücləndirilməsi mühitin mənfi təsirlərindən şagirdləri qorumağa xidmət edir.
2. Təhsilvermə modelləri
(orta ümumtəhsil üzrə) barədə
Təhsilvermə (təhsilləndirmə) modelləri - təhsilvermənin (təhsilləndirmənin) strukturu, tədris kursunun məzmunu və quruluşu, şagirdlərlə işin təşkilinin konkret məqsədləri, şagirdləri qruplara bölmənin formaları, testləşdirmə və qiymətləndirmənin metodları, həmçinin təlim prosesinin qiymətləndirilməsi kimi məsələlərin qarşılıqlı əlaqələrini müəyyənləşdirməyə imkan verir. Qərbi Avropanın tədqiqatçı pedaqoqları ümumtəhsil sistemində təhsilvermənin aşağıdakı yeni modellərindən (formalarından) istifadə etməyi məsləhət bilirlər: 1) seçmə qruplar (selektiv) modeli; 2) birləşmiş qruplar modeli; 3) “qarışıq qabiliyyətlər” modeli; 4) inteqrativ təlim modeli; 5) innovasion təlim modeli.
Təhsilvermə (təhsilləndirmə) modelləri aşağıdakı əsas komponentləri ilə bir-birindən fərqlənirlər:
-
modelin təhsilvermə strukturu;
-
təlim kurslarının məzmunu;
-
təlim kurslarının təşkili;
-
şagirdlərin qrup şəklində təşkili formaları;
-
şagirdlərin idarə edilməsi;
-
tətbiq edilən testlər və yoxlamalar;
-
təlim prosesinin qiymətləndirilməsi.
Dostları ilə paylaş: |