Ümumi şərtlərə aiddir: sosial, iqtisadi, mədəni, milli, coğrafi.
Spesifik şərtlərə aiddir: şagirdlərin sosial-demoqrafik tərkibinin xüsusiyyətləri, məktəbin yerləşdiyi yer (şəhər, kənd), məktəbin maddi-texniki bazasının imkanları, ətraf mühitin tərbiyəvi imkanları.
Pedaqoji və şagird kollektivlərində əxlaqi-psixoloji mühitin xarakteri, şagirdlərin valideynlərinin mədəni səviyyəsi pedaqoji prosesin səmərəliliyinin mühüm göstəricilərindən biridir.
Pedaqoji sistemin struktur komponentləri vardır. Əsas komponentlərdən biri pedaqoji kollektivin və onun rəhbərlərinin fəaliyyətidir.
Məktəbi idarəetmə sistemin strukturunda dörd səviyyəli idarəetmə vardır.
Birinci səviyyə - dövlət orqanı və ya kollektiv tərəfindən seçilmiş məktəb direktoru, məktəb şurasının, şagird komitəsinin, ictimai təşkilatların rəhbərləri. Bu səviyyə məktəbin inkişafının strateji istiqamətlərini müəyyən edir.
İkinci səviyyə - məktəb direktorunun müavinləri, məktəbin psixoloqu, sosial pedaqoqu, ictimai faydalı işin təşkili üçün məsul şəxs, inzibati-təsərrüfat işləri üzrə direktorun köməkçisi, həmçinin özünüidarədə iştirak edən orqanlar və birliklər.
Üçüncü səviyyə - müəllimlər, tərbiyəçilər, sinif rəhbərləri (onlar şagirdlərə və valideynlərə, uşaq birliklərinə və dərnəklərə münasibətdə idarəetmə funksiyasını yerinə yetirirlər).
Dördüncü səviyyə - şagirdlər, sinif və ümumməktəb şagird özünüidarəsi. Qarşılıqlı təsir obyekti olan şagird burada, eyni zamanda öz inkişafının subyekti kimi çıxış edir. Yuxarıda göstərilən iyerarxik sxemdən görünür ki, idarəetmənin hər aşağı səviyyəli obyekti yuxarı səviyyəli idarəetmə üçün idarəetmənin obyektidir (10)
* * *
İnsan münasibətlərinin dünyanın qlobal problemlərinin birinə çevrildiyi indiki vaxtda idarəetmə və ya menecment nəzəriyyəsi xüsusi aktuallıq kəsb edir. Bu nəzəriyyənin tarixi qədim olsa da, “idarəetmə” elm kimi XX əsrdən inkişaf etməyə başlamışdır. İdarəetmənin əsas məqsədi şəxsiyyətin, cəmiyyətin təhsilə olan tələbatını ödəmək üçün dövlət-ictimai xarakterli təhsil sisteminin yeni idarəetmə modelinin yaradılmasıdır. Təhsil sistemində idarəetmə bazar iqtisadiyyatının tələblərinə, ictimai- siyasi həyatımızda aparılan demokratikləşmə prosesinə uyğun qurulmalı, planlaşdırma, əlaqələndirmə, tənzimləmə, nəzarət və s. funksiyalı yeni məzmun və formalarda tətbiq olunmalıdır. Yeni idarəetmə modeli də məhz innovasiyaların tətbiqinə əsaslanır.
Azərbaycan Respublikasında təhsil menecerlərinin müxtəlif təhsil pillələrində (bakalavr təhsili, magistratura təhsili, elmi-pedaqoji kadr hazırlığı, yenidən hazırlanma və ixtisasartırma təhsili) inkişaf etmiş ölkələrin təcrübələri, pedaqoji və psixoloji sahələrdə aparılmış tədqiqatların nəticələri əsasında hazırlanması ilə aşağıdakı nəticələr əldə olunur:
- təhsil sistemində çalışan rəhbər kadrların keyfiyyət göstəriciləri yüksəlir;
- rəhbər kadrlar ən müasir metod və texnologiyalarla yaxından tanış olur, yeni informasiyalara yiyələnir, onları idarəetmə prosesinə tətbiq edir, nəticədə yüksək göstəricilər əldə edilir;
- idarəetmənin məzmunu və formaları yeniləşir, prosesə mexanizmlər, metodlar, yeni yanaşmalar tətbiq edilir;
- təhsil menecerlərinin hazırlıq mərkəzi yaranır, təhsil sistemində rəhbər strukturların əməkdaşları həmin mərkəzdə idarəetmə elminin əsasları və nailiyyətləri ilə tanış olur, sistemin idarə edilməsi təkmilləşdirilir, müasir idarəetmə mexanizmlərinə keçid təmin edilir;
- təhsil menecerlərinin yüksək səviyyəli fasiləsiz təhsilə cəlbi tam təmin edilir;
- rəhbər işçilərin əməyinin qiymətləndirilməsi prosesində istifadə olunan meyarlar müasirləşdirilir;
- fasiləsiz təhsilin menecer hazırlığı üzrə ixtisasartırma və yenidənhazırlanma pilləsində məzmun və formaca dünya standartları səviyyəsində yeni plan və proqramlar tətbiq olunur;
- xüsusi proqramların tətbiqi nəticəsində təhsil menecerləri reqlamentləri öyrənir, müasir idarəetmə mexanizmlərini qavrayır, qanunvericilik aktları, maliyyə əməliyyatlarını və s. mənimsəyirlər;
- yeni təyin olunmuş rəhbər kadrlar fəaliyyətlərinə hazırlıqlı şəkildə başlayır, bu isə öz növbəsində keyfiyyət göstəricilərinin yüksəlməsinə real zəmin yaradır;
- yüksək hazırlıqlı menecerlər korpusunun yaranması idarəetmə funksiyalarının aşağı ötürülməsi prosesini mümkün edir və konkret pozitiv nəticələr əldə etmək üçün şərait yaradır;
- idarəedənlərlə idarəolunanlar arasında münasibətlər sadələşdirilir və təkmilləşdirilir;
- bir sıra mühüm sosial islahatların və cəmiyyətin demokratikləşdirilməsinin imkanları yüksəlir, fərdi və kollektiv əmək mübahisələrinin həlli asanlaşır.
“Azərbaycan Respublikasında təhsil menecerləri hazırlığının konsepsiyası”nda menecerlərin hazırlanması baxımından qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün əsas komponentlər sırasına aşağıdakılar da daxildir:
- təhsil menecerlərinin hazırlıq mərkəzinin yaradılması;
- menecer hazırlığı ilə əlaqədar müasir tələblərə cavab verən tədris planı və proqramlarının hazırlanması;
- təhsil menecerlərinin professioqramı, xidməti vəzifə və ixtisas tələblərinin tərtib edilməsi.
Menecerlərin hazırlanması məqsədi ilə pedaqoji profilli ali təhsil müəssisələrinin bütün fakültələrində bakalavr və magistratura təhsil pilləsində 300-350 saatlıq tədris materialı nəzərdə tutulur.
Müasir təhsilin əsasını texnoloji innovasiyalar, müasir kompyuter və telekommunikasiya texnologiyaları təşkil edir. Müasir təhsil sistemində menecmentin vacib xüsusiyyətləri ondan ibarətdir ki, sadalandığımız texnologiyaların tətbiqi müəllimlərin pedaqoji fəaliyyətlərinə, onların istifadə etdikləri metodlara da öz təsirini göstərir. Təhsil sahəsində innovasiya sisteminin yayılması və mənimsənilməsi müasir təhsil sistemində yeni biliklərin yaranması, insanların ömür boyu fasiləsiz təhsili və s. ilə bağlıdır. İnnovasiya sisteminə aşağıdakılar aid edilir: texnoloji, iqtisadi, pedaqoji, təşkilati.
Prinsip etibarilə innovasiyaların iki müxtəlif növü ayırd edilir: qlobal və lokal. İnnovasiyalar həm də fəndaxili, ümummetodik, inzibati, ideoloji və s. növlərə də bölünür.
İnnovasiya meneceri dedikdə, müasir tələblərə cavab verən, yenilikçi, hər şeydən əvvəl, innovasiya proseslərinin iştirakçısı nəzərdə tutulur. Pedaqoji ədəbiyyatda innovasiya menecmentinin əsas göstəriciləri aşağıdakı kimi təsvir edilir:
- proqnozlaşdırma əsasında idarəetmə;
- idarəetmədə bütün subyektlərin müstəqilliyinə və təşəbbüskarlığına istinad etmə;
- təlim-tərbiyə prosesinin idarə edilməsində gələcəyi irəlicədən görərək fəal axtarış imkanları;
- təlim-tərbiyə prosesinin məntiqi inkişafı, pedaqoji innovasiyalara cəhd, təlim- tərbiyə prosesinin təşkilinə yeni yanaşmalar axtarışı;
- idarəetmə problemlərinin həlli yollarının axtarışı xüsusi texnologiyaların tətbiqi ilə aparılır. Bunun da əsas meyarı bütövlükdə pedaqoji sistemin optimallaşdırılmasıdır.
- təlim-tərbiyə prosesinin idarə edilməsində nəticəliliyin potensial optimallaşdırılması.
İnnovasiya menecmentinin ən əsas göstəricilərindən biri də təhsil sistemində innovasiya vasitələrinin, yeni texnika və texnologiyalar mühitinin yaradılmasıdır. Buna əsasən aşağıdakılar daxildir:
- məktəblərin kitabxana şəbəkəsi (bu kitabxanalar təkcə kitab saxlanılan yer olmayıb, həm də şagirdlərin, müəllimlərin, təhsil menecerlərinin, eləcə də valideynlərin yeni informasiyaları əldə etmələrinə xidmət etməlidir);
- məktəb- kompyuter- internet şəbəkəsi və s.
İnnovasiya menecmentinin aşağıdakı altsistemləri vardır:
- innovasiyalara elmi yanaşma;
- menecmentin funksiya və metodları.
Elmi-innovativ yanaşmaya daxildir: sistemli, struktur, funksional, normativ, inteqrativ, əxlaqi və s.
Rus alimi R.Fatxutdinov innovasiya menecmentinin funksiyalarına-planlaşdırma, prosesin təşkili, nəzarət, motivasiya, tənzimləmə metodlarına isə məqsəd qoymaq, təhlil, proqnozlaşdırma və s. aid etmişdir.
İnnovativ idarəetmə səviyyəsində potensial imkanların həyata keçirilməsi üçün zəruridir:
- idarəetmə orqanlarını texnikası ilə təmin etmək;
- kadrların innovasiya texnologiyalarından istifadə qaydalarını öyrənməsini həyata keçirmək;
- bütün təhsil müəssisələrini yeni informasiyalarla təmin edən daxili infrastruktur yaratmaq;
- məlumat bankı yaratmaq (rəhbərlərin, pedaqoqların, şagirdlərin).
İnnovativ fəaliyyətin məqsədi ənənəvi sistemlə müqayisədə şagird şəxsiyyətinin formalaşmasında əsaslı dəyişikliklər modelinin yaradılmasıdır. Təhsildə innovasiyanın bir strategiyası şagird şəxsiyyətinə hörmətdən, ənənəvi münasibətdən, subyekt-obyekt modelindən subyekt-subyekt modelinə keçiddən başlanır. Təhsil sisteminin idarə edilməsində innovasiyalar da sistemli və qismən (natamam) innovasiyalara bölünür:
- idarəetmədə natamam innovasiya strategiyası ayrı-ayrı innovativ layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Bu, təhsildə “yüksəliş nöqtəsi”nin yaranması və inkişafı üçün bir yoldur.
- idarəetmədə sistemli yanaşma strategiyası gələcəkdə təhsilə tələbatın dəyişməsi haqqında proqnozlaşmadır.
Bu strategiya yaxın və uzaq gələcək üçün məqsədli planlaşma metodundan istifadə edir. Belə hesab edilir ki, sistemli yanaşmaya əsasən idarəetmədə yeniliklərin tətbiqi sayəsində yaxın gələcəkdə müsbət göstəricilər əldə etmək olar.
İdarəetməyə sistemli yanaşma metodu təhsil sistemində fəal uyğunlaşmış, sistemli, məqsədli yanaşma və idarəetmə şəbəkə strukturundan ibarət olmalıdır.
Məqsədinə nail olmaq üçün innovasiya meneceri hərtərəfli biliyə, intelektə, yüksək mədəniyyətə, geniş dünyagörüşünə, problemləri görmək və həll etmək qabiliyyətinə malik olmalıdır. Müasir tələblərə əsasən, menecer, hər şeydən əvvəl, innovasiya proseslərinin təşkilatçısı olmalıdır. Bugünkü məktəblərimiz təkcə təcrübəli mütəxəssis, ideyalar axtarışında olan rəhbərə deyil, həm də məktəbi bilən, elmli, innovator rəhbərlərə böyük ehtiyac duyur.
İnnovasiyaları ölçüsünə, tətbiq dairəsinə görə qiymətləndirmək düzgün deyil, çünki, hər hansı bir təhsil müəssisəsində tətbiq edilən innovasiyalar uğurla və müvəffəqiyyətlə nəticələnirsə, başqa bir yerdə tam əksinə ola bilər (Bu məsələ ilə bağlı daha geniş məlumat almaq üçün bax: S.Rəsulov, R.Əzizov. Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri. Bakı “Müəllim”, 2010)
4. Ümumtəhsil məktəblərində
idarəetmənin təşkili modelləri
Elmi ədəbiyyatda göstərilir ki, ümumtəhsil məktəbinin inkişafı əsasən aşağıdakı faktorlarla təyin edilir:
- təhsil verənlər və təhsil alanların fikirləri, imkanları, arzuları və istəklərinin tədris prosesində nəzərə alınması;
- təhsi sistemində təhsilin məqsədi, tədris planı, tədris metodları və vasitələrinin yeniləşdirilməsi;
- təlim prosesində şagirdlərin qruplaşdırılması, şagird şurası və özünüidarə orqanlarının, başqa qurumların işinin müasir tələblərə uyğunlaşdırılması;
- müəllim kadrlarının seçilib yerləşdirilməsi, qruplaşdırılması və yenidən təşkili sistemi, təşkilatçılıq mədəniyyəti, idarəetmənin yeni strukturu, vəzifə bölgüsünün aparılmasının yeni modelinin formalaşdırılması;
- məktəbi əhatə edən və ona təsir edə bilən mühitin, təhsilin təşkili, idarə olunması və maliyyələşdirilməsi sisteminin, sosial şəraitin yeni qanun və qanunauyğunluqlarla tənzimlənməsi;
- məktəbin yeniləşməsi və inkişaf etməsi üçün zamanın tələblərinə uyğun yeni pedaqoji sistem yaradılmalı, müasir təlim texnologiyalarından istifadənin yeni üsulları mənimsənilməlidir. Bunu isə böyük sürətlə həyata keçirmək mümkün olmadığından, məktəblərdə innovasiya fəaliyyəti tədricən özünə həqiqi mənada yer almalı, bu sahədə mədəni səviyyə yüksəlməli, tətbiq edilən yeni modelin effektliyi sınaqdan çıxarılmalıdır.
Son illərdə məktəblərin inkişaf etdirilməsi ilə bağlı yeni modellər işlənilmişdir. Bu modellərdə müxtəlif konseptual ideyaların reallaşdırılması nəzərdə tutulur. İnkişaf etmiş ölkələrdə ümumtəhsil məktəblərinin idarə olunmasının inkişaf modellərindən istifadə edilir. Onların bəzilərinə diqqət yetirməyi lazım bilirik.
4.1 Ümumtəhsil məktəblərində idarəetmənin
seqment tipli təşkili modeli
Məktəbdə təhsilin idarəolunmasının seqmentativ təşkili fənn müəllimlərinin müstəqilliyinə geniş yer verməyi nəzərdə tutur. Bu halda hər bir müəllim fənnin tədrisində öz stili ilə işləməyi rəhbər tutur. O, tədris prosesinin tələblərinə müvafiq təlim-tərbiyə prosesinin təşkili formasını, dərs materialının planlaşdırılmasını özü seçir, şagirdlərlə necə işləməyi, onların fəaliyyətini hansı üsullarla qiymətləndirməyi müəyyənləşdirir. Tədrislə bağlı olmayan digər vəzifələri yerinə yetirmək ixtiyarına malik olur. İdarəetmənin seqment modeli əsasən qapalı xarakterlidir. Burada valideynlə əlaqələr yalnız şagirdlər vasitəsilə yaradılır. Valideynlər məktəbin inkişaf strategiyasına müdaxilə etmirlər. Məktəb direktoru fənn müəllimləri ilə idarəedici-təşkilatçı strukturlar arasında kompleks əlaqələndirici rolunu oynayır. O, öz müavinlərinin fəaliyyəti üçün formal olaraq məsuliyyət daşıyır. Direktor təhsilə ümumi rəhbərlik edir və təlim-tərbiyə işlərinin təşkilində digər qurumlarla məsuliyyət bölgüsü aparır. Onun müavinləri koordinator funksiyalarını yerinə yetirir, məktəbdə intizama nəzarət edirlər. Onların hər biri və məktəbin direktoru təlim-tərbiyə işləri üzrə əvvəlcədən vəzifə bölgüsü aparır, bir və ya bir neçə bölmənin işinin təşkilinə birbaşa məsuliyyət daşıyır.
Məktəbdə ən səlahiyyətli qurum böyük pedaqoji şuradır. Pedaqoji şuranın razılığı olmadan direktor vacib qərarlar qəbul edə bilmir. Direktor öz əmr və sərəncamlarında kollegial qərarlara əsaslanmalı olur. Şagirdlər məktəb tərəfindən qəbul edilmiş tədris proqramları əsasında təhsil alırlar. Məktəbdə tədris qruplarında biliklərə yiyələnmədə əsasən koqnitiv (idraki) üsullara üstünlük verilir.
Modelin əsas müddəaları aşağıdakılardır:
- öyrətmənin (müəllimin) müstəqilliyi (avtonomiyası) yüksək səviyyədə inkişaf etdirilir;
- fənn müəlliminin işinə və onların istifadə etdiyi metodikaya direktor və başqa müəllimlər əsasən qarışmırlar;
- müəllim-şagird münasibətləri qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurulur;
- şagirdlər qəbul edilmiş tədris proqramlarından, əsasən kənara çıxmırlar;
- müəllimlərin hamısı eyni hüquqludur və məktəb həyatına aid bütün məsələlərin həllində iştirak edə bilirlər.
4.2. İdarəetmənin üfüqi məsləhətvermə
strukturlu təşkili modeli
Bu idarəetmə modelində təhsil üzrə şaquli məsləhətvermə bölmələri ilə yanaşı, üfüqi məsləhətvermə bölmələri də fəaliyyət göstərir. Bu bölmələr formalaşdırıldıqdan sonra pedaqoji fəaliyyətin bütün sahələrində, təlim-tərbiyə prosesinin cari və ümumi işləri, onun təhlili və gələcək işlərin planlaşdırılması aparılır. Müəllimlər metodbirləşmələrin işində fəal iştirak edir, fənn metodbirləşmələri isə təlim-tərbiyə prosesinin qurulmasında məsləhətçi funksiyalarını yerinə yetirirlər. Belə modeldə təhsilvermə ilə məşğul olan qurumlar həm də idarəetmə funksiyasını yerinə yetirirlər. Bu funksiyaları xüsusi treninq keçmiş müəllimlər, həmçinin peşəyönümlü iş ilə məşğul olan pedaqoqlar və xüsusi məsləhətçilər reallaşdırırlar. Eyni zamanda, bu modelə görə müəllimlər həm də sinif rəhbəri olmalı, sinifdənxaric işlər aparmalıdır.
Təhsili idarəetmənin xətti təşkili modeli seqmentativ təşkil modelindən, əsasən, koordinasiya mexanizmi ilə fərqlənir və bu halda, menecment və iyerarxiya əlaqələrinə (xidməti pillələrin bir-biri ilə əlaqələndirilməsinə) xüsusi diqqət verilir.
İdarəetmənin üfüqi məsləhətvermə strukturuna malik xətti təşkili modelinin əsas müddəalarını aşağıdakı kimi ümumiləşdirmək olar:
- burada təşkilatçılıq məsələlərində bürokratiyaya daha çox yer verilir, avtoritarlıq qanuniləşdirilir və hər şeydə rəsmiyyətçilik aşkarlığı təmin edilir;
- sistemdə hər kəsin rolu və vəzifələri dəqiq müəyyənləşdirilir, sabitlik təmin edilir, işdə səhvlərin qarşısı vaxtında alınır;
- belə təşkilatçılıq sistemi işdə ruh yüksəkliyini və obyektivliyi təmin edir.
4.3. İdarəetmənin kollegial təşkili modeli
Təhsilin, təlim-tərbiyə prosesinin bu üsulla təşkili modelində təlim-tərbiyə ilə məşğul olan bütün bölmələr üfüqi olaraq idarə edilir. Paralel siniflərin bütün müəllimləri bir tədris ili dövründə təhsilin struktur vahidinə daxil edilir. Struktur vahidlərinə tədris ili ərzində müavinlər başçılıq edirlər. Hər bir struktur vahidində müəllim xeyli müstəqil mövqe tutur və müxtəlif qabiliyyəti olan şagirdlərdən ibarət siniflərdə tədris işinin təşkilində əsasən sərbəstdir. Kollegial təşkil modelində fənn metodbirləşmələri fənlərin tədrisi ilə bağlı bütün məsələlər üzrə (tədris proqramları, tədris metodları, qiymətləndirmə normalarının seçilməsi və s.) strategiyanı hazırlayır və tədris proqramlarının müxtəlif sinif və qrupların bilik səviyyəsinə uyğunlaşdırılması məsələsi ilə məşğul olarlar.
Direktor metodbirləşmələrin hazırladığı strategiyanı araşdırıb təhlil etdikdən sonra öz fikrini bildirir və razılaşır. Kollegial təşkil modelində sinifdə dərs deyən müəllimlərdən biri sinif rəhbərinin vəzifəsinə yaxın olan işləri də görür.
Kollegial təşkil modelində məsləhətvermə strukturlarına daha geniş səlahiyətlər verilir. Bununla yanaşı, həmin strukturların aşağıdakı kimi cəhətləri vardır:
- onlar hər hansı bir qərar qəbul edəndə ümumi razılığa gəlirlər;
- qərarlar konsesusla qəbul edilir, bu qərarlara hər bir müəllim öz razılığını verir və onun məsuliyyətini boynuna götürür;
- təhsil işinin inkişaf strategiyası məktəbin ali orqanı hesab edilən yığıncaqda qəbul edilir və bu yığıncaqda metodbirləşmələrin sədrləri, direktor və onun müavinləri iştirak edirlər.
Modelin əsas müddəalarını aşağıdakı kimi formalaşdırmaq olar:
- müəllimlik fəaliyyətində təlim metodlarına yiyələnmə əsas şərt kimi irəli sürülür;
- şagirdlərə münasibətdə güc tətbiq etməməyə, qarşılıqlı anlaşmaya və kollektiv əməkdaşlığa üstünlük verilir;
- fənn metodbirləşmələrinin faydalı fəaliyyət göstərməsi üçün onun üzvləri olan müəllimlərin təlim-tərbiyə prosesində insani keyfiyyətlərə və təhsilvermə bacarığına yiyələnmələrinə şərait yaradılır;
- təhsilə rəhbərlikdə ümumi razılıq əldə edilir, direktor özünü həm birinci, həm də başqaları ilə bərabər hüquqlu şəxs kimi aparır, işini prosesin gedişinə uyğun qurur.
4.4. İdarəetmənin matris tipli təşkili modeli
Təhsil sistemində matris idarəetmə modelinin tətbiqi o biri modellərdən fərqli olaraq iki əsas üzərində qurulur. Burada xüsusi təşkil olunmuş yarımbölmələrdə şagirdlərin təlim-tərbiyə işinin idarə edilməsi daha da təkmilləşdirilir. İdarəetmənin üfüqi məsləhətvermə strukturu xətti təşkil modelində müəllimlər direktor müavininin rəhbərliyi altında bəzi idarəetmə funksiyalarını (sinif rəhbərliyi, peşəyönümü üzrə məsləhətvermə və s.), kollegial modeldə isə mütəxəssislərin köməyi ilə daha geniş funksiyaları (hamilik, məsləhətvermə) yerinə yetirirsə, matris modelində təşkiletmə işləri daha da inkişaf etdirilir, yaradılmış xüsusi bölmələr (ümumi işlər, peşəyönümü üzrə məsləhətçilər, korrektor müəllimlər, maliyyəçilik, katiblik, koordinatorlar və s) idarəetməyə aid bütün işləri icra edirlər. Onlar gördüyü işləri əlaqəli, sistemli, inteqrativ formada yerinə yetirirlər. Təhsil bölməsində fənn metodbirləşmələrində qarışıq səviyyəli şagird qrupu ilə məşğul olan müəllimlər fəaliyyət göstərir. Bu bölməyə daxil olan müəllimlər şagirdlərin tələb və maraqlarını nəzərə alaraq işçi fənn proqramları hazırlayır, proqramları dərs mövzuları üzrə paylaşdırır və onların yerinə yetirilməsinə nəzarət edirlər. Proqram materiallarının problemli metodlarla tədrisi fənlərin inteqrativ təlimini tələb etdiyindən, bu məqsədlə bölmədə belə dərsləri aparan müəllimlər qrupu müəyyən edilir. Şagirdləri idarəetmə bölməsində işlərə cəlb etməkdən ötrü xüsusi hazırlıq (treninq) keçmiş mütəxəssislər dəvət olunur. Bunların qarşısında həm də şagirdlərin idarəedilməsi strategiyasını həyata keçirmək və inkişaf etdirmək, onların təlimini, fərdi inkişafını və sosial fəaliyyətlərini yüksəltmək vəzifəsi qoyulur.
Təhsil və idarəetmə bölmələri arasında əməkdaşlıq və birgə işin təşkili, tədrisi və idarəetməni inteqrativ aparmağa imkan verir. Bu modelin zəif cəhəti kimi, idarəetmədə vahid, bütöv hakimiyyət prinsipinə sözsüz əməl olunmasını göstərmək olar. İdarəetmənin matris tipli təşkili modelində bölmələrə direktor və onun müavinlərindən ibarət olan menecer komandası, rəhbər idarəetmə orqanının və məktəbin aparıcı bölməsinin nümayəndələri rəhbərlik edirlər.
Menecer komandasına direktor başçılıq edir. Direktor iki əsas vəzifəni yerinə yetirir: məktəbi informasiyalarla təmin edir; məktəbin inkişaf strategiyasını reallaşdırır. Müavinlər isə strategiyanın düzgün həyata keçirilməsinə, meydana çıxan diskussiyaların və inkişafın stimullaşdırılmasına məsuldurlar.
Matris tipli təşkil modelinin əsas müddəalarını aşağıdakı kimi ümumiləşdirmək olar:
- belə təşkil modeli tədris prosesinin mürəkkəbliyini, kompleks quruluşunu düzgün əks etdirməyə imkan verir;
- inkişaf strategiyasının işlənməsi zamanı menecment informasiya və məsləhətlərin verilməsini düzgün, yüksək səviyyədə təşkil etməyə imkan yaradır;
- məktəbin imici və onun inkişafı təşkilatın hər bir üzvünü maraqlandırdığı üçün hamını təşkilatın işində optimal nəticələr əldə etməyə yönəldir.
4.5. İdarəetmənin modul tipli təşkili modeli
İdarəetmənin modul tipli təşkilində tədris və idarəetmə işləri tamamilə inteqrasiya olunur. İdarəetmənin matris tipli təşkilindəki ikili xarakter burada kiçik komandaların yaradılması ilə aradan qaldırılır. Komandalar öz işində xeyli dərəcədə müstəqil olurlar. Bu komandaların üzvləri təhsil, tədris və idarəetmə məsələlərində bir-birinin fikirləri ilə əsasən razılaşırlar.
Hər bir komanda öz tərkibini dəyişmədən bir neçə il işləyir. Komandanın tərkibindəki müəllimlər bütün fənlərin tədrisi ilə məşğul olur. Bir müəllim bir neçə fəndən dərs deyir. Bunun üçün bir müəllim 2-3 komandada işləyir (yalnız bəzi müəllimlər bir komandada işləyir). Müəllimlər həm tədrisetmə, həm də şagirdlərin idarəedilməsi vəzifələrini yerinə yetirirlər. Təbii ki, burada işləyən müəllimlər daha geniş hazırlığa malik olurlar. Belə məktəbdə işləyən hər bir müəllim “hər işdə mütəxəssis” olmalı, şagirdlərin tələblərinə, istəyinə uyğunlaşmalıdırlar. Bu modeldə modul komandaların yaxşı fəaliyyət göstərməsi üçün müəllimlər daim, intensiv şəkildə məktəbdaxili treninq keçməlidirlər.
Burada tətbiq edilən tədris proqramları çevik olmalı və komandalar tədris proqramı seçərkən aşağıdakı tələblər nəzərə alınmalıdır:
- şagirdlərin imtahanları vermək üçün proqram materiallarını öyrənməyə gücü, qabiliyyəti çatmasını;
- şagirdlərin sosial və şəxsi tələblərini;
- məktəbi əhatə edən mühitin ənənələrini.
İdarəetmənin “komandalarla” təşkili və şagirdlərin permanent (davamlı, çox qalan) qruplarla strukturlaşması təlimin müxtəlif məqsədlərinin (koqnitiv, şəxsi, sosial) reallaşmasına imkan verir. Bu modeldə əksər işləri yerinə yetirən komandalar kiçik qruplardan ibarət olduğundan koordinasiya işləri üzvlərin mütəmadi görüşləri ilə keçilir, hər komandadan bir nəfər menecer rolunda çıxış edir. Modeldə məktəb menecmentinin əsas vəzifələri bunlardır: təhsilə ümumi baxışları formalaşdırmaq, müəllimin sinifdə rolunu yüksəltmək, əks əlaqələr yaradılmasının vacibliyinə diqqət yönəltmək, müəllimlərin şəxsi peşəkarlığını inkişaf etdirmək.
Rəhbərlik (direktor və müavinlər) hər bir modul vahidlərinin özəlliyini, onlar arasında əlaqələrin tənzimlənməsini və qarşılıqlı olaraq uyğunlaşmasını təmin edir və stimullaşdırır. Bununla da modul vahidləri katibliyin köməyi ilə gərəkli informasiyalarla digər qrumlar təmin edirlər. Bu modelin ən vacib cəhəti valideynlərlə əlaqələrin yaradılmasıdır. İlk fəaliyyət dövründən valideynlər modul vahidlərinin ideyaları və dəyərləri barədə məlumatlandırılmalı, məktəbin inkişaf strategiyasının hazırlanmasında iştiraka cəlb edilməli, imkan olduqda ona əməli dəstək göstərməlidir.
Dostları ilə paylaş: |