İdarəetmənin modul tipli təşkili sxeminin əsas müddəaları aşağıdakılardır:
- kiçik komandalarla iş;
- koordinasiya və qərar qəbuletmənin aşağı səviyyələrində effektiv olması;
- müəllim və şagirdlərin idarə olunması işlərinin inteqrasiya olunma imkanlarının mövcudluğu;
- təşkilatdakı iştirakçıların öz məqsədlərinə və şagirdlərin ehtiyaclarına uyğun tədris proqramlarını yaratmaq imkanına malik olması;
- təşkilatın modul mahiyyəti, yaradıcılığı və təhsil alanların özünü təkmilləşdirmə imkanlarının olması.
* * *
Cəmiyyətin inkişafının bəlli məntiqinə əsasən yeni demokratik cəmiyyət yaranması ilə köhnəni inkar edir, köhnə isə öz yerini yeni ideyalara vermək istəmir. Bununla belə, mübarizədə çoxluq tərəfindən qəbul edilib təfəkkür süzgəcindən keçən, demokratik cəmiyyətin inkişafı ilə ayaqlaşan, onun əsas prinsiplərinə uyğun gələn və əqidəyə çevrilən ideyalar, yeniliklər özünə çətinliklə də olsa yol açır. Azərbaycanda təhsil islahatının mühüm prinsiplərindən biri də təhsilin demokratikləşdirilməsidir. Bu prinsipi yeniləşən cəmiyyətin məntiqi şərtləndirir.
Təhsildə demokratikləşmə - məktəbin və digər tədris müəssisələrinin idarə edilməsində demokratik münasibətlər mühitinin yaradılmasında marağı olanların- həm dövlət strukturları, həm də ictimaiyyətin (müəllimlər, şagirdlər, onların valideynləri və ictimai təşkilatların) fəal iştirakını nəzərdə tutur. Təhsildə demokratikləşməni məhz bu cür şərh edən M.Mərdanov, A.Ağamalıyev, A.Mehrabov və T.Qardaşov belə hesab edirlər ki, demokratik cəmiyyətin tələbi əsasında yeni təhsil sisteminin yaradılması və onun demokratik ideyalarla zənginləşdirilməsi məktəb demokratiyasına doğru gələn düzgün yoldur. Bu yolda ilk növbədə milli təhsil konsepsiyasının aşağıdakı prinsiplərinin yerinə yetirilməsi təmin olunmalıdır.
-
Birincisi, ümumi təhsilin müddətinin dəqiq müəyyən edilməsi və hansı pilləsinin icbari olması problemi dövlət səviyyəsində həllini tapmalıdır. Aparıcı ölkələrin ümumtəhsil məktəblərinin strukturunun və müddətinin təhlili göstərir ki, ümumtəhsil məktəblərində ümumi orta təhsilin müddətinin 12 il olması daha məqsədəuyğundur. 12 illik təhsilin yalnız ümumi ibtidai və ümumi əsas pillələri icbari olmalı, ümumi tam orta təhsil pilləsi ilə sərbəstləşməlidir.
Aparılmış tədqiqatlar göstərir ki, məcburi qaydada ümumi tam orta təhsilə cəlb edilmə cəmiyyətdə hansı yolla olursa-olsun orta məktəbi bitirib orta təhsil haqqında attestat almaq psixologiyasını formalaşdırır. Beləliklə, dünya standartlarına uyğun təhsil almaq, müasir elmi dünyagörüşü formalaşdırmaq öz sosial mahiyyətini itirərək formal əhəmiyyət kəsb etməyə başlayır. Nəticədə vaxtında əməyə alışmayan, öz ixtisasını yaxşı bilməyən gənclər müxtəlif istehsal sahələrinə gəlir, gəlişi ilə istər-istəməz istehsala ziyan gətirir. Tam orta təhsilin bütövlükdə icbariliyi formalizmə gətirib çıxarır, son nəticədə isə cəmiyyət əsas göstəricilər üzrə zəifləşməyə doğru gedir (9).
Azərbaycan Respublikasının Təhsil Qanununda bu prinsipin gözlənilməsi üçün qanuni əsas təmin olunmuşdur. Azərbaycanda ümumi orta təhsil (I-IX sinifləri əhatə edir) icbaridir (maddə 19, bənd 14)
-
İkincisi, təhsil müəssisələrinin dövlət-ictimai idarəetmə modelinə keçməsinə nail olmaq lazımdır. Belə keçid məktəbdə təlim-tərbiyə prosesini zəiflətməməli, əksinə, bu işlərə cavabdehlik, məsuliyyət daha da artırılmalı, inzibatçılığa söykənən fəaliyyət prinsiplərindən müstəqillik statusunun qazanılmasına, demokratik iş prinsipinin bərpa olunmasına istiqamətləndirilməlidir.
-
Üçüncüsü, təlim-tərbiyə müəssisələrinin bütün fəaliyyətini bütövlükdə pedaqoji prosesin kəsilməz inkişafına yönəldilməsini və onun nəticələrinin yeni üsullarla qiymətləndirilməsini təmin etmək lazımdır.
“Qiymətləndirmə” və “İstiqamətləndirmə” anlayışları bir-biri ilə bağlı olub, biri-digərini tamamlayır, onun ardıcılı kimi özünü göstərir. İnkişaf istiqamətinin düzgünlüyü onun nəticələrinin qiymətləndirilməsi əsasında müəyyənləşdirilir. Deməli, demokratik cəmiyyətin ideyaları ilə idarə edilən müəssisələrin qurulması üçün onlara bürokratik aparatın məngənəsindən azad olan, təlim-tərbiyə prosesində yeni təlim texnologiyalarının tətbiq edilməsində, kadr potensialının formalaşmasında və digər məsələlərdə anarxiyaya gətirib çıxarmayan müstəqillik verilməli, beləliklə keyfiyyətin təminatında və onun idarə olunmasında yeni yanaşma metodları formalaşdırılmalıdır (9)
Ümumtəhsil məktəblərində demokratiyanın anlaşılması üçün eqalitarist yanaşmanın mahiyyətini düzgün qiymətləndirmək lazımdır. Eqalitarist (və ya oxşarlıq) ideyasına əsaslanan yanaşma demokratikləşmənin əksinə yönəlmişdir, onu inkar edir. Belə yanaşma XX əsrin səksəninci illərində keçmiş SSRİ-nin və müəyyən qədər Yaponiyanın məktəb siyasəti doktorinasının əsasını təşkil edirdi. Eqalitarist yanaşmaya əsasən bütün uşaqlar doğulandan eynidirlər. Məktəb praktikasında belə yanaşma istedadın inkişafının qabağını alır, müxtəlif şagirdlərin fəaliyyətinin hərtərəfli qiymətləndirilməsinə tam imkan vermir. Bu yanaşma həm də ayrı-ayrılıqda hər bir şagirdə yüksək keyfiyyətli təhsil verməyi imkansız sayaraq, onarın fərdi xüsusiyyətlərini meydana çıxarmaqdan, təhsil prosesini şagird qrupunun maraq və imkanlarını eyniləşdirmə prinsipindən istifadə edərək qurmağı məsləhət görür.
5. Məktəbdaxili nəzarətin məqsədi, məzmunu,
vəzifəsi, forma və metodları
Pedaqoji rəhbərlik və idarəetmədə məktəbdaxili nəzarət mühüm yer tutur, həm də o çoxşaxəli və mürəkkəb iş olduğundan bu işin məqsədini, məzmununu, forma və metodlarını dəqiq müəyyənləşdirmək, yaxşı dərk etmək lazımdır. Nəzarətin məqsədi pedaqoji prosesin yaxşılaşdırılmasına nail olmaq, təcrübəsiz müəllimlərə kömək göstərmək, işin vəziyyətini ətraflı öyrənməklə vaxtında təhlil əməliyyatı aparmaqdır. Bu məqsədlərə əməl edildikdə işdəki səhvlərin qarşısını vaxtında almaq, təlim-tərbiyənin səmərəsini artırmaq, valideynlərə məktəbin məqsədyönlü köməyini təşkil etmək və s. belə vəzifələr də yerinə yetirilmiş olur.
Məktəbdaxili nəzarətin məzmunu dedikdə, aşağıdakı sahələr üzrə aparılan müşahidə və monitorinqlərin məcmusu nəzərdə tutulur: icbari təhsil haqqında qanunun həyata keçirilməsi, məktəbin maddi-texniki bazasının təchizi; vaxtaşırı zənginləşdirilməsi, təlim-tərbiyənin vəziyyətinin getdikcə yaxşılaşdırılması, şagirdlərlə aparılan sinifdənxaric və məktəbdənkənar işlərlə bağlı məsələlər, məktəbdə fəaliyyət göstərən fənn komissiyalarının və metodbirləşmələrin işi, müəllimlərin dərsə hazırlığı, ixtisaslarının artırılması və təkmilləşdirilməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və məktəbin müəllimləri arasında yayılmasının təşkili, məktəbin ailə, ictimaiyyət və əmək kollektivi ilə apardığı işlər, məktəbin maliyyə-təsərrüfat fəaliyyəti üzrə işləri, məktəbdə dərs cədvəlinin rasional tərtibi, tədris proqramlarının variantlığının və şagirdlərin fəaliyyətinin rəngarəngliyinin təmin edilməsi, məktəbin kollegial orqanları arasında əməkdaşlığın təşkili və s.
Məktəbdaxili nəzarətin məzmunu geniş sahələri əhatə edir və həmin sahələr bir-biri ilə qarşılıqlı əlaqədardır. Onların bir küll halında xidmət etdiyi ümumi məqsədlə yanaşı, hər birinin spesifik, konkret məqsədi də vardır. Bu ümumi, spesifik, konkret məqsədlərin optimal şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaratmaq, daha səmərəli forma və metodlar müəyyənləşdirib tətbiq etmək məktəbdaxili nəzarətin qarşısında duran əsas vəzifələrdir.
Məktəbdaxili nəzarətin strukturuna daxil olan sahələr çox və rəngarəng olduğu kimi, həmin sahələr üzrə aparılan işin (nəzarətin) forma və metodları da çoxdur. Doğrudur, bu forma və metodların hamı tərəfindən məqbul hesab edilən elmi təsnifatı yoxdur. Lakin ayrı-ayrı pedaqoqların (məsələn, Q.İ.Qorskaya, Y.Kuznetsov, V.Q.Kutsenko, İ.İ.Mitina, N.H.Əhmədov, N.S.Suntsov və b) həmin məsələyə dair fikirlərində müəyyən yaxınlıq vardır. Əksər pedaqoqların bu sahədəki fikirlərinə və məktəbdə apardığımız müşahidələrə əsaslansaq məktəbdaxili nəzarətin formalarını aparılma vaxtına, qaydasına və xarakterinə görə belə təsnif edə bilərik.
Aparılma vaxtına görə cari, dövrü, illik nəzarət formaları vardır. Aparılma qaydasına görə nəzarət açıq-xəbərdaqlıqlı və qəfil formada olur. Xarakterinə görə ümumi, xüsusi və spesifik formalarını qeyd edirlər.
Pedaqoji nəzəriyyəçilər və praktiklər arasında nəzarətin tematik və frontal növlərini ayırd edənlər də vardır.
Tematik nəzarət pedaqoji kollektivin, qrup müəllimlərinin və ya ayrıca müəllimin fəaliyyəti sistemində hər hansı konkret məsələnin dərindən öyrənilməsini nəzərdə tutur. Deməli, tematik nəzarətin məzmununu pedaqoji prosesin müxtəlif istiqamətləri təşkil edir. Məktəbdə tətbiq edilən innovasiyalar, qabaqcıl pedaqoji təcrübənin tətbiqinin nəticələri də tematik nəzarətin məzmununu təşkil edə bilər.
Frontal nəzarət pedaqoji kollektivin, metodbirləşmələrin və ya ayrıca müəllimin fəaliyyətini hərtərəfli öyrənməyi nəzərdə tutur. Belə nəzarətin çətinliyini, çox sayda adamların yoxlama işinə cəlb olunmasını nəzərə alaraq tədris ilində 2-3 dəfə keçirmək məqsədəuyğundur. Frontal nəzarət zamanı müəllimin fəaliyyətinin bütün istiqamətləri (tədris, tərbiyəvi, ictimai-pedaqoji, idarəetmə fəaliyyəti), təhsil müəssisəsinin bütün aspektləri öyrənilir (10).
Məktəbdaxili nəzarətin növündən asılı olmayaraq aşağıdakı ümumi tələblər gözlənilir:
1. Nəzarətin sistematikliyi - məktəbdə müntəzəm nəzarət sisteminin yaradılmasına yönəldilmişdir. Bu nəzarət pedaqoji prosesin bütün gedişini idarə etməyə imkan verir.
2. Nəzarətin obyektivliyi - pedaqoji kollektivin fəaliyyətini dövlət standartlarının və təhsil proqramlarının tələblərinə müvafiq işlənib hazırlanmış və razılaşdırılmış meyarlar əsasında yoxlamağa imkan verir.
3. Nəzarətin təsirliliyi. Keçirilən nəzarətin nəticələri pozitiv dəyişikliklərə, üzə çıxarılan nöqsanların aradan qaldırılmasına gətirib çıxarmalıdır.
4. Nəzarəti həyata keçirmənin səriştəli olması nəzarətin predmetini, metodikasını bilməyi, işdə yaxşı cəhətləri və nöqsanları görməyi, nəzarətin nəticələrinin inkişafını proqnozlaşdırmağı nəzərdə tutur.
Qabaqcıl təcrübəsi ilə diqqəti çəkən məktəblərimizdə (məsələn Şəki şəhəri 5 və 10 saylı orta, Şəki rayon Baş Zəyzid, Oxud 1 saylı, Orta Zəyzid 1 və 2 saylı, Kiş kənd 1 saylı orta məktəblərdə) nəzarətin aşağıdakı formalarından istifadə olunur:
1. Şəxsi nəzarət. Ayrıca müəllimin, sinif rəhbərinin, tərbiyəçinin işinə nəzarət etmək deməkdir. Bu tematik və frontal ola bilər. Müəllimin fəaliyyətində şəxsi nəzarət onun profesional təşəkkülü üçün stimuldur.
2. Sinif-ümumiləşdirici nəzarət. Bu nəzarətdə sinif və sinifdənxaric fəaliyyətdə sinif kollektivinin formalaşmasına təsir edən amillərin məcmusu öyrənilir. Eyni sinifdə işləyən müəllimlərin fəaliyyəti, təlimi fərdiləşdirmək və diferensiallaşdırmaq üzrə onların iş sistemi, şagirdlərin motivasiyasının və idraki tələbatlarının inkişafı, intizamın, mədəni davranışın vəziyyəti və s. öyrənmə predmeti ola bilər.
3. Fənn-ümumiləşdirici nəzarət. Bu nəzarət formasından bir və ya paralel siniflərdə (və ya məktəbdə) ayrıca bir fənnin tədrisinin vəziyyəti və keyfiyyəti öyrənilən zaman istifadə olunur. Belə nəzarəti həyata keçirmək üçün həm müdiriyyətin, həm də metodbirləşmələrin nümayəndələri cəlb edilirlər.
4. Tematik ümumiləşdirici nəzarət. Bu nəzarətin başlıca məqsədi müxtəlif siniflərdə işləyən müxtəlif müəllimlərin işini öyrənməkdir. Belə nəzarət təlim, təhsil və tərbiyə prosesinin ayrı-ayrı istiqamətləri üzrə aparılır.
5. Kompleks ümumiləşdirici nəzarət. Bu nəzarətin formasından bir və ya bir neçə sinifdə bir sıra fənlərin öyrənilməsinin təşkilinə nəzarəti həyata keçirən zaman istifadə olunur. Frontal nəzarət zamanı bu forma üstünlük təşkil edir.
Məktəbdaxili nəzarət məktəbin rəhbər işçiləri tərəfindən nəzakətlə və xeyirxahlıqla aparılır. Həmin prosesdə müşahidə , müsahibə, anketləşdirmə, müvafiq sənədlərin öyrənilməsi, yoxlama (şifahi, yazılı, qrafik və s.), intervyu alma, xronometrləşdirmə və i.a. metodlardan geniş istifadə olunur. Məktəb rəhbərləri müəllimlərin, sinif rəhbərlərinin və şagirdlərin fəaliyyəti üzərində müntəzəm surətdə müşahidə aparmaqla, müxtəlif növ yoxlama işləri keçirməklə, təhlil və ümumiləşdirmələr etməklə, dərslərdə və tərbiyəvi tədbirlərdə vaxtaşırı iştirak etməklə, məktəb sənədlərini (şagird gündəliklərini, sinif jurnallarını və s.) öyrənməklə, sinif rəhbərlərinin, müəllimlərin, şagird özünüidarə təşkilatlarının plan və hesabatları ilə əyani surətdə tanış olmaqla, pedaqoji və şagird kollektivinin üzvləri arasında sorğu, eləcə də digər növ nəzarət metodlarından yerli-yerində istifadə etməklə müvafiq sahələrdə olan kəm-kəsrlərin qarşısını vaxtında almalıdırlar. Eyni zamanda onlar perspektivdə görüləsi işlərin məzmununu, xarakterini, həcmini, icra vaxtını müəyyənləşdirməli, həmin məsələlər üzrə dəqiq tövsiyələri verməlidirlər. Lazım gəldikdə nəzarətin nəticələri ya məktəb şurasında, ya pedaqoji şurada, ya da metodbirləşmələrdə, fənn komissiyalarında və s. müzakirə edilməli, müəllim və şagirdlərə çatdırılmalıdır.
Məktəbdaxili nəzarətin forma və metodlarının seçilməsi, onun məqsədləri, vəzifələri, nəzarətin obyekti və subyektinin xüsusiyyətləri və vaxtla müəyyən olunur.
5.1. Ümumtəhsil müəssisələrinin rəhbər şəxslərinin funksional vəzifələri.
Məktəb rəhbərlərinin idarəetmə mədəniyyəti onun peşə-pedaqoji mədəniyyətinin bir hissəsidir. Son illərdə pedaqoji mədəniyyət problemləri sahəsində psixoloji, pedaqoji tədqiqatlar aparılır. Pedaqoji mədəniyyət anlamı pedaqoji dəyərlər, pedaqoji texnologiya və pedaqoji yaradıcılıq kateqoriyalarında açılır.
Məktəb rəhbərlərinin idarəetmə mədəniyyəti özünü müxtəlif növ idarəetmə fəaliyyətində, məktəbi idarəetmədə dəyərlərin və texnologiyaların mənimsənilməsində, ötürülməsində və yaradılmasında göstərir. Bu mənada, idarəetmə mədəniyyəti anlayışına aksioloji, texnoloji və şəxsiyyət-yaradıcı komponentlər daxildir.
Professor Ə.Paşayev və professor F.Rüstəmov çox doğru vurğulayırlar ki, məktəbi effektli idarə etmək üçün hazırda böyük əhəmiyyət kəsb edən biliklər, ideyalar, konsepsiyalar pedaqoji dəyərlər kimi çıxış edir. Pedaqoji sistemlərin idarəetmə dəyərləri müxtəlifdir. Onlar aşağıdakılar ola bilər:
1. Dəyərlər-məqsədlər. Onlar iyerarxiyanın müxtəlif səviyyələrində tam pedaqoji prosesi idarəetmənin məqsədlərinin əhəmiyyətini və mənasını açıb göstərir. Bu məqsədlərə daxildir: təhsil sistemini idarəetmə məqsədi, məktəbi idarəetmə məqsədi, şəxsiyyətin özünütərbiyəsini və özünüinkişafını idarəetmə məqsədi və s. Dəyərlər-məqsədlər idarəetmə fəaliyyətinin tənzimləyicisidir.
2. Dəyərlər-biliklər. İdarəetmə sahəsində biliklərin əhəmiyyətini və mənasını açır. Buraya idarəetmənin metodoloji əsasları, məktəbdaxili rəhbərlik, pedaqoji prosesin idarəolunmasının effektiv meyarlarını bilmək və s. daxildir.
3. Dəyərlər-münasibətlər. Pedaqoji prosesin iştirakçıları arasında qarşılıqlı münasibətlərin, özünə münasibətin, özünün peşə fəaliyyətinə münasibətin, pedaqoji və şagird kollektivlərində şəxsiyyətlərarası münasibətlərin, bu kollektivlərin məqsədyönlü formalaşdırılması və idarə olunmasının əhəmiyyətini açır.
4. Dəyərlər-keyfiyyətlər idarəetmənin subyekti olan məktəb rəhbərinin-menecerin müxtəlif fərdi, kommunikativ, davranış keyfiyyətlərini açır. Bu keyfiyyətlər xüsusi qabiliyyətləri əks etdirir: öz fəaliyyətini proqnozlaşdırmaq və onun nəticələrini qabaqcadan görməyi bacarmaq qabiliyyəti: öz məqsəd və hərəkətinin başqalarının məqsəd və hərəkəti ilə əlaqələndirmək qabiliyyəti; əməkdaşlıq etmək və əlbir idarə etmək qabiliyyəti və s.(10)
Məktəb direktorunun idarəetmə mədəniyyətinin texnoloji komponenti idarəetmə qaydalarını və priyomlarını özündə birləşdirir. Məktəbdaxili idarəetmənin texnologiyası spesifik pedaqoji vəzifələri həll etməyi nəzərdə tutur.
Şəxsiyyət-yaradıcılıq komponenti məktəb direktorunun idarəetmə mədəniyyətini yaradıcı akt kimi açıb göstərir. İdarəetmənin alqoritmik olmasına baxmayaraq, məktəb direktorunun fəaliyyəti yaradıcı fəaliyyətdir. Rəhbər-menecer idarəetmə dəyərlərinə və texnologiyalarına yiyələndikcə onları yeniləşdirir, interpretasiya edir. Məktəb direktoru idarəetmə fəaliyyətində bir şəxsiyyət, rəhbər, təşkilatçı, tərbiyəçi kimi özünü realizasiya edir.
Təhsil müəssisəsinə rəhbərliyi direktor və onun müavinləri həyata keçirirlər. Təhsil-tərbiyə prosesinin idarə olunmasında direktor əsas yer tutur. Ümumtəhsil məktəbi direktorunun əsas əmək funksiyalarına aiddir: ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsinə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən məktəbin fəaliyyətini idarə edir; məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır; müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır; daxili qiymətləndirməni həyata keçirir və bunların əsasında prespektiv inkişaf istiqamətlərini müəyyənləşdirir; həyata keçirilməsinin optimal həlli yollarını tapır; dövlət və ictimai orqanlarda müəssisənin marağını təmsil edir; pedaqoji kollektivin təlim-tərbiyə işinin səmərəliliyinə nail omaq üçün fəaliyyət göstərir; təlim və tərbiyənin vəhdətini təmin edir; təhsilin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir, bütün mərhələlərdə təlim-tərbiyə prosesini təşkil edir, tədris planı və proqramlarının yerinə yetirilməsini, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün zəruri tədbirləri həyata keçirir; şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışmalarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, şagirdlərin dərin və keyfiyyətli bilik almalarını, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir; şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə kömək göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin məzmunu və təşkili üzərində nəzarəti həyata keçirir, şagirdlərin peşə yönümü üzrə işlərini təşkil edir, qabaqcıl iş təcrübəsini tətbiq edir; təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir, kadrların düzgün seçilib yerləşdirilməsi məsələlərini həyata keçirir, əmək qanunvericiliyinə və daxili intizam qaydalarına uyğun işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirir, pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji mühitin yaradılması üzrə iş aparır, əməkdə xüsusilə fərqlənmiş müəllimlərin və müəssisənin digər işçilərini rəğbətləndirmə və təltif üçün təqdim edir, direktor müavinlərinin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir; kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına, hesabatların vaxtında hazırlanmasına məsuliyyət daşıyır, pedaqoji heyətin peşə ustalıqlarının yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma və yenidənhazırlanma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir, pedaqoji kadrların təkmilləşdirilməsi məqsədilə yaradılmış dayaq məntəqələrində onların iştirakını təmin edir, attestasiyanın keçirilməsi üçün hazırlıq işlərini görür və onun obyektiv keçirilməsini təşkil edir; rəhbərliklə əmək kollektivi arasında bağlanmış kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsini, əmək qanunvericiliyinin əsaslarını, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir; daxili intizam qaydalarına riayət olunmasına məsuliyyət daşıyır, işçilərinə verilən tapşırıqları əmək qanunçuluğuna uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur, öz hüquqları dairəsində intizam tənbehi tətbiq edir; valideynlərlə (onları əvəz edən şəxslərlə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələrlə, xeyriyyə cəmiyyətləri, sponsorlarla və ictimaiyyətlə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir; dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir.
Direktor əmək funksiyalarını yerinə yetirməsi üçün aşağıdakıları bilməlidir: gənclərin təhsil və tərbiyə məsələlərinə dair dövlət və hökümət orqanlarının qərarlarını, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nu, “Uşaq hüquqları konvensiyasını”, “Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu”nu, təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti; müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; Respublikamızda və xarici ölkələrdəki pedaqogika və psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasıya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətini, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.
Pedaqoji ədəbiyyatda məktəb direktorunun idarəetmə fəaliyyətinin keyfiyyət göstəriciləri və onların alt komponentlərinin interpretasiyası özünə yer almışdır. “Orta ümumtəhsil məktəbinin ida-rə edilməsinin əsas istiqamətləri” (“Müəllim” nəşriyyatı, 2010) adlı əsərində S.Rəsulov və R.Əzizov məktəb direktorunun fəaliyyətinin və pedaqoji mədəniyyətinin keyfiyyət göstəricilərini və onların alt komponentlərini aşağıdakı kimi təqdim edir:
I. İnzibati-idarəetmə funsksiyalarının həyata keçirilməsi.
1.1. Məlumatların toplanması və işlənməsi:
- informasiyaların toplanması məqsədlərinin müəyynələşdirilməsi;
- infomasiyanın məzmununun təhlilin məqsədinə uyğunluğu;
- məktəbdaxili informasiya sisteminin (operativ, tematik, yekun) yaradılması;
- daxil olan informasiyanın obyektivlik, tamlıq və operativlik dərəcəsi;
- informasiyanın toplanması və saxlanılması formalarının standartlaşdırılması;
- informasiyanın operativ istifadəsinin və işlənməsinin avtomatlaşdırılmasında lərin tətbiqi.
1.2. Pedaqoji təhlil.
- təhlildə pedaqoji prosesin əsas komponentlərinin nəzərə alınması;
- pedaqoji hadisələrin təhlilinə sistemli yanaşmanın tətbiq olunması;
- sistemdə deffektlərin müəyyənləşdirilməsi və onun korrektə edilməsi;
- idarəetmə sisteminin inkişafında başlıca ziddiyyətlərin müəyyənləşdirilməsi;
- idarəetmənin məqsədləri və nəticələri arasında məntiqi alınmanın gözlənilməsi.
1.3. Planlaşdırma:
- dioqnostika əsasında qarşıda duran fəaliyyətin məqsədlərinin müəyyənləşdirilməsi;
- faəliyyətin müxtəlif mərhələlərində məsələnin qoyuluşu və əsas istiqamətin müəyyənləşdirilməsi;
- məktəbin, metodbirləşmələrin, sinif rəhbərlərinin və s. iş planlarının qarşılıqlı əlaqələndirilməsi;
- məqsədə çatmaq üçün fəaliyyətin məzmununun, vasitə, forma və metodlarının seçilməsi.
1.4. Nəzarət və nizamlama:
- məqsəd və nəticələrin müqayisə edilməsi;
- məktəbin inkişafında kənaraçıxmaların aşkar edilməsi;
-pedaqoji prosesin nizamlanmasına dair vasitələrin işlənməsi.
II. Məktəbin inkişaf proqramının işlənməsi idarəetmə mədəniyyətinin əsas amili kimi.
- idarə olunan sistemin başlanğıc vəziyyətinin təhlilinin həyata keçirilməsi və problemlərin müəyyənləşdirilməsi;
- problemlərin təhlili zamanı aşkar edilən, onun həllinə imkan verən ideyaların axtarışı və qiymətləndirilməsi;
- məktəbin missiyasının (hansı məqsədlər, hansı kontingent uşaqlar üçün nəzərdə tutulub) müəyyənləşdirilməsi;
- məktəbin inkişaf konsepsiyasının və proqramının formalaşması, onun inkişaf strategiyasının, məqsəd və vəzifələrinin işlənməsi;
- məktəbin inkişaf proqramının əsaslandığı başlanğıc metodoloji, psixo-pedaqoji prinsiplərin müəyyən edilməsi;
- proqram məsədli idarəetmənin həyata keçirilməsi (məqsədlər üzrə idarəetmə);
- əsas inkişaf mərhələlərinin hər birinə uyğun məsələlərin müəyyənləşdirilməsi;
- pedaqoji kollektivin proqramın işlənmə mərhələsində, həmçinin onun həyata keçirilməsi prosesində rəğbətləndirilməsi;
- məsələnin dəqiq qoyuluşuna əsasən nəzarətin həyata keçirilməsi və icraçıların ona münasibətinin öyrənilməsi (nəzarət, kollektivdə müsbət rəğbətləndirilən istiqamətlərin mühafizə edilməsi);
- məktəbin vəziyyətinə, onun xüsusiyyətlərinə müvafiq idarəetmə konsepsiyasının işlənməsi.
Dostları ilə paylaş: |