İkinci problem məzmunun nəzəri və abstrakt olması, həyati bacarıqlara əsaslanmaması və nəticə etibarilə şəxsiyyətyönümlü olmaması idi. Məzmun faktoloji xarakter daşıyırdı, məlumatların yadda saxlanması bacarığına üstünlük verilirdi. Bu da şagirdləri əzbərçiliyə sövq edirdi, onların təfəkkür və düşüncə qabiliyyətini inkişaf etdirmirdi. Əlbəttə, bilik inkişafın hərəkətverici qüvvəsidir, lakin şagirdə məhz o biliklər aşılanmalıdır ki, gələcək həyatında ona lazım olsun. Əgər verilən biliklərin təcrübi və tətbiqi əhəmiyyəti yoxdursa, onun səmərəsindən danışmağa dəyməz. Müasir dövrün tələbi budur ki, təlimin məzmunu təriflərin, düsturların, tarixi gün və hadisələrin əzbərlənməsindən, nəzəri materialların mənimsənilməsindən daha çox, şagirdlərdə yaradıcı düşünmə, müstəqil öyrənmə və qərar qəbuletmə, təşəbbüskarlıq, tətbiq və tədqiqatçılıq bacarıqlarının, iradi keyfiyyətlərin formalaşmasına yönəlməlidir.
Üçüncü problem məzmunda şaquli və üfüqi inteqrasiyanın olmaması idi. Məzmunda siniflərarası və fənlərarası bağlılıq zəif idi. Asandan daha çətinə keçid və bir-biri ilə bağlı olan mövzuların inteqrasiyası təmin edilmirdi.
Məhz bu və ya digər səbəblərdən son illərdə dünya Bankının maliyyə yardımı ilə həyata keçirilən islahatyönümlü tədbirlərin böyük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmişdir. Əsas məqsəd şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan ibarətdir.
1999-cu ildən başlayan islahatlar çərçivəsində həyata keçirilən tədbirlər mərhəli xarakter daşıyırdı və hər mərhələnin öz məqsədləri, vəzifələri var idi. Keçən on ilin yekunları göstərir ki, dövrün, zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsas tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi və fənn kurikulumlarının yaranması, məzmunda standart məfhumunun reallığa çevrilməsi mühüm nailiyyətlərdir.
Azərbaycanda 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-tədris prosesinin sistemli planlaşdırılmasını özündə əks etdirən kurikulum islahatları adı altında aparılır. Azərbaycan Hökuməti tərəfindən 30 oktyabr 2006-cı ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” sənədində ümumtəhsil üzrə təlim nəticələri və məzmun standartları, ümumi təhsilin hər bir pilləsində tədris olunan fənlər, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsiplər kompleks şəkildə öz əksini tapmışdır. Bu konseptual sənədin tələblərinə uğun hazırlanıb təsdiq edilmiş fənn kurikulumlarında isə hər bir sinif üzrə təlim nəticələri, məzmun və qiymətləndirmə standartları, müvafiq təlim strategiyaları əhatə olunmuşdur.
Təhsilin əvvəlcədən müəyyən olunmuş nəticələr və bunların əsasında formalaşdırılmış dövlət tələbi olan məzmun standartları məhz yeni pedaqoji təfəkkürün təcəssümüdür. Milli Kurikulumda təsbit olunmuş ümumi təhsilin hər bir pillədə tədris olunan fənlər üzrə nəticələr fənn kurikulumların müəyyənləşdirilməsində bir növ, açar rolunu oynayır, məntiqi ardıcıllığın gözlənilməsinə möhkəm zəmin yaradır. Təlimin nəticələri, başqa sözlə desək, məqsədlərdir və onların konkret məzmun standartları formasında ifadə edilməsi, əldə olunması nəzərdə tutulan bilik və bacarıqların minimum həddini özündə ehtiva edir. Xarakterik cəhət həm də odur ki, məzmun standartları özündə iki əsas komponenti - bilik və fəaliyyət komponentlərini birləşdirir. Bu standartların fəaliyyət hissəsinin bacarıqlar şəklində verilməsi isə biliklərin şagirdlər tərəfindən həqiqətən mənimsənilməsini nümayiş etdirmək zərurəti ilə bağlıdır. Biliklərin nümayişi prosesində şagirdlərin tələb edilən bacarıqlara, məsələn, idraki (təhliletmə, müqayisəetmə, planlaşdırma...), informativ-kommunikativ (izahetmə, şərhetmə, təqlidetmə, təsviretmə, ünsiyyətqurma...), psixomotor (oxumaq, yazmaq, saymaq, dəyişmək, hazırlamaq, tərtib etmək, qurmaq...) bacarıqlara yiyələnməsi səviyyəsi real surətdə üzə çıxır. Əgər biliklərin mənimsənilməsi müvafiq bacarıqların qazanılması ilə müşayiət olunarsa, təhsil artıq mahiyyət etibarilə dəyərlər kompleksinə çevrilir. Müasir kurikulumların şəxsiyyətyönümlüyünü şərtləndirən başlıca amil də məhz bu cəhətdir. Fənn kurikulumlarında hər bir əsas standart alt standartlarla müşayiət edilir. Bu, bir neçə məqsədə nail olmağa imkan verir. Kifayət qədər ümumi formada ifadə olunan altstandartlar müxtəlif təlim məqsədlərini reallaşdırmaq üçün onlara dönə-dönə müraciət etmək imkanı yaradır. Bir qayda olaraq əsas standart bir neçə sinifdə və hətta bütün təhsil pilləsi ərzində eyni formada ifadə olunur. Bu zaman sinifdən-sinifə keçdikcə əhatə olunan bilik və bacarıqların miqyası alt standartlar vasitəsilə müəyyən olunur. Bu, həm də sinifdən-sinifə biliyin və fəaliyyətin necə inkişaf etdiyini izləməyə imkan verir.
Eyni zamanda hazırlanmış kurikulumlarda inteqrasiya xüsusi tələb kimi irəli sürülmüş məzmunun inteqrativliyi, fənnin inteqrativliyi, standartların inteqrativliyi, bacarıqların inteqrativliyi, prosesdə inteqrativlik nəzərə alınmışdır.
Yeni kurikulumlarla tədrisə başlanılmışdır. Ölkəmizdə həyata keçirilən kurikulum islahatı mərhələli proses olmaqla, innovasiyalara əsaslanan və əvvəlcədən müəyyən edilmiş real nəticələrə istiqamətlənmiş geniş fəaliyyət sahəsinə çevrilmişdir.
Fənn kurikulumlarında təlim nəticələri və məzmun standartları ilə yanaşı, eyni zamanda təlim strategiyaları, fəndaxili və fənlərarası inteqrasiya cədvəlləri, qiymətləndirmə standartları öz əksini tapmış, fənnin məqsədləri açıqlanmış, fənnin tədrisinin zəruriliyi əsaslandırılmışdır. Bununla da həmin kurikulumlar təlim fəaliyyətində ən vacib hesab olunan parametrləri özündə birləşdirməklə konseptual xarakterli bir sənəd kimi meydana çıxmışdır.
Əlbəttə, köhnə təhsil ideologiyasından ayrılaraq yenilikləri birdən-birə qəbul etmək çox çətindir. Ancaq həyat inkişafdadır və zamanın nəbzini tutub onun tələblərinə uyğunlaşma zərurəti yaşanmış dövrlərdə təqdirəlayiq keyfiyyət hesab olunmuşdur. Əslində, bütün yeniliklərə, islahatlara aparan yol insanların təfəkküründən keçir. Meydana çıxan yeni ideyalar dünyagörüşünə çevrilməzsə, onların həyata keçirilməsi mümkün ola bilməz. Bu mənada Azərbaycanın ümumi təhsil sistemində islahatlara başlanandan indiyədək kurikulum anlayışının, təhsilin məzmununa verilən müasir tələblərin, yeni təlim strategiyalarının və qiymətləndirmə mexanizmlərinin mahiyyətinin pedaqoji ictimaiyyət arasında izahı və təbliği prosesi mühüm əhəmiyyət daşımışdır.
3.1. Tədris planı
Tədris prosesinin məzmunu tədris planı, fənlər üzrə tədris proqramları ilə müəyyən olunur və dərs kitablarında, informasiyanı toplayıb saxlayan elektron avadanlığında əks olunur. Tədris sisteminin əhatə etdiyi hər tədris müəssisəsinin özünəməxsus tədris planı olur. Müxtəlif tipli tədris müəssisələrinin qarşısında qoyulan vəzifələr başqa-başqa olduğundan, onların tədris planları da müxtəlifdir.
Tədris müəssisələrinin tiplərindən və formalarından asılı olaraq tədris planları nə qədər müxtəlif olsa da onların ümumi cəhətləri də vardır. O,
1) tədris ilinin, rüblərin və tətillərin müddətini;
2) tədris müəssisələrində öyrənilən fənlərin tam siyahısını;
3) təlim illəri üzrə fənlərin bölüşdürülməsini;
4) hər fənnin bütün təlim müddətində və hər sinifdə öyrənilməsinə ayrılan saatların miqdarını;
5) hər fənnin öyrənilməsinə verilən həftəlik saatların miqdarını;
6) praktikumların strukturunu, müddətini və s. müəyyən edir.
Tədris planında cəmiyyətin qəbul etdiyi təhsil-tərbiyə idealı, müəyyənləşdirmiş məqsədlər, təhsilin məzmununun formalaşdırılması konsepsiyası öz əksini tapır. O, təlim-tərbiyə prosesinin qanunauyğunluqlarını, sanitar-gigiyenik və təşkilati tələbləri, yaranmış ənənələri nəzərə almaqla işlənib hazırlanır.
Tədris planına daxil edilən fənlər məcburi və fakultativ (seçmə) fənlərə ayrılır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tədris planları, mərkəzi təhsil orqanları tərəfindən işlənib hazırlanır və təsdiq olunur. Deyilənlərdən aydın olur ki, bu və ya digər məktəbdə öyrədilən fənləri, onların siniflər üzrə ardıcıllığını, hər fənnə verilən saatların miqdarını, təhsilin müddətini, şagirdlərin fəaliyyət növlərini əks etdirən sənədə tədris planı deyilir.
3.2. Tədris fənni
Bəzi ədəbiyyatda yazılır ki, ümumtəhsil məktəblərində elmlərin əsasları öyrədilir. Bu fikirlə razılaşmaq olmaz. Çünki, ümumtəhsil məktəblərində öyrədilən elmlərin əsasları deyil, tədris fənnidir. Tədrif fənni anlayışını elmin əsasları anlayışı ilə eyniləşdirmək düzgün deyil. Hər bir elmin xeyli sahələri vardır. Məsələn, bitkilərin anatomiyası və fiziologiyası, heyvanların anatomiyası və fiziologiyası, insan anatomiyası və fiziologiyası, bitkilərin sistematikası, gigiyena, mikrobiologiya, sistologiya, genetika və s. biologiyanın sahələridir. Tədris fənni biologiyanın sadalanan və sadalanmayan sahələrinin hamısını deyil, müvafiq tədris müəssisəsinin tələblərinə cavab verənləri əhatə edir (8).
Tədris fənni müvafiq elmin nəinki bütün sahələrini, hətta onun əsaslarını da hərtərəfli ehtiva etmir. Məsələn, fizika, kimya, riyaziyyat, Azərbaycan dili və digər elmlərdə elə anlayışlar var ki, elmlərin əsasları hesab edilir, lakin məktəbdə öyrənilmir.
Tədris fənninin məzmununa daxil etmək üçün elmdən götürülən anlayışlar didaktik cəhətdən işlənir, şagirdlərin imkanları da bu zaman nəzərə alınır. Əks təqdirdə təlim işi xeyli çətinləşir: müvəffəqiyyət qazanmaq mümkün olmur. Gənc nəslə aşılanması zəruri olan bir çox əməli bacarıq və vərdişlər, yaradıcı fəaliyyətə gərəkli olan tədqiqat xarakterli tapşırıqlar elmin əsaslarına aid olmayıb tədris fənninin tərkib hissələrindən biridir.
Anlayışların elmdəki sistemi ilə tədris fənnindəki sistemi arasında da fərq olur. Məsələn, botanikanın məktəbdə öyrənilməsi hüceyrənin öyrənilməsindən deyil, ətraf mühitin bitki örtüyünün müşahidəsindən başlayır.
Tədris fənni elmin təkcə didaktik cəhətdən işlənmiş əsaslarını, habelə müvafiq bacarıq və vərdişləri gənc nəslə öyrətməklə kifayətlənmir. O, həm də şagirdlərin tərbiyəsinə və əqli inkişafına xidmət etməlidir. Elmlərin əsasları isə özlüyündə tərbiyə və əqli inkişafa istiqamətlənməyə də bilir.
Beləliklə, bu və ya digər elmdə mübahisə doğurmayan, isbat olunmuş biliklər (anlayışlar, qanun və qanunauyğunluqlar, qaydalar, teoremlər və s.) həmin elmin əsaslarıdır. Tədris fənni isə tədris müəssisəsində öyrənilməsi nəzərdə tutulan və müvafiq elm üzrə didaktik cəhətdən işlənən, tərbiyə və inkişaf imkanı olan zəruri biliklərin, habelə bunların mənimsənilməsinə xidmət edən bacarıq və vərdişlərin sistemidir.
Bu fikirdən bir sıra əməli nəticələr çıxır. Elmin əsaslarına aid hər cür biliyi və ya anlayışı təhsilin məzmununa mexaniki şəkildə daxil etmək olmaz. Bu və ya digər anlayışın tədris fənninə daxil edilməsinin zəruriliyi lazımınca əsaslandırılmalıdır.
Anlayışın tədris prosesinə qoşulması zərurəti isbat olunduqdan sonra həmin anlayış didaktik cəhətdən işlənilməlidir. Çünki, eyni anlayış müxtəlif tipli tədris müəssisələrində başqa-başqa istiqamətlərdə öyrədilə bilir. Anlayışın öyrədiləcəyi sinif, şagirdlərin imkanları da diqqət mərkəzində durmalıdır. Çünki, sinifdən asılı olaraq anlayış müxtəlif səviyyələrdə öyrədilir.
Tədris fənninin məzmununa daxil edilən anlayışın mənimsənilməsinə və praktikada tətbiqinə imkan verən çalışmalar müəyyənləşdirilməlidir. Bunsuz tədris fənni tamamlanmır. Tədris fənninin məzmununa daxil edilən anlayışın tərbiyəvi imkanları aydınlaşdırılmalıdır. Tədris fənninin məzmununa daxil edilən anlayışın öyrədilməsi şagirdlərin psixoloji inkişafına kömək etməlidir. Bu mənada aşağıdakı sualın cavabı da aydın olmalıdır: tədris prosesinə daxil edilən anlayış şagirdlərdə hansı psixoloji funksiyaları hərəkətə gətirməlidir?
3.3. Tədris proqramları
Tədris planı əsasında bütün fənlər üzrə tədris proqramları tərtib olunur. Tədris proqramlarında aşağıdakılar öz əksini tapır:
1) fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şagirdlərin bilik və bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olunan forma və metodları;
2) öyrənilən materialın tematik məzmunu;
3) fənnin ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf edəcəyi saatların təxmini miqdarı;
4) dünyagörüşünün əsas elementlərinin siyahısı;
5) fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün göstərişlər;
6) tədris avadanlığının və əyani vəsaitlərin siyahısı;
7) tövsiyə edilən ədəbiyyat.
Təhsildə diferensiya proseslərinin dərinləşməsi ilə əlaqədar olaraq tədris proqramlarının müxtəlif variantları (alternativ variantları) işlənib hazırlanır. Hər hansı bir tədris müəssisəsində şagirdlərin maraq və imkanlarına uyğun olaraq bir fənn üzrə bir neçə variantda proqram tətbiq edilməsi təklif olunur. Diferensial proqramlardan istifadə etmək, fənni dərindən və ya əksinə, öyrənəcək siniflər yaratmaq haqqında qərarı məktəb şuraları verir.
Təbiət və cəmiyyət hadisələrindəki qarşılıqlı əlaqəyə və elmlər arasındakı inteqrasiyaya uyğun olaraq fənlərarası və fəndaxili əlaqələr də tədris proqramında nəzərdə tutulur.
Deməli, tədris planına əsasən fənnin hissələrini və ya bölmələrini, mövzularını, mövzulara aid məsələləri göstərən, fənn üçün ayrılmış saatları mövzular arasında bölüşdürən və izahat vərəqinə malik olan sənədə tədris proqramı deyilir.
Tədris planları və proqramları məsələsi müxtəlif ölkələrdə başqa-başqa həll olunur. Məsələn, ABŞ-da eyni tipli məktəblər üçün ölkə miqyasında tədris planı və ya tədris proqramları yoxdur. Tədris planı və tədris proqramlarını ştatlar tərtib edirlər. Orada hətta tək-tək məktəblər lazım olan sənədləri özləri hazırlayır və tətbiq edirlər.
3.4. Dərslik, iş dəftəri və müəllim
üçün metodik vəsait komplekti
Dərslik təhsil sistemində məzmun və funksiyasına görə əhəmiyyətli resuslardan biridir. Şagird şəxsiyyətinin formalaşmasında dərsliklər mühüm rol oynayır. Şagirdlərin təfəkkürünü inkişaf etdirmək, əqli fəaliyyətinin əsas üsullarını formalaşdırmaq üçün dərsliklər ən etibarlı vəsait kimi dəyərləndirilir. Buna görə də təhsil islahatları çərçivəsində həmişə dərsliklərin yaradılmasına xüsusi müstəvidə yanaşılmış, hökumət səviyyəsində dərslik siyasəti hazırlanaraq tətbiq olunmuşdur. Dərslik siyasətinin məqsədi məktəbliləri standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir (7).
Dərslik konkret fənn üzrə tədris planı və proqram əsasında nəzəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsaitdir. Koqnitiv (idraki) təhsilin əsas resuslarından hesab edilən dərsliklər ən zəruri informasiyaları, tapşırıq və çalışmaları əks etdirməklə istiqamətləndirici, yönəldici, düşündürücü funksiyaları daşıyır. Dərsliklərdə artıq informasiya yükünün olması nöqsanlı hal kimi qəbul edilir və bu, onun keyfiyyətinə xələl gətirir.
Dövlət təhsil standartlarını özündə əks etdirən fənn kurikulumlarına uyğunluq dərsliklərin əsas keyfiyyətlərindən biridir. Əslində, bu, dərsliklərin təhsil standartlarında ifadə edilmiş bilik və fəaliyyətlərin reallaşdırılmasına xidmət etməsinin ifadəsidir. Başqa sözlə, standartlardan kənara çıxma hallarına yol verilməməsi vacib tələb kimi qarşıya qoyulur.
Dərslik fəal təlim prosesində bir komponent kimi şagirdi idraki fəalllığa sövq etməli, onu tədqiqatçılığa və yaradıcılığa istiqamətləndirməlidir. Belə olan halda dərsliyin bilik vermək, məlumatlandırmaq kimi keçmiş ənənəyə söykənən funksiyası arxa plana keçir.
Hazırda şagirdləri fəaliyyətə sövq etməklə tətbiqi xarakter daşıması dərsliklərin əsas keyfiyyətlərindən hesab edilir, onlarda bacarıqları formalaşdıra bilmək imkanının olması mühüm cəhət kimi dəyərləndirilir. Bunun üçün kifayət qədər müxtəlif növ çalışma və tapşırıqlardan istifadə edilməsi tələb olunur.
İnteqrativ bacarıqların inkişafına imkan yaratmaq, onu şəxsiyyətin ümumi keyfiyyətinə çevirmək dərsliklərin xarakterik cəhətlərindən biri hesab edilməlidir. Bundan əlavə, şagirdlərin dünyagörüşünün formalaşdırılması da diqqət mərkəzində saxlanılmalı, ətraf aləmin obyektiv reallıqları ilə qəbul edilməsi üçün zəruri təlim materiallarından istifadə olunmasına üstünlük verilməlidir.
Təhsil Sektorunun inkişafı layihəsi üzrə milli koodinator İ.İsgəndərov haqlı olaraq vurğulayır ki, dərslikləri kurikulumların tələblərinə uyğun səviyyədə hazırlamaq üçün bir sıra mühüm pedaqoji prinsiplərin gözlənilməsi zəruri hesab edilir. Bunların sırasında aşağıdakılar vardır.
1. Düzgünlük. Bu prinsip dərsliyi qeyri-ciddi faktorlardan uzaqlaşdırır, inandırıcı, stimullaşdırıcı mənbəyə çevirir. Şagirdlər dərsliyə etibarlı tədris vəsaiti kimi yanaşırlar. Dərsliyin bu prinsipə uyğun hazırlanması üçün aşağıdakı tələblərin nəzərə alınması vacib bilinir:
- təlim standartlarına uyğunluq;
- faktorların dəqiqliyi;
- orfoqrafiya, durğu işarələri, qramatik qaydaların gözlənilməsi;
- mübahisəli faktorların olmaması.
2. Əyanilik. Dərslikləri baxımlı etmək, onu şagirdin ən yaxın müsahibinə, eləcə də stimullaşdırıcı vasitəyə çevrrmək üçün əyaniliyə mühüm didaktik prinsip kimi müraciət olunur. Aşağıdakıların dərsliklərdə əks olunması təmin edildikdə bu prinsip tam reallaşdırılır:
- şəkillər, fotolar;
- illüstrasiyalar;
- sxemlər;
- cədvəllər;
- xəritələr;
- qrafiklər.
Əyaniliyi təmin etmək üçün yuxarıda sadalanan bütün vasitələrin eyni bir dərsliyə daxil edilməsi tələb olunmur. Dərsliklər hazırlanarkən onların özünəməxsus cəhətləri, aid olduğu fənnin xüsusiyyətləri əsas götürülür, zəruri hesab edilən müvafiq əyani vasitələr seçilir.
3. Müasirlik. Dərsliyin ən mühüm atributlarından biri onun yeniliyi, müasirliyidir. Dövrün, zamanın tələb və ehtiyaclarını özündə əks etdirməsi, şagirdlər də yenilik əhval-ruhiyyəsi yarada bilməsidir. Buna aşağıdakı tələblər gözlənilməklə nail olmaq mümkündür:
- sosial-iqtisadi sahələrdəki nailiyyətlərin nəzərə alınması;
- elmin özündəki inkişafın nəzərə alınması;
- təlim materiallarının müasir dünyagörüşü formalaşdırmasına istiqamətlənməsi.
Dərsliyin müasir olması üçün fakt və hadisələrin inkişafla bağlı olması, onu əks etdirməsi əsas şərtlərdən biridir. Bununla yanaşı, yeni texnologiyalara istinad olunması, onların dərsliyin məzmununa gətirilməsi də müasirliyin əlamətlərindən sayılır.
4. Tamlıq. Tədris vasitələrindən biri kimi dərsliyin bütövlüyü, tamlığı onun məzmununda aşağıdakı müəyyən komponentlərin olmasını tələb edir:
- nəzəri materiallar;
- praktik materiallar;
- təsviri materiallar;
- qiymətləndirmə materialları.
Nəzərdə tutulan bu materialların hər biri mühüm didaktik əhəmiyyət daşıyır. Şagirdlərin təlim fəaliyyətinə cəlb olunması, öyrənmə prosesinin təşkili və bacarıqların dəyərləndirilməsi baxımından imkanları ilə seçilir.
5. Ardıcıllıq. Dərsliklərin məzmunundakı materialların sıralanmasında ardıcıllıq mühüm prinsiplərdən biri kimi gözlənilir. Bu zaman ardıcıllığın aşağıdakı parametrləri əsas götürülür:
- psixoloji baxımdan;
- məzmun baxımından;
- təqvim-tematik baxımdan;
- məntiqi baxımdan.
Psixoloji baxımdan ardıcıllıq təlim materiallarının maraqlılıq səviyyəsinə görə düzülməsini tələb edir. Materiallar, ilk növbədə, şagirdlərin psixi proseslərlə bağlı fəaliyyətlərinin inkişafını təmin etmək üçün seçilir. Hafizə, təfəkkür və təxəyyül proseslərinin formalaşması istiqamətinə yönəldilir. Məzmun baxımından ardıcıllıq təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanmasında özünü göstərir. Təqvim-tematik baxımdan ardıcıllıq müvafiq təlim materiallarının düzülməsində tarixi gün və hadisələrin nəzərə alınmasını, məntiqi baxımdan ardıcıllıq isə ilkin təlim materialları vasitəsi ilə növbəti təlim materiallarının mənimsənilməsi üçün zəmin yaradılmasını tələb edir.
6. Yaş səviyyəsinə uyğunluq. Dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun hazırlanmalıdır. Bu zaman iki əsas tələb diqqət mərkəzində saxlanılmalıdır: a) dizayn; b) təlim materiallarının məzmunu, həcmi, maraqlılığı.
7. Təlim vaxtına uyğunluq . Təlim materiallarının miqdarı və ağırlıq çəkisi müəyyənləşdirilərkən ayrılan vaxt nəzərə alınır. Bu zaman nəzəri və praktik materialların balansının gözlənilməsi, standartların reallaşdırılmasına yönəldilməsi zəruri hesab edilir. Şagirdlərin təlim marağının gücləndirilməsi üçün motivasiya imkanları genişləndirilir.
8. Oxunaqlıq. Oxunaqlığın nəzərə alınması üçün ilkin olaraq, məzmun materiallarının maraqlı olması vacib hesab edilir. Belə materiallar şagirdlərin diqqətinə səbəb olur, onları öyrənməyə təhrik edir. Təlim materiallarının lakonikliyi, aydın üslubda, sadə dildə olması öyrənmə fəaliyyətinin səmərəliliyini artırır.
9. İnklüzivlik. Bu prinsip əsasında yazılmış dərslik özünün əhatəliliyinə görə seçilməlidir. Təlim prosesində yalnız bir səviyyəni deyil, müxtəlif səviyyələri ehtiva etməlidir. Həm istedadlı, həm də müəyyən səbəblərdən geridə qalan şagirdlərin təlim maraqlarını ödəyə bilməlidir. Bunun üçün təlim materiallarının seçilməsinə və dərsliyə daxil edilməsinə diferensial yanaşılmalı, hər bir sinifdə şagirdlərin inkişaf səviyyələri nəzərə alınmalıdır.
10. Fəal təlim üçün şəraitin yaradılması. Fəal təlim müasir təhsil prosesinin əsas atributlarından hesab edilir. Onun qurulmasında bir çox amillərlə yanaşı, dərslik də həlledici rol oynayır. Nəticəyönümlü kurikulumlar məhz belə dərsliklərin hazırlanmasını tələb edir. Ona görə də dərsliklər formalaşdırılarkən fəal təlim üçün şəraitin yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Təlim materialları fəal təlim prosesinin məntiqinə uyğunlaşdırılmalıdır. Təlim marağının formalaşdırılması, problemin qoyuluşu, həll edilməsi, təqdimolunma və qiymətləndirmə dərsliyin texnoloji (metodik) sisteminin əsasını təşkil edir.
11. Gigiyenik tələblərə uyğunluq. Dərsliklər həm də gigiyenik tələblərə cavab verməli, ona uyğun hazırlanmalıdır. Bu zaman Azərbaycan Hökuməti ilə razılaşdırılmış “Ümumtəhsil sistemində dərslik siyasəti” və Təhsil Nazirliyinin qəbul etdiyi “Dərsliklərin texniki və gigiyenik standartları” adlı normativ sənədlərə istinad olunmalıdır.
Dərsliklərin hazırlanmasında mənbələrin göstərilməsi, təlim materiallarında kütləvi informasiya vasitələrindən istifadə imkanlarının nəzərə alınması məsələləri də mühüm prinsiplər kimi dəyərləndirilməli, onların da nəzərə alınması diqqət mərkəzində saxlanılmalıdır (7).
İdrakın inkişaf etdirilməsi və şəxsiyyətin mühüm göstəricisinə çevrilməsi müasir təhsilin mühüm fəaliyyət istiqamətlərindən biridir. Məktəb məkanında idrak (psixi) prosesləri konsepsiyasının əsas paradiqmaları inkişafetdirici və tərbiyəedici təlim prinsipləri ilə bağlıdır. Bu iki önəmli prinsipin qovşağında isə müasir məktəb özünün ən başlıca misiyasını yerinə yetirir. Ona görə də təhsilə aid hazırlanan bütün resurslar, o cümlədən də dərsliklər bu məqsədə yönəldilməli, şəxsiyyətin inkişaf dinamikasını təmin edən, onu daim izləyə bilən bir vasitə rolunu oynamalıdır. Bunun üçün ilk növbədə, şagirdin fəaliyyət dairəsi, formalaşdırılacaq bacarıqlar konkret olaraq müəyyənləşdirilməli, dərsliklərin məzmununda olan materiallar bilavasitə onların hərəkət mexanizminə çevrilməlidir.
Psixoloq və pedaqoqların fikrinə görə, fəaliyyətlər üç istiqamətdə qruplaşdırılır: idraki, informativ-kommunikativ, psixomotor. Bu fəaliyyətlərə uyğun da bacarıqların olduğu göstərilir. Şagird şəxsiyyətinin inkişafı həmin bacarıqların fonunda tənzim olunur (10).
sxem 1
İnkişafı təmin edən bacarıqların sxematik təsviri
Dostları ilə paylaş: |