Ümumiliyi, vahidliyi, əmək istiqamətli olması, politexnik xarakter daşıması, milli mədəniyyətə istinad etməsi, fərdi qabiliyyətləri nəzərə alması ümumi orta təhsilin başlıca xüsusiyyətlərindəndir. Milliyyətindən, dilindən, mənşəyindən, dinindən asılı olmayaraq hər bir oğlanın, hər bir qızın öyrənməli olduğu zəruri biliklərin, bacarıq və vərdişlərin, davranış qaydalarının məcmusu ümumi təhsilin məzmununu təşkil edir. Ümumi təhsil imkan verir ki, gələcək peşəsindən, ixtisasından asılı olmayaraq hamının şəxsiyyəti normal inkişaf edə bilsin. Ümumi təhsil cəmiyyətdə adamların bərabər mövqe tutmalarına şərait yaradır.
Təhsil səviyyələri müxtəlif olan şəxslər adətən, cəmiyyətdə başqa-başqa mövqe tuturlar. Ümumi orta təhsili olan şəxs xalq təsərrüfatının bir sahəsindən digər sahəsinə sərbəst keçməyə və orada fəaliyyət göstərməyə imkan qazanır. Ümumi orta təhsil mənəvi və əxlaqi inkişafın, fiziki və estetik kamilləşməyin bünövrəsidir. Bu əsasda hər bir şəxs öz qabiliyyətlərini maksimum inkişaf etdirə bilər. Təhsilin ümumiliyi və vahidliyi bir-birindən ayrılmazdır. Ümumi orta təhsilin vahidliyi əsasən onun məzmununda ifadə olunur. Ümumi orta təhsilin politexnik istiqaməti iki cəhətdən səciyyələnir: politexnik biliklər və politexnik bacarıqlar. Ümumiyyətlə, şagirdlər üçün ümumi olan, əmək və politexnik səciyyə daşıyan, milli mədəniyyətə istinad edən və şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alan təhsil ümumi orta təhsil hesab edilir. Ölkəmizdə orta ümumi təhsilin bu cəhətləri yüksək dəyərləndirildiyindən onun icbariliyi qəbul olunmuşdur.
8.3. İlk peşə-ixtisas təhsili
İlk peşə-ixtisas təhsili - əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edir. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq peşə-ixtisas təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan ayrı-ayrı təşkilatların, müəssisələrin, əmək birjalarının, məşğulluq idarələrinin və digər müvafiq qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır. İlk peşə-ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. İlk peşə-ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qəbul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququna malikdirlər.
8.4. Orta ixtisas təhsili
Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq strukturlarda həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd-diplom verilir. Orta ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
Orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların-subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır.
8.5. Ali təhsil
Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir.
-
bakalavriat (tibb təhsili istisna olmaqla);
-
magistratura (tibb təhsili istisna olmaqla);
-
doktorantura.
Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılır.
Tibb təhsil proqramlarına və dövlət təhsil standartlarına uyğun olaraq, əsas təhsilə və rezidenturaya həkim-mütəxəssis ali peşə ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir.
8.6. Doktorantura
Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.
Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:
-
fəlsəfə doktoru - elm sahələri göstərilməklə;
-
elmlər doktoru - elm sahələri göstərilməklə.
Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd-diplom verilir.
Ali təhsil müəssisələrində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır.
Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Dosent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin Fəxri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
8.7. Əlavə təhsil
Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğun-laşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.
Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
- ixtisasartırma;
- kadrların yenidən hazırlanması;
- stajkeçmə və kadrların təkmilləşdirilməsi;
- təkrar ali təhsil və orta ixtisas təhsili;
- dərəcələrin yüksəldilməsi;
- yaşlıların təhsili.
Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir. Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İxtisasartırma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.
9. Təhsil subyektlərinin hüquqları,
vəzifələri və sosial müdafiəsi
9.1. Təhsil sahəsində dövlətin vəzifələri
Təhsil sahəsində dövlətin vəzifələri “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda aşağıdakı kimi müəyənləşdirilmişdir:
-
təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək;
-
milli təhsil sisteminin inkişaf konsepsiyasını və əsas prioritetlərini müəyyən etmək;
-
milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;
-
kadr hazırlığının prioritetlərini və istiqamətlərini, yüksək dərəcəli elmi-pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək;
-
təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparmaq;
-
milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, beynəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasını təmin etmək;
-
təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini və dövlət təhsil qrantlarının məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin müəyyənləşdirilməsini həyata keçirmək;
-
hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir təhsilalana (şagirdə, tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin miqdarını və maliyyə normativlərini müəyyən etmək;
-
ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını müəyyənləşdirmək;
-
müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək;
-
“tələbə-məzun” dövlət elektron məlumat sistemini yaratmaq və ondan istifadəni təmin etmək;
-
təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək;
-
dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
-
dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək;
-
təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq etmək;
-
dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
-
təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən etmək;
-
təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının həyata keçirilməsini təmin etmək;
-
təhsil sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin etmək;
-
təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydalarını təsdiq etmək;
-
xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək;
-
təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmək;
-
təhsil müəssisələrinin tikintisinə,maddi-texniki təchizatına dair vahid normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirmək;
-
təhsil müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) vermək və onu ləğv etmək;
-
ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə ixtisasların təsnifatını təsdiq etmək;
-
təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti həyata keçirmək;
-
təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
-
təhsil müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən etmək və akkreditasiyanı həyata keçirmək;
-
təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyanın aparılması qaydalarını müəyyən etmək və attestasiyanı həyata keçirmək;
-
təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin təhsillə bağlı ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;
-
təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək;
-
təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək;
-
təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vəsaitlərinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;
-
elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən etmək;
-
dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasını, o cümlədən mükafatlandırılmasını həyata keçirmək, xüsusi istedadı ilə fərqlənən təhsil-alanlar üçün adlı və məqsədli təqaüdlər təsis etmək;
-
dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;
-
baza tədris planlarını və proqramlarını təsdiq etmək;
-
mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək;
-
icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;
-
dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;
-
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat tipli dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların müvafiq olaraq xüsusi təhsil və sosial müdafiə müəssisələrinə göndərilməsini təmin etmək;
-
təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni təmin etmək;
9.2. Təhsil prosesinin iştirakçıları
Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
- təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magis- trantlar, doktorantlar və başqaları;
- təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, tərbiyəçilər, müəllim koməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki , tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
- valideynlər və ya digər qanuni nümayəndələr;
- təhsili idarəetmə orqanları və bələdiyyələr;
- təlim-tərbiyə prosesində iştirak edən fiziki və hüquqi şəxslər.
9.3. Təhsilalanların hüquq və vəzifələri
Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusi-yasına, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
Təhsilalanların hüquqları aşağıdakılardır:
-
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq; təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;
-
dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti seçmək;
-
ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyütorları sərbəst seçmək;
-
təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;
-
müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
-
elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq; fasiləsiz təhsil almaq; sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq; insan ləyaqətini, şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
-
müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
-
dövlət orta-peşə ixtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
-
dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
-
təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
-
təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasnda iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;
Təhsilalanların vəzifələri aşağıdakılardır:
-
dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
-
pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
-
təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
-
dövlət , cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
-
təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;
9.4. Təhsilverənlərin hüquq və vəzifələri
Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işə götürənlərlə təhsilverənlər arasında bağlanan əmək müqavilələri ilə tənzimlənir.
Təhsilverənlərin hüquqları bunlardır:
-
normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
-
təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;
-
tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seç-mək;
-
şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
-
təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;
-
ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
-
müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;
-
təhsil müəssisələrində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq;
Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
- təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
- təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
- şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
- təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
- uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
- ixtisas və elmi- pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;
- qanunvericilikdə müəyyən olunmuş qaydada attestasiyadan keçmək;
- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
9.5. Valideynlərin və ya digər qanuni nümayəndələrin
hüquq və vəzifələri
Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqlarına daxildir:
-
yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
-
təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
-
təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
-
təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaradılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
-
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələrinə daxildir.
-
övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
-
övladlarını (qəyyumluğunda və ya həmayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
-
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Dostları ilə paylaş: |