Təhlükəsizlik insanın qida, su, geyim, mənzil, informasiya ehtiyaclarından sonra ən vacib tələbatıdır. Əslində insanların bütün gündəlik fəaliyyətləri fizioloji, sosial, mənəvi, o cümlədən, təhlükəsizliyin təmin olunması tələbatlarının ödənilməsinə yönəlmişdir. Onlardan biri belə ödənilmədikdə insanın həyat təminatı sistemində dinamiki tarazlıq pozulur və mənfi dəyişikliklər başlayır ki, bu da bəzən sonradan bərpa olunmur, ölümlə nəticələnir. Bu qanunauyğunluq, tələbatların təmin olunma səviyyələrinin müxtəlif olmasına baxmayaraq, eyni dərəcədə cəmiyyət, dövlət, təbiət, texnologiya kimi digər sistemlərə də aiddir.
Təhlükəsizlik problemi, sözün mənasından da göründüyü kimi təhlükənin olmadığını, məhdudlaşdırıldığını və ya aradan qaldırıldığını nəzərdə tutur. Amma bütün qəribəlik ondan ibarətdir ki, təhlükə olmadan təhlükəsizlik olmur. Onun olub olmamasını çox vaxt hiss etməməyimizin əhəmiyyəti yoxdur. Təhlükəsizlik varsa və ya bizə elə gəlirsə ki, o vardır, biz onun haqqında düşünmürük və bir növ təbii vəziyyətdə oluruq. Məhz təhlükələrin meydana çıxması ilə əlaqədar olaraq təhlükəsizliyin mahiyyəti dərk olunur. Başqa sözlə deyilsə, təhlükəsizliyin meyarı təhlükə hissi, yaxud hazırda və ya gələcəkdə ziyan vura bilən sosial və ya təbii hadisələri təyin etmək qabiliyyətidir.
Dostları ilə paylaş: |