IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
868
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
danış səni tanıyım” Deməli, “insan öz dilinin altında gizlənir, danışmağa başlayandan sonra ağıllı və
ya ağılsız olması bilinir”(Həzrəti Əli)
İnsanların nitqi onları bir-birindən fərqləndirir. Ona görə ki, nitq fərdi xarakter daşıyır. Həsrət
Həsənova görə hər kəs nitq mədəniyyətinin bütün növlərinə, janrlarına,ünsiyyətin müxtəlif formalarına
yiyələnə bilməz və bunu ondan tələb etmək olmaz, lakin onun nitq mədəniyyətinin aktual
xüsusiyyətlərinə yiyələnməsi vacibdir. Təbii ki, bu o qədər əhəmiyyətli bir mövzudur ki, Azərbaycan
xalqı da el arasında mədəni və qeyri-mədəni nitqlə danışan adamları ayırmışdı. Məsələn el arasında
gözəl, səlis, mədəni danışan adamlarla “özünə də qurban, sözünə də”, ”ağzından bal damır”, “dilinə
qurban” və s. kimi ifadələri, özündən razı, yersiz, mənasız danışan adamlara isə “nə özünü bilir, nə
sözünü”, “dilin qurusun”, “hər sözün öz yeri var, hər nöqtənin öz məqamı” kimi ifadələr işlədilir.
Danışarkən bəzi sözlərdən istifadə olunur ki, bu da nitqi qeyri-mədəni edir. Bunlara yol
verməmək üçün nitqin təmizliyini pozan əlamətləri bilməliyik. Aşağıdakı bir sıra xüsusiyyətlər nitqin
qeyri-mədəni formalarını yaradır:
Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməsi.
Əcnəbi sözlər lüzumsuz işlədilməsi.
Nitqdə tüfeyli sözlərlərin sözlərdən istifadə.
Jarqon sözlərin və ifadələrin işlədilməsi.
Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və
qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə yer verilməsi
Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərin də Xudayar bəyin və Karabet
ağanın dialoqunda nitqin qeyri-mədəni formalarına rast gəlirik:
-Zəhmət olmasa bu ispiçkə çək, bu qovu yandırım.
Karabet ağa qeyznən cavab verdi:
-Sən məgər görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu supa!
İtil!(C. Məmmədquluzadə, seçilmiş əsərləri I-cild, Bakı-2004, səh59). Bu nümunədə həm
varvarizmlərdən, həm də vulqarizmlərdən istifadə olunmuşdur. Bundan başqa dahi yazıçının “Ölülər”
əsərində də nitqin qeyri-mədəni formalarına rast gəlmək olar:
Şeyx Nəsrullah. Çün adəmira bə cənazə güzərənd və raqimani-kitabxanaye-qeybi ibrətxaneyi-
kalbudi-insanra baxameyi-əcəl lövhi-təxteyi-tabut nigarənd həqq təla (C. Məmmədquluzadə,seçilmiş
əsərləri I- cild,Bakı-2004, səh402).
Nümunədə Şeyx Nəsrullahın dilindən deyilən sözlər başdan-başa ərəb-fars sözləridir, yəni ədəbi
dildə bunlara varvarizmlər deyilir. Bu sözləri Şeyx Nəsrullahdan başqa heç kim başa düşmür. Təbii ki,
Cəlil Məmmədquluzadə hər iki məşhur əsərində obrazları bir-birindən fərqləndirmək üçün bu cür
ifadələrdən istifadə etmişdir. Bu elə başa düşünülməlidir ki, həmin ifadələr yazıçının yox, tiplərin
dilidir. Çünki, Mirzə Cəlil Karabeti, Xudayar bəyi, Şeyx Nəsrullahı fərqləndirmək üçün məqsədli
şəkildə bu cür sözlərdən istifadə etmişdir.
Azərbaycanın böyük satirik şairləri zaman-zaman həcv yazmağa məcbur olmuşlar. Onlardan biri
də məşhur satira şairi Qasım bəy Zakir olmuşdur. Onun “ Var özgə vilayətdə də tək-tək Köpək oğlu”
adlı həcvini Hüseyn bəyə qarşı yazmışdır. Həcvlərdə imkan verilir ki, varvarizmlərdən istifadə
olunsun. Q.Zakir də bundan istifadə edərək Hüseynlər kimi, Mehdiqulular kimi adamları bu üsulla ifşa
etsin. Həmin həcvdən bir parçanı nəzərdən keçirək:
Var özgə vilayətdə də tək –tək köpək oğlu,
Hədsizdi bu viranədə, biçək, köpək oğlu
...Bir növ sənə sikkə vurum həcv ilə, yüz
Suhan çəkələr eyləməyə həkk, köpək oğlu
Q.Zakirin istifadə etdiyi köpək oğlu ifadəsi vulqar sözdür. Nitqdə işlənmiş bu cür ifadələr nitqin
qeyri –mədəni formasının yaranmasına şərait yaradır.
Ümumiyyətlə, hər bir insan nitqi üzərində çalışmalıdır. Nitq insanları, hətta dahi şəxsiyyətləri
belə bir-birindən fərqləndirir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
869
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
XIX ƏSR DRAMATURGİYA DİLİNDƏ MÜRƏKKƏB CÜMLƏNİN
MODALLAŞMAĞA DOĞRU TRANSFORMASİYASI
Səkinə ŞƏRİFOVA
AMEA Nəsimi adına Dilçilik İnstitutu
sekine.serifova@mail.ru
AZƏRBAYCAN
Canlı danışıq dilində xüsusən monoloq və dialoqlardan ibarət səhnə dilində intonasiya, məntiqi
vurğu, jest və mimika fikrin ifadəsi üçün başlıca amildir. Bu amillər istər mətn, istərsə də cümlə
şəklində təqdim olunan mürəkkəb bütövlərdə danışanın ifadə etdiyi fikrə münasibətini formalaşdıraraq
modallaşmanın inkişafına yol açır.
Təkrarolunmaz personajlar müəllifi Mirzə Fətəli Axundzadə yaratdığı obrazların hər birinin dilini
elə real şəkildə canlandırmışdır ki, oxucu həmin obrazın səs tonunu, intonasiyasını eşidir, jest və
mimikasını görür, rejissor və aktyor truppası olmadan da "səhnəyə" tamaşa edir. Bu baxımdan
müəllifin personajların dili ilə təqdim etdiyi mürəkkəb bütövlər daha maraqlıdır. Belə ki,
modallaşmağa doğru meylin güclü olması mürəkkəb bütövləri reduksiyaya uğradaraq sadə cümləyə
doğru transformasiya edir. Dilin, ümumiyyətlə, qənaətə meyilli olması, reduksiyaya uğrayan
kompopnentdə modal mənanın olması və tədricən inkişaf edərək üstünlük qazanması tabeli mürəkkəb
cümlənin sadə cümləyə transformasiyasının əsas əlamətlərindəndir (1, 31).
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələrin baş cümləsində modallıq anlayışı xüsusilə
hiss olunur. Bu baxımdan həmin cümlələri üç qrupa bölmək olar:
1) modallıq anlayışına daha çox yaxınlaşan cümlələr;
2) modallıq baxımından ikilik hiss olunan cümlələr;
3) modallıq anlayışından uzaqlaşan cümlələr.
"Aid olduğu nitq hissəsinin struktur-semantik xüsusiyyətlərini müəyyən dərəcədə saxladığı
üçün... sözlərin bir qisminin baş cümlə və ya ara söz kimi işləndiyini müəyyənləşdirmək bəzən çətinlik
törədir" (2, 255).
M.F.Axundzadənin əsərlərində modallaşmağa meylin müxtəlif təzahür formalarını müşahidə
etmək mümkündür. Məsələn: "Şahbaz, doğrudur ki, Parijə getmək istəyirsən?" (3, 51) cümləsində
Şahbazın Parijə getmək istəyinin həqiqət olub-olmadığının müəyyənləşdirilməsi üçün aktuallaşan
hissə ("doğrudur ki") semantik cəhətdən ikili paylaşmaya məruz qalmışdır: 1) Şahbaz, sən, həqiqətən,
Parijə getmək istəyirsən? 2) Şahbaz, doğru deyirlər ki, sən Parijə getmək istəyirsən?
"Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur" əsərindən
götürülmüş bu nümunədə əsərin ümumi məzmunundan, hadisələrin gedişindən aydındır ki, 2-ci cümlə
semantik cəhətdən mətnə uyğun gəlir. Çünki Şəhrəbanu xanım Şahbazın Parijə getmək istəyini
Şərəfnisədən öyrənmiş, bu eşitdiyinin doğru olub-olmadığını bilmək üçün Şahbaza müraciət etmişdir.
Buna görə də "Şahbaz, doğrudur ki, Parijə getmək istəyirsən?" cümləsi modallaşmaya meyl etsə də,
mübtəda budaq cümləsi hesab olunur.
Bu baxımdan digər 2 cümlənin də təhlili maraq doğura bilər: 1) Amma yəqinimdir ki, Bab dəxi bu
növ pərpuçatı bir özgə libasa geydirib meydana çıxıbdır (4, 107). 2) Mənə yəqin hasil olubdur ki,
bizdə hər adət və xasiyyət var isə, əksi Parij əhlindədir (3, 51).
Hər iki cümlənin birinci komponenti (yəqinimdir, mənə yəqin hasil olubdur) ifadə baxımından
fərqlənsə də, semantik cəhətdən eynidir. Cümlələrin hər ikisində birinci komponent baş, ikinci
komponent isə mübtəda budaq cümləsidir.
Təqdimat baxımından 1-ci cümlədəki "yəqinimdir" sözü xəbər, 2-ci cümlədəki "yəqin" sözü ara
söz kimi işlənsə də, baş cümlənin hər ikisi mənə aydındır ki, mənə aydın oldu, mənə məlum oldu
ifadələrinin sinonim variantı kimi çıxış edir.
Bəzən modallıq (münasibət) ilə gerçəklik (fikrin özü) arasında elə bir yaxınlıq olur ki, onun
incələnməsi böyük diqqət tələb edir: 1) Görükür ki, bir cavan, xoşsurət oğlansan (3, 86). 2) Görükür
ki, qoçaq oğlandır (3, 97). 3) Heydər, görükür ki, məndən soyumusan (3, 127).
Bu cümlələrdə "görükür ki" ifadəsi həm baş cümlə, həm də cümlə ara söz kimi anlaşıla bilər.
Bu, "görükür" sözünün leksik mənasından uzaqlaşaraq modallaşmağa doğru meyil etməsi ilə
bağlıdır, lakin tam modallaşma baş vermədiyi üçün bu cümlələr mübtəda budaq cümləli tabeli
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
870
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
mürəkkəb cümlə kimi də başa düşülə bilər. Budaq cümlələrin sadələşmə variantına nəzər salaq: 1) Bir
cavan, xoşsurət oğlan olduğun üz-gözündən görünür; 2) Qoçaq oğlan olduğun əməlindən görünür; 3)
Məndən soyumağın hərəkətindən görünür. Bu cümlələrə üz-gözündən, əməlindən, hərəkətindən sözləri
müdaxilə olunmasa, 3-cü cümlənin modallaşmağa daha çox məruz qaldığı hiss olunar.
"Hekayəti-xırs quldurbasan" əsərində divanbəyinin dili ilə verilən bir cümləyə də nəzər salaq:
"Gərəkdir, tez işi isti ikən həqiqət eləmək, amma hələ gərək bir dəftərxanaya getmək" (3, 86).
Buradakı "gərəkdir" ifadəsini mübtədası çatışmayan baş cümlə, yaxud modallıq anlayışına malik
cümlə ara söz kimi düşünmək olar. Bunun bir səbəbi də üçüncü komponentdə (amma hələ gərək bir
dəftərxanaya getmək) gərək sözünün işlənməsidir. Müəllif qeyri-millətdən olan şəxsin danışığı
şəklində qurduğu bu cümlədə modallıqla yanaşı, predikativliyin başa düşülməsinə də şərait
yaratmışdır: İşi tez, isti ikən həqiqət eləmək, amma hələ (əvvəlcə) dəftərxanaya getmək gərəkdir.
Modallıq qarışıq tipli mürəkkəb cümlələrin yaranmasına və ya əksinə, qarışıq tipli mürəkkəb
cümlələrin sadələşməsinə də şərait yaradır: 1. Doğru deyirsən, baba dərviş, amma nə əcəb olurdu ki,
bu xəbər elə bu saatda Müsyö Jordana çataydı, başımızdan olaydı (3, 65). 2. Bəhər-hal gərəkdir ki,
Şölə xanıma inandırmaq ki, Teymur ağa çəndan güclü deyil, o basdığı uşaqlar tamam çolma-çocuq
idilər, bəlkə, bu tədbir ilə dəxi Teymur ağanın vəsfi onun dilinə gəlməyə (3, 101). 3. Bu surətdə
gərəkdir ki, divlərə, ifritələrə əmr edim ki, Pariji xarab etsinlər, altını üstünə çevirsinlər ki, Şahbaz
bəy dəxi ora getmək niyyətindən düşsün, yainki Mərrix ulduzuna hökm edim ki, müsyö Jordanın
boynunu vursun ki, Şahbaz bəyi aparan olmasın (3, 59). 4.
‒ Gərəkdir ki, gələn həftənin başında
pullar hazır ola, yola düşək Molla İbrahimxəlilin hüzuruna, Xaçmaz dağlarına (3, 35).
1-ci cümlənin ümumi məzmununda mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə yerləşmişdir:
"nə əcəb olurdu" baş cümlə, "bu xəbər elə bu saatda Müsyö Jordana çataydı, başımızdan olaydı"
ikikomponentli yaxud səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə əsasında qurulmuş mübtəda budaq
cümləsidir. "Amma" bağlayıcısı vasitəsilə cümlənin ümumi məzmununa qarşılaşdırma-ziddiyyət
mənası da qatılmışdır.
Deməli, cümlədəki "amma" bağlayıcısı cümlənin tam modelini qurmaqda önəmli rola malikdir.
Əgər bu cümlədə "amma" bağlayıcısı işlənməsə, birinci komponent doğru deyirsən → doğrudur →
doğrudan da istiqamətində dəyişərək cümlə funksiyasını itirə də bilər.
Digər cümlələrdə mübtədası çatışmayan baş cümlələr (bəhər-hal gərəkdir ki, bu surətdə gərəkdir
ki, gərəkdir ki) həm də modallıq anlayışına malik olmaqla, ardınca gələn zəncirvari qarışıq tipli
mürəkkəb cümləyə sahib olmuşdur.
Cümlənin qrammatik yükünü baş üzvlər daşısa da, semantik yükünü akktuallaşmış üzvlər daşıyır.
Cümlənin modallaşmağa doğru transformasiyasında isə məhz aktuallaşma mühüm rol oynayır.
AZƏRBAYCAN DİLİNİN SEMANTİKASININ ASPEKTLƏRİ
(POLİSEMİYA VƏ OMONİMİYA)
Günel ALLAHVERDİYEVA
Bakı Slavyan Universiteti
al_gunel@mail.ru
AZƏRBAYCAN
Dilin əsas funksional-struktur vahidi olan söz, müxtəlif semantik çalarlara malikdir. Hər hansı bir
dildə sözlərin leksik-semantik inkişafı və funksionallaşması milli dilin daxili zənginliyini əks etdirən
hadisələrdən biri kimi təzahür edir. Dildə hər hansı əşya, hadisə, əlamət adı olan bir sözdən başqa
əşya, hadisə, əlaməti əks etdirmək üçün də istifadə olunur. Eyni zamanda, nəzərə almaq olar ki, “dildə
olan sözlər sistemin ünsürləri kimi bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqə və
münasibətdədir” [2, 5]. İ.Məmmədovun bu fikri onu təsdiqləyir ki, sözlərin leksik-semantik inkişafı
digər sözlərlə sintaktik əlaqədə meydana çıxır. Burada daha çox nəzərə çarpan sözlərin semantik əhatə
dairəsi əldə etməsidir. Eyni zamanda, çoxmənalılıq da bədii üslubda özünə mühüm yer qazanır,
ekspressivlik və emosionalliq, obrazlılıq yaradan vasitələrdən biri kimi özünü göstərir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
871
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Sözlərin mənalarının dəyişməsi əsas götürülərək semasiologiyanın elmi problematik məqsədi
leksik mənanın təbiətinin müəyyənləşdirilməsi, leksik vahidlərin məna quruluşunun ayrı-ayrı leksik
ünsürlərinin qarşılıqlı münasibətinin öyrənilməsi, leksik məna tiplərinin və sözlərin məna inkişafının
qanunauyğunluqlarının müəyyən edilməsi, sinonimlik, antonimlik, çoxmənalılıq və omonimlik kimi
problemlərin üzə çıxarılması olmuşdur. Bununla yanaşı, sözlərin mənaca inkişafının etimologiya üçün
çox əhəmiyyəti olduğu halda, omonimliyin və çoxmənalılığın mahiyyətinin müəyyənləşdirilməsi
leksikologiyanın tədqiqi üçün əsas götürülə bilər. Burada isə dilin yaşadığı ictimai mühit və bu
mühitin tarixi inkişaf prosesində dəyişməsi, ilk növbədə, dilin mənaca dəyişməsinə, həm də leksik-
semantik zənginliyinə müsbət təsit göstərir.
Semantik inkişaf nəticəsində yaranan çoxmənalılıqla omonimliyi fərqləndirmək məqsədi ilə bəzi
metodik vəsaitlər də çap edilmişdir ki, bunların da tətbiqi müəyyən qədər özünü doğrultmamışdır. Bu
məsələnin şərhi ilə əlaqədar irəli sürülən fikirlərdən biri budur ki, bu kateqoriyaları fərqləndirmək
üçün çoxmənalı vahidlərin ayrı-ayrı tip və növlərini, sözlərin mümkün olan digər semantik
variantlarını öyrənmək daha düzgün olardı. Belə olduqda, omonimlərin çoxmənalı sözlərdən
fərqləndirməsi üsulunun qanunauyğunluğunu daha aydın şəkildə öyrənmək mümkün olar.
Azərbaycan dilçiliyində, çoxmənalılıqla omonimliyin fərqi məsələsi, əsasən, leksik vasitələrin
qarşılaşdırılması üsulu ilə müəyyənləşdirilir; məsələn, belə hesab edilir ki, çoxmənalı sözlərdə hər
hansı sözün ifadə etdiyi bütün mənalar, bir məna ətrafında toplaşaraq, onun müxtəlif cəhətdən məna
çalarlarını ifadə etdiyi halda, omonim olan sözlər iki və daha çox, bəzən məntiqcə yaxın – Ay (fəza
cisminin adı), ay (30 gün), bəzən də heç bir yaxınlığı olmayan – biz (I şəxs əvəzliyininin cəmi), - biz
(çəkməçilikdə işlənən alət) müxtəlif mənaları ifadə edir.
Sözlər ayrı-ayrı nitq hissələrinə aid olaraq, aralarında məna əlaqəsi mövcudsuzluğu da nəzərə
çarpa bilər. Qeyd etməliyik ki, sözlərin belə leksik-semantik inkişafı – çoxmənalılıqdan omonimliyə
keçidi sosiolinqvistik proses kimi dildaxili invariantlığı da müəyyənləşdirir. Yəni sözlər həm
intralinqvistik, həm də ekstralinqvistik amillərin təsiri ilə öz məzmununu nitq prosesində, kontekst
daxilində müəyyənləşdirir, semantik dəyişmələrə məruz qalır.
Müqayisə edək: biz (isim-alət), biz (əvəzlik); qan (isim), qan (fel) və s. bu tipli sözlərdə məna
əlaqəsi hiss olunmur: qabar (isim - şiş), qabar (fel – şişmək); gün (isim – Günəş), gün (isim – bir gün)
kimi sözlərdə isə məna əlaqəsi müəyyən dərəcədə mühafizə olunsa da müstəqilləşməyə doğru meyil də
özünü biruzə verir.
Türk dillərinin tarixi leksikologiyası haqqında yazılmış tədqiqat əsərlərindən bizə belə məlum
olur ki, bu dillərdə işlənən, geniş işləklik dairəsinə malik olan milli sözlər əsrlər boyu inkişaf etdikcə
fonetik dəyişikliyə uğrayaraq müəyyən morfonoloji quruluşa uyğunlaşmış, həmçinin müxtəlif leksik-
semantik dəyişmələrə də məruz qalmışdır. Orxon-Yenisey abidələrindən tutmuş son XVIII əsrin yazılı
qaynaqlarında da açıq-aydın hiss olunan semantik dəyişmələr bütün türk dillərinin lüğət fondunda öz
əksini tapmışdır.
Qədim türk dilində sözlərin əksəriyyəti semantik cəhətdən ümumilik ifadə edib [2, 344]. Zaman-
zaman türk dillərində çoxmənalılığa doğru inkişaf prosesi gedib və qədim türk dilində - sırf türk
mənşəli sözlər digər alınma sözlərlə sintaktik əlaqə nəticəsində yeni semantik mənalar ifadə edib.
Hesab etmək olar ki, cəmiyyət inkişaf etdikcə, yeni proseslər və anlayışlar ortaya çıxdıqca sözlərin də
yeni anlamları, işarələmə imkanları ortaya çıxır. Türk-rus dil əlaqələrinin tarixi çox qədimlərə gedib
çıxır. Bu məsələdə başlıca amil ərazi faktoru olmuşdur. Qıpçaq mənşəli polovestlərlə rusların tarix
boyu kontaktı, rusiyada çar hakimiyyəti yarandıqdan sonra türk xalqlarına təzyiqin artması, zorla
xristianlaşdırma siyasətinin aparılması, mədəni-siyasi əlaqələr bu xalqların dillərində öz izlərini
buraxmışdır.
Rusların “İqor polku haqqında” dastanında kifayət qədər türkizmlərin işlənməsi qədim tarixi
əlaqələrdən xəbər verir. Təsadüfi deyil ki, türkoloq N.A.Baskakov rus dilində işlənən 300 rus
soyadının türk mənşəli olduğunu sübut etmişdir.
Azərbaycan və rus dillərinin bir-birinə münasibətləri dil kontaktları ilə bilavasitə bağlı olan bir
məsələdir. Tipoloji və geneoloji cəhətdən fərqli olan bu dillərin ərazi, ictimai-siyasi cəhətdən tarixi
əlaqələrinin mövcudluğu nəticəsində analoji leksik-semantik xüsusiyyətlər yaranmışdır. Hər iki dilin
lüğət tərkibinin zənginləşməsində qarşılıqlı sözalma prosesi mühüm rol oynamışdır. Rus dilçiliyində
dil əlaqələri ilə bağlı müxtəlif səviyyəli tədqiqatlar aparılmışdır. İ.A.Boduen de Kurtene, L.V.Şerba,
N.S.Trubeskoyun yaradıcılığında dil əlaqələri probleminə tez-tez müraciət olunmuşdur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
872
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Çoxmənalılıq (polisemiya) geniş yayılmış semantik prosesdir. Məsələn, baş sözü Orxon-Yenisey
abidələrində insanın ən yuxarı, idarəedici bədən üzvü kimi verilsə də, həmin söz əsas olmaqla tarixi
inkişaf nəticəsində ictimai-siyasi, mədəni, əxlaqi həyatımızı bəlli edən xeyli sayda semantik
dəyişmələrə də şərait yaradaraq yeni ayrı-ayrı söz və ifadələrin yaranmasına səbəb olmuşdur. Deməli,
baş sözü leksik vahid olaraq bədən üzvünü, fizioloji termini anladan söz olmuş, sonralar ictimai,
maddi, siyasi həyatımızda gedən dəyişikliklər əsasında semantik dəyişmələrə də şərait yaratmışdır. Bu
halı da baş sözünün mənaca inkişafı, mənaca artması, genişlənməsi, dəyişməsi kimi düşünmək daha
düzgün olardı. Polisemiyanın özü də dilin semantik zənginliyini üzə çıxaran dil prosesidir.
Leksik vahid və termin yaradıcılığında Azərbaycan dilindəki baş sözü həm sadə formasında, həm
də morfoloji şəkilçilər vasitəsilə tərkiblərdə iştirak edir və leksik vahidlər yaradır, bunlar da semantik
məna zənginliyinə xüsusi təsir göstərir.
Dildəki sözlərə yalnız nominativ vahid kimiyanaşan araşdırıcılara müəyyən etirazını bildirən
İ.Məmmədov yazır: “Genetik cəhətdən çox yaxın olan dillərin belə, leksik-semantik təkamülü həm
sözün formal-fonetik həm də əşyavi-məntiqi məna istiqamətində müxtəlif yolla gedə bilər”.
Deməli, sözün semantik inkişafı bütün dil yaruslarını əhatə edərək əsasən əşyavi-məntiqi məna
istiqamətinə yönələrək yeni mənanı ifadə etməyə meyllənir. Burada sözün ilkin-dominant mənasından
uzaqlaşması, motivləşməsi halı da mümkündür.
AZƏRBAYCAN DİLİNİN CULFA ŞİVƏLƏRİNDƏ FEİLİ FRAZEOLOJİ
BİRLƏŞMƏLƏR VƏ MÜRƏKKƏB FEİLLƏR
Rəşad ZÜLFÜQAROV
AMEA Naxçıvan Bölməsi
reshadzulfugarov@yahoo.com
AZƏRBAYCAN
Danılmaz bir həqiqətdir ki, feillər dilimizin milli xüsusiyyətlərinin əsas daşıyıcılarıdır. Hazırda
dialekt və şivələrimizdə işlənən feil formalarının müasir dilçilik aspektində tədqiqi isə olduqca maraqlı
faktların ortaya çıxarılmasına imkan verir. Müasir Culfa şivələrində işlənən feillərin bir qismini feili
frazeoloji birləşmələr və mürəkkəb feillər təşkil edir. Frazeoloji birləşmələr Azərbaycan dilinə aid
dilçilik ədəbiyyatlarında sabit söz birləşmələri adlandırılır. Yəni bu birləşməni təşkil edən
komponentlər birlikdə bir leksik mənanı ifadə edir. Belə söz birləşmələri parçalandıqları zaman əsas
ifadə xüsusiyyətini itirir. Müasir Culfa şivələrində işlənən bir sıra frazeoloji birləşmələrə diqqət
yetirək.
Anası:n damağın yandırmax – Bu frazeoloji birləşmə müasir Culfa şivələrində “peşman etmək”
mənasında işlənir. Məs.: O ki həylə elədi day u:n anas:n damağın yandırmax ma: borc o:sun (Bən.)
Tütə:yin dilni içəri çəx'məx' – “Susmaq, dinməmək” mənasında işlənən bu frazeoloji birləşməyə
daha çox Culfa rayonun Gal kənd şivəsində rast gəlinmişdir. Kənd əhalisi arasında geniş şəkildə
istifadə olunur. Məs.: Bi işi bilmiyəndə gərəx' tütə:yin dilni içəri çəkəsən ki biyabır olmuyasan (G.).
Basarağı//pasarağın basmax – Bu frazeoloji birləşmə müasir Culfa şivələrində “tərəfin
saxlamaq, tərəf çıxmaq, qorumaq” mənalarında işlənir. Məs.: Sən bı qızın pasarağın çox basma ha
so:ra başa: bəla olar (Göy.).
Ürəynə dağdağa gətirməx' –Müasir Culfa şivələrində qeyd edilən frazeoloji birləşmə “qorxmaq,
narahat olmaq” mənalarında işlənir. Məs.: Ay bala hər şeydən ötrün ürəyə: dağdağa gətirmə (Sal.).
Başıaçıx qoymax –Culfa şivələrində “dul qoymaq, dul qalmaq” mənasında işlənir. Məs.: Sa:
qurban o:m mə: başıaçıx qoyma, ehdiyatdı ol (K.)
Culfa şivələrində işlənən mürəkkəb feillər də maraq doğurur. Azərbaycan dilinin dialekt və
şivələrində işlənən mürəkkəb feillərin formaları haqqında R.Rüstəmov yazır: “Azərbaycan dili dialekt
və şivələrində işlənən mürəkkəb feilləri komponentlərinin, xüsusən hansı nitq hissəsindən ibarət
olmasına görə iki qrupa bölmək olar 1) Hər iki komponenti feil olan mürəkkəb feillər 2) Birinci
komponenti ad, ikinci komponenti feil olan mürəkkəb feillər”. Qeyd etmək lazımdır ki, mürəkkəb
feillər onları təşkil edən komponentlər arasındakı leksik və qrammatik cəhətdən əlaqə nəticəsində
|