The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---73---
“Rəqsə başlayan qırmızı şölə, “dan şəfəqi”, “qucaq-qucaq ulduzlar”, “alov çırpınıb quş kimi qanad
çaldı”, “gözləri zülmət içində bir məşəl kimi alovlanırdı”, “gözlərində yuva salan qorxu”, “meşələr çalxanıb
uğuldayan bir dənizi andırırdı”, “dərə dibində canavarların gözləri çıraq kimi yanır”, “zərif bir duman içində
xumarlanan göl”, “başı üstündə gecə şərqisi oxuyan qovaq yarpaqları” və s. kimi ifadələr nəsrdə poetikanın ən
gözəl nümunələridir. Bu sətirlərdə nəsrin poeziyasını görürük. Obrazlı təhkiyə əsər boyu davam edir. Ədibin
təsvirləri onun obrazlı təfəkkürünün, lirik-poetik düşüncələrinin təzahürüdür. Bu isə ədibi bütün yaradıcılığı
boyu müşayiət edir.
“Axşam günəşi odlu bir quş kimi üfüqdə yarımdövrə vurub, qərbdəki Yasamal dalına endi”.
(Məmmədxanlı, 2013: s.57)
Ümumiyyətlə, Ənvər Məmmədxanlının dili ədəbi dilimizin bütün incəliklərini özündə əks etdirən,
yüksək ifadə xüsusiyyətlərinə malik zəngin bədii dildir. Onun yaratdığı təsvirlər rəssam fırçası ilə çəkilmiş
mükəmməl sənət əsərini xatırladır:
“Nazlı bir kəpənəyi andıran dan şəfəqi sərin və ipək qanadlarını Pərinin gözlərinə çəkir, qız ayılır,
gözləri qarşısında qızıl qanadlı bir dağ səhəri görür, sonra bu zərif kəpənək havada rəqs edərkən, qanadlarından
yerə qucaq-qucaq ulduzlar tökülür, axşama yaxın isə yorğun qanadlarını büküb qərbdəki Yasamal üzərinə
sərilir, orada batan günəşin sarı simli şüalarında çırpınıb göz qırpır, sonra yavaş-yavaş əriyib yox olurdu”.
(Məmmədxanlı, 2013: s.60)
Ədibin əsərlərindəki dil gözəlliyi bütün yaradıcığı boyu davam edir. Bütün əsərlərində olduğu kimi,
“Əfsanəli dağlar” əsərində də ifadə gözəlliyi məzmun gözəlliyi ilə həmahəngdir. Obrazlılığın yüksək bədii
ifadəsi ədibin yaradıcılığını daim ədəbi yüksəklikdə, poetizmin zirvəsində saxlayır:
“Pəri isə bu kəpənək – səhərlər arxasınca yüyürüb oynayan qayğısız bir körpə kimi idi. İndi ona elə
gəlirdi ki, günəş onu oyatmaq üçün doğur, ay ona gülümsəmək üçün göyün ortasında süzür, dağdan qopan
külək onun saçlarını oxşamaq üçün qanad açıb gəlir, dalğın gözlü axşamlar ona layla çalmaq üçün yer üzərinə
enir”. (Məmmədxanlı, 2013: s.60)
Ədibin dilindəki heyrətamiz ifadə gözəlliyi oxucunu məftun edir. Təbiətə məftunluq, dilimizin
gözəlliyinə heyranlıq yazıçı qələmindən oxucu ruhuna süzülür.
“Könlüm quşu padşahını axtaran bir dövlət quşu idi ki, nəhayət, gəlib sənin başın üstündə qanad
çaldı...” (Məmmədxanlı, 2013: s.65)
Ənvər Məmmədxanlı yaradıcılığı sinonimlər silsiləsi, təzadlı fikirlərin ifadəsi, həmcins üzvlərin
ahəngdarlığı, səslərin ahəngdar çalarları ilə obrazlılığın bütün səviyyələrdə göstəricilərini özündə əks edir.
Ədibin oxucunu dərin düşündürən yüksək məzmun gözəlliyinə malik əsərləri bədii gözəlliyi ilə oxucuya zövq
verir.
“O zaman sanki dağlar, meşələr üzərinə gümüş tozundan narın bir yağış səpələndi. Yuxarıda dağ
yalının üfüqü kəsdiyi cizgi üzərinə isə bir dəstə ağ ulduz qondu. Onlar bu ulduzları tuş tutub getdilər... ulduzlar
ürkmüş ağ göyərçinlər kimi yal belindən qopub yuxarı qalxdılar, bir-bir göy qübbəsinə sancılıb, yenə öz doğma
boşluqlarında göz qırpıb sayrışmağa başladılar”. (Məmmədxanlı, 2013: s.69)
Təbiətin möcüzəli, əsrarəngiz təsviri bütün təbii varlıqları incə detalları ilə obraza çevirir. Sənətin
qüdrətilə min naxışlı təbiət göz önünə gəlir. Poetik ifadələr, incə sözlərin ahəngi müəllifin dilində bütün əsər
boyu özünü göstərir. Hər bir obrazın daxili aləmini, incə hislərini ifadə edən sənətkar təbiətin də dilini oxucuya
çatdırır. Müəllifin qələmində canlı təbiət, qurumuş bir budaq belə böyük məna kəsb edir.
“Bir az aşağıda isə yaşıl meşəli təpələr arasına sığınmış kiçik bir dağ gölü sınmış ayna kimi ay işığında
bərq vururdu. Elə bil ulduzlar onun üzünə gümüş pərəkli bir duvaq salmış, başı üstündə yüksələn heybətli
dağlar keşiyində dayanmış, sahilində cərgələnmiş şümşad qamətli ağaclar əsrlik tamaşasına durmuşdu”.
(Məmmədxanlı, 2013: s.70)
Ənvər Məmmədxanlı yaratdığı incilərlə təkcə obrazlarına, əsərlərinə deyil, özünə də əzəmətli heykəl
qoymuşdur. O, yaratdığı obrazların dili ilə, yaratdığı obrazlara münasibətilə sənətkar qəlbinin lirik-emosional
hislərinin ifadəsini əks etdirmiş, əsrlərin sinəsini oxucuya açıb, göstərmişdir. Onun övladları yaratdığı
əsərləridir. Ədibin doğum gününün məhz 29 fevral tarixinə düşməsi də taleyin insan ömrünə vurduğu naxışdır.
Özünəməxsus yaradıcılıq dəst-xətti olan Ənvər Məmmədxanlı yaradıcılığı yaşayıb yaratdığı dövrdə
olduğu kimi, indi də geniş oxucu kütləsi tərəfindən sevilir və seviləcəkdir. Onun vətənpərvər soykökü, atasının
milli təəssübkeşliyi Sovetlər dönəmində ailəni nə qədər təqibə məruz qoysa da, ədibin yaradıcılıq qüdrətinə
heç bir kənar qüvvə mane ola bilməmişdir. Əbədi oxucu — tamaşaçı sevgisi əbədiyyətə qovuşan sənətkar
ömrünə əsl mükafatdır.
Ənvər Məmmədxanlının mənəvi zənginliyinin ucalığı bugünkü yazarların idealı olmalıdır. Hər kəs
dilində, üslubunda, yazı mədəniyyətində onun yaradıcılığından öyrənməli, ondan örnək götürməlidir. Onun
əsərləri gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayan sənət nümunələridir.