Açar sözlər: yaradıcılıq, hekayə, nəsr, poetizm, obrazlı təhkiyə
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də xalq yazıçısı Ənvər
Məmmədxanlıdır. Onun şərəfli yaradıcılıq yolu özünəməxsus orijinal bədii nümunələrlə, roman, povest,
hekayə, tərcümələrlə və s. işıqlanmışdır.
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 29-da Göyçay şəhərində dünyaya göz açmışdır. Onun həyat
yolu zəngin fəaliyyət dairəsi ilə seçilir. Ədib müxtəlif sahələrdə çalışsa da, yaradıcılıq fəaliyyətini daima ön
plana çəkmişdir. Onun Azərbaycan nəşriyyatında tərcüməçi, “Azərbaycanfilm” kinostudiyasında ssenari
şöbəsinin rəisi, daha sonra isə həmin şöbənin baş redaktoru vəzifəsində çalışmağı bilavasitə yaradıcılıq yolu
ilə həmahəng səsləşir.
Ölməz sənətkar II Dünya müharibəsi dövründə geniş fəaliyyət proqramı ilə ədəbiyyat və
incəsənətimizi zinətləndirmişdir. O, cənub-qərb cəbhəsində “Qızıl ordu” cəbhə qəzetinin Azərbaycan
redaksiyasının xüsusi müxbiri kimi Stalinqrad, Şimali Qafqaz cəbhələrində, 416-cı diviziyada fəaliyyət
göstərmişdir.
1943-44-cü illərdə Azərbaycan Radio verilişləri Komitəsində redaktor kimi çalışmışdır. Həm Qafqaz
cəbhəsində, həm də hərbi xidmətə göndərildiyi İranda ədəbi fəaliyyətini davam etdirərək “Vətən yolunda”
(“Təbriz”) qəzeti redaksiyasında işləmişdir. Müharibədən sonra isə o, yenidən “Azərbaycanfilm”
kinostudiyasında fəaliyyətini davam etdirmişdir.
Yazıçı ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır. Onun qələmə aldığı “Şərqin səhəri” əsəri
oxucular tərəfindən sevilməklə yanaşı, o zamankı yüksək mükafata — SSRİ Dövlət mükafatına layiq
görülmüşdür.
Müharibə dövründə ədibin yaradıcılığı orijinal üslubu ilə seçilirdi. O, təkcə “Buz heykəl” əsəri ilə
özünə oxucu qəlbində əbədi heykəl qoydu. Onun “Analar yollara çıxdılar”, “Silahlı dağlar”, “Qərb
cəbhəsindən məktub “, “Qanlı möhür”, “Haralısan, əsgər qardaş”, “Od içində” və s. əsərləri müharibə illəri
yazdığı ən yaxşı əsərlərdəndir.
Ə.Məmmədxanlının ədəbi yaradıcılığı öz dil və üslubuna görə fərqlənir. Ədibin əsərlərində təbiət
təsvirləri o qədər canlı, bədiilik baxımından ifadəlidir ki, oxuyan hər kəs sanki təsvir olunanları öz gözləri ilə
görür. Bu əsərlərdə yurdumuzun təbii gözəllikləri, müharibənin dəhşətləri, cənublu soydaşlarımızın acı həyatı
öz əksini tapmışdır.
Ədibin yaradıcılıq üslubunda dil gözəlliyi heyranedicidir. Onun əsərlərində təbiət gözəlliyinin təsviri
bənzərsizliyi ilə seçilir. “Qızıl qönçələr” hekayəsində sanki rəssam fırçası ilə çəkilmiş lövhələr son dərəcə
canlı və təbii görünür. Eləcə də təbiət təsvirlərinin insan portretləri ilə həmahəng uyğunluğu mövzunun təsir
gücünü daha da artırır. ”Buz heykəl” əsərində ana fədakarlığına qoyulan əbədi heykəl nə zamandır ki, oxucu
qəlbini riqqətə gətirir.