Atropin-sulfat (Atropini Sulfas). A siyahısına daxildir. Poroşok halında, 0,5 mq dozada tablet şəklində1%-li göz məlhəmi şəklində, 0,1 %-li məhlulu 1 ml-lik ampullarda və şpristubiklərdə buraxılır.
Atropin gözün əlvan qişasının dairəvi əzələlərinin tonusulnu azaldaraq göz bəbəklərini genişləndirir. Onun bu təsirindən göz dibinin müayinəsində göz bəbəklərini genişləndirmək məqsədilə istifadə edilir (1%-li məhlul və ya məlhəm şəklində). Preparatın təsiri 7-8 gün davam edir.
Göz bəbəkləri genişləndikdə gözün daxili təzyiqi də yüksəldiyi üçün atropini və digər M- xolinoblokatorları qlaukoma zamanı təyin etmək əks göstərişdir.
Atropin daxili üzvlərin saya əzələlərinə spazmolitik təsir göstərir. Ona görə də ondan mədəyə bağırsaq spazmlarında, xolesistitdə, öddaşı xəstəliyində, sidik axarlarinin və sidik kisəsinin spazmlarında, böyrək və qaraciyər sancılarında, bağırsağın spastik keçməməzliyində, bronxların spazmında (bronxial astma tutmalarında) geniş istifadə olunur. Atropin azan sinirin ürək fəaliyyətinə göstərdiyi tormozlayıcı təsiri blokadaya alaraq ürək döyüntülərini tezləşdirir. Onun bu təsirindən bradikardiyada (ürək yığılması tezliyinin azalması) və atrioventrikulyar blokada zamanı istifadə edilir.
Mədə və onikibarmaq bağırsaq xoralarında və hiperasid. qastritdə (mədənin selikli qişasının - turşuluğun artması ilə müşayiət olunan iltihabı) atropin-sulfatın təyin edilməsi nəticəsində bir tərəfdən mədə və onikibarmaq bağırsaqda baş verən spazmlar və bu spazmlarla bağlı olan ağrılar aradan götürülür, digər tərəfdən isə mədənin şirə ifrazı zəifləyir və turşuluğu azalır.
Mədənin şirə ifrazını zəiflətmək üçün atropin-sulfat adətən antasid (anti — əleyhinə, acidum - turşu) maddələrlə (maqnezium-oksid, alüminium-hidroksid və s.) birlikdə təyin edilir .
Daxilə gündə 2-3-dəfə tablet şəklində (0,5 mq dozada) və ya 0,1 %-li məhlulundan 5-8 damcı təyin edilir. Parenteral yolla (dəri altına, əzələ daxilinə, venaya) 0,1%-li mahlulundan 0.25-0,5 ml yeridilir.
Göz təcrübəsində atropindən 0,5-1 %-li göz damcısı və məlhəmi şəklində istifadə edilir.
Atropin bir sıra əlavə təsirlərə malikdir. Onun tətbiqi zamanı ağızda quruluq əmələ gəlir, göz bəbəyi genişlənir, taxikardiya, fotofobiya (işıqdan qorxma), sidik ifrazının azalması (sidik kisəsi tonusunun zəifləməsi nəticəsində), görmənin pisləşməsi, qəbizlik və s. baş verir.
Atropinlə kəskin zəhərlənmə zamanı bu əlamətlər özünü daha qabarıq şəkildə biruzə verir. Aropinlə zəhərlənmənin ağır hallarında temperatur yüksəlir, psixi və hərəki oyanıqlıq baş verir, şüur dumanlanır. Xəstədə görmə və eşitmə halliüsinasiyaları əmələ gəlir, ətrafdakıları tanımır. Daha ağır hallarda qıcolma tutmaları baş verə bilər. Tənəffüs mərkəzinin iflici ölümə səbəb olur.
Atropinlə zəhərlənmə zamanı mədə zond vasitəsilə 0.05(0,1 %-li kalium-permanqanat, yaxud taninin məhlulu ilə yuyulur, aktivləşdirilmiş kömür, işlədici duzlar və atropinin funksional antaqonistləri (antixolinesteraz maddələr) təyin edilir, lazım gəldikdə süni tənəffüs verilir. Qana sorulmuş zəhərin orqanizmdən xaric olması üçün hemosorbsiyadan və sürətləndirilmiş diurezdən istifadə edilir.
Atropinlə zəhərlənmə zamanı aseklidindən istifadə edilməsi lazımi nəticə vermir. Bu, M- xolinoblokatorlarla m-xolinomimetik maddələr arasında birtərəfli antaqonizmin olması ilə əlaqədardır. M-xolinoblokatorlar m-xolinomimetik maddələrin orqanizmdə törətdiyi funksional dəyişiklikləri aradan qaldıra bildiyi halda m-xolinomimetik maddələr M-xolinoblokatorların təsirini yox edə bilmir.
Dostları ilə paylaş: |