Yerli anesteziyaedici dərman maddəsi xassələrinə görə bir sıra tələblərə cavab verməlidir:
anesteziyaedici təsiri güclü və kifayət qədər uzunmüddətli olmalıdır;
toksiki təsiri mümkün qədər zəif olmalıdır;
toxumalara qıcıqlandırıcı təsir göstərməməlidir;
sterilizasiya zamanı parçalanmamalıdır;
yeridildivi (və ya sürtüldüyü) nahiyədən sorulmamalıdır.
Benzokain (Anestezin) və benzofurokain istisna olmaqla bütün anesteziyaedici maddələr suda həll olan xlorid duzları şəklində buraxılır. Anesteciyaedici təsirin yaranması üçün bu duzlar hidrolizə uğramalı və preparatın təsiredici maddəsi sərbəst şəklə keçməlidir (bunlar isə qeyd edildiyi kimi yağlarda yaxşı həll olurlar).
Səthi və ya terminal anesteziya. Bu növ anesteziya anesteziyaedici maddənin selikli qişada (gözün, burunun, udlağın və s.) və yara səthində tətbiq edilməsi nəticəsində əldə edilir. Bu zaman anesteziyaedici maddə selikli qişada, yaxud yara səthində yerləşən reseptorları blokadaya alaraq oyanmanın əmələ gəlməsinə mane olur və nəticədə müvafiq nahiyədə hissiyyat itir.
Səthi anesteziyadan göz təcrübəsində (məsələn, gözün buynuz təbəqəsindən yad cisimlərin kənar edilməsində), otolarinqologiyada (burunun, udlagın və s. selikli qişasında cərrahi əməliyyatlar aparıldıqda), müxtəlif yara və yanıqlarda (onları ağrısızlaşdırmaq məqsədilə) və digər bu kimi hallarda istifadə edilir.
Yerli anesteziyaedici maddə selikli qişadan və zədələnmiş dəridən qismən qana sorularaq orqanizmə ümumi toksiki təsir göstərə bilər. Bu zaman tətbiq edildiyi nahiyədə preparatın | konsentrasiyası azaldığı üçün onun təsir müddəti də qısalır. Qana sorulmasının qarşısını almaq və təsir müddətini uzatmaq üçün yerli anestetiklərin məhlullarına damardaraldıcı maddələr, məsələn, epinefrin (Adrenalin), fenilefrin (Mezaton) və s. əlavə edilir.
Dostları ilə paylaş: |