§ 22. Meşə fondu torpaqları və meşələrin hüquqi rejiminin əsasları
Hüquqi rejimi həm torpaq, həm də meşə qanunvericiliyi ilə müəyyən olunan meşə fondunun torpaqları
ölkəmizin vahid torpaq fondunun xüsusi kateqoriyasını təşkil edir.
Hazırda qüvvədə olan Torpaq Məcəlləsinə görə, meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulumuş meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab olunur. Azərbaycan Respublikası ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə
fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.
Onun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir. Torpaqların
meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə və torpaq qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin
bərpası üçün nəzərdə tutulmuş (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş
ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir.
Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı
torpaqları, meşə mərzləri, yollar altında qalan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri
daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa
torpaq sahələri) aid edilir.
Meşə fondu sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq
sahələri aid olub, onun sərhədləri meşə təsərrüfatı işarələri ilə naturada nişanlanmalı və plan-xəritə
materiallarında (meşə xəritələrində) göstərilməlidir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə
torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsi ilə müəyyən
edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Həmin Məcəllədə nəzərdə
tutulmamış hallarda isə meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin
normaları tətbiq edilir.
Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin,
meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.
Meşə fondu torpaqlarının meşə fondunun tərkibinə daxil edilməsi torpaqların və meşələrin hüquqi
rejiminin bir sıra elementlərinin eyniliyini əvvəlcədən müəyyən edir. İlk növbədə bu həmin obyektlərə
mülkiyyət hüququna aiddir.
Qanunvericiliyə görə, meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun
torpaqları özəlləşdirilmir. Lakin, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində
yerləşən ağac-kol bitkiləri, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, onların xüsusi mülkiyyətinə aid
edilir. Həmin ağac-kol bitkiləri üzərində sahiblik, istifadə və sərəncam hüquqları da mülkiyyətçi tərəfindən
həyata keçirilir.
Meşə qanunvericiliyinə görə, meşə fondu sahələrinə aşağıdakı hüquq növləri müəyyən edilmişdir: