80
Torpaq sahələrinə hüquqlara xitam verilməsinə növbəti əsas onların dövlətin və bələdiyyənin ehtiyacları
üçün alınmasıdır (torpaq pulu).
Dövlətin və bələdiyyənin ehtiyacları üçün torpaq sahəsi onun mülkiyyətçisindən satınalma yolu ilə də
alına bilər. Həmin sahənin kimin ehtiyacları üçün alındığından asılı olaraq satınalmanı dövlətin və ya
bələdiyyənin vəkil edilmiş orqanı həyata keçirir.
Torpaq sahəsinin dövlət və ya bələdiyyə ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra
hakimiyyəti orqanı qəbul edir və bu qərar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.
Həmin qərarı qəbul etmiş icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı
bildiriş göndərməlidir.
Torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün satınalma qiyməti, satınalmanın müddətləri və
digər şərtlər sahənin mülkiyyətçisi ilə razılaşdırılır və bu razılaşmaya dövlətin və ya bələdiyyənin alınan sahə
üçün satınalma qiymətini ödəmək öhdəliyi də daxil edilir. Bu qiymət müəyyən edilərkən
ora torpaq sahəsinin və
orada olan daşınmaz əmlakın bazar dəyəri, torpaq mülkiyyətçisinə dəyən bütün zərər,
o cümlədən, əldən çıxmış
fayda da daxil olmaqla, onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə
əlaqədar düşdüyü zərər daxil edilir. Bu zaman razılaşmaya əsasən mülkiyyətçiyə dövlət və ya bələdiyyə
ehtiyacları üçün alınan
sahənin əvəzinə, dəyəri satınalma qiymətinə daxil edilməklə başqa torpaq sahəsi verilə
bilər.
Torpaq mülkiyyətçisi onun sahəsinin dövlətin və ya bələdiyyənin ehtiyacları üçün alınması haqqında
çıxarılmış qərarla razılaşmadıqda və ya onunla satınalma qiymətləri və digər satınalma şərtləri barəsində heç bir
razılaşma əldə edilmədikdə, bu qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı məhkəməyə bu
torpaq
sahəsinin alınması haqqında iddia verə bilər. İddia ərizəsi qərar qəbul etmiş icra hakimiyyəti orqanı tərəfindən
yazılı bildirişin torpaq mülkiyyətçisinə göndərildiyi gündən bir il ərzində verilə bilər.
Torpaq sahəsinin mülkiyyətçisi dövlətin və ya bələdiyyənin ehtiyacları üçün sahənin alınması haqqında
qərarın qəbul edildiyi andan həmin sahənin satın alınması haqqında razılaşmanın əldə olunduğu və ya məhkəmə
qərarının qəbul edildiyi vaxta qədər bu sahəyə sahibliyi, ondan istifadəni
və ona dair sərəncam vermək
hüququnu həyata keçirə bilər və sahəyə onun məqsədli təyinatına uyğun istifadəni təmin edən lazımi xərcləri
çəkə bilər.
Torpaq sahəsinin satınalma qiymətinin müəyyənləşdirildiyi zaman kəsiyində bu sahədə yeni binaların və
qurğuların tikintisi, köhnələrinin genişləndirilməsi və yenidən qurulması ilə əlaqədar çəkilmiş məsrəflərin və
zərərin torpaq mülkiyyətçisinə aid edilməsi riski onun öz üzərinə düşür.