§4. QƏDİM MİSİR MƏDƏNİYYƏTİ
Misirdə yazı e.ə. IV minilliyin sonlarında meydana çıxmışdır.
Müxtəlif dövrləri əks etdirən Misir yazı abidələri indiyə qədər
qalmaqdadır. Misirdə də ilk yazı növü şumerlərdə olduğu kimi
piktoqrafiya, yəni şəkli yazı olmuşdur.
Burada yazılar əsasən papirus üzərində cızılırdı ki, bu da onlar
üçün kağızı əvəz edirdi. Yazı “lövhəsi” düzəltmək məqsədilə
misirlilər papirusun qabığını hissə-hissə kiçik zolaqlarla kəsir, sonra
onları sıra ilə bir-birinə yapışdırırdılar.
Papirus hissələrinin uzunluğu bəzən 40 metrə çatırdı. Yazılmış
papirusu burur və iplə bağlayırdılar.
Misir yazısı qarışıq yazı hesab olunur. Bu yazıda 700 işarə ilə
yanaşı, 21 heroqlif də vardır ki, onlar ayrı-ayrı hərfləri ifadə edirlər.
Misir yazılarını ilk dəfə 1822-ci ildə fransız alimi Şampolon
oxumuşdur.
Misir yazısını öyrənmək olduqca çətin idi. Məktəbdə oxuyan
şagirdlər sərbəst və asan yazmağı 5-6 il müddətinə öyrənirdilər.
Təlim prosesində şagirdləri müxtəlif şəkildə cəzalandırırdılar.
Baxmayaraq ki, məktəblərdə oxuyanlar var-
21
lıların və adlı-sanlı adamların övladları idi, mirzəlik çox hörmətli
sənət hesab olunduğundan valideynlər bu münasibətə (övladlarının
mirzələr tərəfindən cəzalandırılmasına) pis yanaşmırdılar.
Papiruslardan olan Misir dəftərlərinin kənarlarında çox vaxt belə bir
atalar sözü yazılırdı: “Uşağın qulaqları belindədir, ancaq döyüldüyü
zaman qulaq asır”.
Misir yazı sistemi təkmilləşdikcə, onun dil quruluşu da
minilliklər ərzində dəyişmişdir. III-VII əsrlərdə qədim Misir dili artıq
ölü dillərdən hesab olunurdu. Həmin dövrdə Misirdə çipti dilindən
istifadə olunurdu.
Bildiyimiz kimi, VII əsrdən başlayaraq ərəb dili yayılmağa
başlanmışdır (İslamla bağlı). Hazırda Misir ərazisində dörd milyon
yerli çipti yaşayır. Onlar xristian olsalar da, ərəb dilində danışır,
ancaq öz ibadətlərini çipti dilində edirlər.
Qədim Misirdə bədii ədəbiyyatın əsasında şifahi xalq
yaradıcılığı dayanır. Ən qədim əsərlər e.ə. V minilliyə aiddir. Qədim
misirlilər üç min il ərzində müxtəlif janrlarda zəngin bədii ədəbiyyat
nümunələri yaratmışlar. Şifahi xalq yaradıcılığına daxil olan nağıllar
əsasən əkinçi həyat tərzini, dünyagörüşünü əks etdirırdi. Belə
nağıllarla yanaşı fironlar və əyanlara həsr edilmiş nağıllar da geniş
yayılmışdı. Fironlar üçün onların sevdiyi nağıllar yazılırdı və adətən
mumiya ilə birlikdə sərdabələrinə qoyulurdu. Qədim misirlilər nağıl
vasitəsilə müdrikliyi, humanistliyi tərənnüm edir, sadə insanların
əqlini, mübarizliyini, dönməzliyini göstərməyə çalışırdılar. Belə
nağıllardan “Gəmi qəzasına uğrayan adam”, “Düz və əyri haqqında
nağıl”, “Firon Xufu və cadugərlər”, “İki qardaş haqqında nağıl” və s.
göstərmək olar.
Qədim misirlilər təbiətdə və insan həyatında olan hadisələri
dini ideologiya ilə izah edirdilər. Misirlilərin ölən və yenidən dirilən
təbiət allahı hesab etdikləri Osiris haqqında əfsanə bu baxımdan
səciyyəvidir.
22
Orta və Yeni səltənət dövründə ədəbiyyatda mövcud dövlət və
ictimai quruluşu müdafiə edən nəsihətlərə təsadüf olunur. Belə
nəsihətlərdə sosial ziddiyyətlər, yuxarıların aşağıdakılara münasibəti,
xalq üsyanlarının xoşagəlməz nəticələri və s. öz əksini tapır. Bu
nəsihətlərə misal olaraq, “Heraklopol hökmdarı Axtoyun oğlu
Merikaya nəsihəti”, “I Amenemxetin nəsihəti”, “Duauf oğlu Axtoyun
nəsihəti”, “İpuserin kəlamı”, “Nefertifin nəsihəti” və s. göstərə
bilərik.
Sinifli cəmiyyətin meydana çıxması ilə bağlı incəsənət firon
hakimiyyətinin güclənməsinə xidmət etməyə başladı.
Qədim Misir memarlağlında dinin təsiri aydın hiss olunur.
Ehramların klassik nümunəsi Sakkarada təmsil olunmuşdur.
Buradakı pilləli ehram firon Coserə həsr olunmuşdur. IV sülalə
fironlarından Xufu (hündürlüyü 147 m.), Menkauha (hündürlüyü 6
m.), Xafra (hündürlüyü 140 m.) gözəl ehramlar tikdirmişlər.
Məbədlərin divarlarında ilahiləşdirilmiş firon həyatı ilə yanaşı sadə
insanların, məsələn, dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn
mərasimləri və s. təsvirlər həkk olunmuşdur.
Yeni səltənət zamanında incəsənət və memarlıq özünün daha
yüksək inkişaf dövrünü yaşayır. Belə ki, qayalar yarılıb yeraltı dəfn
sərdabələri yaradılır. Məsələn, I Setinin yeraltı sərdabəsində yüzdən
çox otaq vardır. Ən əzəmətli memarlıq nümunəsi Fivadakı (Karpak
və Lüksorla) Ason məbədi hesab olunur. Bu məbədin böyük salonu
16 cərgədə ucaldılmış 134 sütundan ibarət imiş. Həmin salonun 12
mərkəz sütununun hündürlüyü 21 metr imiş. Salonun sahəsi isə 5
min kv/m-dən çox imiş.
Misir memarlığının əsas sahəsini heykəltəraşlıq təşkil edirdi.
Bütün məbəd və saraylar heykəllərlə dolu olmuşdur. Əsasən misir
allahlarından və fironlardan ibarət olan bu heykəllər içərisində sadə
insanlara həsr olunmuş heykəllər də var idi.
23
Dini təsəvvürlər Misirdə cəmiyyətin bütün təbəqələrində özünü
göstərdiyi kimi, mədəniyyətdə də izini qoymuşdur. Qədim misirlilərin
ideologiyasını din təşkil edirdi. Dini təsəvvürlərin sadə formaları-
fetişizm (əşyalara sitayiş) və totemizm (heyvanlara sitayiş) qədim
Misir tarixində mövcud olmuşdur. Misirdə dini sistem getdikcə
inkişaf edərək Yeni səltənət dövründə daha da mükəmməlləşdi.
Allahlar haqqında təsəvvürlər müxtəlif təbiət qüvvələrinin və ictimai
hadisələrin təcəssümü kimi yaranmışdı. Dini təsəvvürlərin əsasında
yerli, vilayət və ümummisir ibadətgahları möhkəmlənirdi.
Misirin ən qədim dövründə əcdadlara və mərhumlara ibadət
mövcud olmuşdur. İbadətdə də təbəqələşmə özünü göstərirdi. Zaman
keçdikcə Misirdə ibadətin məzmun və forması dəyişir.
Qədim misirlilər fironun şəxsiyyətini ilahiləşdirmişdilər.
Əvvəlcə onu allahın oğlu, daha sonra isə allah adlandırdılar. Firona
kainatın allahı kimi sitayiş və ibadət olunurdu. İncəsənətdə də
hökmdarın allah oğlu olması fikri təbliğ edilirdi. Firona ibadət üçün
məbədlərdə xüsusi otaqlar təşkil olunmuşdu. Bu otaqlara “böyük ev”
adı verilmişdi. XVIII sülalə zamanı “firon” sözü artıq hökmdar
mənasında işlənirdi.
Dinin bu şəkildə təsirinə baxmayaraq, bu dövrdə insanlarda
“bilik” haqqında təsəvvürlər də mövcud idi. Məktəblər fəaliyyət
göstərir, verilən biliklər tətbiqi mahiyyət kəsb edirdi. Misirlilər hesab
və həndəsə sahəsində sadə biliklərə malik idilər. Biliklər zəruri
təlabatdan yaranırdı. Riyaziyyatda ən böyük müvəffəqiyyət onluq
say sisteminin yaradılması idi. Yazıda 1, 10, 100, 1000, 10000,
1000000 kimi işarələrdən istifadə olunurdu.
Astronomiyada da bəzi nailiyyətlər qazanılmışdı. Belə ki, artıq
misirlilər planeti ulduzdan fərqləndirirdilər. Bu, onların ulduzlar
haqda tərtib etdikləri ilkin xəritədən də
24
görünür. Onlar xüsusi təqvim yaradaraq ili hər bir ayı 30 gündən
ibarət olan 12 aya bölmüşdülər. İl 365 günə bərabər idi. Misir təqvim
ili tropik ildən dörddə bir sutka geri qalırdı. Bu fərq 120 ildə bir aya
bərabər olurdu.
Su və günəş saatlarının ixtirası da misirlilərin nailiyyətləri
sırasına daxil idi.
Təbabət də digər elm sahələrindən geridə qalmırdı. Bəzi
xəstəliklərin müalicəsi müəyyənləşdirilmişdi. Həkimlər insan
anatomiyası ilə bağlı tədqiqatlar aparırdılar.
Misir Qədim Şərqin inkişaf etmiş mədəniyyət mərkəzlərindən
biri hesab olunurdu. Sivilizasiyaya uyğun dövlət sistemi,
iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min il ərzində öz
mövcudluğunu qorumuş və digər ölkələrə də təsirini göstərmişdir.
Misir Qədim Şərqdə ən uzunömürlü dövlətlərdən biri olmuşdur.
Dostları ilə paylaş: |