Dərs vəsaiti Naxçıvan Dövlət Universitetinin


ORTA ƏSR MÜTƏFƏKKİRLƏRİ İNSANIN



Yüklə 188,31 Kb.
səhifə6/11
tarix17.05.2023
ölçüsü188,31 Kb.
#115585
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11
Drs vsaiti Orta sr Azrbaycan mutfk

II FƏSİL

ORTA ƏSR MÜTƏFƏKKİRLƏRİ İNSANIN


MƏNƏVİ TƏKAMÜLÜNDƏ MÜHİTİN VƏ TƏRBİYƏNİN ROLU HAQQINDA
2.1. Orta əsr mütəfəkkirlərinin insanın formalaşması prosesində mühitin rolu ilə bağlı fikirləri
İnsan şəxsiyyət kimi doğulmur. İnsanın fərdi inkişafı, ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən və istehsal münasibətlərindən asılıdır. İnsan ancaq sosiallaşma prosesində və başqa insanlarla qarşılıqlı əlaqədə şəxsiyyətə çevrilir. Qeyd edək ki, insanın mənəvi, sosial və psixi inkişafı cəmiyyətdən kənarda baş verə bilməz. Elmə məlum olan faktlara görə 15 uşağı canavara, 15 uşağı ayıya, 1 uşağı isə bəbirə və qoyuna əmizdirmişlər, nəticədə onlar insan ola bilməmişlər (53, 83).
Tədqiqatçıların fikrincə, insan, təbii olaraq insan olmaq imkanları ilə doğulur. Bu imkanlar isə ictimai mühitin, eləcə də tərbiyənin təsiri ilə aşkarlanır və inkişaf edərək formalaşır. İnsanın inkişafına ictimai mühitin konkret təsirini müəyyənləşdirmək üçün Şərqdə bəzi eksperimentlərdə aparılmışdır. Belə ki, hind şahzadəsi əslən türk nəslindən olan Əkbər saray alimləri ilə mübahisə zamanı insanın formalaşması üçün doğulandan ictimai mühitdə, yəni ki, insanlar arasında yaşamasının zəruriliyi fikrini iddia etmişdir. Lakin alimlərdən bəziləri buna etirazını bildirmişdir. Bu zaman o, öz fikrini sübut etmək məqsədi ilə belə bir eksperiment aparmışdır. O, bir neçə Hind, Çin, Benqal uşağını anadan olan kimi valideynlərindən almış və onları sarayda bağlı zindanlara salmış, uşaqları insani mühitdən kənar etmişdir. Uşaqlar burada böyümüşlər. Yeddi yaşları tamam olandan sonra onlara baxmağa getmişlər. Bu zaman uşaqlar danışa bilməmiş, yalnız heyvani səslər çıxarmışlar. Beləliklə, sübut olunmuşdur ki, insan övladının insan kimi formalaşması üçün ona mütləq ictimai mühit lazımdır.
Müşahidələr nəticəsində müəyyənləşdirilmişdir ki, iqtisadi və mədəni inkişafın ən aşağı pilləsində duran xalqlara məxsus körpə uşaqlar yüksək mədəni şəraitdə təlim və tərbiyə aldıqda, onlarda qabiliyyətlər inkişaf edir
(1, 177).
Qeyd edək ki, şəxsiyyətin inkişafına təsir edən amillərdən biri də mühitdir. Mühit geniş anlayışdır. Belə ki, insan şəxsiyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərən bütün xarici amillər mühit anlayışına daxil edilir. Təbii cisim və hadisələr, ictimai hadisələr, ictimaiiqtisadi münasibətlər, siyasi və ideoloji mühit, məişət, maddi və mənəvi mədəniyyət və s. bunların hamısı mühit anlayışına aiddir. Ətraf mühit insanın şəxsiyyət kimi, formalaşmasına xeyli təsir göstərir.
Bildiyimiz kimi, hər bir ölkənin daxili şəraiti ilə yanaşı xarici vəziyyəti, yəni başqa ölkələrlə münasibəti vardır. Mühit insanın da qarşısında müəyyən sosial, iqtisadi və siyasi vəzifələr qoyur. Həmin vəzifələr insanın xarakterinə və şəxsiyyətinə müvafiq təsir göstərir.
İnsan şəxsiyyətinin inkişafına təsir göstərən mühit iki qrupa bölünür:
1.Sosial mühit;
2.Təbii mühit.
Qeyd edək ki, sosial mühit anlayışı ictimai quruluşu, istehsal münasibətlər sistemini, maddi həyat şəraitini, eləcə də istehsal və sosial proseslərin baş vermə xarakterini əhatə edir (53, 83).
Belə ki, sosial mühit daim dəyişir və yeniləşir. Bu mühitdə isə insan passiv deyil, fəaliyyətdədir və fəaliyyət prosesində hər zaman öz mühitini dəyişdirir.
Sosial mühit əlverişli qurulduqda və tənzim edildikdə şəxsiyyətin təbii imkanlarının açılmasına, inkişaf etməsinə şərait yaranır. Xüsusilə də neçə-neçə rəssamlıq, memarlıq və musiqi qabiliyyəti olan insan adi ömür yaşayır. Ona görə ki, istedad və qabiliyyət sosial şəraitdə inkişaf üçün imkan tapmadığından qapalı qalır.
Sosial şəraitin (geniş və işıqlı mənzil, uşaqlar üçün xüsusi guşə, pulsuz təhsil almaq üçün məktəb və yazı ləvazimatı, asudə vaxtın düzgün təşkili üçün şərait, qabiliyyət və istedadı inkişaf etdirəcək stadion, dərnək, klub və s.) təmin olunması insanın normal inkişafına, xüsusən də tərbiyə işinin düzgün qurulmasına böyük təsir göstərir (49,
25).
Qeyd edək ki, kiçik və məktəb yaşlı uşaqların inkişafına ailə mühiti güclü təsir göstərir. Belə ki, ailə uşaqların maraqlarının və tələbatlarının həyata keçməsi üçün əlverişli şərait yaradır. Ona görə də şəxsiyyətin əxlaqi və sosial keyfiyyətinin əsası ilk dəfə ailədə qoyulur (43, 40). Onu da qeyd edək ki, ərazinin relyefi, fauna və florası, havanın tərkibi və təzyiqi şəxsiyyətin inkişafına, xüsusən mənəvi cəhətdən yetkinləşməsinə əhəmiyyətli təsir göstərir.
İnsanın inkişafına mühitin, yoxsa irsiyyətin daha çox təsir göstərməsi ilə bağlı tədqiqatçılar arasında vahid fikir yoxdur. Belə ki, biogenetiklər irsiyyətə, sosiogenetiklər isə mühitə üstünlük verirlər. Bəzi tədqiqatçılar isə şəxsiyyətin inkişafına mühit və irsiyyətin təsirinin dəqiq kəmiyyət nisbətini müəyyən etməyə cəhd göstərmişlər. Bu zaman isə çox ziddiyyətli nəticələr alınmışdır.
Məlum olmuşdur ki, ayrı-ayrı insanların inkişafında irsiyyət və mühitin təsir rolu eyni deyildi. Ona görə ki, buraya təbii mühit də daxildir. Lakin uşağı əhatə edən mühit təbii mühitlə məhdudlaşmır. Belə ki, uşaq ictimai mühitdə dünyaya gəlir və burada yaşayıb böyüyür. İnsanların istehsal və ictimai münasibətləri, siyasi və mədəni həyatı ictimai mühitin təsirinə məruz qalması təbiidir. Çünki uşaq passiv deyil, fəaliyyətdədir və biz fəaliyyət prosesində də mühitin təsirinə məruz qalırıq (49, 46).
Şəxsiyyətin inkişafı prosesi mühitdə mümkün olmasına baxmayaraq inkişafı tərbiyənin təsiri altındakı inkişafda da aydın görmək olar (53,73). Mühitin şəxsiyyətə təsiri ilə tərbiyənin təsiri arasındakı fərq tərbiyənin mütəşəkkil, məqsədyönlü və planlı olmasında özünü büruzə verir. Bəzən elə olar ki, mühitin təsiri ilə həyata keçən inkişaf prosesi məqsədyönlü olmaya da bilər.
Tərbiyə xüsusi təşkil olunmuş təlim və tərbiyə müəssisələrində (bağça, məktəb və məktəbdənkənar tərbiyə müəssisələri) mütəxəssislər tərəfindən mütəşəkkil qaydada planlı aparılarsa bu zaman mühitin təsiri qeyrimütəşəkkil olar. Tərbiyə məqsədyönlü aparılmaqla yanaşı, həm də şagirdlərin yaş və cinsi xüsusiyyətlərinə uyğun şəkildə aparılmalıdır. Belə olduğu halda mühitin təsiri ilə uşaqların mənəviyyatında və hərəkətlərində yaranan qüsurları tərbiyənin köməyi ilə aradan qaldırmaq olar.
Qeyd edək ki, tərbiyənin rolu pedaqoji ədəbiyyatlarda müxtəlif cür qiymətləndirilir. Bir tərəfdən onun təsirinin gücsüz və mənasız (əlverişsiz irsiyyət və pis mühitin təsiri-T.X) olması fikri iddia edilir, digər tərəfdən isə insan təbiətini dəyişən yeganə vasitə hesab olunurdu. Pedaqogika elminin müdafiə etdiyi “tərbiyə hər şeyə qadirdir” fikri demək olar ki, sonralar özünü tam doğrulda bilmədi. Onu da qeyd edək ki, tərbiyə hamıya eyni dərəcədə təsir göstərmir. Belə ki, tərbiyə sadəcə olaraq inkişafı müəyyən məqsədə yönəldir. Düzgün təşkil olunmuş tərbiyənin ən mühüm vəzifələrindən biri insanın meyil, maraq və qabiliyyətini üzə çıxarmaq, insanın fərdi xüsusiyyətlərini, eləcə də qabiliyyət və imkanlarını inkişaf etdirməkdən ibarətdir.
Qeyd edək ki, şəxsiyyət tərbiyəsində nəzərə alınması vacib sayılmayan hər hansı bir kiçik cəhət yoxdur. Çünki kiçik hesab edilən cəhətlər də insan şəxsiyyətinə təsir göstərir. Ona görə də tərbiyə işində görüləcək işin mahiyyətini başa düşməyin özü də böyük məna kəsb edir (37,
72).
Tərbiyə olunan şəxsdə hər zaman nöqsan görmək və hər dəfə nöqsanını onun üzünə vurmaq lazımi səmərə verməz. Belə hallarda tərbiyə olunanla tərbiyə edən arasında uçurum yaranır. Birnci ikincidən uzaqlaşmağa, onun gözünə görünməməyə çalışır. Nöqsanlarını tez-tez eşidən şəxs həmin nöqsana alışır. Belə adamlarda da özünə inam azalır və nöqsanın gələcəkdə aradan qaldırmaq üçün lazımınca səy göstərmir. Əksinə diqqətlə və qayğı ilə yanaşıldıqda nöqsanı olan şəxsin xarakterində yaxşı cəhətlərin olduğunu görə bilərik. Bu cür cəhətlərə istinad etdikdə xarakterdəki nöqsanı aradan qaldırmaq asanlaşar. Nöqsanlı xarakterin sahibi ətrafdakı adamların ədalətli və qayğıkeş olduqlarını, pislə yanaşı yaxşını da qeyd etdiklərini görür ki, bu zaman onda qüvvəsinə inam yaranır və gələcəkdə nöqsanını ləğv etməyə çalışar.
Qeyd edək ki, tərbiyə insanın inkişafına təsir göstərsə də, özü də müəyyən mənada inkişafdan asılıdır və insanın inkişaf səviyyəsinə əsaslanır. İnkişaf ilə tərbiyə arasında qarşılıqlı münasibətlərin dialektikası da özünü məhz bunda göstərir. Tərbiyənin səmərəsi isə insanın tərbiyəvi təsiri qəbul etməyi hazırlıq səviyyəsi ilə müəyyən olunur. Bu isə irsiyyət və mühitin təsirindən bilavasitə asılıdır. İnsan istənilən şəraitdə həm tərbiyənin təsiri ilə formalaşır, həm də tərbiyənin təsiri ilə yeni qabiliyyətləri yaranır və xarakteri formalaşır.
Görkəmli çex pedaqoqu Y.A.Komenski “tərbiyənin böyük gücünə və imkanlarına inam” (40, 20) söyləməklə pedaqogikaya yeni fikir gətirmişdir. O göstərirdi ki, insan tərbiyə sayəsində insan olur. Ona görə də bütün uşaqları yalnız tərbiyənin təsiri ilə insan etmək olar.
Orta əsrlər Azərbaycan mütəfəkkirlərinin bir çoxu öz əsərlərində şəxsiyyət problemini hər zaman diqqətdə saxlamışlar. Qeyd edək ki, Ə.X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.İ.Xətai və M.Füzuli kimi dahi mütəfəkkirlər insan idealını həmişə diqqət mərkəzində saxlamış, şəxsiyyətin mahiyyətini və keyfiyyətlərini şərh etməyə çalışmışlar.
Dahi Azərbaycan mütəfəkkiri X.Şirvani XII əsr Azərbaycan ədəbiyyatının intibah dövründə yaşamış, son dərəcə təlatümlü, ziddiyyətli həyat və yaradıcılıq yolu keçmiş qüdrətli mütəfəkkirdir. Yaxın Şərqdə Əfzələddin Xaqani kimi məşhur olan görkəmli mütəfəkkirin əsl adı İbrahimdir (5, 16). O, 1126-cı ildə Şamaxı şəhərində sənətkar ailəsində doğulmuşdur. Şairin atası Əli Nəccar yoxsul dülgər, anası isə islam dinini qəbul etmiş Rabiə adlı xiristian qadını olmuşdur. Böyük şair, mütəfəkkir vətən həsrətilə, ağır kədər içərisində 1199-cu ildə 75 yaşında Təbrizdə vəfat etmişdir. Onun ölümü müasirləri tərəfindən kədərli mərsiyələrlə qarşılanmışdır.
Dahi Azərbaycan mütəfəkkirinin şəxsiyyət haqqında fikirləri onun düşdüyü mühitə görə formalaşmışdı. Xaqani şairlik şöhrətinə yenicə çatdığı və şah sarayının şeir ulduzu hesab edildiyi zamanlarda hökmdara qulluq göstərməyi şaha xidmət etməklə ucalmaqda görmüşdü. O yazırdı:
Kiçiyə böyüklər ad qazandırar Şaha xidmət edən bayraq ucalar (31, 252).
Bu misradan aydın olur ki, böyük şəxsiyyətlərin özlərindən kiçiklərə dəstək olmalı və onların uğur qazanmasına yol açmalıdır.
Sonralar Xaqani saray mühitinin iç üzünü görmüş, çəkdiyi əzab-əziyyətlər və həbslər onun dünyagörüşünü əhəmiyyətli dərəcədə dəyişdirmişdi. Həmçinin o, şəxsiyyətin simasında yeni bir keyfiyyət görmüşdü. Mütəfəkkir zülm edilən şəraitdə zülüm edilən insanın ağlamasını və ah-nalə etməsini qüsur hesab etmişdir.
Mütəfəkkirin silsiləli “Həbsxana şeirləri” yaşadığı mühitə və dövrə qarşı kəskin etirazının sədaları kimi səslənirdi (5, 11). Saray dedi-qodusundan təngə gəlmiş şair həbsdən sonra yaşadığı zindan kimi qaranlıq və işgəncəli mühitdən eləcə də, doğulduğu şəhərdən müvəqqəti olsa da uzaqlaşmaq məqsədilə İraqa səfər etməyi qərara almışdır. Qeyd edək ki, o, Məniçöhrün razılığı ilə səfərə çıxmışdır. Səfər də olduğu zaman şəhərlərin adlı-sanlı alim və şairlər ilə görüşmüş, böyük təəssüratla vətənə dönmüş və daima saraydan tamamilə uzaqlaşmaq arzusu ilə yaşamışdır. Lakin bu mümkün olmamışdır. Buna baxmayaraq o, saray mühitinin iztirablarından uzaqlaşmaq üçün tez-tez səyahətlərə çıxmışdı. Səfər müddətində o, Dərbəndə, Gəncəyə, Bərdəyə, Beyləqana, saray nümayəndəsi kimi isə başqa xanlıqlara getmişdir. Bütün bunlara baxmayaraq yenə də saray həyatı onun üçün zindana çevrilmişdir.
Həbsdən sonra Ə.Xaqani “Şaha xidmətkar” olmaq ideyasından əl çəkmişdi. O, insanın öz-özünə xidmət edərək yanaşı şəxsiyyət səviyyəsinə ucala biləcəyi fikrini müdafiə etmişdir. Mütəfəkkir yazırdı:
Süfrəsindən padşahın it kimi umma sümük
Öz ətindən, öz qanından nəfsinə sən ver təam (31,
258).
Qeyd edək ki, Xaqaninin həbsdə yazdığı digər şeirlərində də dərin kədərləri, şikayət və etirazları, cəsarəti, mərdliyi əks olunmuşdur. Bu şeirlər də orta əsr feodal mühitinin böyük istedadları qiymətləndirə bilmədiyini aydın göstərmişdir. Başına gələn ağır münasibətləri görünməmiş bir ustalıqla ümumiləşdirmiş, bütün bunları insanlığın ümumi dərdi və bəşəriyyətin fəlakəti kimi oxucusuna təqdim etmişdir.
Dahi Azərbaycan mütəfəkkiri Xaqani Yaxın Şərq pedaqoji fikir tarixində, sarayları şahları, saray mühitinin çirkinliklərini ilk dəfə kəskin tənqid atəşinə tutmuş böyük mütəfəkkirlərdən biri olmuşdur.
Mütəfəkkir uzun müddət sarayda yaşamış, sarayda baş verən hadisələri, zülmü, əsarəti, xəyanət və ədalətsizlikləri gözü ilə görmüşdü. O, böhtan, yalan və riyakarlığın ayaq tutub yeridiyi bu mühitdə taxt-tac üstündə qardaşlar arasında gedən mübarizəni dəfələrlə görmüş, gizli qətillərin şahidi olmuşdur.
Ona görə mütəfəkkir əsərlərində gördüyü haqsızlıqları qələmə almışdır. Saray mühitinin bu çirkinlikləri onun cəsarətli qələmi ilə çox aydın və kəskin şəkildə təsvir edilmişdir.
Mütəfəkkir xüsusən, yaradıcılığının ikinci mərhələsində saray və saray mühitinin real səhnələrini tünd, kəskin boyalarla satira atəşinə tutmuş və tənqid etmişdi. O yazırdı:
Keçmişdir o günlər çörək üzündən, İkidilli olum bilə-bilə mən.
İndi qılınc kimi kəskin dilim var, Qılınc sıyrılanda kəsərli olar.
Daha məddahlıqla olmaram bədnam
Göstərməz doğrunu əyri bu aynam (32, 40).
Azərbaycanın dahi mütəfəkkiri Ə.Xaqani mühitin doğurduğu xoşagəlməz hallara toxunaraq yazırdı:
Qoşulsa cahilə aqil, əsər qalmaz kamalından Bir oğru olsa karvanda çalar eşşəklə palanı (32, 18).
Dünya ədəbiyyatının ən parlaq ulduzlarından olan Nizami Gəncəvinin adı çəkildikdə hər şeydən əvvəl, gözlərimizin qarşısında dahi bir mütəfəkkir heykəli ucalır. Mütəfəkkir tibb, astronomiya, riyaziyyat və s. kimi təbiət elmlərini də öz dövrünün səviyyəsində öyrənmişdir.
Qeyd edək ki, biologiyada mühitə uyğunlaşma hadisəsinin izahı ən çətin problemlərdən biridir. Çox maraqlıdır ki, Nizaminin nəzərində bu böyük problem yayınmamışdı. Onun əsərlərində mühitə uyğunlaşma məsələsi dövrünə görə, öz əksini tapa bilmişdir. Nizamiyə görə heyvanların və bitkilərin bütün morfoloji əlamətləri eləcə də, fizioloji xassələri yaşadıqları mühitləri ilə əlaqəli olaraq meydana gəlmişdir. O yazırdı:
Laçın deyib sonaya: “Səhra qoynu gözəldir”, Sona deyib “Əlvida! Dərya qoynu gözəldir” (26, 110).
Nizami göstərir ki, sona (ördək-T.X) üçün həyat şəraiti dərya laçın (yırtıcı quş-T.X) üçün isə səhra gözəldir.
Mütəfəkkir bu fikrində onu göstərmişdir ki, canlı öz yaşama mühitindən uzaqlaşsa onun həyatı üçün təhlükə yaranar. O yazırdı:
Ördəyə başında yer versə çinar Köksündən acı bir sızıltı qopar,
Ördəyin vücudu suyun düşgünü Atəşə girərsə qaralar günü (20, 225).
Mütəfəkkir bu şeirdə onu demək istəmişdir ki, ördəyin bədəni su mühitinə uyğundur. O, öz mühitini dəyişib ağaca qonsa, dərhal məhv olar. Həmçinin Nizami canlılar aləmində müşahidə edilən uyğunlaşmanı ideal dərəcədə olmadığını da göstərmişdir. Bir növ öz yaşama mühitinə nə qədər uyğunlaşsa onunla qidalanan və onunla eyni olan növdə müəyyən uyğunlaşma baş verə bilər. Nizami yazırdı:
Dovşanın hər bir yerin məsəl var, Yenə də o, yerin tazısı tutar (20, 141).
Dahi Azərbaycan mütəfəkkiri heyvanlar aləmində müşahidə etdiyi sürü halında yaşama formasını da yaşayış mühitinə uyğunlaşma prosesi kimi görmüşdü. Onun əsərlərində sürüdən ayrı düşən fərdlərin məhv olacağı haqqında da məlumat verilmişdi.
Mütəfəkkir “Leyli və Məcnun” əsərində qarışqaların sürü cəmiyyət halında yaşamalarının faydalılığı haqqında demişdir:
Qarışqa birlikdə göstərər hünər,
Özündən çox böyük şeylər sürüyər (25, 68). Mütəfəkkir bitkilər aləmindən də çoxlu misallar gətirərək yaşayış mühitinə uyğunlaşmanı izah etmişdir. Nizami də başqa Şərq şairləri kimi, güldəki tikanları aşiqin (bülbülün-T.X) vüsala çatmasına mane törədən bir əlamət kimi göstərmişdir. Ona görə ki, Nizami məsələnin bioloji mahiyyətini düzgün başa düşmüşdü. O, gülün və başqa bir bitkinin tikanları növün həyatının, eləcə də meyvə və toxumlarının qorunmasında mühüm rol oynadığını demişdir.
O yazırdı:
Varsa da güllərin əgər tikanı,
Qorumaqçındır o yalnız bostanı (27, 119).
Dahi Azərbaycan mütəfəkkirinin əsərlərində heyvanlar və bitkilər aləminin quruluşundakı uyğunlaşmaların izahına dair də çox maraqlı materiallar vardır. Nizami yırtıcı həyat keçirən heyvanların kök və yağlı olmadıqlarını, əksinə ot yeyən heyvanların isə kök olduqlarını göstərmişdir (20, 58).
Dahi Azərbaycan mütəfəkkiri N.Tusinin şəxsiyyət konsepsiyasında insanın təkamülü, bioloji, sosial və mənəvi inkişafı daima izlənilmişdi. Onun əsərlərində təbii imkan amilləri ilə yanaşı insanın müvafiq mühitdə təlim və tərbiyə alması da qüdrətli təsir vasitəsi kimi göstərilmişdi. Biliklərə yiyələnmə ilə intellektual və mənəvi zənginləşmə yolu keçmə ən vacib rol hesab edilmişdi.
Mütəfəkkir hətta, yoldaşlıq mühitinin əxlaqa dəyişdirici təsiri haqqında da kifayət qədər məlumat vermişdir. O, bu haqda yazırdı: “Uşaqlar və cavanlar əvvəl hansı xasiyyətdə olmalarına baxmayaraq başqa xasiyyətdə olanlarla dostluq etdikdə, ya onların tərbiyəsi verildikdə, geyimdə, işdə, davranışda onların xasiyyətini qəbul edərlər” (52, 28-29).
N.Tusi pozucu yoldaşlıq mühitinin ziyanlarını görməmək üçün yeniyetmə və gəncləri belə bir mühitdən uzaq tutmağı görmüşdü.
Mütəfəkkir yazırdı: “Bədənin sağlamlığını qorumaq üçün tibb elmi mülayim məcaz və normal şəraiti məsləhət bildiyi kimi, nəfsin sağlamlığı üçün də eyni xüsusiyyətlərə malik, özünə bab adamlarla oturub-durmağı məsləhət bilirlər, çünki nəfsə təsir etmək üçün yoldaşdan və dostdan başqa heç bir güclü amil ola bilməz. Eləcə də bu xüsusiyyətlərə malik olmayan adamlardan qaçmağı, zarafat və sırtıqlıqda ad qazanmışlardan, əyyaşlıq və düşgünlükdə şöhrət tapmışlardan uzaq gəzməyi səhhəti qorumağın ən mühüm və ən vacib şərti hesab edərlər” (51, 113-114).
Mütəfəkkir canlılar aləmində yaşamaq uğrunda gedən mübarizəni görmüş və bu mübarizədə canlıların nə kimi özünü mühafizə əlamətləri qazandıqlarına fikir vermişdir. Maraqlıdır ki, böyük alim heyvanlarda özünü müdafiə və hücum əlamətlərini insanlarda olan müdafiə və əmək alətlərinə oxşadırdı. Belə təşbehlər məsələnin daha aydın başa düşülməsinə kömək edir.
N.Tusi bu müdafiə əlamətlərindən birini misal gətirərək yazırdı: “Bu qüvvə onlarda müxtəlif olur, onların müdafiə vasitələri də bu qüvvələrə uyğun şəkildə müxtəlif olur. Bunların təkmilləri əsil silah vəzifəsini yerinə yetirir, məsələn, buynuz-nizə, daş və caynaq-bıçaq və neştər, daban və tikan-ox və iynə kimi şeydir” (51, 115).
Qeyd edək ki, heyvanlar aləmində özünü qorumaq qaydalarına uyğun əlamətlərin meydana çıxmasını Tusi çox gözəl şərh etmişdir. Tusi bəzi heyvanların qaçmağa uyğunlaşmalarının da yaşama uğrunda mübarizə ilə əlaqələndirmişdi. O yazırdı: “Başqa mühafizə vasitələri olmayanlar özlərini qaçmaq və hiylə işlətməklə mühafizə edirlər, məsələn, ceyran və tülkü kimi” (51, 116). Belə ki, ceyran, maral, at və başqa dırnaqlılar özlərini yırtıcılardan qorumaq üçün sürətli qaçmaq qabiliyyətini qazanmışlar. Bərk qaça bilənlər özlərini qovan yırtıcılardan xilas etmiş, zəiflər isə yırtıcılardan qaça bilmədikləri üçün məhv olmuşlar. Mütəfəkkir başqa bir misalda isə tülkünün hiylə işlətməsini özünü düşməndən xilas etməsi üçün qazanılmış bir əlamət kimi göstərmişdir.
Dahi Azərbaycan mütəfəkkiri M.Əvhədi də insanın şəxsiyyət səviyyəsinə yüksəlməsi üçün onun əxlaqi-mənəvi keyfiyyətlərini ilkin hesab etmişdir. O, şəxsiyyətdə mərdliyi, kişiliyi, dosta sədaqətliliyi, peşə sahibi olmağı, bilikli və ağıllı olmağı, qənaətçilliyi, nəfsini öldürməyi bacarmağı, sağlam ailə sahibi olmağı, səxavətliliyi və qeyrətliliyi əsas əxlaqi keyfiyyətlərdən saymışdır.
Mütəfəkkir şəxsiyyətin əsas cəhətlərindən biri kimi, məhz pis keyfiyyətlərdən “qaçmağı” göstərmişdi. Əvhədi bu haqda yazırdı:
Təkəbbür, mənəmlik, özünü çəkmək, Qafillik, sərxoşluq, hiylə, qəzəb, şəkk. Tərəddüd, paxıllıq, kələk, kin, tamah Yalançı, saxtakar, vəfasız olmaq. Hər nə söylədimsə ondan qaç uzaq, Onların əksiylə məşğul ol ancaq (47, 135).
M.Əvhədi “İnsanın doğumundan sonra ömrünün axırına qədərki macəraları” başlığı altında yazdığı şeirdə mühitin inkişafa göstərdiyi təsiri mərhələlərlə təsvir etmişdir. O, uşaq anadan olandan sonrakı qucaq və beşik mühitləri haqqında belə yazırdı:
İlk gündən ağlayıb haray çəkəcək, Dayə axtaracaq süd istəyərək. Gah beşik görəcək, gah da ki, qucaq, Gah əzvay görəcək, gah da bal ancaq (47, 51).
Bu şeirdə beşik mühiti qurtardıqdan sonra fərdi inkişafdakı digər mühitlərdə təsvir olunmuşdu:
Belə ki, qurtarır beşik dövrünü,
Başqa bir şərait alar üstünü (47, 52).
M.Əvhədi uşaqlıq dövrünün çətinlikləri sırasında məktəb mühitini və elm öyrənməyi göstərmişdir. Uşaq isə çətinliklərə dözmədikdə həyatda yaşamaq üçün asan yollar axtarar, hiyləyə, kələyə və məkrə əl atar. O, bu haqda yazırdı:
Ax çatır məqsədə bunlardan biri, Çünki, xırdaçılıq olub işləri (47, 53).
Mütəfəkkir insanın müsbət keyfiyyətlərə yiyələnməsi üçün mənfi təsirlərdən qorunması ideyasını irəli sürmüşdür. Yəni insanın elmə, biliyə, təcrübəyə və müsbət əxlaqi keyfiyyətlərə yiyələnməsində mühitin böyük rolu vardır. Daha dəqiq desək insanlar pis mühitdən və yaramaz adamların təsirindən qorunmağa çalışmalıdır.
Dahi orta əsr Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin öz həyatı və yaradıcılığı şəxsiyyətin ən bariz nümunəsidir. Mütəfəkkirin əsil adı Əl olmuşdur (54, 123). O, 1369-cu ildə Şamaxı şəhərində doğulmuşdur. Seyid Əli ilk təhsilini Şamaxı şəhərində almış, sonralar biliklərini daha da təkmilləşdirmiş, xüsusən də fəlsəfəni və dini cərəyanları öyrənməyə həvəs göstərmişdir.
Misir məmlükləri və hələb ruhaniləri mütəfəkkiri dinsizlikdə günahlandırmış, 1417-ci ildə Hələb hökmdarının əmri ilə zindana salınmışdır. Çox keçmədən şəhər ruhanilərinin məclisində mütəfəkkir mühakimə edilmiş və ölümünə fitva verilmişdir. Misir sultanı Əli-Müəyyəd şəriət məhkəməsinin sənədləri ilə tanış olduqdan sonra şairin diri-diri dərisinin soyulmasını və yeddi gün Hələb şəhərində hamıya göstərilməsini əmr etmişdir. Beləliklə, Nəsimi faciəli bir şəkildə edam edilmişdir.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatında mərhələli olan Nəsimi yaradıcılığı ictimai-pedaqoji fikrimizin də tam yeni mərhələsidir. O, insanın ali məqamə, yəni şəxsiyyət səviyyəsinə yüksəlməsi üçün özünü təkmilləşdirməsini vacib saymışdı. Bu isə özünüdərkdən əvvəl aləmi və dünyanı anlamaqdan başlanmışdır. Özünü dərk edən insan mərifətli bəzəkli və çörəyini qazanan, hətta bunun üçün qan-tər tökən olmalıdır. Lakin bunun üçün ömrünü hədər verməməyi bacarmalıdır.
İmadəddin Nəsimi hədsiz mal-dövlət toplamağı tamahkarlığı, acgözlüyü, nadanlığı və cahilliyi pisləmiş, zəhməti, mərifəti, sadəliyi, təvazökarlığı və əqli-mənəvi kamilliyi alqışlamışdır. Bu cəhətdən onun “Bəhrül-əsrar”
(“Sirlər dənizi”) adlı fəlsəfi qəsidəsi səciyyəvidir. Mütəfəkkir yazırdı:
İnsan olan kəsə, ipək paltar deyil, kamal gərək,
Əgər sədəfin sinəsinə necə dolmuş incə gövhər.
Mərd insanda tamahkarlıq, hərislik, yox hünər gərək, Ömür səmum küləyidir, sərvət-dövlət toza bənzər (35,91).
Şeirdən göründüyü kimi, özünüdərk və özünütəkmilləşdirmə Nəsimi konsepsiyasında hər hansı immanent proses kimi çıxış etməmişdir. Onun fikrincə insan ilk növbədə ətraf mühitin təsiri ilə formalaşmalı və həmin amil şəxsiyyətin təşəkkülündə həlledici rol oynamalıdır. Lakin burada aparıcı amil insanın öz fəallığıdır, özünü təkmilləşdirməsi və öz “mən”ini dərk etməsi, yaradıcı səviyyəyə qalxmasıdır.
Bəlkə elə buna görə də, Nəsimi cahil, tənbəl, elmsiz və heyvani hislərlə kifayətlənən adamları tənqid etmiş, onların bu səviyyəyə qalxa biləcəklərinə inanmamış, belə insanları şəxsiyyət sırasına daxil etməmişdir. O yazırdı:
Ey mənindən xəbərsiz bir özünə nəzər qıl
Sən də bu dünya üzündə kəşf eylə bəqani (35, 93).
-deyərək insanı özünü öyrənmə, özünü tanıma və dərketmə yoluna dəvət etmişdir.
Mütəfəkkirə görə, yalnız özünü dərk edən şəxsiyyət müdrik olar. Özünü dərk edən insanlar əsil şəxsiyyət kimi formalaşa və yaradıcı səviyyəyə yüksələ bilər.
Orta əsr dahi Azərbaycan mütəfəkkiri Şah İsmayıl Xətai 1487-ci ildə Ərdəbil şəhərində kökü, izi tarixən çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu və şöhrətli azərbaycanlı ailəsində dünyaya göz açmışdır. Xətai ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub olmuşdur. Onun anası Aləm Şah Bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun isə bacısı idi (44, 74).
Hökmdar şair, mütəfəkkir, 1524-cü ildə vəfat etmişdir. Onun cəsədini Ərdəbildə Şeyx Səfi türbəsinin yanında dəfn etmişlər.
Ş.İ.Xətai şəxsiyyətin formalaşmasında mühitə yüksək qiymət vermiş, mühitin yaxşı və pis təsirini hər zaman nəzərə almış, sağlam tərbiyə mühitinin təşkil edilməsi fikrini irəli sürmüşdür. Mütəfəkkirə görə şəxsiyyət olan insan gül kimi saf və ətirli olmalıdır. Ona görə ki, insan hər şeyə könül gözü ilə baxa bilsin, kamal sahibləri ilə oturub durmağı bacarsın və həyatın həqiqətini görsün.
Mütəfəkkir yoldaşlıq mühitini hər zaman yüksək qiymətləndirmişdi. Xətainin fikrincə valideyn öz övladının yoldaşlıq mühitini öyrənməli, pisdirsə yaxşılaşdırmalı, effekt vermirsə övladını oradan ayırmalıdır. Ona görə də o “kamal əhli” ilə həmsöhbət olmağı faydalı saymışdır.
Mütəfəkkir bu haqda yazırdı:
Kamal əhli ilə olgil müsahib,
Ki, ondan mərifət kəsb et əcayib.
Özünbilməz ilə durma, oturma
Ömür zayə gedər, əqlin itirmə (33, 217).
Ş.İ.Xətai ailə mühitinin də şəxsiyyətin formalaşmasına təsir etdiyini göstərmişdir. Ona görə də o, qızlara düşdüyü mühiti, oğlanlara isə kiminlə yoldaş etmələrini qabaqcadan fikirləşib götür-qoy etmələrini məsləhət görmüşdür.
Mütəfəkkir öz sələfləri kimi bu fikirdə idi ki, mühit insanı yüksəldə də bilər, alçalda da bilər. Ona görə də elə mühitə düşmək və yaxud elə mühit yaratmaq lazımdır ki, orada müsbət keyfiyyətlərə yiyələnə bilmək imkanın olsun.
Elm və sənət aləminin qüdrətli simalarından olan dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzuli də şəxsiyyətin formalaşmasında mühit amilinə daim diqqət yetirmişdir. O, insanın halının necəliyini onun düşdüyü mühitlə əlaqələndirmişdir.
Qeyd edək ki, “Leyli və Məcnun” poemasında Məcnunun dili ilə verilən aşağıdakı parça bu cəhətdən səciyyəvidir:
Olsaydı mənə nişati ruzi, İstərmi idim bu dərdi suzi? Gər səhhətə qadir olsa bimar, Dərdə özün eyləməz giriftar.
Əl versə gədayə padşahlıq,
Sanmam ki, qılar dəxi gədalıq (14, 67).
Mütəfəkkir Məcnun öz naçarlığını düşdüyü mühitlə əlaqələndirmişdi. Füzulinin fikrincə, insanın necəliyində onun düşdüyü mühitin çox böyük rolu vardır. “Mən kiməm?” sualı ilə başlayan qəsidəsində o, şöhrətdən uzaq duran və şəxsiyyətini uca tutan, heç kəsə baş əyməyən, öz istedadı ilə yeganə olan insanları təsvir etmişdir. Çünki mühit elədir ki, onun kimi pak sənət sahibinin qədrini insanlar bilmir. O yazırdı:
Bir diyar içrəyəm ki, xəlqindən Eyləməz heç kim mənə pərva.
Kimsə yox dərdim eyləyim izhar Eyləyim ondan iltimasi dəva (16, 68).
Dahi mütəfəkkir bu şeirində onu demək istəmişdir ki, insanın əhval-ruhiyyəsində, onun xarakterində baş verən dəyişikliklər onun böyüdüyü, eləcə də düşdüyü mühitdən irəli gəlmişdir.
Sonda belə bir nəticəyə gəlinmişdir ki, orta əsr Azərbaycan mütəfəkkirlərinin fikirlərində şəxsiyyətin formalaşmasında mühit amilinə üstünlük verilmiş və şəxsiyyətin formalaşmasında digər amillərlə birgə bu amilin rolu da əsas götürülmüşdür.

Yüklə 188,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin