Dərs vəsaiti Naxçıvan Dövlət Universitetinin


M.Əvhədi insanın inkişafında irsiyyətin rolu haqqında



Yüklə 188,31 Kb.
səhifə5/11
tarix17.05.2023
ölçüsü188,31 Kb.
#115585
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11
Drs vsaiti Orta sr Azrbaycan mutfk

1.2. M.Əvhədi insanın inkişafında irsiyyətin rolu haqqında
Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşmasında irsiyyət amilinin rolu haqqında daha çox məlumat verən mütəfəkkirlərdən biri Marağalı Əvhədi olmuşdur.
Marağalı Əvhədi XIII-XIV əsr Azərbaycan məktəbi və pedaqoji fikrinin inkişafında özünəməxsus xidmət göstərərək pedaqoji fikir salnaməsinə öz adını tərbiyə mütəfəkkiri kimi həkk etdirən şəxsiyyətlərdən biri olmuşdur. O, 1274-cü ildə Marağa şəhərində anadan olmuş və ilk təhsilini burada almışdır. Onun təhsilində və bir mütəfəkkir kimi yetişməsində həmin dövrdə Marağada dahi Azərbaycan mütəfəkkiri N.Tusinin açdığı rəsədxananın çox böyük rolu olmuşdur.
Qeyd edək ki, M.Əvhədi N.Tusi məktəbinin yetirmələrindən biri olaraq mütəfəkkir kimi formalaşmışdır.
Onun Marağada Orqunxan hakimiyyəti (1288-1291) illərində başlayan poetik yaradıcılığı ömrünün sonunadək (1338) davam etmişdir (54, 141). Bu dövrdə dahi Azərbaycan mütəfəkkiri Təbriz, Muğan, İsfahan, Bağdad, İraq, Ərəbistan və s. kimi məşhur mədəniyyət mərkəzlərinə səyahət edərək həmin şəhərlərdə yaşayan xalqların həyat tərzi, maddi və mənəvi mədəniyyəti ilə yaxından tanış olmuş, özünün qəzəl, qəsidə, rübai, məsnəvi və tərcibəndlərində gördüklərinə öz münasibətini bildirmişdir (45, 91). Uzun müddət qəribçilikdə yaşayan M.Əvhədi hər zaman öz məhəbbətini Azərbaycandan əsirgəməmiş, poetik yaradıcılığında vətəninə, xalqına, adət-ənənələrinə öz müsbət münasibətini bildirmişdir. O, həmişə ehtiyac içərisində yaşamış, bir parça çörək üçün yazdıqlarını satmış, çətinliklərlə üz-üzə dursada əzab-əziyyətdən təngə gəlməmiş, rəzalətin, haqsızlığın məhv olacağına, səadətə çatacağına inanmışdır. O, Nəsrəddin Tusi, Xacə Ziyarəddin Yusif (N.Tusinin nəvəsi-T.X) və s. kimi görkəmli şəxsiyyətlər və tərəqqipərvər ziyalılara böyük ehtiram göstərmiş xalqın, rəiyyətin mənafeyini güddüklərinə görə onları sevə-sevə mədh etmişdir.
Xalqın qayğısına qalmayan, onun taleyi ilə maraqlanmayan dövlət və siyasət işlərində çalışan ədalətsiz, zalım hökmdarlara qarşı mənfi münasibət bəsləmişdir. Qeyd edək ki, “Dəhnamə” və ya “Məntiqül-üşşaq”, “Cami-cəm” kimi məzmunlu əsərlərində, məsnəvi, qəzəl, qəsidə, rübai və s. kimi janrlarda yazdığı poetik nümunələrində onları kəskin tənqid etmişdir.
Dahi Azərbaycan mütəfəkkiri öz yaradıcılığında tərbiyənin bütün sahələrinə dəfələrlə toxunmuş, dövrünün əxlaqi ideyalarını, götür-qoy edərək təkamül pedaqoji sistem yaratmışdır. Məhz bu səbəbdəndir ki, onun fars dilində yazdığı qəzəl, qəsidə, rübai, məsnəvi, lirik şeir və digər poemaları “Cami-cəm” kimi tərbiyəvi-didaktik əsəri bu gün də öz təravətini itirməmiş və mühüm elmi mahiyyət daşımışdır.
Dərin ictimai-fəlsəfi məzmuna və didaktik tərbiyəvi fikirlərə malik olan Əvhədinin irsi Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tərəqqisinə təsir göstərdiyi kimi, məktəb və tərbiyə işinin inkişafına da xeyli təsir göstərmiş, şəxsiyyətin tərbiyəsində mühüm yer tutmuşdur.
Buna görə də, onun poetik məna kəsb edən əsərlərində Qətran Təbrizi, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Xəqani Şirvani, Sədi, Hafiz və Xəyyam kimi görkəmli şəxsiyyətlərin təsiri duyulmaqla yanaşı, onun pedaqoq kimi də yüksəldiyinin şahidi oluruq. O, da Xəqani, Nizami,
Tusi, Hafiz və Sədi məktəbinin davamçısı olaraq təlim, tərbiyə sahəsində ön xətdə getmiş, dərin ictimai-fəlsəfi məzmuna malik şəxsiyyətin tərbiyəsi ilə bağlı dəyərli fikirlər söyləmişdir. Bunlar “elm və idrak haqqında”, “müəllim haqqında”, “yaş dövrü haqqında”, “məktəb haqqında”, “əmək və peşə haqqında”, “təlim haqqında”, “vaxt bölgüsü haqqında”, “oyun fəaliyyəti haqqında”, “fiziki tərbiyə haqqında”, “ailə tərbiyəsi haqqında”, “əxlaq tərbiyəsi haqqında”, “gözəllik tərbiyəsi haqqında”, “qız və qadınların tərbiyəsi haqqında” və “anlayışlar haqqında” fikirlərində özünü göstərmişdir.
Qeyd edək ki, M.Əvhədi şəxsiyyətin formalaşmasında irsiyyət amilinin rolu haqqında söylədiyi fikirlərin ən mühümlərindən birini ailə tərbiyəsi haqqında fikirləri təşkil edir. Çünki onun ailə tərbiyəsi haqqında fikirlərində hər zaman irsiyyət faktorunun əsas rol oynadığı aydın görünür. O, ailə tərbiyəsinə dair fikirlərini özünün sırf pedaqoji əsəri olan “Cami-cəm”in “İnsan cinsinin yaranması”, “İnsanın doğumundan sonra ömrünün axırlarına qədərki məcaraları”, “İnsanın başqa yaranışlardan şərəfli olması haqqında”, “Evlənmək və törətmək haqqında”, “Övlad tərbiyəsi haqqında”, “Övladı natəmizlərin şərindən qorumaq haqqında”, “Tərbiyənin təsiri və özbaşına boy atmağın nəticəsi haqqında”, “Pis qadınların əməlləri haqqında”, “Pis qadınlara nəsihət haqqında”, “Nəsihət etməyin qaydaları”, “Bir neçə vacib haqqı-sayın yerinə yetirilməsi haqqında” və s. başlıqları altında tərənnüm etmişdir.
Dövrünün təbabət elminin incəliklərini bilən və bunu tam dərk edən Əvhədi insanın hələ rüşeym halında olan “Nüfdə”, “Vələd” və “Cənin” dövründə onun, düzgün inkişafına xidmət göstərməyi bütün analara məsləhət görmüşdür. O qeyd etmişdir ki, uşaq anadan olandan sonra istər ana, istərsə də ata öz övladını lap ilk gündən ədəbli, elmə həris, əxlaqca təkmil və sağlam böyüməsini təmin etməlidir.
Qeyd edək ki, M.Əvhədinin bu barədə söylədiyi fikirləri İbn Sinanın “Tibb elminin qanunları” kitabındakı anatomik-fizioloji nəzəriyyələri ilə çox səsləşir. Bəzən də Nəsrəddin Tusinin təbabətə dair fikirləri ilə həmahəngdir. Lakin M.Əvhədi bu fikirlərini dövrünün təlim, tərbiyə elmi ilə bağlamaqla şərh etməkdə orta əsr pedaqoji fikir tarixində özünəməxsus yol ilə hərəkət etmişdir.
M.Əvhədi valideynlərdən tələb etmişdir ki, öz övladlarını “zay” və “xar” böyütməmək üçün, uşaqlarının gələcəyini yaxşıca düşünüb onların hiyləyə, kələyə, məkrə əl atan, xırdaçı, həvəssiz, dükançı, işə yaramayan, peşədən, əməkdən qaçan, dünyanı oda yaxan, ev yıxan, mahallar, ölkələr tarmar edən, oğru, sərxoş, beyni yelli, acgöz, kəlləkçi, bədhava və s. kimi bəd xasiyyətli vətən üçün, riəyyət üçün zərər verən adamlar kimi böyütməsinlər (47,70). Onlar comərd peşə sahibi qədirbilən, əzabəziyyətə qatlaşan, könlü, gözü tox, çörəyin qədrini bilən, qəm-kədəri rədd edən, biliyə, elmə həvəs göstərən hörmət sahibi, şöhrətli, başı uca, əxlaqlı və sağlam müsbət əxlaqi keyfiyyətlərə malik əsil insan kimi yetişdirməyə səy göstərsinlər.
Marağalı Əvhədi ata-analara övladlarını müsbət əxlaqi keyfiyyətlərə malik, əsil insan, rəiyyətin qeydinə qalan comərd kimi böyütməyə dəvət edərək onlara “Camicəm”i oxumağı təklif edirdi. O, təcrübəli bir tərbiyəçi kimi atalara məsləhət görmüşdür ki, onlar öz uşaqlarını namərd, nankör, nakişi, paxıl, sərxoş, zay, nadan, laqeyd, eyş-işrətə dadanan, ağılsız, eyibli, zəif, nöqsanlı, acıdil, arvadbaz, sözünə naxələf, hiyləgər və s. kimi mənfi xüsusiyyətlərdən uzaq tərbiyə etsinlər (45, 73).
Qeyd edək ki, M.Əvhədi “Cami-cəm” əsərində həm mənfi, həm də müsbət əxlaqi keyfiyyətin mənasını təhlil edərək bütün atalara bunları bilmədən övlad böyütməyə iqdam (cəhd-T.X) etməyi məsləhət görməmişdir.
Pedaqoq-şairin insanın inkişafında, onun şəxsiyyət kimi formalaşmasında irsiyyətin rolunun, “Əxlaq tərbiyəsi haqqında”kı fikrində də rast gəlmək olar.
Qeyd edək ki, M.Əvhədi əxlaqla davranış və idrak komponentlərini paralel xətt üzrə apararaq onlara şəxsiyyətin formalaşmasında bir-birini tamamlayan motiv kimi baxmışdır.
Mütəfəkkir “Cami-cəm” əsərində “Təmiz nəfsin xassələri və bədən üzvlərinin hərəkət əlamətləri” başlığında əxlaqdan çox geniş danışaraq, əxlaqı dilsiz bir natiq, danışan dil, gəzən göz, yeriyən ayağa könül, eşidilən, hiss edilən, iylənilən fikir qanadında göyə yüksələn bir feyz kimi tərənnüm edərək hamıya mərifətli, fərasətli, doğruçu, dostlar, rəiyyətə hörmət edən, ehtiram göstərən əsil insan, zirək insan, təvazökar adam olmağı məsləhət görürdü.
Mütəfəkkir yazırdı:
Sən bu kiçikliklə iki dünyasan,
Bu qədər özünü kiçiltmə, aman!
Ağlın vardırsa, bir aç gözünü,
Bu güc, bu qüdrətlə bir gör özünü,
Bütün kainatda nə varsa, inan Ya naqis, ya kamil, yaxşı, ya yaman, Səndə hamısının nişanı var, bax!
Mən bir neçəsini söylədim ancaq,
Bəlkə anlayasan sən öz qədrini, Biləsən ağılın, canın həddini.
Pakların sözünə verəsən qulaq, Bada verməyəsən ömrünü nahaq (47, 56).
M.Əvhədi insanları sözü, işi, ilqarı düz olmağa çağırmış və qeyd etmişdir ki, bu keyfiyyətlərin insanda təlim və tərbiyə ilə yanaşı irsiyyət amili də mühüm rol oynamışdır. Təmiz soy kökü insanların həmişə düz olmağı, yalan danışmamağı hər şeydən üstün tutmuş və həmişə nicat tapmışdır. Sözünə, işinə düz olanlar hər şey əldə etmiş və yaxşı ad qazanmışdır.
Mütəfəkkir bu haqda yazırdı: Yaxşı ad qazanaraq düz iş görənlər, Bişməmiş, çiy olar əyri gedənlər.
və ya
Əgər düz olmasa sözünlə, işin, Boş bir körpücükdür etdiyin sənin.
Kor, kar deyilsənsə qorxma quyudan,
Düz ol, əmir şahdan qorxma heç zaman (47,57). Tərbiyəçi-şair şöhrət üçün dostluq edənləri tənqid edib bir qrup insanların, “çörək üçün, aş üçün əldən getmələrini”, dar gündə uzaq qaçdıqlarını, tez dost olub, tez duyduqlarını, varın olarsa dost olduqlarını, yeyib qurtardıqdan sonra atıb getdiklərini, dostun puluna göz dikdiklərini, yemək verəndə dostluq edənləri, verməyəndə isə düşmən olanları bir-bir təhlil edərək insanları dostluqda möhkəm və etibarlı olmağa, “məcazi dostlardan uzaq gəzməyə”, “əhdi pozmamağa”, və “öz vədindən dönməməyə” çağırmışdır.
Bununla yanaşı dahi Azərbaycan mütəfəkkiri comərdlik, kişilik, insanlıq, təmizlik, şərəflilik, düzlük, hikmətlilik, səfillik, xeyirxahlıq, xoşsifətlik, əsil insanlıq, qədr bilənlik, təvazökarlıq və s. kimi müsbət əxlaqi keyfiyyətlərin təhlilini də vermiş, insanları bu gözəl keyfiyyətlərə malik olmağa çağırmışdı.
Mütəfəkkir insanlar arasında saxtakarlıq, yemək dostu olmaq, nakişilik, şöhrət arxasınca qaçmaq, xəbislik və s. kimi mənfi xüsusiyyətlərin olduğunu da qeyd edərək, onların formalaşmasında irsiyyət amilinin mühüm yer tutduğunu göstərmiş, insanlara belə, “qeyri-insani” sifətlərdən uzaq gəzməyi məsləhət vermiş və böyüyən nəslə üzünü tutaraq:
Dostluq etibardan, vəfadan törər, Nə dostluq etibar olmasa əgər!? (47, 105).
demişdir. O həmçinin yazırdı:
Təmizlər vəfada olarlar tamam, Bədgövhər yaramaz, çiy olar müdam.
Kim vəfa yoluna mərdanə gəldi,
Ordan comərdliyə qalxıb, yüksəldi (47, s. 107).
Qeyd edək ki, M.Əvhədi yaradıcılığında irsiyyətlə bağlı fikirlərə “Cami-cəm” əsərinin “Evlənmək və törəmək haqqında” və “Şəhvət arxasınca az getmə və nəsil törətməkdə ehtiyatlı olmağa dəvət” başlıqlı fəsillərində daha çox rast gəlirik. Burada o, evlənmək haqqında insanlara düzgün istiqamət göstərmiş, ailə qurmağın əhəmiyyətini və məsuliyyətini vermiş, bu işdə ehtiyatlı olmağı tövsiyə etmişdir.
Mütəfəkkir bu haqda yazırdı:
Evlənmək istəsən naçar qalaraq, Bakir bir nigarla həyat qur ancaq. Əsilli-nəcəbli elə bir qız al,
Ancaq səni görüb sevsin o maral (47, 87).
Qeyd edək ki, M.Əvhədi cavanlar üçün evlənməni çox məsul bir dövr hesab etmişdir. O, qızın əsil-nəcəbi dedikdə var-dövləti, mənsəbi, böyük vəzifəli ailəsini nəzərdə tutmurdu. Qızın sağlam, namuslu, əmək sevən, çalışqan, abırlı bir ailədən olmasına daha çox fikir verilməsini gənclərə məsləhət vermişdir. Həmçinin Əvhədi evləndikdən sonra kişinin qadınla incə və hörmətlə rəftar qaydaları haqqında da çox gözəl nəsihətlər də yazmışdır. Maraqlıdr ki, o hər zaman gələcək nəslin, övladların normal olmasında ana irsiyyətinin mühüm rol oynadığını demişdir.
Qeyd edək ki, M.Əvhədi “Şəhvət arxasınca az getməyə və nəsil törətməkdə ehtiyatlı olmağa dəvət” başlığı altında yazdığı şeirdə bilavasitə irsiyyət məsələsinə toxunmuşdur. O, övladın valideynlərdən öz irsi əsasını götürəcəyi ilə bağlı yazırdı:
Sən nəsil törətmək fikrində olsan, İsmətsiz qadınla evlənmə, dayan.
Övladın yaramaz, ya oğru olar,
Toxum pis əkilsə, pis də verər bar (47, 95).
M.Əvhədi oxucusuna tarixi hadisələrdən nümunələr gətirmiş, ismətsiz qadından törəyən övladın öz atasını öldürməsi hekayələrini daima xatırlatmışdır. Əgər atanın toxumu (spermaları) pis olsa, şoran və münbit olmayan torpağa əkilsə, ondan nə kimi nəsil gözləmək olar deyən mütəfəkkir şeirlərində hər zaman gənclərə müraciətlər etmişdir.
Dahi Azərbaycan mütəfəkkiri yaradıcılığında şəxsiyyətin inkişafında irsiyyət amilinin mühüm yer tutmasına müəllim haqqında dediyi ibrətamiz fikirlərində də rast gəlmək olar. O, “Cami-cəm” əsərində ağıllı bir ustaddan tərbiyə alan şagirdin elm öyrənərkən şöhrətə çatdıqdan sonra öz ustadını saymamasını tənqid edərək demişdir: Deyirlər ağıllı bir ustad varmış, Nacins bir şagirdə dərs oxudarmış.
İllərlə qatlaşıb hər əziyyətə,
Dözdü çox əzaba, çox müsibətə,
Axı elm öyrənib o, alim oldu.
Natiq və qüdrətli bir hökmdar oldu. Ucaldı mənsəbi artdı dövləti,
Şaha yaxın oldu qalxdı şöhrəti, Əsl, mayasında yox idi vəfa.
Odur ki, ustadı salmadı yada (47, 48-49). və yaxud:
Ustadın zəhməti lap tələf oldu,
Çünki, öyrətdiyi naxələf oldu... (47, 107).
Qeyd edək ki, M.Əvhədi tarixdə pis iş görmüş adamların cinayətinin səbəbini onların zatında görmüşdü. O, bu haqda yazırdı:
Şiruyə haram süd əmmişdi, eyvay, Atası qın oldu xəncərinə, ah.
Belə bir oğuldan olan cinayət,
Atanın boynunda qalacaq, əlbət (47, 95).
M.Əvhədi əxlaqı pis valideynlərdən yaranmış övladın düzgün tərbiyə edildikdə şəxsiyyət kimi formalaşacağını demişdir. O göstərmişdir ki, varlılıq və kasıblıq şərti amildir. Bu gün kasıb olan sabah varlana bilər və yaxud əksinə. Deməli, Əvhədi irsiyyətə sosial-siyasi baxımdan deyil, sırf elmi-bioloji baxımdan yanaşmışdır. O bildirmişdir ki, ata çalışmalıdır ki, onun övladı yaxşı insanlarla dost olsun, pis insanlardan isə daim uzaq gəzsin.
Onun fikrincə valideynlər əxlaq normalarına riayyət etməyən adamlardırsa, onlardan törəyən də cəmiyyəti korlayan olacaqdır. Ona görə də mütəfəkkir gənclərə nəsihət edərək demişdir ki, özünüzə həyat yoldaşı seçərkən ismətli, ağıllı və mərd adamı seçin. Ona görə ki, bu sizin nəslinizin hər cəhətdən sağlamlığını təmin edər.
Mütəfəkkir yazırdı:
Qadında əsas şey həya, ismətdir,
Bunlar qadın üçün böyük sərvətdir (47, 88).
və yaxud:
Bu qədər oğlundan incimə nahaq
Xəta suyunu da sən səpdin ancaq.
Qənd acı olsa da sən verdin, heyhat, Quzu, qurd olsa da sənindir övlad (47, 96). Dahi Azərbaycan mütəfəkkiri, pedaqoq-şairi olan M.Əvhədi yaradıcılığında irsiyyətlə bağlı fikirlərə fiziki tərbiyə haqqında yazdığı şeirlərdə də təsadüf etmək olar. O, fiziki tərbiyə ilə bağlı dediyi fikirlərdə şəxsiyyətin formalaşmasında irsiyyət amlinin mühüm yer tutmasını bir qədər örtülü şəkildə vermişdir.
Mütəfəkkir uşağın eləcə də böyüyən nəslin valideynlərinə məsləhətində deyirdi ki, fiziki sağlamlıq işlərini öz uşaqlarının səhhətinə və sağlamlığına görə aparsınlar. Yoxsa uşaqlarını zay edər, onları nəinki mənəvi, həm də də fiziki cəhətdən məhv etmiş olarlar. Buna görə də o, uşaqları xəzinəyə bənzədərək, ona düzgün istiqamət verməyi, elmini, sağlamlığını puç etməməyi məsləhət görərək yazırdı:
O, bir xəzinədir, qorusan əgər,
Yoxsa zəhmətlərin olacaq hədər. Sənindir gül olsun, o, yaxud tikan,
Özün əkdiyini xar etmə aman.
Qoyma övladını kamanxanaya,
Boynunu əlinlə keçirmə yaya,
Kaman düzəltsə də iki yüz batman,
Oğlun olmayacaq sənin ox atan (47, 112).
Onu da qeyd edək ki, M.Əvhədi müəllim haqqında pedaqoji fikir söylərkən onu ustad, müdəris deyə mədh etmiş və biliyin carçıları kimi qiymətləndirmişdir. O, müəllimə çox yüksək qiymət vermiş, uşağın anadan olduğu ilk günlərdən onun təlim və tərbiyəsi ilə məşğul olmağı valideynlərə deyil, onlara həvalə etmişdir. Ana bətndən olan dövrdən başlayaraq ananın doğulandan sonra onu tərbiyə etməyi müəllimlərin rəhbərliyi ilə davam etdirməyi lazım bilmişdir. Ona görə də Əvhədi müəllimdən uşağın rüşeym vaxtından başlayaraq elm, təhsil alıb, qurtaranadək bütün dövrlərin incəliklərinə kimi bilməyi və ondan sonra elmi tərbiyəsi və biliyi ilə məşğul olmağı qətiyyətlə təklif etmişdir.
Qeyd edək ki, M.Əvhədi irsən naqis doğulmuşlara təhsil verilməsini məsləhət görməmişdi. Çünki “zatən” fırıldaqçılığa, kələyə, pis əməllərə meyli olanlar təhsil almaq yolu ilə ağıllarını zənginləşdirərək həmin pis əməllərinin pislik təsirini iki-üç qat artıra bilərlər. O, təhsili ancaq “xisləti”, “zatı” müsbət keyfiyyətli olanlara verməyi məqsədəmüvafiq hesab edirdi. Cəmiyyətin saflaşdırılması üçün ailə qurarkən vəzifəyə, dinə, var-dövlətə yox, insanın zatının necəliyinə diqqət yetirməyi əsas sayırdı. Sonda belə nəticəyə gəlmək olar ki M.Əvhədiyə görə şəxsiyyətin inkişafı, faydalılığı və xeyirxahlığı maddi imkanlarına görə deyil, zatına görədir, yəni irsiyyətinə, genetik imkanlarına görədir.

Yüklə 188,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin