1936-cı ilin aprel-mayında keçirilən parlament seçkilə- rində Xalq Cəbhəsi bütün səslərin 57%-ni aldı və sosialist Leon Blümün başçılığı altında iyunun 4-də hökumət təşkil edildi. Kommunistlər bu hökumətə daxil olmasalar da, parlamentdə yeni hökuməti Xalq Cəbhəsi proqramını yerinə yetirməsi şərti ilə müdafiə etmək haqqında qərar qəbul etdilər.
Xalq Cəbhəsi hökuməti 1937-ci ilin fevralına qədər 133 qanun layihəsini parlamentdə müzakirə etdi və bunlar qəbul olundu. Ümumiyyətlə, XX əsrin 30-cu illərində Fransa ka- pitalist ölkələri içərisində demokratik islahatları ən çox həyata keçirən ölkə idi. Xalq cəbhəsi hökumətinin həyata keçrdiyi islahatlar nəticəsində faşist və yarımfaşist təşkilatları buraxıldı. Onların fəaliyyəti qadağan edildi. Siyasi məhbuslara əfv verildi. Həmkarlar ittifaqları sahibkarlarla kollektiv müqavilələr bağlamaq hüququ əldə tdilər. 40 saatlıq iş həftəsi və 2 həftəlik ildə haqqı ödənilən məzuniyyət verilməsi qanuniləşdirildi. 14 yaşına çatmış bütün uşaqlara icbari təhsil verilməli idi. Təhsilə qoyulan vəsait artırıldı. Hərbi sənayenin və dəmir yollarının qismən milliləşdirilməsi həyata keçirildi. Bankların və dəmir yollarının üzərində dövlət nəzarəti qoyuldu. Əhalinin aşağı təbəqələrinin əmək haqqı 2-2,5 dəfə, fəhlələrin əmək haqqı isə 15-17% artırıldı, müharibə iştirakçılarının təqaüdü çoxaldıldı. Kənd təsərrüfatında çoxuşaqlı ailələrə əlavə müavinətlər ayrılırdı. Dövlət kənd təsərrüfatı məhsullarını kəndlilərdən sabit yüksək qiymətlərlə satın almağa başladı. İri kapital üzərinə qoyulan vergilər xeyli artırıldı. Bütün bunlar xalq kütlələrində Xalq Cəbhəsi hökumətinə qarşı etimadı gücləndirdi. Orta təbəqələrə güzəştli kreditlər verildi. Xalqın yaşayış səviyyəsi yüksəldi. Sosial qanunvericilik sahəsində mühüm irəliləyiş baş verdi. Lakin sosial xərclərin hədsiz dərəcədə artırılması ölkədə maliyyə böhranına gətirib çıxardı. Qarşıya qoyulan proqram
əsasən yerinə yetirildikdən sonra Xalq Cəbhəsinə daxil olan partiyalar gələcək inkişaf yolunu seçmək məcburiyyətində qaldılar. Maliyyə çətinliyini gücləndirən amillərdən biri də kapital üzərinə vergi qoyulmasından qorxan kapitalistləin öz pullarını yerli banklardan götürərək xarici banklara qoymaları idi. Leon Blüm hökuməti 1937-ci ilin fevralında öz fəaliyyətində «pauza» elan etdi. Hökumət fransız mallarının ixracını yüksəltmək və iqtisadiyyatın canlanmasına şərait yaratmaq üçün frankı devalvasiya etdi. Frankın qızıl məzənnəsi azaldıldı, müvafiq olaraq digər valyutalarla müqayisədə onun məzənnə dəyəri aşağı düşdü. Fransanın iqtisadi vəziyyəti pisləşməyə başladı. İqtisadiyyata kapital qoyuluşu azaldı. Hadisələrin inkişafı ona gətirib çıxardı ki, 1937-ci ilin iyununda Leon Blüm istefa verməli oldu. Hökumətə radikallar partiyasından olan Kamil Şotan rəhbərlik etdi. Xalq Cəbhəsi içərisində narazılıqlar başladı. İlk növbədə iqtisadi sahədə kapital üzərinə vergü qoymaq məsələsində radikallar sosialistlərlə razılaşmadılar. Xarici siyasətdə də onların arasında fikir müxtəlifliyi yarandı. Belə ki, 1936-cı ilin iyununda İspaniyada vətəndaş müharibəsi başlanarkən Leon Blüm hökuməti Fransa ilə İspaniya arasında bağlanmış qarşılıqlı yardım haqqında sazişə əməl etmədi və Böyük Britaniyanın təzyiqi altında "Qarışmamaq komitəsi"nə qoşuldu. 1938-ci ilin martında Şotanı yenidən Leon Bölüm, aprelində isə radikallar partiyasının lideri olan Eduard Daladye əvəz etdi. Bu hökumətin dövründə isə Xalq Cəbhəsində parçalanma radikal- ların təslimçi, kommunistlərin radikal, sosialistlərin isə liberal mövqeyi üzündən daha da dərinləşdi. 1938-ci ilin sentyabrında Münxendə Fransa hökumətinin başçısı Eduard Daladyenin Çexoslavakiyanın Sudet vilayətinin Almaniyaya verilməsi haqqında sazişə qol çəkməsi Xalq Cəbhəsinin dağılmasını daha da sürətləndirdi.
1938-ci ilin noyabrında radikallar Xalq Cəbhəsinin tərki- bindən çıxdıqlarını bildilər. Bləliklə, Xalq Cəbhəsi dağılmış oldu. Eduard Daladyenin başçılıq etdiyi radikallar hökuməti Fransaya rəhbərlik etməyə başladı.Hökumət iqtisadi inkişafa xüsusi diqqət yetirməyə başladı. Bu hökumət müharibə ərəfəsində Xalq Cəbhəsinin keçirdiyi bir sıra islahatları təxirə saldı, iki həftəlik pulsuz məzuniyyət ləğv etdi. 40 saat əvəzinə 48 saatlıq iş həftəsi müəyyən etdi. Birbaşa vergilər 8% artırıldı. 1938-ci ilin noyabrın 12-də hökumətin yeni fövqaladə dekretləri verildi. Kommunal xidmət tarifləri yüksəldildi. Qiymətlər üzərində nəzarət ləğv edildi. Sosial xərclər ixtisar edildi. Ölkə iqtisadiyyatını sabitləşdirmək üçün fond yaradıldı. Ölkəyə xarici kapital axını gücləndi. Hökumət hərbi sənayenin inkişafına xüsusi diqqət yetirməyə başladı. İqtisadiyyatın dövlət tənzimlənməsi gücləndirildi. Hərbi istehsalı gücləndirmək üçün 1938-ci ildə hökumət komissiyası yaradıldı. 1939-cu ildə parlament “iqtisadiyyatı tənzimləyən rejim” qanununu qəbul etdi.Bu proqram şəxsi təşəbbüsə imkan yaradırdı. 1939-cu ilin avqustunda SSRİ ilə Almaniya arasında hücum etməmək haqqında müqavilə bağlandıqdan sonra Fransa hökuməti kommunistlər üzərinə ciddi hücumə keçdi və kommunistlərin mətbuat orqanlarını bağladı.
Dostları ilə paylaş: |