Rumıniya dünya iqtisadi böhranı illərində
1929-1933-cü illərin dünya iqtisadi böhranı Rumıniyada daha dərin və güclü oldu. Bunun səbəbləri ölkənin xarici imperializmin təsiri altında olması, ölkə sənayesində mərkəz- ləşmə əmələ gəlib inhisarlar təşkil edildiyi şəraitdə kəndlərdə hələ feodalizm qalıqlarının davam etməsi, zəhmətkeşlərin yaşayış səviyyəsinin aşağı olması idi. Böhran nəticəsində sənayedə istehsalın həcmi azaldı. Bir sıra istehsalat müəssisələri bağlandı. Meşə və s. sənaye məhsulları əvvəlki səviyyənin 50%-nə bərabər oldu. Böhran ancaq neft sənayesinə toxunmadı. Neft çıxarılması 1928-ci illə müqayisədə 1933-cü ildə 4,8 milyon tondan 7,3 milyon tona çatdı. Ölkədə işsizlərin sayı daha da artdı. Bu böhran kənd təsərrüfatını da pozğun hala saldı. Böhran nəticəsində kəndlilər müflisləşərək borclu düşdülər . 1932-ci ildə kəndlilərin borcu 150 milyard leydən çox idi. Böhran ölkədə maliyyə sistemini də sarsıtdı. 1931-ci ildə büdcədə 95 milyard ley açıqlıq vardı. Milli-saranistlər böhran nəticəsində əmələ gəlmiş bütün çətinlikləri zəhmətkeşlər üzərinə yükləməyə çalışırdılar. Zəhmətkeşlər üzərinə qoyulan vergilər getdikcə artır, əmək haqqı isə aşağı düşürdü. 1929-1933-cü illərdə fəhlələrin əmək haqqı 60% azaldı. Milli-saranistlər ölkənin qapılarını xarici imperialistlərə daha geniş açdılar. Buna görə də ölkəyə xarici kapital axını
daha da artdı. 1929-cu ildə Maniu hökuməti İngiltərə və Fransadan 17 milyard ley pul borc aldı. 1931-ci ildə isə bu hökumət əlavə olaraq 8,7 milyard ley pul borc götürdü. Böhran illərində xaricilərin Rumıniyada xalis gəliri 18 milyard ley olmuşdu. Bütün inhisar və ticarət sahələri, telefon, kibrit, duz, tənbəki tamamilə xaricilərin əlində idi. Ancaq telefonun Amerika şirkətinin əlində olması hər il Rumıniya xalqına 100 milyon leyə başa gəlirdi. Banklar üzərində də xaricilər nəzarət edirdilər. 1932-ci ildə Rumıniya öz xarici borclarını ödəyə bilmədiyi üçün ölkənin siyasi və iqtisadi həyatında xarici dövlətlərin nəzarəti daha da gücləndi. İqtisadi böhran Rumıniya daxilində ictimai ziddiyyətləri daha da kəskinləşdirdi. Ölkə ərazisində inqilabi yüksəliş əmələ gəldi. Əgər 1927-ci ildə tətilçilərin sayı 66 min idisə, 1930-cu ildə 100 min nəfərə çatdı. Bu zaman çıxış edən fəhlələr əmək haqqının artırılmasını, 8 saatlıq iş günü, istehsalat normalarının qaydaya salınmasını tələb edirdilər. Böhran illərində Rumıniya kəndlərində də kəndlilərin bir sıra çıxışları oldu. Təkcə Bessarabiyada 1932-ci ildə ayrı-ayrı kəndlərdə 170-ə qədər çıxış olmuşdu.
Dostları ilə paylaş: |