Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə69/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   470
 

HÜSEYN ƏRƏBLİNSKİ 

(1881-4 mart 1919) 

 

Azərbaycan romantik aktyor məktəbinin banisi Hüseyn Ərəblinski sayılır. "Ərəblinski" 



qüdrətli aktyor və rejissorun təxəllüsüdür. Afişalarda bəzən "Ərəbli" kimi də yazılıb.  Əsil adı 

Hüseynbala, soyadı Xələfovdur. 1881-ci ildə Bakıda doğulub. 

Atası Məmməd kişi yeikənli gəmidə işləyib və Hüseyn (Hüseynbala) bacısı Dürsədəflə kiçik 

ikən ailənin başçısı  dəniz fırtınasında həlak olub. Anası  Pərinin himayəsində qalan Hüseyn 

Ərəblinski bir müddət mollaxanada oxuyub, ancaq ailənin pis güzəranına görə ruhani təhsilindən 

uzaqlaşıb. 1893-cü ildə o, qeyrətli ziyalı, ehtiraslı teatr həvəskarı Həbib bəy Mahmudbəyovun kasıb 

uşaqlar üçün açdığı pulsuz təhsil sinifində oxuyub. Bu məşhur təhsil ocağı "Üçüncü rus-tatar 

məktəbi" adlanırdı və Həbib bəy oranın müdiri idi. Sultanməcid Qənizadə də orada dərs deyirdi və 

Hüseynin məktəbə  qəbulunda onun ciddi səyi olub. Həbib bəyin məktəbindən sonra gələcəyin 

aktyoru "Mixaylovskaya Şkola"da oxuyub. 

Rus dilini və ədəbiyyatını mükəmməl öyrənən Hüseyn 1900-cü ildə hərbi məktəbə (o vaxt 

"Kadetski korpus" adlanırdı) daxil olmaq üçün Tiflisə gedib. Ancaq nəslən hərbi qulluqçu 

olmadığına və ya özünün həmin sahədə müəyyən iş stajının yoxluğuna görə onu hərbi məktəbə 

qəbul etməyiblər. Yenidən Bakıya gəlib, müxtəlif işin qulpundan yapışaraq çörək-pulu qazanıb. 

Həm də  hərdən ayrı-ayrı  həvəskar dəstələrinin təşkil etdikləri tamaşalarda epizod rollar oynayıb. 

1901-ci il-də  Şuşadan Bakıya gələn  Əbdürrəhim bəy Haqverdiyev burada dağılmaqda olan teatr 

dəstələrini bir araya gətirib, nisbətən sabit truppa düzəldib. Az sonra həmin truppa "Müsəlman 

artistləri cəmiyyəti" (Şirkət) adlanıb. Hüseyn Ərəblinski bu truppa ilə sıx əlaqə yaradıb. 




Hüseyn  Ərəblinski ilk dəfə  səhnəyə 1897-ci ildə  çıxıb. Müəllim  işləyən  və    teatrın  

təşəkkülündə böyük  xidmətləri olan Sultanməcid Qənizadə  şagirdlərlə "Lənkəran xanının vəziri" 

komediyasını tamaşaya hazırlayıb.  Əsər Novruz bayramı münasibətilə göstərilib və  Ərəblinski 

(Xələfov) mehtər Kərəm rolunda səhnəyə çıxıb. Ağabəşiri isə onun məktəb dostu, sonralar aktyor

rejissor, dramaturq kimi fəaliyyət göstərən Mirmahmud Kazımovski oynayıb. 1900-1905-ci illər 

ərzində  həvəskarların hazırladıqları tamaşalarda nəzərə çarpmayan rollarda çıxış edib. Onların 

arasında nisbətən yadda qalanı  və  əslində  zəif olanı  Nəcəf bəy Vəzirovun öz faciəsi  əsasında 

hazırladığı "Müsibəti-Fəxrəddin"dəki nökər Hacı Murad rolu olub. Görkəmli teatr xadimi Əbülfət 

Vəlinin təşkil etdiyi teatr truppası 1905-ci ildə  Lənkəranda qastrolda olub. Həmin tamaşada 

xəstələnmiş aktyorun yerinə Rüstəm bəyi  Ərəblinski ifa edib. Aktyor bu rolda gözlənilməz uğur 

qazanıb. Qastrol nailiyyəti aktyorun yaradıcılığında ciddi dönüş yaradıb. Hüseyn Ərəblinski qısa bir 

müddətdə Bakı aktyorları arasında öncüllüyü ələ alıb. O, əsasən "tragik" (faciə rollarını oynayan 

(aktyor) kimi şöhrətlənmiş və tez bir zamanda, həm də rejissor kimi səmərəli fəaliyyət göstərməyə 

başlamışdı. 

Hüseyn  Ərəblinski 1906-1919-cu illər arasında "Nicat", "Səfa" mədəni-maarif 

cəmiyyətlərinin teatr truppalarında, "Müsəlman artistləri cəmiyyəti"ndə, "Zülfüqar bəy və Üzeyir 

bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq və rejissorluq etmişdir. Həmin truppaların 

bəzisində həmçinin baş rejissor kimi də səmərəli işlər görmüşdür. 

Milli teatr sənətimizin peşəkar istiqamətdə inkişafında, başqa ölkə  və  şəhərlərdə 

tanınmasında, bir sıra bölgələrdə teatr sənətinin təşəkkülündə Hüseyn (Məkərə) Ərəblinskinin böyük 

xidmətləri olub. O, özünün təşkil etdiyi truppa-dəstələrlə 1906-cı ildə Dərbənddə, Tiflisdə, Gəncədə, 

Petrovskidə (indiki Mahaçqala), Temurxanşurada, Nijni Novqorodda, Həştərxanda (Hacıtərxan), 

1909-cu ildə Tiflisdə,  İrəvanda, Batumda, Vladiqafqazda, Moskvada, Şuşada, 1911-ci ildə 

Krasnavodskda, Aşqabadda, 1914-cü ildə Tiflisdə, 1917-ci ildə Hacıtərxanda və Tiflisdə qastrol 

səfərlərində olub. Qastrol repertüarının  əsasını  Nəcəf bəy Vəzirovun,  Əbdürrəhim bəy 

Haqverdiyevin, Nəriman Nərimanovun, Şəmsəddin Saminin, Namiq Kamalın, Jan Batist Molyerin, 

Henrix Heynenin dram və faciələri, həm milli, həm də tərcümə vodevil və məsxərələr təşkil edib. 

Bir qayda olaraq bu tamaşaların rejissorluğunu Ərəblinski öz üzərinə götürüb. 

1908-ci il yanvarın 12-də "Nicat" cəmiyyəti truppasının oynadığı ilk milli operamız olan 

Üzeyir bəy Hacıbəyovun "Leyli və  Məcnun"unun quruluşçu rejissoru Hüseyn Ərəblinski idi. 

Müxtəlif vaxtlarda Üzeyir bəy Hacıbəyovun "Əsli və  Kərəm", "Şah Abbas və Xurşid banu" 

operalarına, "Arşın mal alan", "Ər və arvad", "Məşədi  İbad" operettalarına, Zülfüqar bəy 

Hacıbəyovun "Aşıq Qərib", "Evliykən subay", "Əlli yaşında cavan" əsərlərinə dəfələrlə quruluşlar 

verib. 


Rejissor kimi Hüseyn Ərəblinskinin daha peşəkar sayılan quruluşları Nəcəf bəy Vəzirovun 

"Müsibəti-Fəxrəddin", "Ev tərbiyəsinin bir şəkli", "Adı var, özü yox", "Hacı  Qəmbər", "Daldan 

atılan daş topuğa dəyər", Mirzə  Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", 

"Müsyö Jordan və dərviş Məstəli şah", Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Dağılan 

tifaq", "Ağa Məhəmməd şah Qacar", Nəriman Nərimanovun "Nadir şah", Yusif Talıbzadənin "Xalid 

ibn Valid", Osmanlı  ədiblərindən Namiq Kamalın "Vətən", "Akifbəy", "Naci bəy fədakari-

hürriyyət", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir 

Əbül Üla", rus müəllifi K.Baxmetovun "Napoleon" ("1812-ci il və ya Moskva yanğını"), alman 

Henrix Heynenin "Əl Mənsur", Jan Batist Molyerin "Zorən təbib", Vilyam Şekspirin "Otello", 

Nikolay Qoqolun "Müfəttiş", Fridrix Şillerin "Qaçaqlar" əsərlərinə verdiyi səhnə  təfsirləridir. O, 

çoxlu xırda vodevillər, birpərdəli əsərlər də hazırlayıb. Yuxarıda adı çəkilən faciələrin əksəriyyətinə 

isə bir neçə dəfə quruluş verib. 

Hüseyn Ərəblinskinin ifa etdiyi rolları şərti olaraq iki qismə bölmək olar: milli dramların və 

tərcümə əsərlərinin tamaşalarında oynadığı obrazlar. 




Birinci bölümə  Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (Hacı Murad, Rüstəm bəy və 

Fəxrəddin), "Hacı Qəmbər" (Xudaverdi bəy), "Daldan atılan daş topuğa dəyər" (Əbdürrəhman bəy), 

"Ev tərbiyəsinin bir şəkli" (Rəsul), Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar" (Ağa Cavad), 

"Dursunəli və ballıbadı" (Ağa Cəfər),  Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (Süleyman 

bəy), "Bəxtsiz cavan" (Fərhad), "Ağa Məhəmməd  şah Qacar" (Qacar), Nəriman Nərimanovun 

"Nadir şah" (Məhəmməd xan, Gürcü bəy və Nadir şah), "Bahadır və Sona" (Bahadır), "Şamdan bəy" 

(Yusif), Mirzə  Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Teymur ağa), "Hacı Qara" 

(Naçalnik), Haşım bəy Vəzirovun "Döymə qapımı, döyərlər qapmı" (Ağa Məcid), Məmmədəmin 

Rəsulzadənin "Qaranlıqda işıqlar" (Qəhrəman),  İsmayıl Rüstəmbəyovun "Dövləti-bisəmər" 

(Ağabala), Yusif Talıbzadənin "Xalid ibn Valid" (Xalid), Mirzə Məmməd Axundzadənin "Səd ibn 

Vəqqas" ("Səd Vəqqas". Səd Vəqqas), Səkinə Axundzadənin "Zülmün nəticəsi" (Səid bəy), Əhməd 

Qəmərlinin "Rüstəm və Söhrab" (Rüstəm), Abdulla Abdullazadənin "Xosrov-Pərviz" (Xosrov 

Pərviz) əsərlərinin tamaşalarındakı rollar daxildir. 

Aktyor tərcümə əsərlərindən Nikolay Qoqolun "Müfəttiş" (Dobçinski və Xlestakov), Henrix 

Heynenin "Əl Mənsur" (Əli və  Əl Mənsur), Fridrix Şillerin "Qaçaqlar" (Frans), Namiq Kamalın 

"Əta bəy" (Əta bəy), "Naci bəy" (Naci bəy), "Vətən" (İslam bəy), "Namus" ("Akif bəy". Anif bəy), 

Jan Batist Molyerin "Zorən təbib" (Eyvaz), Fransua Volterin "Sultan Osman" (Sultan Osman), 

Yevgeni Çirkovun "Yəhudilər" (Naxman), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Gavə  və  Pərviz), 

S.Lanskoyun "Qəzavat" (Əhməd bəy  Şamxal), Məhəmməd Ehsanın "Cövdət bəy" (Cövdət bəy), 

Lentovskinin "Artistlərin məişəti" (Vəli),  İvan Turgenevin "Pulsuzluq" (Cəmil bəy), Hüseyn 

Bədrəddin və  Məhəmməd Rüfətin "Əmir  Əbül Üla" (Əbu Dəyyab), Baxmetovun "1812-ci il" 

(Napoleon), Abdulla Şaiqin təbdilində "Qafqaz çiçəkləri" (Aslan), Vilyam Şekspirin "Otello" 

(Otello), Yusif Talıbzadənin təbdilində  "Ərmənusə" (Arkadyos), Ehrabinin "Ləkkeyi taci Kəyan" 

(Səttarxan), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" (Kərəm),  Əbdülhəq Hamidin "Tariq ibn Ziyad" 

(Tariq),  Ələsgər Kamalın "Bəxtsiz igid" (Zakir), özünün tərcümə-təbdilində "Bədəfkarın külfəti" 

(Ata) pyeslərinin tamaşalarında müxtəlif səpkili rollar oynayıb. 

Hüseyn  Ərəblinski 1916-cı ildə "Milyonlar və neft səltənəti" filmində Lütfəli bəy rolunda 

çəkilib. 

Azərbaycan teatr tarixində böyük xidmətləri olan onlarca aktyor məhz Hüseyn Ərəblinskinin 

şöhrəti və yaxından qayğısı, yaxud ona bəslənən böyük rəğbət nəticəsində səhnə sənətinə gəlmişlər. 

Hətta Sidqi Ruhulla və Abbasmirzə Şərifzadə kimi qüdrətli aktyorlar vaxtilə onlara verilən "balaca 

Ərəblinski" qiyməti ilə fəxr etmişlər. 

Rusiyada xüsusi teatr təhsili almaq arzusu ilə yaşayan və  həmin istəyi maddi çətinlik 

ucbatından dəfələrlə puça çıxan Hüseyn Ərəblinski 1919-cu il martın 4-də dayısı oğlu Əbdülxalıq 

Əbdülkərim oğlunun tapançadan açdığı atəşlə qətlə yetirilib. O, son dəfə mart ayının 1-də səhnədə 

Nadir şah rolunda çıxış edib. 

Qacar, Fərhad, Nadir şah, Otello, Fəxrəddin, Xlestakov, Frans, Gavə, Qaçaq Kərəm, İslam 

bəy rolları aktyorun teatr salnaməmizə əbədi həkk olan səhnə surətləridir. 

Hüseyn Ərəblinski səhnəmizin ilk aktyorlarındandır ki, suflyordan imtina etməyə səylə can 

atmış, oynadığı əksər obrazların sözlərini əzbər bilmişdir. 

Hüseyn Ərəblinski aktyor sənətini elmi əsaslarla mənimsəmək üçün çoxlu mütaliə etmiş və 

kitablardan mənimsədiklərini sənət yoldaşlarına da öyrətməklə, səhnədə  əyaniləşdirməyə 

çalışmışdır. 

Hüseyn  Ərəblinski milli rejissuramızda  Əbdürrəhim bəy Haqverdiyevin qoyduğu  ənənəyə 

sadiq qalaraq tamaşaya hazırlanan  əsəri təhlilə çalışmışdır. Pyesin ideya və müəllif qayəsi barədə 

aktyorlara məlumat verməyi vacib saymışdır. 

Hüseyn Ərəblinski hər hansı əsəri ayrı-ayrı ifaçılarla işləyib, sonra "calaq" eləmək vərdişinin 

əleyhinə çıxmış, tamaşanı iştirakçı aktyorların ansambl bütövlüyü ilə işləməyə üstünlük vermişdir. 




Sadəlik, canlılıq, eşq və ehtiraslar üzərində köklənən emosionallıq, coşğun temperament 

romantik aktyor Hüseyn Ərəblinskinin yaradıcılığı üçün səciyyəvi idi. 

Hüseyn Ərəblinskinin məzarı Bakıda Fəxri xiyabandadır. 

Sumqayıt Dövlət Musiqili Dram Teatrı görkəmli sənətkar Hüseyn Ərəblinskinin adını 

daşıyır. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin