______________Milli Kitabxana_____________
157
adətən müxtəlif mənşəli sözlər öz əksini tapırdı. Buna misal
«Şumer-akkad məktəb lüğətini» göstərmək olar. Çox hallarda
yazılar iki dildə tərtib olunurdu. Xarici dil bilən xüsusi mirzələr
ədəbiyyat nümunələrini, əcnəbi sözləri tərcümə edirdilər.
Qədim İkiçayarası xalqları memarlıq və incəsənət sahələrini
inkişaf etdirmişdilər. İkiçayarasında təbii ehtiyatlar yox
dərəcəsində idi. Orada tikinti ağacları və daş kifayət qədər
olmadığından xüsusilə gil-kərpic memarlığı təkmilləşirdi.
İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi
hallarda divara bişmiş kərpicdən və daşdan üz çəkirdilər.
E.ə. IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər
böyük yaşayış məntəqələrinin mərkəzinə çevrilmişdi. E.ə. III
minillikdə şumer şəhər-dövlətlərinin mərkəzində ibadətə xidmət
edən tikintilər (məbəd) dəsti (kompleks) bina edilir, ətrafına da
xüsusi divarlar çəkilirdi. Eyni zamanda İkiçayarası memarlığına
xas olan zikkuratlar, yəni 3, 5, 7 mərtəbəli pilləli bürclər
yaradılırdı. Bunlardan ən məşhuru Urda tikilmiş zikkurat idi.
Zikkurat (qülləli məbəd) müxtəlif rənglərə boyanmış üç pillədən
ibarət idi. Zikkurat adətən öz möhkəmliyi və əzəmətliliyi ilə
fərqlənirdi. Zikkuratın qülləsində kiçik ibadətgah yerləşirdi və
oraya bir neçə ön pilləkən qalxırdı. Zikkuratdan rəsədxana kimi də
istifadə edirdilər.
Əzəmətli məbədlərlə yanaşı saray tikintisi dəsti də
yaradılırdı. Sarayın bir çox yaşayış və köməkçi binaları, dəbdəbəli
ön salonları olurdu. Qəbir memarlığı hökmdar məqbərələrindən
ibarət idi. Bu qəbirlərdə xeyli incəsənət abidəsi aşkar edilmişdir.
Müharibə mövzusu Entemenanın və Naram-Suenin daş abidəsində
əks olunmuşdur: orada meyitlər və onları dimdikləyən qartal,
döyüşçülərin dağ yolları ilə qalxması, hökmdarın əzəmətli əndamı
(fiquru) göstərilmişdi. Hökmdar nizə ilə bir düşməni öldürür, o
birisini isə ayağı ilə basır. Düşmən döyüşçüləri vahimə içərisində
təsvir olunmuşlar.
İkiçayarasının e.ə. III minilliyinə aid heykəltəraşlığı üçün
alçaq boylu, ağır çəkili fiqurlar səciyyəvidir. Heykəl donmuş,
gözlər böyümüş şəkildə düzəldilirdi. Həmin üslubda hökmdar
Qudeanın və Hammurapinin heykəl təsvirləri verilmişdir. Bununla
|