______________Milli Kitabxana_____________
55
Misirdə də dünyanın əmələ gəlməsi haqda əfsanə vardı.
Günəş allahı Ra dünyanı xəlq edən hesab edilirdi. O, səmanı, yeri,
bitkiləri, heyvanları, quş və balıqları sudan yaratmışdı. Bu
təsəvvürlərin bəziləri qədim yəhudilərin dini dünyagörüşünə də
təsir göstərmişdi.
Misirin qonşu ölkələr ilə iqtisadi və mədəni əlaqələri bədii
ədəbiyyatın yeni janrında - səyahətlərin təsvirində öz əksini
tapmışdı. Bu səpkidən “Gəmi qəzasına uğramış barədə nağıl”
rəvayətini misal göstərmək olar. Firon öz məmurunu Punta
göndərir. Gəmi qəzaya uğrayır və dənizçi sirli adaya düşür.
Adanın hökmdarı xeyirxah ilan surətində ona qonaqpərvərlik
göstərir, var-dövlətindən ona hədiyyələr verir, Misirə yola salır.
“Misirli Sinuxet haqqında” hekayətdə qorxusundan
Suriyaya qaçmış adlı-sanlı saray əyanından bəhs edilir. Əsərdə
Sinuxetin yolda çəkdiyi
əzab-əziyyətdən, Suriyada
varlanmasından, vətən həsrətindən əzab çəkməsindən danışılır.
Uzun müddət Suriyada yüksək vəzifə tutmasına və yaşamasına
baxmayaraq, Sinuxet vətən həsrəti ilə yanırdı, doğma yurduna
qayıtmağa fürsət axtarırdı. Sonralar yeni fironun dəvəti ilə o,
Misirə qayıdır.
Nəsihət xüsusiyyətli əsərlər əsasən Orta və Yeni səltənət
dövründə yaranır. Nəsihətlər mövcud olan dövlət və ictimai
quruluşu müdafiə edirdi. Burada sosial ziddiyyətlər, aşağı
təbəqələrə münasibət, dövlət idarəetmə qaydaları, mirzəlik
sənətinin üstünlüyü, xalq üsyanlarının acı nəticələri və s. əks
olunmuşdur. Nəsihət səpkili əsərlərdən "Ptaxotepin nəsihəti",
"Herakliopol hökmdarı Axtoyun oğlu Merikara nəsihəti", "I
Amenexetin nəsihəti", "Duauf oğlu Axtoyun nəsihəti", "İpuserin
nəsihəti", "Nefertitinin nəsihəti"ni göstərmək olar.
Axtoyun oğlu Merikara nəsihəti aşağı təbəqələrə, yoxsullara
və onların sırasından çıxan fərasətli və müdrik adamlara
münasibət qaydasından bəhs edir. Hökmdar belə adamlardan uzaq
olmağı, fərasətliləri əzməyi oğluna tövsiyə edir. Burada dövlətin
idarə olunması qaydaları da əks olunmuşdur. Duauf oğlu Axtoyun
nəsihətində bir çox peşələrin ağır zəhmət tələb etməsi sadalanır və
mirzəlik peşəsinin daha üstün və şərəfli olması qeyd olunur.
|