______________Milli Kitabxana_____________
123
sairələrin adları şumer əsatirlərində çəkilmişdir. Bunlar ümum
şumer allahları cərgəsinə daxil idilər. Bundan başqa şumer
şəhərlərinin ayrıca himayəçi allah və ilahələri vardı. Laqaş
şəhərinin himayəçi ilahəsi Ninqirsu olmuşdu. Enlil, arvadı Ninlil
və oğlu Ninurta Nippur şəhərinin havadarları hesab olunurdular.
Şumerlər yeraltı, axirət dünyası haqqında təsəvvürlər
yaratmışdılar. O «geniş ölkə», yaxud «geriyə yol olmayan ölkə»
adlanırdı. Şumerlərə görə, axirət dünyası zülmət idi, orada insan
bədəni torpağa dönür, onun başını qurd-böcək çeynəyir, o, daima
susuz və yeməksiz qalır. Bunlar olmasın deyə qurban kəsilməli
idi. Buranın hökmdarı ilahə Ereşkiqal idi, onun əri isə müharibə
allahı Nerqal idi. Müxtəlif ruhlar, o cümlədən taun allahı İrra öz
növbəsində onlara xidmət edirdilər.
Akkadlar, amorilər, aramilər, haldeylər və başqa qədim
xalqlar şumer dininin bir çox əlamətlərini mənimsəmişdilər.
Adətən, sami tayfaları himayəçi allahı Bel, «ağa» adlandırırdılar.
İcmanın ilahəsi isə İştar adını daşıyırdı. Şumer və Akkad allah
anlayışları qovuşan zaman, akkadlar Enlilə Bel deyirdilər, sonralar
bu adı Babil allahı Marduka şamil etmişdilər. Tədricən şumer
ilahə adları An akkadlıların Anu, Nammu-Tiamat, Ki-Kinqu,
Enki-Ea, Utu-Şamaş, Nannar-Sin, İşkur-Adad, İnanna-İştar, İrra-
Namtar, Neunuqal-Nerqal ilə əvəz edilmişdi. Tədricən Babil
panteonunda ali allah yerini Marduk, Assur panteonunda isə Aşşur
tutmuşdu.
İkiçayarası əhalisi qədim totem təsəvvürlərini, yəni
heyvanlara sitayişi saxlamışdı. Allahları da müxtəlif heyvan
görkəmində təsvir edirdilər. Allah Ea bəzən balıq quyruqlu, yaxud
tısbağa şəklində təsvir olunurdu. Marduk əfsanəvi əjdaha, qrifon,
təbabət ilahəsi Qula - it, himayəçi xeyirxah ruhlardan Şedu və
Lamassu qanadlı öküz, yaxud insan başlı şir kimi təsəvvür
olunurdu. Misirdə olduğu kimi, şumer allahları da ibadətləri ilə
bağlı olan heyvanların üstündə təsvir edilirdilər.
Qədim İkiçayarası xalqları qədim ovsun formalarını
saxlamışdılar. Guya ovsun vasitəsilə adamı xəstəlikdən,
bədbəxtlikdən xilas etmək olarmış. Müxtəlif falabaxma növləri
mövcud idi. Heyvan içalatı, xüsusilə ciyərlə fal açırdılar. Müasir
|