______________Milli Kitabxana_____________
169
QƏDİM ASSURİYA MƏDƏNİYYƏTİ
Assuriya dövləti İkiçayarasının şimal hissəsində, İraqın
ərazisində mövcud olmuşdur. Assuriyanın ərazisi əsasən dağlıq
olduğu üçün burada əkinçilik bir o qədər inkişaf etməmişdir.
Lakin burada çoxlu faydalı qazıntılar və meşə materialları vardır.
Assuriya əhalisi tunc əldə etməyi çox erkən öyrənmişdir.
Assuriyalılar mis, tunc, qalay və sonra dəmirdən istifadə etmişlər.
Dəclə çayı sahilində Aşşur (indiki Kilat-Şerkət) şəhəri
salınmışdır. Bu şəhər dini mərkəz və paytaxt hesab olunurdu.
Aşşur allah adı və Assuriya ölkə adı bu şəhərin adından əmələ
gəlmişdir. Assuriya əvvəlcə Cənubi Mesopotamiyadan asılı idi,
e.ə. XX əsrdə müstəqil Assuriya dövləti yarandı. I minilliyin
başlanğıcında Ön Asiyada dəmirdən istifadə təsərrüfatla yanaşı,
hərbi sənətin inkişafında mühüm rol oynamışdır. Assuriyalılar
bundan daha yaxşı istifadə edərək hərbi sənətdə böyük nailiyyətlər
qazanmışlar. E.ə. VIII-VI əsrlərdə Assuriya Ön Asiyada ən
qüdrətli hərbi dövlətə çevrildi. Assuriya qoşunlarının sayı 120 min
nəfərə çatırdı. Qoşun piyada, atlı və döyüş arabalarından ibarət
idi. Assur çarlarını mühafizə edən daimi “çar cangüdənlər dəstəsi”
var idi. Piyadalar uzun nizə, ox və kaman, qalxanlarla
silahlanırdılar. Dağları aşmaq üçün kəndir, çaylardan keçmək
üçün heyvan dərisindən hazırlanmış və içərisinə hava doldurulmuş
tuluqlardan istifadə olunurdu. Assur çarları ordunun təliminə
xüsusi diqqət yetirirdilər. Hərbi parad üçün xüsusi meydançalar
var idi. Onların ordusunda xüsusi “mühəndislər” dəstəsi fəaliyyət
göstərirdi. Onlar hərbi istehkamlar qurur, hərbi yollar çəkir, çaylar
üzərindən körpülər salırdılar. Assur ordusu xüsusi daşatan
(mancanaq), qala uçuran qurğulardan istifadə edirdi.
Assuriyanın Paytaxtı Nineviya idi. Bu şəhər “Aslanlar
yuvası” adlanırdı. Assuriya Mesopotamiyanı, Suriyanı, Fələstin və
Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi.
E.ə. VII əsrdə Assuriyanın düşmənləri olan Babil və Midiya
ona qarşı birləşdilər. Onlar e.ə. 612-ci ildə Ninveiya şəhərini tutub
dağıtdılar, e.ə. 605-ci ildə Karxemiş qalasını ələ keçirdilər.
Assuriyanın varlığına son qoyuldu. Onun ərazisi Midiya və Babil
padşahlıqları arasında bölüşdürüldü.