______________Milli Kitabxana_____________
219
Metaləritmədə mislə qalayın xəlitəsi olan klassik bürünc meydana
gəldi. Dəmirçilər tökmə, döymə, qaynaq, basmaqəlib və s.
üsullara yiyələndilər. Qızıl və gümüş məmulatlar meydana gəldi.
Metaldan silah, alət, məişət əşyaları istehsal edirdilər. Böyük
məharətlə işlənmiş külli miqdarda tayı olmayan bürünc
məmulatlar tapılmışdır. Qazıntılar zamanı iplikbənd, iynə, cida
kimi toxuculuğa aid çoxlu əmək alətləri aşkar edilib. Gürz, dən
üyüdən, həvəng və bu kimi daşdan düzəldilmiş bəzi əşyalar da
qorunub saxlanırdı. Ovçuluq və balıqçılıq təsərrüfat fəaliyyətinin
yardımçı sahəsi kimi qalırdı. Qəbilə başçıları və nəsil
ağsaqqallarının hökmranlığı sürətlə güclənirdi. Qəbilə ittifaqları
meydana gəldi. Məzarlar güclü təbəqələşmənin mövcudluğuna
dəlalət edir. Başçıların məzar təpəliklərindəki dəfn əşyaları zəngin
və çeşidlidir. Mərhumların üzərinə çox vaxt qırmızı oxra boyası
səpələyirdilər, yandırma mərasimi də geniş vüsət almışdı. Dində
şamançılıq və ovsun geniş yayılmışdı. Qobustan, Gəmiqaya və
İstisu abidələrinin bir çox rəsmləri buna dəlalət edir. İbtidai
incəsənət əhəmiyyətli dərəcədə inkişaf etmişdi. Məmulat zəngin
surətdə heyvan, insan təsvirləri ilə, bitkivari və həndəsi naxışla
bəzədilirdi.
II minilliyin II yarısından başlayaraq Azərbaycanda ibtidai
icma quruluşunun inkişafında son mərhələ başlandı. Onu iki
hissəyə - e. ə. XIV-XII əsrlər üst tunc və e. ə. XI –VIII əsrlər alt
dəmir dövrlərinə ayırırlar. Dəmirin tətbiqi cəmiyyətdə kənd
təsərrüfatının sürətli inkişafı, mübadilənin genişlənməsi, qonşu
ölkələrlə əlaqələrin möhkəmlənməsi, qəbilə icmasının süqutu,
sinfi cəmiyyətə keçid kimi bir çox dəyişikliklərə gətirib çıxardı.
Artıq eneolit dövründə Şərqin bir çox ölkələrində (Misir, Çayarası
ərazi) sinfi cəmiyyətin yarandığı məlumdur. Qarabağ, Naxçıvan,
Gəncə-Qazax və Şəki-Zaqatala bölgələrində üst bürünc və alt
dəmir dövrlərinə aid olan külli miqdarda təpəlik və digər (daş
yeşiklər, torpaq qəbirlər) tipli məzarlar aşkar edilib. Burada çoxlu
silah, kənd təsərrüfatı alətləri, sənətkar alətləri, zinət əşyaları və s.
tapılıb. Həmin dövrün məskənləri də geniş ərazilərdə yerləşirdi.
Təsərrüfatda yarımköçəri maldarlıq ön plana çıxır. Maldarlar
dağlara qalxır, burada məskən salır və nəhəng qurğular tikirdilər.
|