DƏrslik baki 2008 ŞƏRTİ İŞARƏLƏr afesd ­Ərəb iqtisadi və sosial inkişaf Fondu / Arab Fund for Economic



Yüklə 2,65 Mb.
səhifə5/32
tarix05.01.2020
ölçüsü2,65 Mb.
#30057
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   32
d book huquq 23504


42. Beynəlxalq hüquqda özü icra olunan və özü icra olunmayan (ümumi prinsip və rejimləri müəyyən edən, hüquq yaradan) müqavilələr fərqləndirilir. Əsasının Blekstoun qeyd-şərti (1828) təşkil edən özü icra olunan (self executinq) müqavilə institutu üçün xarakterik xüsusiyyət ondan ibarətdir ki, həmin müqavilə sadə proseduraya uyğun tanınmaya məruz qaldıqdan sonra müvafiq dövlətin şəxslərin həmin müqavilənin benefisiyarı olması üçün dövlətdaxili qanunvericilik aktının qəbuluna zərurət qalmır. Beynəlxalq iqtisadi hüquqda özü icra olunan müqavilələrlə yanaşı müqavilə-əqdlər və birbaşa tətbiq edilən müqavilələr fərqləndirilir. Müqavilə-əqdlər məhdud fəaliyyət sferalı sazişlər, kimi (M. M.Boquslavski) dövlət təminatı ilə realizə olunan (məsələn, neft boru kəmərinin, atom elektirik stansiyasının tikintisi və s.) və xüsusi şəxslər üçün hüquq və vəzifə yaradan beynəlxalq müqavilələrdir. Müvafiq kontekstdə Dünya Ticarət Təşkilatının hüququna daxil olan sazişlərdə birbaşa nəzərdə tutulmasa da həmin müqavilələrin xüsusi şəxslər üçün bilavasitə hüquq yaradan normaları xüsusi olaraq qeyd edilməlidir (146, 151, 153).

43. Beynəlxalq iqtisadi iştirakçıların sayından asılı olaraq ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr də fərqləndirilir. İkitərəfli müqavilələr inteqrasıya prosesinin başlanğıcının hüquqi əməkdaşlıq forması olmaqla, həm də beynəlxalq iqtisadi münasibətlərin daha çevik tənzimetmə sistemini təşkil edir. Bir qayda olaraq beynəlxalq iqtisadi hüququn spesifik norma və prinsipləri məhz ikitərəfli beynəlxalq müqavilələrdə əks olunur. Lakin qlaballaşma dövrünün beynəlxalq iqtisadi hüququ üçün xarakterik beynəlxalq hüquqi tənzimetmə forması çoxtərəfli beynəlxalq müqavilələrə əsaslanır. Hər iki halda həmin müqavilələrin tənzimetmə predmetini həm xüsusi (məsələn, mübahisələrin həlli qaydası investisiyaların qarşılıqlı müdafiəsi və təşviqi və s.), həm də qarışıq, kompleks ticarət-iqtisadi xaraqterli münasibətlərin tənzimlənməsi təşkil edə bilər. Çoxtərəfli beynəlxalq müqavilə qaydasında tənzimetmə özünün səmərəliliyi və davamlığı ilə II Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Məlum Bretton-Vuds sazişi ilə (1945) Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının yaradılması, daha sonra 1947-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişin qəbul edilməsi və onun 1994-cu ildə 104 dövlətin iştirakı ilə Mərakeş sazişi ilə Dünya Ticarət Təşkilatına transformasiyası və s. qeyd edilə bilər.
3.3. Beynəlxalq adətlər
44. Beynəlxalq iqtisadi hüququn mənbələrindən bir də beynəlxalq adətlərdir. Adət normaları, beynəlxalq umumi hüquqda olduğu kimi, beynəlxalq iqtisadi hüququn da əhəmiyyətli hissəsini təşkil edir. Bəzən ümumi davranış qaydaları, praktika, standart və prinsiplər adət mənşəli narmalar kimi qəbul edilsə də, adət normalarına beynəlxalq hüququn mənbəyi kimi formalaşması üçün iki şərtin:

- müvafiq qaydanın uzunmüddətli tətbiqi;

- həmin qaydanın hüquqi qüvvə kəsb edən davranış qaydası (opinio juris) kimi dövlətlər tərəfindən tanınması zəruridir (BMT Beynəlxalq Məhkəməsinin Statutu m. 38. b.1.8).

Beləliklə, beynəlxalq adət beynəlxalq müqavilə ilə ifadə edilməyən, bir neçə və ya bütün dövlətlərə münasibətdə uzunmüddətli tətbiq nəticəsində formalaşan qayda kimi təzahür edir.

Əgər universal adət normaları əksər hüquqi sistemlər, beynəlxalq birlik tərəfindən tanınmalıdırsa, regional və lokal normalar isə bütün maraqlı tərəflərin tanınmasından sonra formalaşır. Müasir dövrdə adət normalarının yaranmasında “susmaqla tanınma” lokal normalar üçün xaraqterik deyil. Regional və lokal normaların tanınması üçün bütün maraqlı tərəflərin aydın ifadə edilən razılığı lazımdır. Misal üçün, Xəzərin beynəlxalq hüquqi statusunun formalaşmasında bəzi sahilyanı dövlətlərin fərqli mövqeyinin beynəlxalq hüquqi statusunun formalaşmasına imkan verməsi qeyd edilə bilər.

Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi zamanı normaların ardıcıllığı gözlənilməlidir. Əgər müvafiq beynəlxalq münasibəti tənzim edəcək beynəlxalq müqavilə norması yoxdursa o halda beynəlxalq adət hüquqi tənzimetmənin forması kimi çıxış edəcək. Buna misal olaraq, qitədaxili dövlətlərin qonşu sahilyanı dövlətlərin ərazisindən azad tranzit keçidi qeyd edilə bilər. Əgər əvvəllər bu qayda adət norması kimi mövcud olubsa, sonradan, məcəllələşdirilib. Həmin normaya görə, sahilyanı dövlət açıq dənizə birbaşa çıxışı olmayan qitədaxili dövlətə yüklərin, şəxslərin, nəqliyyat vasitələrinin dənizə sərbəst çıxış hüquqna maneə yaratmamalıdır.(67).

Beynəlxalq adət normalarını müxtəlif işgüzar təcrübə və presedentlərdən fərqləndirmək lazımdır. Tədricən həmin qaydaların birmənalı olaraq beynəlxalq adət normalarına çevrilməsi (V. M. Şumilov) fikri ilə razılaşmaq olmaz. Belə eyniləşdirmə haqlı olaraq tənqid edilməkdədir (A. P. Anufriyeva). Belə ki, təcrübə və presedentlərin adət normasına çevrilməsi həmişə baş vermir. Təcrübə və ya presedent dövlətlərin məcburi hüquqi xarakter kəsb etməyən ümumi davranış qaydalarıdır. Bu və ya digər fəaliyyət sferasında presedent, nəzakət (comitas) qaydaları həmin sferanın xüsusiyyətlərindən asılı olaraq formalaşdırılır. Məsələn, ticarət, investisiya sazişlərində daha əlverişlilik prinsipi, milli rejim prinsipinin verilməsi ümumi təcrübədən (presedentdən) meydana gəlib.
3.4. “Sivilizasiyalı xalqlar” ın hüququ
45. Beynəlxalq iqtisadi hüququn ümumtanınmış beynəlxalq hüquq mənbələrindən formalaşdırılmış (tanınmış) hüququn ümumi prinsipləri təşkil edir. Bu prinsiplərin dəqiq və tam siyahısı hüquq ədəbiyyatında verilməsə də, beynəlxalq arbitraj və məhkəmə praktikasında onlara geniş yer ayrılır. Məsələn, İran Dövlət Neft Şirkətilə Sapphire İnternational Petroleum ltd. Arasında bağlanmış kontrakt tərəflərin milli hüquqları ilə yanaşı sivilizasiya xalqların prinsiplərinə tabe etdirilmiş və beynəlxalq arbitraj da həmin prinsipləri tətbiq etmişdir.

46. Svilizasiyalı xalqların hüququna görə, xaricilərin əmlakının ekspropriasiyası zamanı sivilizasiyalılığın beynəlxalq minimal standartı: xarici əmlaka vurulan zərərə görə dövlətin məsuliyyəti; qəbul edən dövlətin qanunlarına hörmət; mübahisələrin həlli zamanı yerli hüquqi müdafiə vasitələri tükəndikdən sonra beynəlxalq arbitraj orqanlarına müraciət hüququ və s. nəzərdə tutulur (185). Svilizasiyalı xalqların hüququ, tanınmış prinsipləri müvafiq sistemlə bitmir. Hüququn ümumi prinsipləri də bu sistemdə mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, həmin normalar inkişaf etməkdə olan ölkələr tərəfindən tənqid edilməkdədir. Belə bir fikir ifadə olunur ki, svilizasiyalı (inkişaf etmiş) xalqların hüququ beynəlxalq iqtisadi münasibətlərdən mütləq liberalizmə əsaslandığından və inkişafda olan ölkələrin iqtisadi gərginliyini nəzərə almadığından qəbul edilə bilməz. XX əsarin 60-70-ci illərində YBİO prefensiya sisteminin irəli sürülməsi də həmin problemlə bağlı olmuşdur.

Müasir dövrdə svilizasiyalı xalqların prinsipləri ayrı-ayrı dövlətlərin daxili qanunvericiliyinə nəsbətdə ümumi başlanğıclar kimi çıxış edir. Öncə qeyd etdiyimiz arbitraj qərarında da müvafiq prinsiplər bir tərəfdən milli hüquqdakı boşluğu doldurmağa xidmət edirsə, digər tərəfdən, milli hüququn da tənzim etdiyi kontraktların beynəlmiləlləşməsini şərtləndirir.



47. Svilizasiyalı xalqların prinsipləri və yaxud hüquq tarixən xaricilərin əmlak hüquqlarının toxunulmazlığına əsaslanırdı. Başqa sözlə, inkişaf etmiş Qərb hüququnda əmlak hüquqlarının toxunulmazlığı konsepsiyası həmin hüququn əsasını təşkil edir.

Svilizasiyalı xalqların hüququ xarici kapitalın təhlükəsizliyini təmin etmək məqsədilə ixrac edən dövlətin diplomatik müdafiəsini də nəzərdə tuturdu.



48. XIX əsrin sonu XX əsrin əvvəllərində Latınamerikalı ölkələr Qərb dövlətlərinin öz vətəndaşlarını, onların əmlak hüquqlarını müdafiə etmək üçün həyata keçirdikləri diplomatik müdafiə ilə bağlı siyasəti ədalətsiz sayan “Kalvo doktrinası” nı irəli sürülər. Sonradan həmin siferada diplomatik müdafiəni istisna edən və daha ciddi təhlükəsizlik qaydası nəzərdə tutan 1965-ci il (Vaşinqton) IKSID Konvensiyası qəbul edilməklə (445) müvafiq siyasi fikir ayrılığı nisbətən zəifləmiş olur.
3.5. Doktirina
49. Nəhayət, Beynəlxalq iqtisadi hüququn BMT Beynəlxalq Məhkəməsinin Statusunun 38-ci maddəsində nəzərdə tutulan beynəlxalq hüququn mənbələrindən sonuncusu müxtəlif xalqların beynəlxalq hüquq üzrə ixtisaslı mütəxəssislərinin elmi baxışlarıdır.

Doktirina beynəlxalq hüququn köməkçi mənbələri sırasına aid olmaqla müəyyən şəraitdə bu və ya digər beynəlxalq hüquq məsələsinə konseptual baxışların sistemi kimi qəbul edilir. Müxtəlif xalqların beynəlxalq hüquq üzrə ixtisalı hüquqşünaslarının doktirinaları beynəlxalq müqavilələrin, beynəlxalq təşkilatların qərar və qətnamələrinin hazırlanmasında, tətbiqində və təfsirində əhəmiyyətli rola malikdir.

Müasir dövrdə doktirinanın beynəlxalq hüquq problemlərinin həllində rolunun nəzərə çarpacaq dərəcədə zəifləməsi təşkilatlar, inteqrasiya qurumları çərçivəsində hüquqyaratma prosesinin daha ardıcıl həyata keçirilməsilə əlaqədar izah edilə bilər. Buna baxmayaraq, doktrina beynəlxalq hüquq düşüncəsinin formalaşmasında özünün əhəmiyyətini itirməmişdir.
3.6. Beynəlxalq iqtisadi hüququn

tövsiyyə xarakterli mənbələri
50. Beynəlxalq iqtisadi münasibətlər sferasında fəaliyyət göstərən universal xarakterli beynəlxalq təşkilatların qərar və qətnamələri də beynəlxalq iqtisadi hüququn köməkçi mənbələri qismində çıxış edir. Məsələn, BMT Baş Məclisinin 1974-cü ildə qəbul edilmiş Dövlətlərin iqtisadi hüquq və vəzifələri xartiyasında beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə (dövlətlərin suveren bərabərliyinə və s.) əsaslanan Təbii ehtiyatlar üzərində dövlət suverenliyi prinsiplərinin əks olunması müvafiq akta beynəlxalq iqtisadi hüququn mənbəsi keyfiyyəti verir. Eləcə də, 1974-cü ildə Yeni Beynəlxalq İqtisadi Qaydanın bəyan edilməsilə bağlı sənədlər üçlüyünün qəbul edilməsi beynəlxalq iqtisadi hüquqda inkişafda olan ölkələr üçün prefensiya (rejiminin) prinsiplərinin formalaşdırılmasını sürətləndirilmiş oldu. Bəzən beynəlxalq iqtisadi münasibətlərin inkişaf səviyyəsi hüquqi tənzimetməni qabaqlayır ki, bu zamanda inkişaf etmiş fövqəl dövlətlərin qeyri-rəsmi danışıqları, razılaşmaları beynəlxalq iqtisadi münasibətlərin nəzakət (comitas gentium) qaydasında, siyasi normalarla tənzimlənməsini təmin edir. Qeyri-rəsmi razılaşmalar ümumi mövqeyi ifadə etsə də, formal baxımdan müqavilə kimi edilmirlər. Beynəlxalq iqtisadi hüquqda belə normalar “yumuşaq hüquq” (solf law) adı ilə tanınmaqla əsasən “siyasiləşmiş” təbii ehtiyatlar sferasında (məsələn, OPEC çərçivəsində neft bazarının kvotalanması, tənzimlənməsi, “Yeddilər qrupunun” maliyyə danışıqları, və s.) o cümlədən, əsas valyuta kurslarının böhran həddinin qarşısının alınmasında tətbiq edilir.

Beynəlxalq iqtisadi hüquq üçün xarakter xüsusiyyət ondan ibarətdir ki, digər sferalardan fərqli olaraq münasibət iştirakçıları bir qayda olaraq qeyri-formal, siyasi ünsiyyətə üstünlük verirlər. Məlum olduğu kimi, beynəlxalq məhkəmə və arbitraj qaydasında mübahisələrin həlli beynəlxalq təhlükəsizliyə xidmət etsə də, bu qayda beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi üçün bir o qədər əhəmiyyətli mexanizm sayılmır. Məhkəmə prosesi qarşılıqlı etimadın zəifləməsinə, bu isə, öz növbəsində, beynəlxalq ticarət əlaqələrinin pozulmasına səbəb olduğundan bu sahədə daha çox siyasi, kvaziməhkəmə mexanizmlərinə prioritet verilir. Belə bir qayda işgüzar münasibətlərin davamlılığını, ardıcıllığını təmin edir.



51. Beynəlxalq iqtisadi hüququn beynəlxalq hüquq mənşəli köməkçi mənbələri kimi beynəlxalq iqtisadi təşkilatlar çərçivəsində həyata keçirilən, sistemləşdirmə, məcəllələşdirmə, unifikasiya nəticəsində formalaşdırılan normalar xüsusi əhəmiyyət kəsb edir. Məsələn, BMT beynəlxalq hüquq Komisiyası (1947) BMT Baş Məclisinin köməkçi orqanı Beynəlxalq ticarət hüququ üzrə Komisiyası (UNCITRAL) (1966), Xüsusi hüququn unifikasiyası üzrə Roma institutu (UNIDRUA) (1926), Ticarət və İnkişaf üzrə BMT Konfransı (UNCTAD) (1964), Kömrük tariflərinin beynəlxalq Bürosu çərçivəsində hazırlanmış sənədlər sonrakı beynəlxalq müqavilə və sazişlərin qəbulunda mühm rol oynayır. Beynəlxalq iqtisadi hüquqda, ikitərəfli beynəlxalq sazişlərdə üstünlük verilən beynəlxalq vergi, investisiyaların müdafiəsi sahəsində müvafiq sazişlərin imzalanmasını sadələşdirmək, surətləndirmək üçün “model müqavilələr” beynəlxalq iqtisadi hüququn mənbəyi sayılmasa da beynəlxalq sazişlərin hazırlanmasında mövcud təcrübəni əsaslandıraraq müqavilələrin tətbiqində və təsfirində mühüm rol oynayır. Beynəlxalq iqtisadi hüquqda qeyri-rəsmi unifikasiya, sistemləşdirmə ilə məşğul olan qurumlardan biri də işgüzar dairələrin avtoritetli kulubu kimi tanınan vı ticarət terminlərinin beynəlxalq təfsir qaydalarının (INCOTERMS) hazırlanmasında, eləcə də beynəlxalq arbitrajların təşkilində əhəmiyyətli rol oynayan və mənzil qərargahı Parisdə yerləşən Beynəlxalq Ticarət Palatası (1920) qeyd edilə bilər.
3.7. Beynəlxalq standartlar
51.1. Nə beynəlxalq hüquq, nə də dövlətdaxili hüquq normaları standartların anlayışını təsbit etmir. Həmin normalar müxtəlif aktlarda müxtəlif adlarla, o sümlədən, texniki tənzimetmə, ticarətdə texniki maneələr, beynəlxalq standartlaşdırma, texniki normalaşdırma kimi qəbul edilməkdədir.

Standartlar beynəlxalq təşkilatlar və dövlətdaxili qurumlar tərəfindən hazırlansa da, onların rejimi Dünya Ticarət Təşkilatının müqavilələr sistemi ilə də tənzimlənir (157).

Dünya Ticarət Təşkilatının sazişlərindən biri də texniki tənzimetməyə, standartlaşmaya həsr edilib. Standartlaşdırmanın beynəlxalq ticarətə maneə olmaq xüsusiyyətini nəzərə alaraq Uruqvay raundunda Texniki maneələr üzrə Saziş qəbul edilmişdir. Standartlaşdırmanın əsas məqsədini həyatın və sağlamlıq səviyyəsinin yüksəldilməsi, ekoloji təhlükəsizlik, həmçinin heyvan və bitki aləminin təhlükəsizliyinin təmin edilməsi təşkil edir.

Standartlar ətraf mühitə, insan sağlamlığına qarşı müxtəlif təsirlərin nəticələrinin qiymətləndirilməsi üçün kəmiyyət və keyfiyyət ölçüləri, meyarı kimi çıxış edirlər (346). Texniki təhlükəsizlik haqqında AR-in 1999-cu il Qanununda qeyd edilir ki, texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühavizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sənaye və tikinti, sanitar-epidemoloji, əhalinin və ərazinin fövqəlada hallardan müdafiəsi normalarına uyğun olmalıdır (m.3.2).

Beynəlxalq iqtisadi münasibətlər sferasında qəbul edilən standartların analizi belə bir qənaət üçün əsas verir ki, həmin qaydalar iqtisadi inkişafla bağlı olan və ekoloji təhlükəsizlik aspekti kəsb edən ümumi xaraqterli qeyri-məcburi hüquq və vəzifələri əks etdirən normalardır.

Beynəlxalq standartların hazırlanması ilə müxtəlif sferalı və səlahiyyətli beynəlxalq təşkilatlar məşöul olur. Yalnız Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 12 mindən çox normativi mövcuddur.

Beynəlxalq standartlar bir qayda olaraq beynəlxalq təşkilatlar çərçivəsində hazırlandığından həmin mexanizmlər, ilk növbədə, təşkilatların özü üçün meyar kimi qəbul edilir. Lakin müəyyən hüquqyaradıcılığı prosesindən sonra həmin standartlar digər beynəlxalq təşkilatlar, o cümlədən dövlətlər tərəfindən də tətbiq edilə bilər. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nizamnaməsinin III A.6 maddəsində qeyd edilir ki, Agentlik BMT-nin səlahiyyətli qurumları və ixtisaslaşdırılmış müəssisələri ilə məsləhətləşmə və zərurət olduqda əməkdaşlıq edərək sağlamlığın mühafizəsinə, həyat və əmlaka, o cümlədən, əmək şəraitinə təhlükəni minumuma endirmək məqsədilə təhlükəsizlik standartlarını qəbul edir. Bu standartlar həm Agentliyin fəaliyyətində, həm də onun avadanlığından, xidmət və məlumatlarından, texniki vasitələrindən istifadə edərək tətbiq edilir. Digər qurumların, həmçinin dövlətlərin həmin standartlardan istifadəsi, başqa sözlə, həmin standartlara hüquqi qüvvə verilməsi üşün beynəlxalq müqavilə və ya dövlətdaxili qanunvericilik qaydası ifadə edilməlidir.

Belə bir nəticə yaranır ki, standartlar yalnız onlara hüquqi istinad olunduğu zaman məcburi hüquqi qüvvə kəsb edirlər. Beynəlxalq standartlar sosial xaraqterli texniki normalar olmaqla və eyni zamanda digər sosial normalardan fərqli olaraq şəxsin-şəxsə deyil, şəxsin-texnikaya-şəxsə münasibətinə yönəlir. Standartların məzmunu təbiətin obyektiv qanunauyğun inkişafı ilə şərtlənir. Buna görə də, bir çox texniki normalar, standartlar obyektiv zərurət tələbindən meydana gəlir və bilavasitə onların məzmununda siyasi istiqamət təzahür etmir. Realizə prosesində isə onlar siyasi, texniki-hüquqi xaraqter kəsb edirlər. Beynəlxalq hüquqda hüquq normasının yaradılmasının iki əsas forması- müqavilə və adət forması məlumdur. Beynəlxalq standartlar da müxtəlif formada hüquqi əhəmiyyə kəsb edə bilərlər. Belə ki, bir halda beynəlxalq müqavilə beynəlxalq standartı özünün norması kimi ifadə edirsə, başqa bir halda standart müqaviləyə əlavə formasında qəbul edilə bilər. Nəhayət, dövlətdaxili qanunvericilik aktı beynəlxalq standarta istinad etməklə ona məcburi hüquqi xüsusiyyət verə bilər.

Beynəlxalq standartlar, texniki reqlamentlər beynəlxalq hüquq normalarının milli hüquqi implementasiyasından fərqli, daha sadə tanınma proseduruna malikdir. Texniki standartlar elə də texniki xaraqter daşımır, sənayenin müəyyən sahəsində spesifik qaydalar kimi formalaşan bu normalara özünün daxili hüququndakı boşluqları doldurmaq üçün dövlətlərin istinad etməsi, bir tərəfdən, uzun-uzadı qanunvericilik müzakirəsinə və ya beynəlxalq sazişlərə qoşulmaq zərurətini aradan qaldırırsa, digər tərəfdən isə, beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimetmə standartları daha işıək mexanizmlərə malik olur.

Beynəlxalq standartların beynəlxalq müqavilə norması kimi qəbul edilməsinə nümumə kimi nüvə energetikasından istifadə zamanı təhlükəsizlik üzrə müqavilə və konvensiyalardan: - Dənizin tullantılarla və digər maddələrlə çirkləndirilməsinin qarşısının alınması üzrə 1972-ci il Konvensiyası; Nüvə maddələrinin fiziki müdafiəsi haqqında 1980-cı il Vyana Konvensiyası; İstifadə edilmiş yanacaqla və radiaktiv tulantılarla təhlükəsiz davranış haqqında birgə 1997-ci il Konvensiyası və s. qeyd edilə bilər.

Beynəlxalq standartların beynəlxalq müqavilələrə əlavə kimi qəbul edilməsinə nümumə kimi Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasına qəbul edilmiş Ətraf mühitin mühafizəsi adlanan 16-cı əlavəsi qeyd edilə bilər. Müvafiq qayda eyni zamanda elektrorabitənin beynəlxalq hüquqi tənzimlənməsi sferası üçün də xaraqterikdir.

Qeyd edilən normaların tənzimetmə üçün praktik əhəmiyyəti, ilk növbədə, onların müəyyən sahənin “işçi heyəti” tərəfindən qəbul edilməsində ifadə olunursa, digər tərəfdən isə onların ümumtanınmış xüsusiyyəti belə normalara qarşı hər hansı iddiaya əsas verməməsində və nəhayət, formal hüququn bu qaydalara birbaşa istinad etməsindədir.

Qeyd etdiyimiz kimi, təhlükəsizlik üzrə standartlar hüquqi məcburi formaya malik olmasalar da onları sadəcə olaraq, texniki normativ kimi qiymətləndirmək düzgün olmazdı. Məsələn, Beynəlxalq Atom Enerjisi Agentliyinin standartları seriyası müəyyən bir normativliyə malikdir. Müəyyən bir formada dərc edilmə, həmçinin onların tövsiyə xaraqteri belə deməyə əsas verir ki, müvafiq qaydalar nüvə enerjisindən istifadə sferasından “beynəlxalq təşkilatın inzibati göstərişləridir”.

Beynəlxalq standartlar texniki normativlər olsalar da, onlarda fəaliyyətin texniki parametrləri təsbit edilir və bu parametrlər elmin, texnikanın müasir nailiyyətlərinə əsaslanmalıdır. Bu mənada, beynəlxalq standartların qəbulu da müəyyən bir proseduraya əsaslanır. Beynəlxalq Atom Enerjisi Agentliyinin təhlükəsizlik standartlarının hazırlanması və qəbulu ilə onun Baş Konfransı və İdarəetmə Şurası məşğul olur. Agentlik bu və ya digər dövlətlərlə bağlanan təminat müqavilələrində təsbit edilən standartların yerinə yetirilməsinə də nəzarət edir. Həmin qaydaların pozulması halında BMT Təhlükəsizlik Şurasına və Baş Məclisə məlumat verir.

Təhlükəsizlik standartları üçün xarakterik xüsusiyyət onların mütəmadi olaraq təkminləşdirilməsi ilə bağlıdır. Məsələn, Beynəlxalq Atom Enerjisi Agentliyi digər beynəlxalq təşkilatlarla bu sahədə sıx əməkdaşlıq edir. Xüsusən də, BMT-nin ixtisaslaşdırılmış və köməkçi qurumlarının elmi-texniki meyarları təhlükəsizlik standartları üçün qəbul edilir. Nüvə radiasiya təhlükəsi olan obyektlərdə çalışan şəxslərin təhlükəsizlik standartları Beynəlxalq Əmək Təşkilatı ilə, Ətraf mühit üzrə Proqramı (UNEP), Dünya Səhiyyə Təşkilatı ilə, Beynəlxalq Dəniz Təşkilatı (322) və digər qurumlarla formalaşdırılır.

Bəzən beynəlxalq müqavilələrdə beynəlxalq standartlara deyil, dövlətdaxili normativlərə, həmçinin müəyyən hallarda da qanunvericiliklə nəzərdə tutulan standartlara deyil, ayrı-ayrı nazirlik və ya komitələrin standart və reqlamentinə istinad qlobal ətraf mühit, insan sağlamlığı, heyvan və bitki aləminin mühafizəsini təmin edə bilməz. Qloballaşan iqtisadi sistem və qlobal ekoloji problem yeni iqtisadi inkişaf modelinə uyğun olaraq beynəlxalq standartlara beynəlxalq müqavilə statusu vermək məcburiyyətindədir.

Texniki təhlükəsizlik standartlarını tənzim edən dövlətdaxili qanunvericilik aktlarının beynəlxalq standartlara istinad etməsi də qeyri-məqbul hal kimi qiymətləndirilməlidir. Dövlətdaxili qanunvericilik aktları nüvə, radiasiya təhlükəsizliyi zamanı mövcud standartların daha əlverişli normativlərinə istinad etməlidir.

Azərbaycan Respublikasının Əhalinin radiasiya təhlükəsizliyi haqqında 1997-ci il Qanununda radiasiya təhlükəsizliyinin təmin edilməsi sahısindı hüquqi tənzimetmə zamanı beynəlxalq müqavilə normalarına istinad etsə də (m.2), beynəlxalq təşkilatların standartlarını nəzərdə tutmur. Qanunda yalnız radiasiya təhlükəsizliyinin təmin edilməsində dövlət normalaşdırılmasına istinad edilir (m.3). Bu mənada Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının 1992-ci il Qanunu qeyd edilməlidir. Dolayısı ilə olsa da, Qanunun 3-cü maddəsi beynəlxalq sanitariya qaydalarının və normalarının, gigiyena normativlərinin AR ərazisində qüvvədə olması qaydasını müəyyən edir.

Beynəlxalq standartların tətbiqi ehtimalı baxımından Ətraf mühitin mühafizəsi haqqında baxımından Azərbaycan Respublikasının 1999-cu il Qanunuun 81-ci maddəsi tətbiq olunmalıdır. Birbaşa olaraq beynəlxalq standartlara istinad etməsə də, ekoloji təhlükəsizliyin üstünlüyünün gözlənilməsi prinsiplərini rəhbər tutaraq ətraf mühitin mühüfizəsi sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi təsbit edilir.
3.8. “Üçüncü hüquq” qaydası
52. Müasir beynəlxalq iqtisadi hüquq qloballaşma dövrünün hüququ olmadığından (V.M. Sumilov) onun normativ tərkibi də özünün genişliyi ilə beynəlxalq ümumi hüquqdan fərqlənir (D.Karro, P.Juar). Beynəlxalq iqtisadi hüququn qeyri-beynəlxalq hüquq mənbələrindən biri kimi transmilli hüquq çıxış edir. Transmilli hüquq (F.Cessup) ədəbiyyatda müxtəlif adlar altında, bəzən “qeyri-dövlət tənzimetməsi” (M.M. Boquslavski), bəzən “üçüncü hüquq qaydası” (D. Karro) kimi adlandırılarsa da, ümumi fikir ondan ibarətdir ki, onun mənbəsini müxtəlif yurusdiksiyaya aid şəxslər, transmilli korparasiyalar arasında, eləcə də transmilli korparasiyalar ilə dövlətlər arasında bağlanan (qarışıq təbiətli) beynəlxalq (dövlət və ya dioqanal) kontraktlar təşkil edir. Transmilli hüquq transmilli bankların “çirkli pulların” yuyulmasına qarşı mübarizə mexanizmlərinin, yevrobondların və yevroboliqasiyaların xüsusi valyuta və maliyyə tənzimlənməsinin, enerji resuslarının hasilatı, tranziti və istifadəsi ilə bağlı lex petrolia / lex mercotorianın məcmuu kimi meydana gəlir.

Transmilli hüquq həm beynəlxalq, həm də dövlətdaxili hüquq tərəfindən qəbul edilmişdir. Transmilli korparasiyaların transmilli hüquq qaydasında əmlak hüqularının təminatlandırması zamanı irəli sürülmüş daha bir konsepsiya kvazibeynəlxalq müqavilə konsepsiyasıdır. Bu konsepsiya AR-in bağladığı neft kontraktları üçün də xarakterikdir. Məsələn, AR hökuməti ilə “Şen Li” kompaniyası arasında 2003-cü ildə bağlanmış Hasilatın pay bölgüsü haqqında Sazişə AR hökumətinin təminatı və öhdəlikləri adlanan 5-ci Əlavəsində qeyd edilir ki, Hökumət Sazişin qüvvədə olduğu bütün müddət ərzində Saziş üzrə Podratçının hüquqlarını və mənafelərini hər hansı şəkildə azaldan, pozan, ləğv edən və ya məhdudlaşdıran hər hansı müqavilələrə hökumətlərarası, sazişlərə və ya hər hansı başqa razılaşmalara getməyəcəkdir (m.1(d)).

Transmilli korparasiyalar ilə dövlət arasında bağlanan beynəlxalq kontrakta zidd gələ biləcək hökumətlərarası sazişin bağlanmayacağı öhdəliyi müvafiq kontrakta kvazibeynəlxalq müqavilə statusu verir ki, bu da kontrakt münasibətlərinin beynəlxalq hüquq kontekstində, pacta sunt servanda prinsipinə uyğun həllini təmin etmiş olur.

Transmilli hüquq istər beynəlxalq, istərsə də dövlətdaxili hüquqda siyasi hakimiyyətin əsas ünsürü olan dövlət suverenliyini transmilli (beynəlxalq) ticarətin “tərəflərin bərabərliyi” prinsipinə tabe etdirməyə yönəlir. Bu halda dövlət xarici şirkətlərlə beynəlxalq komersiya əlaqələrinə ticarət edən şəxs qismində daxil olduğu üçün özünün suveren immunitetindən imtina etməli olur (109). Başqa halda transmilli korporasiyalar investisiya yatırımında maraqlı olmurlar.



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin