DƏrslik baki 2008 ŞƏRTİ İŞARƏLƏr afesd ­Ərəb iqtisadi və sosial inkişaf Fondu / Arab Fund for Economic



Yüklə 2,65 Mb.
səhifə8/32
tarix05.01.2020
ölçüsü2,65 Mb.
#30057
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
d book huquq 23504


4.8. Qarşılıqlı mənfəət prinsipi
81. Qarşılıqlı mənfəət prinsipi beynəlxalq iqtisadi mübahisələrin balanslaşdırılması, beynəlxalq sosial ədalətin gözlənilməsi baxımında xüsusi hüquqi katiqoriya kimi diqqəti cəlb edir. İnteqrasiya prosesinin surətləndiyi, qloballaşma dövrünün mürəkkəb iqtisadi münasibətlərdə ədalətli mənfəət bölgüsü beynəlxalq iqtisadi mübahisələrdə balanslaşdırılmış ümumi beynəlxalq hüquqi rejim olmadan mümkün deyil. Qarşılıqlı mənfəət prinsipi dövlətlərin iqtisadi, sosial potensialına və açıq rəqabətinin təminatına yönəlir. Qarşılıqlı mənfəət beynəlxalq hüququn əməkdaşlıq prinsipindən irəli gəlir və beynəlxalq iqtisadi hüququn nisbətən daha yeni, formalaşmaqda olan prinsipərdən biri kimi qəbul edilməlidir. Qarşılıqlı mənfəət prinsipi beynəlxalq hüquqi aktlardan 1974-cü il Xartiyasında, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1975) Yekun Aktında əks olunmuşdur. Yekun aktında qeyd olunur ki, iştirakçı dövlətlər iqtisadi fəaliyyət sahəsində əməkdaşlığı bərabərlik və qarşılıqlı razılıq əsasında ikiktərəfli və çoxtərəfli sazişləri gözləməklə bütövlükdə ədalətli mənfəət nisbətində inkişafı təmin edəcəklər.

82. Qarşılıqlı mənfəət prinsipi beynəlxalq hüquqda digər konvension prinsiplə-qarşılıq prinsipi ilə sıx əlaqədə təzahür edir. Beynəlxalq iqtisadi mübahisələrdə qarşılığın tələb olunması əsasən hüquqlara, üstünlüklərə, güzəştlərə, mənfəətə və s. sferalara aid edilir. Qarşılıqlıq bir qayda olaraq, keyfiyyət və kəmiyyət üzrə bərabərliyi, simmetrikliyi, ekvivalentliyi, eynicinsliliyi və s. əhatə edir. Beynəlxalq hüquqda qarşılıqlığın əsasında dövlətlərin siyasi qarşılıqlı iradəsi dayanır. İradənin razılaşdırılması prosesi maraqların balanslaşdırılmasında ifadə olunur.

Qarışılıqlıq prinsipinə əsasən xarici fiziki və hüquqi şəxslərin hüquqları qəbul edən dövlətin fiziki və hüquqi şəxslərinin istifadə etdiyi hüqulardan artıq ola bilməz. Həmçinin xarici şəxs qəbul edən dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmayan, lakin şəxsi qanuna əsasən malikolduğu hüquları tələb edə bilməz.

Beynəlxalq hüquq sferasındakı beynəlxalq münasibətlərin bir qismi qarşılıqlığı istisna etdiyi halda, digər qismi beynəlxalq müqavilələr, o cümlədən, Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə, 1994-cü il Pakistan İslam Respublikası ilə 1995-ci il İnvestisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında, həmçinin AR-in Hüquqi yardım haqqında müqavilələri, konsulluq konvensiyaları bilavasitə qarşılıqlıq əsasında bağlanmışdır. Qeyd olunan kateqoriya müqavilələrdə qarşılıqlıq ya birbaşa göstərilir, ya da müqavilənin məzmununda ifadə olunur. Dövlətlərarası münsibətlərin bir çox sahələrində, məsələn, daha əlverişlik prinsipi, həmçinin birtərəfli qaydada şərtsiz olaraq verilən milli rejim prinsipini nəzərdə tutan üçüncü qism müqavilələr qarşılıqlıqla əlaqədar heç bir göstərişi nəzərdə tutmur.

83. Beynəlxalq iqtisadi hüquqda qarşılıqlığın növləri kimi: “maddi”, “formal” və “əks qarşılıq” (retorsiya) fərqləndirilir. Birinci iki termin tam şərti xaraqter daşıyır. “Maddi” qarşılıqlıq benefisiya verən dövlətin, benefisiya qəbul edən dövlətin fiziki və hüquqi şəxslərinə həmin benefisiya qəbul edən dövlətdə özünün fiziki və hüquqi şəxslərinin istifadə etdiyi hüquq vəsəlahiyyətlər həcmində rejimin verilməsidir. Formal qarşılıqlığa görə isə xarici fiziki və hüquqi şəxslərə yerli qanuna müvafiq olaraq səlahiyyətlər təqdim edilməklə onlar status baxımından yerli şəxslərlə bərabərləşdirilirlər. “Formal” qarşılıqlıq da “maddi” qarşılıqlığa nisbətdə şərti xaraqter daşımaqla daha işlək mexanizmə malikdir. Belə ki, müxtəlif ölkələrin bir-birindən fərqlənən qanunvericiliyi eyni həcmdə “maddi” qarşılıqlığın tətbiqini bir çox sahələrdə mümkünsüz etdiyi halda “formal” qarşılıqlıq isə yuxarıda qeyd etdiyimiz kimi, bir tərəfdən, xarici şəxslərə hətta onların şəxsi qanunuda nəzərdə tutulmayan, lakin yerli hüquqla müvafiq dövlətin şəxslərinin istifadə etdiyi səlahiyyətlər verir, digər tərəfdən isə, xarici şəxslər şəxsi qanununa əsaslanıb yerli hüquqla nəzərdə tutulmayan səlahiyyətlər tələb edə bilməzlər.

“Maddi”və “formal” qarşılıqlıqdan fərqli olaraq əks qarşılıqlıq (latınca retorsio-əvəz)bir dövlətin fiziki və hüquqi şəxslərinə münasibətdə digər dövlətin qeyri-dostluq, ədalətsiz diskiriminasiya xaraqterli tədbirlərinə qarşı gördüyü əks tədbirdir.

Bir qayda olaraq əks qarşılıqlıq yönəlmiş olduğu tədbirlərə müvafiq olmalıdır. Beynəlxalq hüquq ədəbiyyatında əks qarşılıqlığın digər əks tədbir kimi tanınan repressaliyadan onunla fərqləndirirlər ki, repressaliya hüquq pozuntusuna cavab tədbiri kimi tətbiq edildiyi halda əks qarşılıqlıq və ya retorsiya isə hüquq pozuntusu təhlükəsi yarandığı zaman preventiv tədbir kimi tətbiq edilir.

84. Əks qarşılıqlığın tətbiq edilməsinin mümkünlüyü AR qanunvericiliyində, o cümlədən Konstitusiyada (m. 69, (II)) nəzərdə tutulur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Azərbaycan Respublikasının 1996-cı il Qanunuda qeyd edilir ki, xarici dövlət onun ərazisində AR vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda AR qanunu ilə AR ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər (m.4).

Əks qarşılıqlığın tətbiq edilməsində məqsəd-xarici dövlət tərəfindən müvafiq dövlətin fiziki və hüquqi şəxslərinə münasibətdə tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmaq təşkil edir.

Beynəlxalq hüquq normalarına uyğun olaraq, xarici dövlətin fiziki və hüquqi şəxslərinə münasibətdə əks qarşılıqlığın tətbiqinin mümkünlüyü Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasında əks olunub. Konvensiyanın 47-ci maddəsində qeyd edilir ki, akkreditə edən (göndərən) dövlətin, qəbul edən dövlətin nümayəndəliyinə münasibətdə Konvensiyanın hər hansı bir müddəasını məhdud qaydada tətbiqinə cavab olaraq, qəbul edən dövlət tərəfindən həmin müddəanın məhdudlaşdırılmış qaydada tətbiqi diskiriminasiya kimi qiymətləndirilə bilməz.


4. 9. Daha (ən) əlverişli millət (dövlət) prinsipi
85. Dövlətlərarası iqtisadi münasibətlərdə daha əlverişli millət (dövlət) (most favored nation clause) prinsipinin xüsusi praktik əhəmiyyət kəsb etməsini nəzərə alaraq BMT Beynəlxalq hüquq Komissiyası tərəfindən 1978-ci ildə daha əlverişli dövlət klausulaları (caluse) haqqında maddələr Layihəsini hazırlamışdır. Maddələr layihəsinin 5-ci maddəsində qeyd olunur ki, daha əlverişli rejim istinadedici xaraqterli olmaqla, beynəlxalq müqavilə qaydasına müvafiq olaraq, bir (benefisiya verən) dövlət tərəfindən, digər (benefesiya qəbul edən) dövlətlər, həmin dövlətlə müəyyən əlaqədə olan şəxslərə və əşyalara hər hansı üçüncü dövlətə və onunla eyni əlaqədə olan şəxslərə və əşyalara təqdim edilən rejimdən az əlverişli olmayan rejimin verilməsidir. Başqa sözlə, bir dövlət tərəfindən başqa bir dövlətin hüquqi, fiziki şəxslərinin, onların əmtəə və xidmətlərinin hər hansı bir üçüncü dövlətə verilmiş əlverişlilik statusuna gətirilməsidir.

Beynəlxalq hüquq Komissiyasının hazırladığı maddələr layihəsinə görə daha əlverişli dövlət prinsipi haqqında klausula müqavilə qaydası olmaqla razılaşdırılmış sahədə bir dövlətin digər dövlətə münasibətdə daha əlverişli rejimin verilməsi ilə bağlı götürdüyü öhdəlikdir. Daha əlverişlik prinsipi təqdim edilən müvafiq klausulaya uyğun olaraq müəyyən bir rejimlə təmin edilir. Klausula müəyyən predmetə malik olaraq müqavilənin əhatə dairəsini müəyyən edir. Klausulanın obyekti kimi benefisiya verən dövlətlə benefisiya qəbul edən dövlət arasındakı hüquq münqsibəti çıxış edir. Müvafiq hüquq münasibəti əşyalar, hüquqlar, üstünlük və imtiyazlar, şəxslərlə və s. üzrə yaranmaqla klausulanın predmetini formalaşdırır. Başqa sözlə desək daha, əlverişlilik prinsipinin rejimi benefisiar üzrə yaranır. Bu mənada klausula prinsipin konkretləşdirilmiş formasıdır. Buna görə də, dövlətlərin qarşılıqlı müqavilə mexanizmləri fərqli ola bilər. Lakin hər bir halda daha əlverişlilik prinsipi üçün xaraqterik olan və üçüncü (benefesiya qəbul etmiş) dövlətə verilən əlverişlilik əhəmiyyəti kəsb edir. Bu zaman müxtəlif klausular olsa da, beynəlxalq iqtisadi hüquq üçün bir daha əlverişlilik prinsipi çıxış edir.

Benefisiya qəbul edən dövlətin daha əlverişlilik prinsipindən istifadə hüququ yalnız həmin dövlətin benefisiya verən dövlətlə müqaviləsi olduqda yaranır. Müvafiq prinsip əsasında əldə edilmiş rejim benefisiya verən dövlətin üçüncü dövlətə və ya onunla əlaqədə olan şəxslərə və əşyalara verilən rejimlə müəyyən edilir. Daha əlverişlilik prinsipi konkret sferada faktiki olaraq benefisiya verən dövlət tərəfindən istənilən üçüncü dövlətə klausuladan asılı olmayaraq birbaşa verilmiş əlverişli rejimdən az əlverişli olmayan, bərabər və ya oxşar rejimin verilməsini nəzərdə tutur. Əgər gələcəkdə hər hansı başqa bir üçüncü dövlət mövcud olan daha əlverişli rejimdən də əlverişli rejim əldə edərsə, bu halda daha əlverişlilik prinsipi klausula üçün meyar həmin dövlətə təqdim edilmiş əlverişlilik əsas götürüləcək.

Benefisiya verən dövlətlə benefisiya qəbul edən dövlətin daha əlverişlilik prinsipi ilə bağlı müəyyən klausulaya malik olan müqaviləsi benefisiar üçün istinadedici müqavilə, benefisiya verən dövlətin üçüncü dövlətlə müqaviləsi isə birbaşa, konkret və müəyyən rejim nəzərdə tutan daha əlverişli rejim məzmunu istinad edilən müqavilə ilə müəyyən edilir. Öz növbəsində benefisiya verən dövlətlə çüncü dövlət arasında bağlanmış müqavilə benefisiya verənlə benefisiar arasında heç bir öhdəlik yaratmır.

86. Benefisiar dövlətin daha əlverişli rejim klausulasından istifadə etməsi üçün ən azı iki şərtin

- daha əlverişli rejim klausulasının qüvvədə olması;

- klausulanın fəaliyyət sferasında hər hansı əlverişli rejimin benefisiya verən dövlət tərəfindən üçüncü dövlətə şamil edilməsi zəruridir.

Birinci şərt klausulanın etibarlılığı və qüvvədə olmasını şərtləndirirsə, ikinci şərt, şərtsiz (əvəzsiz) klausula mexanizminin hərəkətə gətirilməsi üçün zəruridir. Şərtli klausulanın tətbiqi üçün isə yeni hüquqi faktın qarşılıqlıq rejiminin (82) olması lazımdır (m.20). Daha əlverişlilik prinsipi haqqında klausulanın qüvvəsi benefisiya verən dövlətlin çüncü dövlətlə konkret rejimi nəzərdə tutan müqaviləsinin dayandırılması və kəsilməsi ilə başa çatır (m.21).

Belə halı istisna etmək məqsədilə bir qayda olaraq daha əlverişlilik prinsipi milli rejim prinsipi ilə birlikdə verilir. AR və Türkiyə Respublikası arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında (1994) Sazişin 2.2 maddəsində qeyd edilir ki, Tərəflərdən hər biri həyata keçirilmiş investisiyalara özünün və ya hər hansı üçüncü ölkənin investorlarının investisiyalarına yaradılan rejimlərdən daha əlverişlisini təqdim edirlər. Belə bir qayda çoxtərəfli sazişlərdən GATT (119), GATS (142) və digər müqavilələr üçün xaraqterikdir.

87. Benefisar dövlətin şəxslərinə və əşyalarına üstünlüklərin (əlverişliyin) şamil edilməsi üçün

- əşya və şəxslərin nomenklaturasının; və

- benefisar dövlətin əşya və şəxslərin aidiyyat əlaqəsinin, üçüncü dövlətin əşya və şəxslərin aidiyyat əlaqəsinin (rezidentlər – rezidentlər, milli fiziki şəxslər – milli fiziki şəxslər, milli hüquqi şəxslər – milli hüquqi şəxslər və s.) eyniliyi zəruridir.

Lakin bu eyniliyi mütləq mənada başa düşmək lazım deyil. Çünki aidiyyat, mənsubiyyət məsələsi müxtəlif dövlətlərdə fərqli meyarlarla müəyyən edilir.

88. Daha əlverişli rejim birtərəfli və qarşılıqlıq prinsipinə uyğun olaraq müqavilə əsasında ikitərəfli və çoxtərəfli qaydada verilərkən klausula tipləri də birtərəfli, ikitərəfli və çoxtərəfli ola bilər. Birtərəfli klausula əsasən qarşılıqlıq prinsipinin tətbiqi mümkün olmayan sahələrdə (misal üçün, bir dövlət dəniz sahilində, digəri isə qitənin daxilində yerləşdiyi halda) tətbiq edilir. İkitərəfli klausulaya misal olaraq Azərbaycan Respublikası Hökuməti və Moldova Hökuməti arasında Sərbəst ticarət haqqında 1996-cı il tarixli Sazişi qeyd edilə bilər. Sazişdə milli rejim prinsipi ilə birlikdə ifadə edilən daha əlverişlilik prinsipinə görə

- bu Sazişin təsir dairəsinə düşən malları, bilavasitə və ya dolayı yolla daxildə istehsal olunan, yaxud üçüncü ölkədən gətirilən analoji mallara tətbiq edilən daxili vergi və rüsumlardan yüksək vergi və rüsumlara cəlb etməmək;

- bu Sazişin təsir dairəsinə düşən malların idxal və ixracına münasibətdə, analoji halda eyni qəbilədən olan daxili istehsal mallarına və ya üçüncü olkədən gələn mallara qarşı tətbiq edilməyən, hər hansı bir xüsusi məhdudlaşma və ya tələb tətbiq etməmək;

- razılaşan digər Tərəfdən gələn malların anbara vurulmasına, yüklənməsinə, saxlanmasına, daşınmasına, həmçinin onlar üçün ödənclərə və ödənc köçürmələrinə analoji halda öz mallarına və ya üçüncü olkədən gətirilən mallara tətbiq olunanlardan fərqli qaydalar tətbiq etməmək öhdəliyi nəzərdə tutulub.

İkitərəfli klausula tipinə investisiya müqavilələrində də geniş yer verilir. AR ilə AFR arasında 1995-ci ildə baəlanmış İnvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında Müqavilədə qeyd edilir ki, Tərəflər qarşılıqlı olaraq investisiyalarına, üçüncü dövlətin müəssisə və vətəndaşlarına, həmçinin investorlarına təqdim etdiyi rejimdən az əlverişli olmayan rejim müəyyən edilər (m.3).



89. Çoxtərəfli klausulaya misal kimi GATT-1994, azad ticarət zonalarının müəyyən edilməsi haqqında müqavilələr və s. qeyd edilə bilər. Tariflər və Ticarət haqqında Baş Sazişin 1-ci maddəsində qeyd edilir ki, iştirakçı dövlətlər gömrük rüsumlarında daha əlverişli rejim müəyyən etməlidir.

Daha əlverişli rejim klausulası şərtli və şərtsiz ola bilər. Şərtli klausula bir qayda olaraq ikitərfli müqavilələrlə qarşılıqlıq prinsipinə əsaslanır. Şərtsiz klausula - əvəzsiz klausula olmaqla benfisiya verən dövlətin hər hansı üçüncü dövlətə əvəzli olaraq verdiyi rejimdən fərqli olaraq benefisiya qəbul edən dövlətə əvəzsiz (şərtsiz) daha əlverişli rejim təqdim etməsidir. Şərtsiz klausula əsasən şoxtərəfli müqavilələrdə verilir. GATT-ın 1-ci maddəsinin 1-ci bəndində deyilir ki, .. kömrük rüsumlarının tutulmasında... istənilən əmtəələrə münasibətdə razılığa gələn Tərəflərin verdiyi imtiyaz və üstünlüklər razılığa gələn digər Tərəflərin eyni cinsli əmtəələrinə gecikmədən və şərtsiz tətbiq edilir.

90. Maddələr layihəsində daha əlverişli rejimdən inkişafda olan dövlətlərə münasibətdə müəyyən istisnalar da müəyyən edilib. Digər istisnalar sərhədyani ticarətə, kömrük ittifaqlarına, sərbəst ticarət zonalarına və s. münasibətdə tətbiq edilir. AR ilə Çexiya Respublikası arasında Ticarət-iqtisadi əməkdaşlıq haqqında 1996-cı il Sazişinin 2-ci maddəsində daha əlverişlilik prinsipinin tətbiqini istisna edən hallar kimi:

a) sərhədyani ticarətin və ya digər dövlətlərlə regional ticarətin sadələşdirilməsi məqsədilə qonşu dövlətlərə yaradılmış və yaradılacaq üstünlük və güzəştlər;

b) razılaşan Tərəflərin kömrük ittifaqlarında və ya sərbəst ticarət zonalarında iştirakı ilə əlaqədar olan üstünlük və güzəştlər qeyd edilir.

Qeyd olunan istisnalarla yanaşı, coğrafi mövqeyinə görə dənizə çıxışı olmayan dövlətlərə beynəlxalq hüquqa (Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında 1965-ci il Konvensiyasının VII prinsipi, Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasının 127 və 128-ci maddələrinə) uyğun olaraq xüsusi hüquq və üstünlüklərin (rüsumsuz zonaları) verilməsi də daha əlverişlilik prinsipinin fəaliyyət sferasından istisna kimi ifadə edilib.

91. Beynəlxalq sazişlərin analızı daha əlverişlilik prinsipinin çox geniş sferada tətbiq olunması nəticəsini verir. Xüsusən də: kömrük tarifləri, idxal və ixracla bağlı ödəmələrin və ticarətin beynəlxalq tənzimlənməsi, eləcə də, xarici ticarətlə bağlı bütün yığımlara və onlarla əlaqədar sənədlərə, nəqliyyat vasitələrinin, o cümlədən xarici nəqliyyat rejimi; tranzit əməliyyatları, xarici hüquqi və fiziki şəxslərin rejimi; diplomatik, konsulluq və digər nümayəndəliklərin təsis olunması, onların imtiyaz və imunitetləri; əqli mülkiyyət (sənaye mülkiyyət hüququ, bədii və ədəbi hüquqlar); məhkəmə hakimiyyəti, bütün instansiya məhkəmə və inzibati tribunallara çıxış, xarici məhkəmə qərarlarının tanınması və icrası, məhkəmə xərclərinin təmini və s. qeyd edilə bilər.

4.10. Milli rejim prinsipi


92. Beynəlxalq iqtisadi münasibətlər sferasında tətbiq edilən prinsiplərdən biri də milli rejim prinsipidir. Milli rejim prinsipi benefisiya verən dövlətin benefisar dövlətə və ya onunla müəyyən əlaqədə olan şəxs və əşyalara, dövlətdaxili qanunvericiliyə müvafiq olaraq benefisiya verən dövlətin özünün və ya onunla müəyyən əlaqədə olan şəxs və əşyaların istifadə etdiyi rejimin təqdim edilməsini nəzərdə tutur.

Ənənəvi olaraq milli rejim prinsipi dövlətdaxili qanunvericilik qaydası ilə meydana çıxsa da, sonradan beynəlxalq müqavilələrin də predmetinə çevrilmişdir. AR konstitusiyasının 69-cu maddəsində deyilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

Müvafiq müddəa “qanunla başqa hal nəzərdə tutulmayıbsa” formulası ilə müşayiət olunduğundan milli və xarici şəxslərin statusunda fərqləndirmə edir. Qeyd edilən rejimdən istisna AR-in qanunvericilik aktları ilə müəyyənləşdirilmiş və milli təhlükəsizliyin, ətraf mühitin, əhalinin müdafiəsinin təmin olunması mülahizələrinə görə nəzərdə tutula bilər.

Ayrı-ayrı qanunvericilik aktlarında inkişaf etdirilənmilli rejim prinsipindən konstitusion istisna tam bərabərləşdirməni müəyyən sahədəki hüqularla məhdudlaşdırır. Xarici investisiyaların müdafiəsi haqqında AR Qanununa (m.5) görə xarici investorların fəaliyyətinin hüquqi rejimi qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla milli şəxslərin sahibkarliq fəaliyyətinin hüquqi rejimindən az əlverişli ola bilməz. Bir qayda olaraq, əmək və sahibkarlıq fəaliyyəti AR vətəndaşlığı ilə məhdudlaşdırılan sferalarda xaricilərə milli rejim prinsipinin təqdim olunması (yəni xarici şəxslərin yerli şəxslərlə tam bərabərləşdirilməsi öncə qeyd etdiyimiz milli təhlükəsizlik və s. mülahizələrə görə) mümkün olmadığından müvafiq olaraq qanunvericiliyimizdə istifadə edilən milli rejim prinsipi milli rejimin minimal standartına uyğun təfsir olunmalıdır. Milli rejimin minimal standartına görə sahibkarlıq fəaliyyətinin yerli şəxslərin də malik olduğu minimum standartı müəyyən edilir və xaricinin sahibkarliq fəaliyyətinin şərtləri həmin standartlardan aşağı olmur.

93. Milli rejim prinsipinin xaricilərə qeyri-şərtsiz təqdim olunduğu sfera bilavasitə prosessual hüquqlara aiddir. AR MPM-nin 439.2 maddəsində qeyd edilir ki, xarici şəxslər AR vətəndaşları, hüquqi şəxsləri ilə bərabər prosassual hüquqlardan istifadə edir və prosessual vəzifələr daşıyırlar.

İnvestisiyaların müdafiəsi baxımından milli rejim prinsiplərini nəzərdə tutan prosassual hüquqlar üzrə regional beynəlxalq sazişlərdən Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrin həlli qaydaları haqqında 1993-cü il MDB iştirakçıdövlətlərin Sazişində razılığa gələn Tərəflər əmlak hüquqlarının və qanuni maraqların hüquqi və məhkəmə müdafiəsinə təminat verir. AR mülki prosassual qanunvericiliyi AR Konstitusiyasından fərqli olaraq xarici fiziki və hüquqi şəxslərin investisiya fəaliyyəti sferasında milli rejim prinsipini müvafiq şəxslərin mənsub olduğu dövlətin xaricilər üçün milli rejim nəzərdə tutub-tutmamasından (qarşılıqlıq prinsipindən) asılı olmayaraq təqdim edir. Bu da milli rejim prinsipinin mülki prosassual sahədə qanunvericiliyin ümumi prinsipinə çevrilməsinə dəlalət edir.

94. Milli rejim prinsipinin mahiyyətini tam anlamaq üçün onun daha əlverişlilik prinsipi ilə oxşar və fərqli xüsusiyyətləri müəyyən edilməlidir.

Oxşar xüsusiyyət ondan ibarətdir ki, milli rejim də daha əlverişlilik prinsipi kimi beynəlxalq müqavilə əsasında verilə bilər və hər iki prinsipdən doğan rejim beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsinə xidmət edir.

Belə bir nəticə yaranır ki, milli rejim prinsipi daha əlverişlilik prinsipindən fərqli olaraq konkret məzmuna malik eyni zamanda hüququn müəyyən sferasında ümumi qaydaya (adətə) çevrilmişdir. Daha əlverişlilik prinsipindən fərqli olaraq bərabərləşdirmə meyarı daha müəyyən xaraqter kəsb edir. Daha əlverişli rejim klausulasına müvafiq olaraq xarici şəxslər bir qayda olaraq öz aralarında hüquq və üstünlüklərdən istifadədə bərabərləşdirdiyi halda, milli rejim prinsipinə əsaslanan müqavilədə isə iştirakçıların hüquq və üstünlükləri milli şəxslərlə bərabərləşdirilir. Müəyyən hallarda isə, daha əlverişlilik prinsipinin istinad etdiyi rejimin özü milli rejim kimi təzahür edə bilər.

Milli rejim klausulası daha əlverişlilik prinsipinə nisbətən daha çox işləkdir. Əgər daha əlverişlilik prinsipi bir qayda olaraq beynəlxalq müqavilə qaydasında təqdim olunarsa, milli rejim həm beynəlxalq, həm də dövlətdaxili hüquqi qaydada təqdim olunur. Bu mənada milli rejim klausulası daha əlverişlilik prinsipindən daha çevik olmaqla yanaşı, həm də qeyd etdiyimiz kimi müəyyən məzmuna malikdir.Təsadüfü deyil ki, beynəlxalq ticarətdə əsas prinsip kimi çıxış edən diskiriminasiyaya yol verməməyi reallaşdırmaq üçün, daha əlverişlilik prinsipinin zirvəsi kimi milli rejim tətbiq edilir.

95. Böyük kapitala malik olan transmilli korporasiyalara, xarici investorlara milli rejimin məhz minimal standartı təqdim edilərkən milli maraqlar da nəzərə alınmalıdır. Əks təqdirdə, azad rəqabət mühitində yenicə formalaşmağa başlayan milli sənayeni möhkəmləndirmək mümkün olmaz. Məhz bunu nəzərə alaraq beynəlxalq hüquqda həm daha əlverişlilik prinsipindən, həm də milli rejim prinsipinin verilməsindən inkişaf etməkdə və keçid iqtisadiyyatında olan ölkələr üçün müəyyən istisnalar ifadə olunub. Enerji Xartiyasına Müqavilədə həm daha əlverişlilik prinsipi, həm də milli rejim prinsipinin tətbiqi yalnız investisiyaların təhlükəsizliyi sferası ilə məhdudlaşdırılıb. Müvafiq olaraq Enerji Xartiyasına Müqavilədə keçid iqtisadiyyatında olan dövlətlər üçün müəyyən güzəştlər ifadə olunub. Müqavilənin “GATT Əlavəsində” həmin dövlətlər üçün məhdud sayda öhdəliklərdən, GATT üzrə qaydalardan tamamilə istisnalar nəzərdə tutulur.

Beynəlxalq iqtisadi hüququn prinsiplərinin sistemi də beynəlxalq iqtisadi münasibətlərin mürəkkəbləşməsi ilə bu sistem daha da təkmilləşəcək. Beynəlxalq iqtisadi hüququn prinsipləri, o cümlədən ayrı-seçkiliyə yol verməmək, daha əlverişlilik prinsipi, milli rejim prinsipi və s. prinsiplər beynəlxalq iqtisadi təhlükəsizliyin təmin edilməsi, dövlətlərarası iqtisadi münasibətlərin müsbət inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.




ƏDƏBİYYAT SİYAHISI


  1. Ашавский Б.М. Прогрессивное развитие принципов международного экономического права в свете перестройки международных экономических отношении. - Дипломатический вестник". 1983 г. М. 1984. с. 204 - 205.

  2. Бобров Р.Л. Основные проблемы теорий международное право, VI. 1968. с. 192.

  3. Войтович С.А. Режим наибольшего благоприятствования к торгово-экономических отношениях СЕМП 1987.- М.: Наука. 1988. с. 172-186.

  4. Войтович С.А. Суверенные права государства распоряжаться при­родными ресурсами и осуществлять , экономическую деятельность / Известия ВУЗов. I Правоведение . 1985. № 4. с. 50.

  5. Галенская Л.Н. Действие общих принципов международного права в сфере международного частного права // Журнал международного част­ного права. Санкт- Петербург: Россия- Нева. 1996, .№ 1-2. с. 3-12.

6. Корецкий В.М. Очерки международного хозяйственного право. Харь­ков. 1928. с. 30

  1. Шмаков В.Л. Ломейская конвенция как международно-правовой ин­ститут установления нового международного о экономического поряд­ка // МЖМП. 1995. .№ 4. с. 64-83.

  2. Шумилов В.М. Принцип наиболее благоприятствуемой нации в ме­жду­народных отношениях // Советское государство и право. 1987. № 2. с. 84-89

  3. Шумилов В.М. Международное экономическое право. Ростов н/Д. 2003. с. 168 - 194.

10. Detter de Lupis I. The Concept of International Law. Stockholm. 1987 p. 90.
11. Horn N. Normative Problems of the New International Economic Order

Journal of World Trade Law/. 1982. Vol. 16. N 4. P. 437-445

Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin