II
BÖLMƏ
MƏDƏNİYYƏT TARİXİ
105
I FƏSİL
İBTİDAİ İCMA VƏ QƏDİM DÖVR MƏDƏNİYYƏTİ
2.1.1. İbtidai icma dövrü mədəniyyəti
Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc
və dəmir) dövrlərinə görə mərhələləşdirirlər.
Daş dövrü qədim (paleolit), orta (mezolit) və yeni (neolit) daş dövrü kimi mərhələlərə bölünür. Daş
dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz
növbəsində üç dövrə: aşağı, orta və yuxarı (və ya son) paleolitə bölünür. Daş dövrü mis və tunc dövrü ilə əvəz
olunur ki, sonuncu b.e.ə. III-II minillikləri əhatə edir. Daha sonra (b.e.ə. I minilliyin əvvəli) dəmir dövrü
başlanır.
İbtidai insan torpaq və heyvandarlıqla məşğul olmuşdur. Bundan öncə isə, o, minillər ərzində öz
dolanışığını üç yolla: yığıcılıq, ovçuluq və balıqçılıqla təmin etmişdir.
İbtidai cəmiyyətin tarixi amerikalı etnoqraf L.Q.Morqanın «Qədim cəmiyyət» adlı tədqiqatında öz əksini
tapmışdır. Aparılan tədqiqatlar bir daha sübut edir ki, insan təkcə təbiətin tərkib hissəsi olmamış, o həm də
incəsənət vasitəsilə özünü formalaşdırmış və kamilləşdirmişdir. Bunu sübut edən bir çox dəlillər mövcuddur.
Xüsusilə, dünya arxeologiya elminin mütəxəssisləri bu haqda yetərincə misallar göstərmək iqtidarındadırlar.
1836-cı ildə Şaffoda (Vyana departamenti) məşhur arxeoloq Eduard Larte tərəfindən xüsusi rəsmlərlə
cizgilənmiş lövhəciklərin tapıntısı bu sahədə ən dəyərli nümunələrdəndir. O, həm də La Madlendə (Fransa)
mamont təsvirini də tapmışdır.
Ən erkən mərhələdə incəsənətin səciyyəvi xüsusiyyəti sinkretizmdir (yunanca – synkretimos – birləşmə –
müxtəlif baxışların əlaqəsi).
Dünyanın bədii şəkildə dərk edilməsi «homo sapiens»-in (ağıllı insanın) formalaşmasına güclü təkan oldu.
Arxeoloqların kəşfləri nəticəsində məlum olur ki, incəsənət əsərləri əmək alətlərinin hazırlanmasından çox so-
nra, təqribən milyon ildən sonra yaranmağa başlayıb.
Paleolit, mezolit və neolit dövrü abidələri ibtidai insanların əsas diqqətinin, məhz nəyə yönəldiyini
göstərir. Qaya üzərindəki cizgi və rəsmlər, daş, gil və ağacdan hazırlanmış heykəllər, qablar üzərindəki ovçuluq
səhnələrinin təsvirləri insanların heyvanlar haqqındakı düşüncələrini sübut edir. Paleolit, mezolit və neolit
dövrünün əsas təsvir obyekti vəhşi heyvanlardır.
Sonuncu paleolit dövrünə aid olan ilk təsviri sənət əsərləri Orinyak (Fransa) mədəniyyətinə aid edilir. Daş
və sümükdən hazırlanan qadın fiqurlarına da məhz bu dövrdə təsadüf olunur. Bu cür «venera»lara Fransa,
İtaliya, Avstriya, Çexiya, Rusiya və dünyanın digər regionlarında rast gəlmək olar.
Bunlarla eyni vaxtda mamont, fil, at, maral kimi heyvanların ümumiləşdirilmiş – ifadəli təsvirlərinə də
rast gəlirik. Xüsusilə, bu heyvanlara aiddir.
Qaya rəsmləri və fiqurlar ibtidai insanların təfəkkür tərzini öyrənməyə imkan verir. Məsələn, ovçunun
mənəvi qüvvələri təbiət qanunlarını dəf etməyə yönəldilir. Bundan ibtidai insanın bütün həyatı asılıdır.
İbtidai incəsənətin əsas bədii xüsusiyyətini simvolik forma və təsvirin şərti xarakteri təşkil edirdi.
Yuxarı paleolit rəngkarlığına mağara təsvirləri aid edilir. Ən qədim abidələr Qərbi Avropada tapılmışdır.
1879-cu ildə ispan arxeoloqu M.Sautuola Altamır mağarasında (İspaniya) paleolit dövrünün rəngkarlıq
təsvirlərini kəşf etdi. 1895-ci ildə Fransanın Lya Mut mağarasında ibtidai insanın çəkdiyi rəsmlər tapıldı. 1901-
ci ildə A.Breyl Fransada Vezera düzənliyində Le-Kombatel mağarasında mamont, bizon, maral, at, ayı
təsvirlərini tapır. Burada təsvirlərin sayı 300-ə qədərdir, həmçinin insan təsvirləri də üstünlük təşkil edir. Həmin
ildə arxeoloq Pestroni Le Kombateldən çox da aralı olmayan Fon de Qomda 40 vəhşi at, 23 mamont, 17 maral
təsvirlərindən ibarət olan «rəsm qalereyasını» kəşf edir. Daş dövrünün palitrası çox kasıbdır, burada dörd əsas
rəng – qara, ağ, qırmızı və sarı üstünlük təşkil edir. Ağ və qara rənglərdən isə nadir hallarda istifadə olunub.
Eyni dövrləri ibtidai musiqiyə də aid etmək olar. Hərəkət, jest, mimika və səslər ibtidai musiqini yaradan
əsas elementlər idi.
Son paleolitdə əldə edilən musiqi alətləri xüsusi maraq doğurur. Çernovitsk vilayətində Dnestrin sağ
sahilində Moldova düşərgələrindəki qazıntılar zamanı arxeoloq A.P.Çernış son paleolitin ortasına aid olan
mədəni təbəqədə şimal maralının buynuzundan hazırlanmış 21 sm uzunluğunda fleyta tapmışdır.
İbtidai incəsənətin əsas sahəsini ornament təşkil edir. Paleolit dövründə o çox geniş tətbiq olunmuşdur.
Hələ XIX əsrdə Mezin paleolit düşərgəsində (Ukrayna) daş və sümük alətlər üzərində həndəsi ornamentlər aşkar
etmişdir. Həndəsi naxışlar qolbaq və digər müxtəlif fiqurlar üzərində öz təcəssümünü tapmışdır. Bu cür
ornamentlər əyri xətt və cizgilərdən ibarətdir.
Abstrakt naxışlarla ibtidai rəssamlar təbiəti əks etdirmiş, onun surətini yaratmışlar.
Bir çox tədqiqatçılar belə güman edirlər ki, yuxarı paleolit incəsənəti təkcə sənətdən ibarət deyil, o həm də
ibtidai insanların dini-magik görüşlərini əks etdirir.
106
İbtidai mədəniyyətin bir qədər sonrakı mərhələləri mezolit, neolit və ilk metal alətlərin hazırlanması
dövrünə təsadüf edir. İbtidai insan təbiətdən əldə etdyi hazır məhsullarla yanaşı əməyin digər formalarını –
ovçuluq, balıqçılıq, əkinçilik və heyvandarlıqla də məşğul olmağa balşayır. Yeni daş dövründə insan tərəfindən
ilk dəfə odadavamlı gil kəşf edilir. İnsanlar öz məqsədləri üçün ilk növbədə təbiətdən alınan daş, ağac və
sümükdən istifadə edirdilər. Torpaqla məşğul olanlar gildən hazırlanmış qabların üzərini naxışlayırdılar.
Neolit və tunc dövründə ornament daha da çiçəklənməyə başlayır. Buradakı təsvirlər mürəkkəb anlayışları
ifadə edir. Dekorativ-tətbiqi sənətin və bir çox növləri – keramika və metalın yenidən işlənməsi formalaşmağa
başlayır.
Tunc dövründən başlayaraq yırtıcı heyvan təsvirləri tədricən aradan çıxmağa başlayır. Hər yerdə quru
həndəsi sxemlər vüsət tapır. Məsələn, Azərbaycan, Dağıstan, Orta və Mərkəzi Asiya dağlarında keçi profilləri
üstünlük təşkil edir. İnsanlar petroqliflərin (petroqlif – yunan sözü olub, petros – daş, glirhe – kəsmə; qaya
təsvirləri.) yaradılmasına daha az səy göstərirlər.
B.e.ə. III minilliyə, tunc dövrünün erkən çağına aid olan Şimali Qafqaz mədəniyyəti Maykop adını
almışdır. Bu ad məşhur Maykop kurqanı abidəsinə uyğun adlandırılmışdır. Maykop mədəniyyəti Taman
yarımadasının şimal-qərbindən Dağıstanın cənub şərqinə qədər yayılmışdır.
İbtidai cəmiyyətin sonlarına doğru bədii peşələr və sənətlər geniş vüsət tapmağa başlayır: bürüncdən, qızıl
və gümüşdən müxtəlif məmulatlar hazırlanır.
İbtidai dövrün sonlarına yaxın memarlığın yeni-yeni növləri - qalalar yaranmağa başlayır. Bu cür tikililər
kobud surətdə cilalanmış nəhəng daşlardan hazırlanır. Belələrinə Avropanın bir çox yerlərində və Qafqazda rast
gəlmək olur.
B.e.ə. I minilliyin II yarısından Avropanın meşəlikləri boyu məskunlaşma başlayır. Məskunlaşma
nəticəsində düşərgə, kənd və şəhərlər yaranırdı.
Düşərgələr daha çox daş və tunc dövrünə aiddir. «Düşərgə» anlayışı şərtidir. Bu anlayış «məskunlaşma»
termininə daha yaxındır. Pompey, Troya və Herkulanumda daş dövrünə aid ovçu düşərgələrinə rast gəlmək olar
ki, bunları ən qədim şəhərlərə də aid etmək olar.
Məskunlaşma olan yerlərdə dəfn mərasimi də həyata keçirilir. İbtidai dövrün dəfn abidələri iki növə –
qəbirüstü tikililərə (kurqan, meqalitik, sərdabə) və heç bir tikilisi olmayan qrunt qəbirlərə bölünür.
İbtidai mədəniyyətə aid əsas məqamlardan biri də dini təsəvvür və dünyagörüşdür. Bunlar əsasən animizm
magiya, fetişizm, totemizm, erotik ayinlər, dəfn ayinləridir.
İbtidai mifik təsəvvürlər animizmdə (latınca anima - ruh) təcəssüm tapmışdır. Bu terminin elmi mahiyyət
kəsb etməsi ingilis etnoloqu E.B.Teylorun (1832-1917) fundamental əsəri olan «İbtidai mədəniyyət» kitabından
başlayır. Bu nəzəriyyənin əsas mahiyyətini bədəndən ayrılmış «ruh» ideyası təşkil edir. Əcdadlarımızdan bizə
miras qalmış yuxugörmə və yuxuyozma, qarabasma (qallyüsinasiya), letargiya yuxusu və digər anlaşılmaz
məqamlar animizmin əsas mövzusudur.
Dini təsəvvürlərin, mərasim və ənənələrin inkişaf prosesi məhz animizmdən başlamışdı.
Ruhun təbiəti haqqında animistik təsəvvürlər ibtidai insanın ölümə, dəfnə ilkin münasibətlərinin
müəyyənləşməsinə kömək etmişdir.
Dinin ən qədim forması magiya (yunanca – megeia – sehrbazlıq hesab edilir. Bu forma qarğış və adətlər
rituallarını, rəmzi fəaliyəti əks etdirir.
Din tarixi problemləri arasında magiya hələ də tam aydın olmayan problemlərdəndir. Bir çox alimlər, o
cümlədən ingilis dinşünas və etnoloqu Ceyms Frezer (1854-1941) magiyanı dinin sələfi hesab edirdi. İbtidai və
qədim xalqların ayinlərini tədqiq edərək o, psixoloji təsəvvürlərdən irəli gələrək magik üsul və yolların
təsnifatını tərtib etmişdi.
Alman etnoloq və sosioloqu A.Firkandt (1867-1953) magiyaya dini təsəvvürlərin inkişaf mənbələrindən
biri kimi yanaşır.
Magiyanın növlərinin təsnifatı da mövcuddur: ziyankar, hərbi, cinsi (məhəbbət), sağlamlıq, qoruyucu, me-
tereoloji və digər ikinci dərəcəli növlər.
Magiyanın bir çox növləri müasir dövrdə də tətbiq edilir. Magiyanın bir növü olan fetişizm (fransızca fe-
tiche – talisman, amulet, idol) fövqəltəbii xüsusiyyətləri ilə dərk edilən qeyri-canlı əşyalara inam və etiqadı
təmsil edir. Fetişlər - etiqad obyektləri – daş, ağac və s-dir. Onlar həm təbiət mənşəli, həm də insan tərəfindən
yaradılmış ola bilər.
Müasir dinlərdə də fetişizm geniş yayılmışdır: məsələn, xristianlarda ikonalara etiqad belələrindəndir.
Etiqadın digər bir növü isə canlı və ağaclara olan sitayişdir ki, buna totemizm deyilir (Totem - şimali hin-
dularda «əcdad, soy» deməkdir).
Totemizmin irsi, fratrial (yunanca - qardaşlıq), qrup, cinsi və fərdi növləri vardır. Tədqiqatçıların
əksəriyyətinin fikrincə, fratrilər daha qədim hesab edilir. Fratrilər (icmanın bir neçə qruplara bölünməsi) daha
kiçik nəslin qruplara bölünməsini nəzərdə tutur.
107
Totemdən bütün nəsil və onun hər bir üzvünün taleyi asılı idi. Müxtəlif sehrli hərəkətlər etməklə ondan
bütün nəslin dolanışığı üçün xahişlər olunur. Çox güman ki, məhz bir çox mağara təsvir və rəsmləri totemizmlə
bağlı olmuşdur.
Otuz min illik arxaik mədəniyyət itməmişdir. İbtidai əcdadlarımızın bizə miras olaraq adət-ənənələr, sim-
vol və abidələr, stereotiplər qalmışdır. İbtidai inamlar bütün dünya xalqlarının dinlərində qorunub
saxlanılmışdır.
İbtidai dövr incəsənəti dünya mədəniyyətinin gələcək inkişafı üçün baza olmaqla Qədim Misir, Şumer,
İran, Hindistan, Çin incəsənətinin təşəkkülündə əhəmiyyətli dərəcədə rol oynamışdır.
2.1.2. Misir mədəniyyəti
Qədim Misir mədəniyyəti təşəkkül tapmış ən ilkin mədəniyyət mərkəzlərindəndir. O təxminən b.e.ə. IV
minilliyin sonundan b.e.ə. 332-ci ilədək yaşamışdır. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə
başlamışdır. Artıq yeni minilliyin əvvəllərində Nil çayının şimal və cənubunda 40-dan artıq şəhər yaranmağa
başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto olan Şimali (Aşağı) şahlıq və Cənubi
(Yuxarı) şahlıq mövcud olur.
Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və dini ayinlər icra
etmişdir. Müxtəlif sayda allahlar təbiət qüvvələri və ictimai hadisələri tərənnüm edirdi. Ay – qadın, torpaq və
hava isə kişi allahları kimi təcəssüm tapmışdır. Baş Allah - Günəş allahı Hepri və ya Heprer adlandırılırdı.
Qədim misirlilərin allahlarının sayını söyləmək çətindir. Əsas allahlar su, torpaq, dünya ruhunu təcəssüm
etdirən Ptax hesab edilirdi. Öküz Misirdə səcdə edilən heyvanlardan biri hesab edillərək güc və məhsuldarlıq
rəmzi kimi təsəvvür edilirdi. Öküzlərə etiqad ən zəngin və əlamətdar ayinlərdən biri hesab edilirdi. Apis öküzü
«ülvi təcəssüm» hesab edilərək Ptaxa xidmət edir və məhsuldarlıq rəmzi kimi tanınırdı.
Qədim misirlilər, həm də ağac və bitktlərə sitayiş edirdilər. Bunların içərisində şanagüllə (lotos) bitkisi
xüsusilə seçilirdi. Qədim misirlilər fərz edirdilər ki, şanagüllə hələ ibtidai dövrdə mövcud olmuşdu. Onlar
torpağın özünü də Allah hesab edir və onun təbii qüvvəsinə inanırdılar.
Misir çoxallahlığının mövcudluğu ayrı-ayrı qəbilə və icmaların vahid mərkəzləşmiş Dövlət ətrafında
birləşməsinə ciddi əngəl idi. B.e.ə. XIV əsrdə yaşamış firon IV Amenxotep təkallahlılıq ideyası ilə dini islahat-
lar aparmaq cəhdi göstərməyə çalışdı. O, yeni dövlət ayinini elan etdi ki, bu da Aton allahının (Günəş allahı)
varlığını nəzərdə tuturdu. Dövlətin paytaxtını isə, Axetanon (müasir Əl-Əmər), elan edərək öz adını Exnaton
qoydu.
Qədim misirlilər ruhun ölməzliyinə inanır və bu onların dini dünyagörüşlərinin doktrinasını təşkil edirdi.
Ölməzliyə cəhd ölümdən sonrakı dini ayinlərin təşəkkülünə əsaslı zəmin yaratdı. Bu dini ayinlər Qədim Misir
tarixində heyrətamiz rol oynamağa başladı. Bu nəinki dini və mədəni həyatda, o cümlədən ölkənin siyasi, iqtisadi
və hərbi tarixində başlıca amilə çevrildi. Məhz bu doktrinanın əsasında qədim misirlilərdə belə bir dini əqidə
formalaşmağa başladı ki, ölüm məqbuldur, lakin gözəl həyat əbədi ola bilər, çünki insanın dirilməsi baş verir.
Misirlilərin dini təsəvvürlərinə görə insan müxtəlif keyfiyyətlərə xasdır və bunlar belə adlandırılır – insan vücudu,
- Sax, onun kölgəsi Şunt, adı Ren və s. Bunların içərisində insanın ruhu olan Ka başlıca yer tutur. Məhz Ka ölmüş
cəsədə qovuşaraq insanın dirilməsinə kömək edir.
Ölümdən sonrakı həyatın başlıca şərti, misirlilərə görə cəsədin saxlanması hesab edilirdi. Bu qayğı mu-
miya hazırlanması sənətinin təşəkkülü üçün başlıca şərt oldu. Ölümdən sonrakı dövrdə insan bədəninin uzun
müddət saxlanması üçün xüsusi sərdabələrin tikilməsi vacib hesab edildi. Misirlilər belə qənaətdə idilər ki,
ölməz və incə ruhun yenidən əvvəlki, öz doğma yerinə – bədəninə gəlişi digər nəzərlərdən yayınmaq və qorun-
maq üçün piramidalar daha əlverişlidir.
Məşhur piramidalar Qədim Misir mədəniyyətinin möhtəşəm abidələri hesab edilir. B.e.ə. III-II minillikdə
piramida və allahlar üçün ehramlar daşdan tikilirdi. Piramidalar firon və tanınmış adamlar üçün tikilir, kasıblar
üçün bu ayin yerinə yetirilmirdi. Firon və ya digər varlı insanın bədəni Misirin isti və quru iqlimində
mumiyalaşdırılaraq bir neçə yüzillik ərzində qorunurdu. Belə faktlar Misir cəmiyyətində insanların qeyri-
bərabərliyini sübuta yetirirdi.
Arxeoloqlar yüzə qədər piramida aşkar etmiş olsalar da, onların heç də hamısı dövrümüzədək gəlib
çatmamışdır. Piramidaların bir qismi hələ qədim dövrdə dağılıb itmişdir. Ən erkən çağlarda inşa edilən piramida firon
Coserin adı ilə bağlı olub, 5 min il bundan qabaqkı dövrə aid edilir. O pilləli olub, aya qalxan pilləkəni xatırladır. Onu
İmxotep adlı memar düşünüb hazırlamışdır.
Öz ölçüsünə və şöhrətinə görə tanınmış piramidalardan biri Gizədəki firon Xeopsun şərəfinə ucaldılandır.
Bu piramida 20 il ərzində yüz minlərlə insan əməyi nəticəsində ərsəyə çatmışdır. Piramidanın daxili ölçüsü hər
hansı bir Avropa kilsəsinin yerləşə biləcəyi həcmdə olub, hündürlüyü 146,6 m, sahəsi 55 min.kv.m əhatə edir.
Xeops ehramı hər birinin çəkisi təxminən 2-3 ton olan iri əhəng daşlarından ibarətdir. Alimlər belə bir tikintiyə
108
təxminən 2 300 000 daşın sərf olunmasını hesablamışlar. Gizədəki Xeops ehramı ilə yanaşı Xefren və Migerin
piramidaları öz möhtəşəmliyi ilə yer kürəsinin 7 möcüzəsindən biri hesab edilir.
E.ə. II minillikdə ehramlar artıq daşdan deyil, kərpicdən tikilməyə başladı. E.ə. I minilliyin əvvəllərinə
yaxın fironların sərdabələri yad insanlardan gizlədilsə də bütün bunlar oğurluğun qarşısını ala bilmədi. Belə ki,
sərdabələrin oğurlanması Qədim Misir tarixinin bütün dövrlərində baş verirdi.
Misirin təsviri və monumental sənəti bütövlukdə bu ölkənin mədəniyyətini əhatə etmiş oldu.
Əzəmətli tikinti sayılan Xatşepsutun xeyrat məbədi (Dey əl-Bəhridə) 200 heykəltəraşın sənətkarlığını
təzahur etdirirdi. Misirlilər ehram, məbəd və sarayların qarşısında sütunların tikilişinə xüsusi fikir verirdilər. Ra
allahının şərəfinə ucaldılan və yuxarı hissəsi mislə örtülmüş yüksək daş sütun belələrindəndir. Belə sütunlar çox
vaxt heroqliflərlə də bəzədilirdi. Dini məbədlərin yanında və ya önündə sfinkslərin yerləşdirilməsi də
özüməxsus səciyyə kəsb edirdi: insan başlı bu şirlər daşdan yonulurdu. Sfinksin başı fironu təmsil edərək,
bütövlükdə müdriklikdən, Misir hökmdarının sirli aləmindən xəbər verirdi.
Qədim Misir tarixində ən böyük sfinks b.e.ə. III minilliyin I yarısında tikilərək bu günədək cəsarətlə He-
fren ehramını qoruyur. Bu sfinksi tədqiq edən müasir mütəxəssislər müəyyən ediblər ki, bu əzəmətli heykəl
bütöv bir qayadan yonulmuşdur. Heykəlin başı insan başından 30 dəfə çox olub, bədəninin hündürlüyü, 57 m-ə
çatır. E.ə. XVI əsrdə, şirin ön caynaqları arasında məbəd inşa edilmişdir. Bu sfinks həm də fövqəltəbii gücü ilə
insanlarda qorxu hissi də yaradır.
Qədim Misir mədəniyyətinin digər gözəl və tanınmış, möhtəşəm abidələrindən biri də firon III Amenem-
xetin heykəli, firon III Senusertin başı, ağa Xunenin heykəlləridir. E.ə. II minillikdə yaradılan «Firon Tutanxa-
mon gənc arvadı ilə bağda» səhnəsi sənətşünasların fikrincə dövrün və ümumiyyətlə, dünya təsviri sənətinin
nadir nümunələrindəndir.
Qədim Misir sənətinin möhtəşəm nümunələrindən biri b.e.ə. I minilliyə (b.e.ə. XIV əsr) aid olan IV
Amenxotepin arvadı – Nefertitinin heykəl portretidir. Bu sənət əsəri dünya təsviri sənət tarixində ən unikal
qadın təsviri hesab edilir.
Qədim Misir təsviri sənəti parlaq və təmiz rəngləri ilə fərqlənirdi. Memarlıq tikililəri, sfinkslər, heykəllər,
relyeflər xüsusi rənglərlə boyanırdı. Boyalar əsərlərə xüsusi ahəngdarlıq bəxş edirdi. Qədim Misir sənətkarları –
rəssamlar, heykəltəraşlar, memarlar təbiət və həyatı incə şəkildə qavramağa və dərk etməyə qadir idilər. Məhz
buna görə Misirdə dekorativ-tətbiqi sənət də yüksək səviyyəyə çatmışdır. Bu sənət sahəsinin əsas aparıcı
nümunələri - alebastr, büllur, taxta və fil sümüyündən hazırlanmış istər məişət və zərgərlik abidələridir. Qablar,
dolçalar, qızıl qolbaq, sinə boyunbağıları və üzüklər ən bahalı və zəngin daş-qaşla bəzədilirdi. Bütün bunlarla
yanaşı, Qədim Misir təsviri və monumental sənət tarixində bir-neçə kanon özünü göstərmişdir. Bunlardan ən
başlıcası insan bədənlərinin səth təsviri, çiyinlərin fırlanması, ayaq və qurşağın obrazlılığıdır. Həndəsi dekora-
tivlik bəzəklərin simmetrik paylanması ilə kompozisiyada ciddi nizam yaradırdı. Bütün insan fiqurları
sükunətdədir. Buradakı pozalar, həddən artıq şərti səciyyə kəsb edir, bu şərtilik rənglərdə də özünü göstərir:
qadın fiqurları – sarı-çəhrayı, saçlar qara, geyim isə ağ olduğu halda, kişi təsvirlərində qırmızı-qəhvəyi rəng da-
ha üstünlük təşkil edir. Bütün bunlar sübut edir ki, rəssamın ixtiyarı və sərbəstliyi xeyli məhdud idi. Bu qanu-
nauyğunluqlar özünü heykəl nümunələrində də aşkar təzahür etdirir.
Bütün bu kanonlara baxmayaraq Qədim Misir təsviri və monumental sənəti bəşər tarixində yeni bir hadisə
idi. Bunun içərisində musiqi, ədəbiyat, yazı və elm də var idi. Qədim Misir yazı mənbələri içərisində dövrümüzə
qədər gəlib çatanları allahlara dualar, təsərrüfat xarakterli mənbələrdir. Bədii ədəbiyyat nümunələrinə b.e.ə. II
minilliyə aid olan qədim mətnləri göstərmək olar. Bunlar müxtəlif janrlarda təzahür tapırdı: hakim və
müdriklərin oğul və şagirdlərinə nəsihətləri, cadugərlər və tilsimlər haqqında müxtəlif çoxsaylı nağıllar,
mahnılar, qarğışlar, povestlər, əyanların həyatlarını əks etdirən yazılar – belələrinə aiddir.
Misirin musiqi mədəniyyətinin tarixi dünyada daha qədimdir. Musiqi qədim misirlilərin bütün həyat və
məişətini – dini mərasimlərini, kütləvi bayramlarını müşayiət edirdi. Buraya rəqs, pantomima, dramatik səhnə
və ədəbi nümunələr daxil idi.
Qədim Misirdə musiqi «xi» - yəni zövq, ləzzət alma mənasında işlədilirdi. Musiqi həm də sirli, tilsimli, magik
xüsusiyyətlər kəsb etdiyindən musiqi alətləri tembrə görə deyil, məhz mistik əlamətlərinə görə seçilirdi. İnsanları,
xəstələri musiqi ilə sağaltmağın mümkünlüyü haqqındakı ideyalar da məhz misirlilərə aid idi.
Bütün bunlarla yanaşı, qədim misirlilər elmə də xüsusi diqqət yetirirdilər. Elmi biliklərin formalaşması və
təbliğində bu qədim xalqın dünya tarixində çox böyük xidməti olmuşdu. Elm ona görə vacib və zəruri idi ki,
onsuz nə təsərrüfatı, nə inşaatı, nə hərbi, nə ölkəni, nə də ailəni və məişəti idarə etmək mümkün deyildi.
Məsələn, riyaziyyatın geniş vüsət tapması ilk növbədə praktik tələbatlardan irəli gəlirdi: çünki bu
sahədəki elmi biliklərin sayəsində yerölçənlərin, inşaatçıların işinə xeyli dərəcədə köməklik göstərilirdi. Nil
çayının te-tez daşması sərhədlərin ölçülməsini, onların dəqiqləşdirilməsini zəruri etdiyindən riyazi biliklərin
inkişaf və təkmilləşdirilməsi aktuallıq kəsb edirdi. Riyaziyyat elmində ən böyük nailiyyət onluq hesablama sis-
teminin yaradılması idi.
Qədim misirlilər təsərrüfat işlərinin düzgün və fəsillərə uyğun aparılması üçün dəqiq təqvim tərtib etdilər
ki, bu da dünya miqyasında ən böyük nailiyyətlərdən biri hesab olunur. Təqvim səma cisimlərinin hərəkətinə
109
müvafiq tərtib olunaraq ilin başlanmasını ən parlaq ulduz olan Siriusun çıxışı ilə əlaqələndirirdi. Bütün il 365
günü əhatə edən 3 mövsümə və hər mövsüm 4 aya bölünürdü. Misirlilər həm də ilk dəfə ulduz kataloqu, ulduzlu
ayın xəritəsini tərtib etmişlər. Su saatının icadı da qədim misirlilərə məxsus idi.
Başlıca və mühüm nailiyyətlər təbabətdə də əldə edilmişdi. Meyidlərin mumiyalaşdırılması sahəsindəki
uğurlar insan anatomiyası, daxili orqanların hərtərəfli öyrənilməsi üçün ən başlıca səbəb oldu. Misir təbabətinin
ən böyük uğuru, həm də qan dövranı və ürək haqqında nəzəri biliklərin yayılmasındadır. Diş, göz həkimləri ki-
mi dar ixtisaslar formalaşmağa başladı.
Coğrafi xəritələrin tərtibi sahəsində də qədim misirlilərin xüsusi xidməti olmuşdur.
Beləliklə, Qədim Misir tarixində və mədəniyyətdə əldə olunan nailiyyətlər ümumbəşəri xarakter daşıyaraq
dünya sivilizasiyasının inkişafına xidmət etmiş oldu.
2.1.3. Mesopotamiya mədəniyyəti
Mesopotamiyanın ilk sakinləri təxminən b.e.ə. 40-cı minillikdə məskunlaşmışlar. İnsan qruplarının bir
hissəsi mağaralarda yaşayaraq dağ keçisi və qoyunlarının ovu ilə məşğul olurdu. Yalnız b.e.ə. X minillik
müəyyən dəyişikliklərlə müşayiət olunur – insanlar torpaqla işləməyə başlayaraq oturaq həyat tərzinə keçirlər.
Bu həyat şəraiti onların özləri üçün komalar, çiy kərpicdən evlər inşa etməsinə imkan yaradır. Beləliklə, b.e.ə.
VII minillikdə artıq Mesopotamiya ərazisində torpaqla məşğul olanlar məskunlaşmağa başlayır. Cəmiyyətin
bundan sonrakı inkişafı sürətlə tərəqqiyə doğru irəliləyir.
B.e.ə. IV-III minillikdə ilk şəhər-dövlətlər yaranmağa başlayır: Ur, Uruk, Kiş, Laqaş, Nippur, Akkad
belələrindəndir.
Şəhərlərin çoxu şumerlər tərəfindən qoyulduğu üçün həmin mədəniyyəti şumer mədəniyyəti kimi
adlandırmaq qəbul edilmişdir. Şumerlərin irqi mənşəyi dəqiq məlum deyil. Aparılan arxeoloji qazıntılar zamanı
tapılan kişi və qadın təsvirləri onların Aralıq dənizi və Qafqaz irqinə mənsub olması haqqında ehtimal irəli
sürməyə əsas verir. Şumer mədəniyyətinin mövcudluq tarixi b.e.ə. IV minillikdən III minilliyin I yarısına
qədərdir. B.e.ə. XXIV-XX əsrlərdə Akkad şəhərinin təsirinin güclənməsi nəticəsində bu mədəniyyət şumerlərin
varisi kimi inkişaf etməyə başlayır.
Tarixi mənbələrdə hər iki mədəniyyət İkiçayarası mədəniyyəti kimi qəbul edilmişdir ki, bu da ilk növbədə
həmin dövlətlərin Dəclə və Fərat çaylarının arasında yerləşməsi ilə izah edilir. «Mesopotamiya» sözü yunan
dilindən tərcümədə «İkiçayarası» mənasını verir. Mədəniyyət tarixində bunu çox vaxt Şumer-Akkad
mədəniyyəti kimi tanımaq da qəbul edilmişdir. Şumer-Akkad mədəniyyətinin, həm də belə adlandırılması digər
vacib bir məqamla da izah edilir: şumerlər və Akkad şahlığı sakinləri müxtəlif dillərdə danışaraq, həm də ayrı-
ayrı yazıya malik idilər.
Akkad dilini alimlər afroasiya dillərinin semit qrupuna aid edirlər. Akkad yazısı üzrə ən qədim mənbələr
gil lövhələr üzərində olub, b.e.ə. XXV əsrə təsadüf edir.
Bu yazıdan xeyli əvvəl mövcud olan şumer yazısı daha qədimdir. Şumer haqqında məlumatlar bir də onu
deməyə imkan verir ki, qədim sakinlər öz fikirlərini sim və ağac kəsikləri üzərində müxtəlif təsvirlərin verilməsi
ilə də bildirmişlər.
Yazı Şumer-Akkad mədəniyyətinin ən böyük nailiyyəti idi. Babillər tərəfindən o, bütün Ön Asiyada - Su-
riya və İranda geniş yayılmağa başlamışdır.
Yazı əsasında şumerlər bəşər tarixində ilk poema sayılan «Qızıl əsr»i, ilk elegiyanı (mərsiyə tipli şer)
yaratmışlar, dünyada ilk dəfə biblioqrafik kataloq tərtib etmişlər. Şumerlər, həmçinin tibbə aid reseptləri top-
layaraq xüsusi toplu hazırlayan ilk xalq olmuşlar.
Şumerlərin dini görüşləri allahlara sitayiş üzərində qurulmuşdu. Belə ki, bu xalqın ən güclü allahları An,
Enlil və Enki idi. An – Səma allahı olub, digər allahların atası hesab edilirdi, bütün insanlar hər bir işdə ona
müraciət edirdilər. An allahı Uruk şəhərinin hamisi hesab edilirdi.
Enlil külək, hava, bütövlükdə səma ilə yer arasındakı məkanın allahı hesab edilirdi. Onun baş məbədi
Nippur şəhərində yerləşirdi. Enki (akkadlarda Ea) Eredu şəhərinin müdafiəçisi olub, okean və sualtı dünyanı
təmsil edirdi. Ümumiyyətlə, suya etiqad qədim ikiçayarası sakinləri üçün mühüm rol oynayırdı. Suya münasibət
eyni cür deyildi. Su həyat, xeyirxahlıq, məhsuldarlıq rəmzi kimi əhəmiyyət kəsb edirdi. Digər tərəfdən isə, ona
dağıdıcı, fəlakət gətirici qüvvə kimi də yanaşırdılar.
Qədim İkiçayarası sakinlərinin etiqad etdikləri allahlardan biri də Ay allahı olan Nanna (akkadlarda Sin)
hesab edilirdi. O Ur şəhərinin hamisi, oğlu Günəş allahı olan Utu (akkadlarda Şamaş) isə Sippar və Larsa
şəhərlərinin hamisi hesab edilirdi.
Uruk şəhərinin allahı olan İonna (akkadlarda İştar) məhsuldarlıq ilahəsinə səcdə edərək ona məhsul və
hərbi nailiyyətlər qazanmaqda kömək olurdu. Bu allah ağac-qadın obrazlarında tez-tez iəsvir olunurdu. Onun əri
Dummuz (akkadlarda Tammuz) Enki allahının oğlu idi. O, su allahı kimi tanınaraq, bitki aləmini təmsil edirdi.
Axirət dünyasının allahı isə Nerqal hesab edilirdi.
110
Şumer-akkad panteonu ilahələri böyük allahların arvadları kimi çıxış edərək ölümü və yeraltı dünyanı
təmsil edirdi. Daha tanınmış allah-ana-Ninxursaq və Mama, həkim ilahəsi Qula hesab edilirdi.
Zaman keçdikcə qədim Şumer-Akkad mədəniyyəti sakinləri allahlara olan münasibətlərini dəyişdirirdilər.
Belə ki, b.e.ə. III minillikdə bu münasibət özünü əyani formada daha aydın təzahür etdirdi: belə ki, An-
hakimiyyət ideyasını, Enki-müdriklik və bilik allahı kimi təzahür olunmağa başlayır. Tədricən allahlar göy
cisimlərilə əlaqəndirilməyə başlayır: Utu-Günəş, Nerqal-Mars, İnanna-Venera və s. ilə əlaqələndirilir. Beləliklə,
bu hadisə, göy cisimlərinə etiqad və sitayişin əsasını qoymuş oldu və astrologiyanın formalaşması üçün zəmin
yaratdı.
Şumer-Akkad dini görüş və təsəvvürləri bütövlükdə Mesopotamiya mədəniyyətinə güclü təsir göstərir,
ədəbiyyat və incəsənətin inkişafında mühüm əhəmiyyət kəsb edirdi. Ədəbiyyatda əfsanələr xüsusi yer tutmağa
başladı. Şumer və akkadlar öz ədəbi mənbələrini şifahi xalq yaradıcılığı məhsulu kimi yazıya köçürmüşlər.
Dünyanın yaradılmasında baş Allah hesab edilən Enlilin əmələrindən bəhs edən əfsanə ən maraqlı ədəbi
mənbələrdən hesab olunur. Əfsanədə söylənilir ki, o, bir-birinə bitişik yaşayan ər-arvad An və Ki allahlarını
ayırmış və bunun nəticəsində Göy və Yer əmələ gəlmişdir. Bundan sonra isə, Nippur şəhərini inşa edərək
allahları burada məskunlaşdırmışdır.
Qədim şumer-akkad ədəbi nümunələrinin bir çoxu gil lövhəciklər üzərində həyata keçirilmiş və müasir
tədqiqatçılar bunların əksəriyyətini oxuya bilmişlər. Xüsusilə, XIX əsrdə Qərbi Avropa tədqiqatçıları bu sahədə
böyük kəşflər etmişlər. Bu mətnlərin çoxu dini məzmun kəsb edirdi – yəni onlar allahlara himn, dua, dini miflər
və əfsanələrlə təzahür olunurdu. Bundan başqa, məbədlərdə hökmdar sülalələrinin siyahısı da özünəməxsus
tapıntılardan hesab edilir. Belələrindən ən qədimi şumer dilində kahinlər tərəfindən yazılmış Ur şəhərinin
siyahısıdır.
Babil kahini Beros (b.e.ə. III əsr) bu siyahılardan istifadə edərək qədim Şumer-Akkad tarixinin ümumi
icmalını tərtib etmişdir. Berosun tərtib etdiyi mənbədən belə aydın olur ki, Babillilər öz ölkələrinin tarixini iki
dövrə – «nuh əyyamı»na, «nuh əyyamı»ndan sonrakı dövrə bölürlər. Beros «nuh əyyamı» dövrünədək 10-a
yaxın hökmdar adını çəkərək, hökmranlıq müddətini 432 min illə ifadə edir. «Nuh əyyamı»ndan sonrakı dövrün
təəssüratı da fantastik məzmun kəsb edir.
Yunanca yazan Berosun bu işləri hamı tərəfindən qəbul edilir. Müdrikliyinə görə Afinada ona abidə
ucaldılmışdır.
Şumer ədəbiyyatının möhtəşəm abidəsi Gilqameş haqqında olan silsilə mətnlərdir. Gilqameş Uruk şəhərinin
əfsanəvi şahı hesab edilir. O, b.e.ə. XXVIII əsrdə hakimiyyətdə olmuşdur. Əsərdə Gilqameş Ninsu allahının oğlu
kimi təsvir edilir. Burada onun vəhşi insan olan Enkidu ilə dostluğu və ölməzliyin sirrinin öyrənilməsi ilə əlaqədar
qəhrəmanın başına gələn əhvalatlar əks olunur.
Gilqameş dastanı dünya ədəbiyyatının tərəqqisi güclü təsirə malik idi. Digər dastan «Enmerkar və Aratta
hökmdarı» dastanıdır ki, burada e.ə. III minillikdə baş verən hadisələrin təsviri xüsusi yer tutur. «Enmerkar və
Aratta hökmdarı» dastanı hər iki hökmdar arasında baş verən mübahisə şəklində təsvir edilir. Buradakı hadisələr
hakimiyyət üstundə, dünya malı üstündə olan mübarizələrdən bəhs edir. İnsanların işlərinə ilahə və allahlar da
sirayət edir. Dastan çox məzmunlu bir ədəbi əsərdir. Həmin dastan dünya ədəbiyyat tarixinə ilk dastan tipli əsər
kimi daxil olmuşdur.
«Uruk və Aratta» dastanında Aratta hökmdarı Enmerkafdan onun hakimiyyətinin tanınmasını tələb edir.
Bu tələbin yerinə yetirilməsi ətrafında cərəyan edən hadisələr dastanın əsas süjetini təşkil edir.
Əldə olunan digər dastanlardan «Luqalbanda və Enmerkar», «Luqalbanda və hurrum»un adlarını çəkmək
olar.
Mesopotamiya ədəbiyyatı nümunələrinə qeyri-dini səciyyə kəsb edən hekayə, nağıl, ibarə, zərb –
məsəlləri də aid etmək olar. Bu ədəbi nümunələrdə həyat və məişətin müxtəlif cəhət və hadisələri təsvir olunur.
İbrətamiz hekayələr xüsusi müstəsnalıq təşkil edir. Məsələn, «Ağanın qul ilə söhbəti» adlı hekayədə ayrı-ayrı
zümrələrdən olan insanların – ağa ilə qulun ünsiyyətində tərbiyəvi məqamlar mühüm əhəmiyyət kəsb edir. Belə
məzmunda olan digər hekayə də - «Müdrik Axikar haqqında» adlı əsərdə də tərbiyəvi məqamlar xüsusi yer tu-
tur. Nəsihət xarakteri daşıyan bu əsərdə 100-ə yaxın tərbiyəvi səciyyəyə malik qeydlər var. Bu nəsihətlər bütün
zamanlar üçün, həmçinin müasir dövr üçün də çox ibrətamizdir. Onlardan bəzilərinə diqqət yetirək:
1.
«Sirri açma. Sarayda eşitdiyin hər bir söz qoy sənin qəlbində çürüsün».
2.
«Ağıllı adamla daş daşımaq, axmaqla şərab içməkdən yaxşıdır».
3.
«Ağıllı adama qulaq asmaq, isti havada sərin su içmək kimi bir şeydir».
4.
«Heç kəsə ayağını basmağa qoymağa imkan vermə, sonra boynuna minən bilər».
5.
«Öz sahibini tərk edən və sənin arxanca gedən iti daşla qov!» və s.
Bu nəsihətlər əsərdə dövlət xadimi Axikarın Nalana olan sözlərindəndir.
Mesopotamiyanın memarlıq və incəsənəti də dövrünə görə mühüm əhəmiyyət kəsb edirdi. Dini xarakterli
tikililər – əzəmətli məbəd, məqbərələr ilk memarlıq nümunələri kimi mühüm rol oynayırdısa, bu tikililərin
bəzədilməsi, müxtəlif bədii işlərin aparılması təsviri və tətbiqi sənətin formalaşması üçün əsaslı zəmin idi. Belə
ki, e.ə. IV minillikdə hündür yerdə tikilən nəhəng məbədlər, həm də yaşayış məntəqələrinin mərkəzi xarakterini
111
kəsb edirdi. İbadət üçün xüsusi komplekslər, 3, 5, 7 mərtəbədən ibarət bürclər (zikkuratlar) İkiçayarası
mədəniyyətinin orijinal memarlıq nümunəsi idi.
İkiçayarası mədəniyyəti heykəltəraşlığı üçün e.ə. III minilliyə aid fiqurlar daha səciyyəvidir. Hökmdar
Qudeanın və Hammurapinin heykəl təsviri buna misaldır.
Tətbiqi sənət növ\ləri içərisində zərgərlik, silahqayırma, daşdan hazırlanan güldanlar üstünlük təşkil
edirdi.
Şumer-Akkad sivilizasiyasının varisi Babilistan hesab edilirdi. Onun mərkəzi Babil şəhəri («Babil» -
«Allahın qapısı deməkdir) hesab edilirdi. Babilistan hakimiyyətinin çiçəklənməsi dövrü I Babil nəslindən hesab
edilən Hammurapinin hökmranlığı (e.ə. 1792-1750) müddətinə təsadüf edir. Onun hakimiyyəti dövründə Babi-
listan ön Asiyada birincilik qazanaraq kiçik şəhərdən yüksək iqtisadi, siyasi və mədəni mərkəzə çevrildi.
Məşhur Qanunlar külliyyatı da məhz onun hakimiyyəti dövründə meydana çıxdı. Külliyyat 2 metrlik daş
üzərində gil yazı ilə yazılmışdır. Bu qanunlarda Babil şahlığı sakinlərinin təsərrüfat, məişət və mədəni həyatı,
əxlaq və mənəviyyatı əks olunurdu. Külliyyat 282 maddədən ibarət olub, akkad dilinin babil ləhcəsində
yazılmışdır. Bu qanunlar bütünlükdə qədim Şərq hüququnun tədqiqi üçün əhəmiyyətli mənbədir. Hammurapinin
qanunlar külliyyatı üç hissədən – giriş, qanunlar və nəticədən ibarətdir. Giriş və nəticə hissəsində bu qanunların
tərtibinin əsas məqsədi öz izahını tapır. İzahda, həmçinin qeyd olunur ki, qanunların tərtibinin əsas məqsədi və
səbəbi ədalət, haqqın öz yerini tutması olmuşdur. Qanunlar həm də güclü zəifi incitməsin deyə hazırlanmışdır.
Qanunda mülki məsələlərə daha çox üstünlük verilmişdir.
Babil mədəniyyətinin inkişafında dini əqidə və baxışlar vacib yerlərdən birini tuturdu. Mesopotamiyanın
dini həyatında ən böyük yenilik b.e.ə. II minillikdə şumer-babil allahları içərisində Babil şəhərinin allahı hesab
edilən Marduka baş allah kimi etiqad edilməsi oldu.
Şumer allahları kimi babil allahları da çoxsaylıdır. Onlar hökmdarın himayəçisi kimi təbliğ olunurdu. Ona
görə də, bu allahları insaniləşdirirdilər: insanlar kimi, onlar da müvəffəqiyyətə can atır, mənfəət məqsədi güdür,
öz işlərini, ailələrini bunun əsasında qururdular. Onlar da adi adamlar kimi yeyir, içir və insanlara xas bir sıra
mənfi və müsbət keyfiyyətlərə malik idi.
Babil kahinlərinin təliminə əsasən insanlar gildən hazırlanmışlar ki, allahların xidmətində dursunlar. Məhz
ona görə də allahlar insanların taleyini müəyyən edirdilər. Yalnız kahinlər allahın iradəsini bilmək iqtidarında
idi: kahinlər ruhları çağırmaq, allahlarla ünsiyyətdə olmaq və göy cisimlərinin hərəkəti nəticəsində gələcək
haqqında məlumat vermək iqtidarında idilər.
Planet və ulduzların hərəkətinə güclü maraq bu qədim ölkədə astronomiya və riyaziyyat elmlərinin
tərəqqisinə güclü təsir göstərdi. Bunun əsasında vaxtın - saniyə və dəqiqələrin 60-lıq sistemi müəyyən olundu.
Babil astronomları bəşər tarixində ilk dəfə Günəş və Ayın dövretmə qanunlarını hesablamış, Günəş
tutulmalarının qanunauyğunluqlarını müəyyən etmişlər. Qədim babillər bütün bunları misirlilərin müşahidələri
əsasında aparmışlar.
Alimlərin elmi bilik və tədqiqatları magiya və falçılıq ilə bağlı idi; elmi biliklər kimi falçılıq, magiya
formulları müdriklərin, alimlərin üstün cəhətlərindən hesab edilirdi. Ona görə də qədim Babil sakinləri bir
kahinə, bir də hökmdarlara sözsüz tabe olurdular.
Babilistanın dini dünyagörüşündə ölüm və ölümdən sonrakı həyat ən başlıca mövzulardan biri hesab edi-
lirdi. Qədim babillər belə dərk edirdilər ki, ölümündən sonra insan «qayıdışı olmayan ölkəyə» düşür və orada
əbədi olaraq yaşayır. Onun dirilməsi qeyri-mümkündür. Ölünün məkanı - işığı, qidası olmayan çox kədərli bir
məkandır. Rəhmətə gedənlər insana xas şən əhval-ruhiyyəni daha heç vaxt yaşaya bilməyəcəklər. Bu vəziyyətə
bütün kəslər, yəni maddi həyatda müxtəlif statusa malik olanların hamısı məhkumdur.
Mesopotamiya sakinləri belə təsəvvür edirdilər ki, canlı ilə ölmüş insanlar arasında bir əlaqə mövcuddur:
ölülər sağ olanlara hər hansı bir məsləhət verir, onları bəladan hifz edir. Ona görə də sağ olan insanlar öz
ölülərinə çox yaxın idilər; çox vaxt ölüləri qəbiristanlıqda deyil, yaşayış evlərinin döşəmələrinin altında dəfn
edirdilər.
Sağ və ölü insanlar haqqında belə təsəvvürlər şəxsi allahın-ilunun olması haqqında inamı daha da
möhkəmləndirirdi. İnsanla ilu arasında özünəxas əlaqə mövcud idi: nəsildən nəslə ilu atanın bədənindən maya-
lanma zamanı oğula keçirdi.
Bu kimi dini dünyagörüş qədim İkiçayarası sakinlərinin monumental incəsənətində də təzahür olunmağa
başladı. Burada ən başlıca yeri allahlara həsr olunmuş məbədlər tuturdu. Məbədlər mədəni və təsərrüfat
mərkəzləri kimi Mesopotamiya şəhərlərində mühüm yer tuturdu. Məbədlərə məxsus torpaq sahələrində idi. Bu-
rada yüzlərlə kəndli və məbəd qulları çalışırdı. Burada emalatxana, arxiv, kitabxana və məktəblər təşkil olunur,
onlar yaxın və ya uzaq ölkələrlə ticarət əlaqələri qururdu.
Məbədlərin tikilişi zamanı allahın möhtəşəmliyi ideyasına xüsusi diqqət yetirilirdi. Burada da pilləli
məbədlərə - zikkuratların tikilişinə diqqət verilirdi. Belələrindən ən məşhuru Babildəki Marduk allahına ithaf
edilmiş məbəddir. Bu məbəd haqqında hətta İncildə də qeydlər var.
Məbədin daxilinin baş hissəsini üzəri qiymətli ağac növü, qızıl və fil sümüyü lövhələri ilə örtülmüş
allahın heykəli bəzəyir. Buraya yalnız kahinlərin az hissəsinin daxil olmasına icazə verilirdi. Digər sakinlər isə,
112
bu heykəli yalnız təntənəli bayram və mərasimlərdə bütün yol boyu gəzdirilən zaman seyr etmək şərəfinə malik
idilər.
Ümumilikdə götürüldükdə babil sənətinin memarlıq nümunələri dövrümüzə qədər çox az sayda gəlib
çatmışdır. Bunu təkcə elə onunla izah etmək olar ki, İkiçayarası ərazisi daşlarla kasad olduğundan, günəş altında
qurudulmuş kərpiclərin tətbiqinə daha geniş yer verilmişdir ki, bu da zamanın sərt sınaqlarından
müvəffəqiyyətlə çıxmaqdan məhrum idi.
Memarlıqda daha çox gümbəz, arka, birləşdirici tavanlar kimi elementlərin tətbiqi üstünlük təşkil edirdi.
Babil təsviri sənətində vəhşi heyvanların – şir və öküzün təsvirinə tez-tez rast gəlmək olur. Tel-Əsmərdə
mərmərdən hazırlanmış kişi fiqurları sənət nöqteyi-nəzərindən qiymətli hesab olunur.
Babil mədəniyyətini inkişaf etdirən assuriyalılar b.e.ə. VIII əsrdə Babilistanı özlərinə tabe etdilər.
Nineviyadakı sarayda alimlər Assuriya hökmdarı Aşşurbanipal (b.e.ə. VII əsr) dövrünə təsadüf edən və həmin
dövr üçün çox zəngin sayılan kitabxana tapmışlar. Burada on minlərlə mixi yazı mətnləri əldə olunmuşdur. Belə
güman edilir ki, həmin kitabxana vaxtilə babil, o cümlədən qədim şumer ədəbiyyatlarını özündə cəm etmişdir.
Yeganə savadlı hökmdar olan Aşşurbanipal maarifpərvər, xüsusi təhsil almış bir şəxs olduğundan qədim yazı
abidələrinin toplayıcısı idi. Onu qədim İkiçayarası mədəniyyətindən 2 min ildən artıq zaman kəsiyi ayırsa da, o
qədim gil lövhəciklərin dəyərini dərindən dərk edir və ona görə də bunları toplayaraq mühafizə edirdi.
Qeyd edək ki, təhsilə malik olmanı digər Assur hökmdarlarına xas olan əsas keyfiyyət digər ölkə və
dövlətləri özünə tabe etmək cəhdi idi.
Assur mədəniyyətində incəsənət, xüsusilə təsviri sənət daha çox inkişaf edirdi. B.e.ə. I minillikdə Assu-
riya təsviri sənətində qələbə əzmini, təcəssüm etdirən obrazlara üstünlük verilirdi. Bu baxımdan qanadlı
öküzlərin təsviri xüsusi məna kəsb edirdi. Öküzlər insan sifətli, parlaq gözlü beş dırnaqlı təsvir olunurdu. II Sar-
qonun sarayında (b.e.ə. VII əsr) təsvir edilən öküz belələrindəndir. Memarlıq tikililərində heyvanların – şir,
dəvə, atların təsvirləri üstünlük təşkil edir.
Assuriya saraylarına xas olan təsvirlərin məzmununa qüdrətli hökmdar, kinli, amansız şah obrazı daha
xasdır. Assuriya incəsənətində hökmdar qəddarlığının təsviri dünya sənət tarixində daha orijinal görünür.
Assuriyalıların mənəviyyatındakı bu qəddarlıq, görünür, onların yüksək olmayan dini təsəvvürləri ilə bağlıdır.
Yeni Babil 200 min əhalisi olan Qədim Şərqin ən iri şəhərlərindən biri hesab edilirdi. Şəhərin 24 böyük
prospekti, böyük məşhur «Babil» qülləsi mövcuddur ki, hazırda o, dünyanın 7 möcüzəsindən birini təşkil edir.
Bu qüllə 7 pilləli 90 m hündürlüklü zikkuratdır. Qüllənin ətrafındakı yaşıllıq trassı da 7 möcüzədən biridir –
bunları «Semiramidanın asılı bağları» adlandırırlar.
B.e.ə. VI əsrdə Babilistana farslar hücum edir: şəhər məğlub olur və onu təntənəli surətdə fars İran şahı
Kir idarə etməyə başlayır. Farslar babillərin dini ənənələrinə – bayram və mərasimlərinə hörmətlə yanaşdılar.
Kir rəsmi surətdə Babil şahlığını İran hökuməti tərkibi şərtilə saxladı və ölkənin sosial strukturunda ciddi
dəyişiklik etmədi. Ölkə yenə də Misir, Suriya, Kiçk Asiya ilə ticarət əlaqələrini davam etdirirdi. Babilistan hər
kəsin mənsub olmaq istədiyi məkanlardan birinə çevrildi.
Beləliklə, Mesopotamiya mədəniyyəti ibtidai dövr və qədim dünyanın ən sivil mədəniyyətlərindən biri he-
sab edilir.
2.1.4. Fələstin, Finikiya və Suriya mədəniyyəti
Dostları ilə paylaş: |