1.21. Mədəniyyətin gender aspektləri
Keçən yüzilin 70-ci illərində sovet nəşriyyatının buraxdığı «Ədəbiyyat ensiklopediyası»nın 8-ci cildində
ədəbi xarakterlə bağlı bu gün də əhəmiyyətini itirməyən müəyyən açıqlama verilir: «Ədəbi xarakter müəyyən
dolğunluq və fərdi müəyyənliklə təsvir edilən insan obrazı olub, onun vasitəsilə həm ictimai-tarixi situasiya ilə
şərtlənmiş davranış tipi (hərəkət, fikir, təəssürat, nitq fəaliyyəti), həm də insanın var olmasına dair müəllifin
mənəvi-estetik konsepsiyası üzə çıxarılır. Ədəbi xarakter bədii bütövlükdür, ümuminin təkrar olunanla fərdi
olanın – təkrar olunmayanla, obyektivin (insan həyatının ədəbi xarakter üçün örnək olan bəzi sosial-psixoloji
reallığı) subyektivlə (müəllif tərəfindən örnəyin dərk edilməsi və qiymətləndirilməsi) üzvi vəhdətidir». Ancaq
xarakter anlayışı humanitar-sosial elmlərin digər sahələrinin – fəlsəfə, psixologiya və sosiologiyanın da mühüm
anlayışıdır. Bu elm sahələrindəki xarakter termini ilə ədəbiyyatşünaslıqdakı xarakter anlayışı arasındakı fərqi
adı çəkilən nəşr belə göstərir: «…Ədəbi xarakter «yeni reallıqla», bədii baxımdan «yaradılmış» şəxsiyyət olaraq
qarşıda durur və real insan tipini əks etdirərək ona ideoloji aydınlıq gətirir. Məhz insanın ədəbi obrazının
konseptuallığı ədəbiyyatşünaslıqdakı xarakter anlayışını bu terminin psixologiya, fəlsəfə və sosiologiyadakı
mənasından fərqləndirir». Beləliklə, bədii ədəbiyyat müxtəlif sosial norma və qaydaların, rolların, mənəvi-
əxlaqi dəyərlərin, o cümlədən, gender rolu və stereotiplərinin, gender identikliyinin, ümumiyyətlə, cins-rol
münasibətlərinin müəyyən bir sosiomədəni məkanda canlı qalereyasını təşkil edir.
Mədəniyyətin gender təhlilində, genderin mədəni quruluşunda kişi və qadın təfəkkür üslubları, maskulin və
femin dərketmə paradiqmaları münasibətlərini öyrənmək ayrıca bir əhəmiyət daşıyır. Androsentist bir cəmiyyətdə
uzun müddət qadında məntiqi təfəkkür qabiliyyəti olmamasına dair təsəvvür formalaşmışdır. Bu imtiyaz isə kişiyə
verilmişdi. Ancaq araşdırmalar artıq bu təsəvvürün əleyhinə nəticələr göstərir. Kişi məntiqinin hökm sürdüyü
cəmiyyətdə qadın kişi təfəkkürü qaydalarını qəbul edərək sosiallaşır, o cümlədən, gender rolu və stereotiplərini
mənimsəyir. Belə bir şəraitdə, daha doğrusu, maksulin məntiqin hökm sürdüyü dövrlərdə formalaşan dünyadərki
gender asimmetriyasını təsbit edir. Kişi və qadın təfəkkür üslubları, dərketmə paradiqmaları münasibətini öyrən-
mək baxımından da bədii ədəbiyyat çox dəyərli vasitə və qaynaqdır.
Sosializmdən öncəki dövrü əks etdirən əsərlərdə cinslərarası münasibətlərdə gender bərabərsizliyi özünü
daha açıq şəkildə göstərməkdədir. Bu münasibətlərin tənzimlənməsində ənənələrin rolu mühümdür. Cinslərarası
münasibətlərdə şəraitin çox vaxt yalnız təfsiri, bu təfsirdən çıxan hökmlər iştirak edir. Qadının hüququ geniş
deyil. Bununla belə, Azərbaycanın milli mentalitetinə xas olan qadına tarixi ehtiram ənənəsindən irəli gələrək bu
əsərlərdə təsvir edilən cəmiyyətdə qadına hörmət duyğusu özünü daim hiss etdirir.
Bununla belə, qadın ictimai həyatın hələ kişilərlə bərabər iştirakçısı deyil. M.F.Axundov, M.Ə.Sabir,
C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, N.Nərimanov və s. kimi müəlliflərin əsərlərində bu deyilənlər
görünməkdədir. Bu əsərlərdən məlum olur ki, kənd, elat mühitində mövcud cinslərarası qarşılıqlı münasibətlərin
məzmunu ilə şəhər mühitindəki, təəssübkeşliyin daha kəskin olduğu mühitdəki analoji münasibətlərin məzmunu
arasında müəyyən fərq vardır. Belə ki, elat mühitində yaşayan qadınlar şəhərdəki, təəssübkeş mühitindəki
həmcinslərinə nisbətən ictimai həyatda müəyyən azadlıqdan istifadə edə bilmişlər. Məsələn, M.F.Axundovun
komediyalarında qadınlar kişilərin üstünlüyü, dominantlığı mövcud olan mühitdə zirəkdirlər, yeri gəldikdə,
kişilərə ağıllı məsləhətlər verirlər. Ümumiyyətlə, M.F.Axundovun 1850-1855-ci illərdə yazdığı altı komediya
«Hekayəti-Molla İbrahimxəlil kimyagər». «Hekayəti-müsyö Jordan həkim nəbatat və dərviş Məstəli şah-
cadukuni-məşhur», «Hekayəti xırs quldurbasan», «Sərgüzəşti-vəziri-xani-Lənkəran», «Sərgüzəşti-mərdi-xəsis»
(«Hacı Qara»), «Mürafiə vəkillərinin hekayəti» Azərbaycanın o zamankı sosiomədəni həyatının cins-rol
münasibətləri baxımından xarakteristikasının canlı ifadəsidir. Bu mühitdə kişinin hökmü üstündür, ancaq
qadının da mövqeyinə də yer verilir. Onun sosial statusu var.
C.Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povestində qadın hüquqsuzluğu qatı bədii
boyalarla verilir. Xudayar Katda – Zeynəb qarşılıqlı münasibətlərində gender bərabərsizliyinin tipik təcəssümü
təqdim edilir. «Ölülər» dramında İskəndər – Nazlı xətti cəmiyyətdəki mövcud cins-rol münasibətlərinin
durumunu əks etdirir. Nazlı cəmiyyətin dərdlərini, ağrılarını duyan, ancaq doğru bir çıxış yolu tapa bilməyib
içkiyə qapılan İskəndərin kiçik yaşlı bacısıdır. İskəndərin Nazlıya müraciətlə dediyi sözlər cəmiyyətdəki gender
münasibətlərini xarakterizə edir: «Ey mənim gözəl, Nazlı bacım!. Bir bax, həyətdə gün çıxıb: sən ki, o günü
görməyəcəksən, nəyə lazımdır, onun işığı. Çöldə otlar göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o
çiçəklər, o çəmənlər?!». Bununla belə, Mirzə Cəlilin əsərlərində cəmiyyətdəki gender münasibətlərini daha sərt
şəkildə, real duruma nisbətən daha kəskin şəkildə verildiyini deyə bilərik.
XX yüzilin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi mühitində «qadın azadlığı» məsələsinin
qadın emansipasiyası ideyasının aktivləşməsi ilə bağlı M.Ə.Sabir qadın azadlığının boğulmasına qarşı kəskin
100
bədii-satirik bir dil ilə mübarizə aparır. M.Ə.Sabir kiçik yaşlı qızların yaşlı, qoca kişilərə ərə verilməsini
qamçılayır:
Ol gün ki, adaxladız, utandım,
Oğlandı dediz, ərin, inandım,
Ər böylə olurmuş?! İndi qandım,
Xandostu, amandı, qoyma gəldi!
Kirdarı yamandı, qoyma gəldi!
Qadının maarifdən, təhsildən məhrum qalmasını isə qadının öz dilində belə ifadə edir:
… Evimizdə var idi hər nə desən:
Qatıq, ayran ilə qaymaq, nə yesən!
Nə bilirdik nə zəhirmardı kitab?
Biz olan evdə haçan vardı kitab?
Hüseyn Cavidin yaradıcılığında qadın azadlığı probleminin işlənməsi mərkəzdə durur. Böyük sənətkar
bəşəriyyətin yüksəlişini, gerilikdən qurtuluşunu qadının cəmiyyətdə durumu ilə bağlayırdı:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
H.Cavid yaradıcılığında cinslərarası münasibətlərin, gender sisteminin romantik şərhi verilir. Şairin ilham
pərisi kimi baxdığı müsəlman Şərq qadınının cəmiyyətdə durumu heç də ürək açan deyil. Bu qadın eyni adlı
şeirdə belə təqdim edilir:
Mən nə idim? Şərqin əzilmiş qadını!
(Bir az sükut…)
Mən nə idim? Uf, onu heç sormayınız!
Varlığım bir quru heç.
«Varlığı heç olan» bu qadın gözəldir. Cəmiyyət həyatında yeri məhdud olsa da, seksual obyekt olaraq
diqqət mərkəzində durur: «Vardı bir çox tapınanlar da mana // Çünki pək dilbər idim» - deyir. Artıq o qaranlıq
günlər arxada qalır, şərq qadını azadlığına nail olur və «Şərqin azadə, gülər bir qızıyam» deyir. Deməli,
cəmiyyət həyatında baş verən sosial-siyasi dəyişmələr gender sisteminin məzmununda əksini tapmışdır.
Bu muhitin qadını ərinin haqsızlığını duysa belə, yenə ona boyun əyir və sevgidə səmimidir, vəfalıdır.
N.Nərimanovun «Nadir şah» dramındakı Gülcahan, İ.Şıxlının «Dəli Kür» romanındakı Zərnigar buna
örnəkdirlər. «Dəli Kür»də Cahandar ağa – Şahnigar xanım xətti cəmiyyətdəki cinslərarası münasibətləri daha
qabarıq açıb göstərir, mənalandırır. Ənənələr ilə yoğrulmuş Cahandar ağa dedi-qodu, iftira qarşısında dözmə-
yərək bacısını qətlə yetirir. Onun cəmiyyətindəki «əsil kişi» və «əsil qadın» təsəvvürləri onu belə bir hərəkətə
məcbur edir.
İ.Şıxlının «Ölən dünyam» romanı müasir Azərbaycan ədəbiyyatının ən böyük nailiyyətlərindən biridir.
Roman XIX sonu – XX yüzilin əvvəllərində Azərbaycan sosiomədəni həyatının bədii təcəssümü olub, cinslərarası
münasibətlərin müxtəlif çalar və təzahürü ilə müxtəlif səviyyəli və məzmunlu gender stereotipləri şəbəkəsi ilə
zəngindir. «Ölən dünyam»dakı cəmiyyətdə qadın hüquqsuz deyil, hətta o, öz ağıl və bacarığı ilə bir nəslin başında
durur. Əlbəttə, bu cəmiyyətdə gender bərabərsizliyi müəyyən səviyyədə özünü göstərir. Ancaq cinslərarası
münasibətlərdə kəskin ziddiyyət və qarşıdurma yoxdur. Bu cəmiyyətdə əxlaqi dəyərlər öz sağlamlığını qorusa da,
artıq bir təhlükə, yeni təsirlərin hücumu qarşısında olduğu da görünməkdədir.
Sosializm dövründə araşdırmanın əvvəlki qismində deyildiyi kimi, kişi və qadın münasibətlərinin
məzmununda qadın obrazında yenilik baş verdi. Azərbaycan qadını ilk öncə hüquqi, sonra isə real hüquqi imkan
və azadlıqlar qazandı. Qadın hüququnun genişlənməsində, hüquq baxımından kişi ilə bərabər olmasında partiya
və hökumətin himayədarlığı, təşviqi mühüm rol oynadı. Məhz bu himayə sayəsində qadın tezliklə cəmiyyət
həyatının fəal iştirakçısına çevrildi. Ancaq ictimai və xüsusi həyat sahəsinin ideologiyalaşdırılması, qadının
istehsalata geniş ölçüdə cəlb olunması, əlavə yüklə yüklənməsi və s. yeni ayrıseçkiliyə gətirib çıxarır, gender
bərabərsizliyinin bir qaynağını yaradırdı.
Sosializm dövründə cinslərarası münasibətlərdə, qadının sosial statusunun yüksəlişi bədii ədəbiyyatda da
öz əksini tapdı. Bu baxımdan C.Cabbarlı və İ.Əfəndiyev yaradıcılıqlarının gender baxımından müqayisəli təhlili
sosializm dövrü gender münasibətlərinə dair real təsəvvür yaratmağa imkan verir. C.Cabbarlı qadın adlarını
daşıyan bir sıra hekayə («Dilarə», «Gülzar», «Dilbər», «Firuzə» və s.) və pyeslər («Sevil», «Almaz», Dönüş»)
yazmış, dövrün cinslərarası münasibətləri bu obrazların bədii ifadəsində əksini tapmışdır.
C.Cabbarlının «Sevil», «Almaz», «Dönüş» və s. kimi pyesləri qadın azadlığının reallaşmasını, XX yüzilin
20 – 30-cu illərində Azərbaycanda qadın hərəkatının gedişini əks etdirir. Bu baxımdan Sevil obrazı maraq
doğurur. Öz hüququnu ilk öncə anlamayan, ərindən böyük insan tanımayan və küçəyə çadrasız çıxmayan Sevil
101
çevrəsində baş verən hadisələrin, ictimai dəyişmələrin təsirilə çadrasını çıxarıb ictimai həyata atılır. Partiya və
hökumətin qayğısı və müdaxiləsi Sevillərin hərəkətini, mübarizəsini təşviq edir, onları qoruyur. Almaz artıq
mübarizədə bərkimiş, ictimai həyatda daha inamla iştirak edən qadın obrazıdır.
İ.Əfəndiyevin «Körpüsalanlar» romanı 1960-cı ildə yazılıb. Bu elə bir dövr idi ki, Qərbdə qadın
hərəkatının – feminizmin yeni yüksəlişi başlamaqda, sovetlər ölkəsində, o cümlədən, Azərbaycanda onun
təsirləri duyulmaqda idi. Romanda Səriyyə – Adil xətti Azərbaycanın sosiomədəni həyatında mövcud olan
gender münasibətlərini əks etdirir. Adil hər baxımdan cəmiyyətdə kökləşmiş kişi təsəvvürlərinə cavab verən bir
obrazdır. Yazıçı Adili Səriyyənin dili ilə belə təqdim edir: «Ortaboylu, yaraşıqlı bir oğlan idi. Olduqca təmiz-
tarix, səliqəli geyinərdi. Məclislərdə, cəmiyyət içində özünü ləyaqətlə aparardı, artıq-əskik danışmazdı. Hamı
onun çox ağıllı, hər şeyin yerini bilən bir Adam olduğunu, çox irəlilərə gedəcəyini söyləyirdi». Səriyyə də
cəmiyyətin «əsil qadın» təsəvvürlərinə uyğun gənc bir qadın idi. Bir qadın olaraq dərin mühakimələrə dalmaq
onun işi deyildi. Onun bu durumu mövcud gender stereotipini əks etdirirdi. O, Adilin «xoşbəxtlik» haqqında
mühakimələrini dinləyərkən özü haqqında deyir: «Onun … sözlərini unutmadım. Lakin o sözlərin mahiyyətini
dərk etmək, əsl xoşbəxtliyin nədən ibarət olduğunu anlamaq mənim gücüm çatan iş deyildi. Məni isə
mühakimədən artıq duyğular cəlb edirdi».
Adilə görə qadın kişidən hər baxımdan, təhsil səviyyəsində, xarici görkəmdə bir pillə aşağı olmalı idi.
Belə olduqda, ailə həyatında nizam mövcud olardı.
Onlar bir-birini sevərək evlənmişlər, rahat ailə həyatını pozacaq bir şey yoxdu. Ancaq Adil yol idarəsinə
rəis təyin edildikdən, Səriyyənin də yol-körpü tikintisində fəal iştirakından sonra vəziyyət getdikcə dəyişməyə
başlayır. Səriyyə ictimai həyatda öz yerini, ləyaqətini dərk etməyə başladıqca Adilin standart «qadın» və «kişi»
təsəvvürləri ilə qarşılaşır, onların arasında gərginlik artaraq sonda ayrılırlar.
Əgər C.Cabbarlının Sevili, Almazı ictimai həyata partiya və hökumətin dəstəyi ilə atılırsa, İ.Əfəndiyevin
Səriyyəsi cəmiyyətdə özünütəsdiqinə öz mübarizəsi ilə nail olur. Səriyyə tədricən irəliləyərək zamanı, cəmiyyəti
və cəmiyyətdəki yerini dərk edə bilən qadın səviyyəsinə yüksəlir.
İkinci dünya müharibəsi illərində arxa cəbhədə gecə-gündüz həm qadın, həm də ənənəvi «kişi sahəsi»ndə
kişi məşğuliyyətində çalışan qadınlarımızın bədii obrazı, qadının «kişi dözümü»nün, cəsurluğunun, ağrılı
günlərdə keçirdiyi mənəvi-psixoloji və fiziki yaşantılarının bədii ifadəsi İ.Hüseynovun yaradıcılığında mühüm
yer tutur. Yazıçı cəmiyyət həyatında qadınların kişilərlə bərabər sosial statusda iştiraka tamamilə haqlı
olduqlarını təsirli, inandırıcı bədii boyalarla təqdim edir.
Bəhs olunan dövrdə Azərbaycanın Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanımana Əlibəyli, Xalidə
Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif
mövzular ilə bərabər «qadın məsələsi» də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür üslubunun məhsulu olan
qadın obrazları yaradılmışdır.
Bəhs olunan dövrdə Azərbaycanın musiqi incəsənəti də inkişaf mərhələsini keçirmişdir. Üzeyir
Hacıbəyov, Müslüm Maqomayev, Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Arif Məlikov və b. görkəmli
bəstəkarların yaradıcılığında «qadın azadlığı», «qadın məsələsi» mühüm yer tutur. Onların yaratdığı «Leyli və
Məcnun», «Əsli və Kərəm», «Koroğlu», «Arşın mal alan», «O olmasın bu olsun» (Ü.Hacıbəyov), «Sevil»
(F.Əmirov), «Şah İsmayıl», «Nərgiz» (M.Maqomayev), «Yeddi gözəl», «İldırımlı yollarla» (Q.Qarayev),
«Məhəbbət əfsanəsi» (A.Məlikov) və s. kimi opera, operetta və balet əsərlərində qadın azadlığı, qadının
yüksəlişi uğrunda mübarizə, qadının cəmiyyətdə və ailədəki durumu musiqi dili ilə yüksək səviyyədə ifadə
olunmuşdur.
Bəhs olunan dövrün problemlərini, zövq və ideallarını əks etdirən bədii ədəbiyyat və musiqi əsərlərinin gender
təhlili «məhdud hüquqlu qadın» obrazından «öz mübarizliyi ilə özünü təsdiqləyən qadın» obrazına doğru bir
yüksəlişi izləməyə imkan verir.
XX yüzilin ikinci yarısında Qərbdə dil və ədəbiyyatın gender aspektinin öyrənilməsində əldə edilən elmi-
praktiki nailiyyətlər, dilin feminist tənqidi və feminist ədəbi tənqid kimi yeni istiqamətlərin müəyyənləşməsi
ölkəmizdə də dil və ədəbiyyatın gender aspektini ətraflı şəkildə ortaya qoymaq üçün metodoloji-nəzəri imkanlar
yaratdı. Bu baxımdan dilin feminist tənqidi və feminist ədəbi tənqid istiqamətlərinin təşəkkül və mahiyyətinə
burada toxunmaq məqsədəuyğun xarakter daşıyır.
Mədəniyyətin inkişaf səviyyəsi insanın ləyaqət və azadlığına münasibətlə, insana bir şəxsiyyət olaraq
özünüreallaşdırma imkanı verilməsi ilə sıx bağlıdır. Bu ləyaqət və azadlığın, özünüreallaşdırma imkanının
təminat səviyyəsini isə etnik, irqi ayrıseçkilik, o cümlədən cins ayrıseçkiliyi yüksəlməyə qoymur. Qərbdəki
feminizm və müxtəlif ölkələrdəki qadın hərəkatları da cins ayrıseçkiliyinin cəmiyyət həyatının müxtəlif
sferalarında təzahürləri nəticəsində meydana gəlmişdi. XX yüzilin 60-cı illərindən başlayaraq Qərbdə
feminizmin yeni yüksəlişi, elmi-fəlsəfi fikirdə yeni meyillərin ortaya çıxması nəticəsində dilin feminist tənqidi
(feminist linqvistika və ya gender linqvistikası) və feminist ədəbi tənqid kimi yeni elmi istiqamətlər meydana
gəldi.
Qərbdə XX yüzilin 60-70-ci illərində formalaşan dilin feminist tənqidinin meydana gəlməsi elmi
ədəbiyyatda ekstralinqvistik (dilxarici) və intralinqvistik (dildaxili) xarakterli səbəblərlə əlaqələndirilir.
102
ABŞ və Avropada qadın hərəkatının yeni inkişaf mərhələsinə daxil olması, feminizm ideyalarının daha geniş
yayılması, postmodernizm fəlsəfəsinin və «Koqnitiv təkamül»ün inkişafı ekstralinqvistik xarakterli səbəblər idi. XX
yüzilin ortalarında (50 – 60-cı illərdə) dilçiliyin özündə də yeniliklər baş verdi: praqmatika, psixolinqvistika,
kəmiyyət sosiolinqvistikası (və ya kvantitativ sosiolinqvistika), kommunikasiya nəzəriyyəsi kimi yeni elmi istiqa-
mətlər yarandı. Dilçilik elmi tarixində ilk dəfə olaraq insanın biososial xüsusiyyətləri, o cümlədən cinsi ilə dil arasın-
dakı qarşılıqlı əlaqəyə dair problemin öyrənilməsi diqqət mərkəzində durdu. Eyni zamanda bəhs olunan dövrdə
elmdə strukturalizmdən praqmatika paradiqmasına keçildi. Strukturalizm «dili «özlüyündə və özü üçün» mövcud
olan bir hadisə, qapalı struktur hesab edir», dilçilik elminin yalnız dildaxili hadisələri öyrənməli olduğunu, digər
elmlərə ehtiyacı olmadığını irəli sürürdü. Praqmatika isə dil işarələri – dil vahidləri ilə bu vahidlərdən, işarələrdən
istifadə edənlər arasındakı əlaqəni öyrənən yeni araşdırmalar idi.
Beləliklə, bu göstərilən səbəblər nəticəsində dilin feminist tənqidi kimi yeni elmi istiqamət formalaşdı.
Nitqdə, dildə kişi və qadın xüsusiyyətlərinin ilk sistemli təsviri german və roman dilləri əsasında yerinə yetirildi.
Robin Lakoffun «Dil və qadınların yeri» (1975-ci il, ingiliscə), Luiza Puşun «Alman dili kişi dilidir» (1984) və
Senta Tremel – Pletsin alman dili materialları əsasında yazdığı «Qadın dili dəyişikliklər dilidir» (1995) adlı
ktabları dilin feminist tənqidinə dair başlıca əsərlər kimi müəyyənləşdi.
Dilin feminist tənqidçiləri dildə «kişi» düşüncə tərzinin üstünlük təşkil etdiyini irəli sürərək buna qarşı
çıxdılar. Onların iddiasına görə dildə dünyanın mənzərəsi kişi baxışından qeydə alınmış, dillərdə dünyanın
gender mənzərəsinin əks olunması anlayışların eyniləşdirilməsi ilə təqdim edilmiş, qadın cinsini bildirən isimlər
kişi cinsinə aid isimlərdən törədilmiş və maskulinlik ilə feminlik kəskin şəkildə bir-birindən ayrılmış, nəticədə
onlar qarşı-qarşıya qoyulmuşdur. Dilin feminist tənqidçilərinin başlıca məqsədi dildə patriarxat şüurun tənqidi
və dildə qadın obrazının kiçildilməsini dil və nitqdə mövcud olan seksist asimmetriyanı, dil androsentrizmini
aradan qaldırmağa yönələn dil islahatını həyata keçirmək idi.
Qərbdə dil ilə bağlı müasir gender araşdırmalarında üç başlıca yanaşma müəyyənləşib. Birinci yanaşma
«qadın» və «kişi» dilinin sırf sosial təbiətinin şərhini ifadə edir, kişi və qadın dilinin fərqlərini sosial
hakimiyyətin yenidən bölgüsü ilə əlaqələndirir; ikinci yanaşma sosiopsixolinqvistik yanaşma olub, «qadın» və
«kişi» dilini cinslərin dil davranışı xüsusiyyətlərinə endirir; üçüncü yanaşma isə cinslərin dil davranışlarındakı
fərqin dərk edilə bilən aspektini əsas tutur.
Dilin feminist tənqidinin (gender linqvistikasının) nəzəri əsasını tənqidi dilçiliyin əsas konsepsiyaları,
alman filoloqu, filosof və dilçisi V.Humboldtun (1767-1835) nəzəri baxışları və Sepir-Uorf hipotezi, yəni «dil
nisbiliyi nəzəriyyəsi» təşkil edir. V.Humboldt dilin fasiləsiz yaradıcı proses, «fikri formalaşdıran orqan» və
xalqın fərdi dünyagörüşünün, milli ruhun ifadəsi olmasına dair təlimi ortaya qoymuşdu. Ona görə, dil insanın
fikir və davranışına, cəmiyyətin inkişafına təsir göstərir. İnsanın dünya haqqında təsəvvürləri sisteminin
formalaşmasına dilin təsirinə dair Sepir-Uorf hipotezinə görə dil cəmiyyətin məhsulu olmaqla bərabər onun
təfəkkürünü, mentallığını formalaşdıran vasitədir.
Müxtəlif dillərdə gender asimmetriyasını öyrənən feminist linqvistika, yaxud gender linqvistikası dilçilik
elminin inkişafına, qadının sosial durumuna əhəmiyyətli təsir (müsbət anlamda) göstərdi. Gender linqvistikası
«qadına dil vasitəsilə özünü başqa cür görməyə», dildə özünü başqa cür ifadə etməyə, sadəcə olaraq eşidilən,
duyulan olmağa imkan verdi» və bu isə onun – gender linqvistikasının ən başlıca uğuru sayılır.
Dilin feminist tənqidinin ana xəttini dildə gender asimmetriyasını, cinsə görə ayrıseçkiliyi, bərabərsizliyi
aradan qaldırmaq təşkil edir. Burada dildə cins qateqoriyasının varlığı məsələsi qarşıya çıxır. Məlumdur ki, cins
kateqoriyası Hind-Avropa dilləri, Sami dilləri, Dravid dilləri üçün daha çox xarakterikdir. Ancaq türk dillərində,
o cümlədən Azərbaycan dilində isə qrammatik cins kateqoriyası yoxdur və bu situasiya maraq doğurur, aktual
əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan dili gender təhlili üçün olduqca zəngin bir məkandır və
araşdırmalarını gözləyir.
Qərbdə dilin feminist tənqidi ilə təqribən eyni vaxtda feminist ədəbi tənqid də özünü göstərərək elmi
istiqamət kimi formalaşdı. Bu ədəbi yaradıcılığın gender aspektini müasir tələblər səviyyəsində araşdırıb ortaya
qoymaq idi.
Yüzillər boyu ədəbi əsərlərin yaradıcıları kişilər olmuşdu. Qadın müəlliflərin sayı isə olduqca məhdud idi.
Kişi müəlliflərin əsərlərindəki həyat gerçəkliyinin bədii təsviri, obrazlar, surətlər, personajlar, o cümlədən qadın
obrazları, mətndəki cinslərarası münasibətlər kişi düşüncəsinin, kişi bədii təfəkkürünün məhsulu idi. Dünyanın
qadın gözü ilə əks etdirilməsi isə arxa plana keçirilmiş, hətta unudulmuşdu. Bütün bunlar ədəbiyyatda gender
asimmetriyasını təsbit etmişdi.
Feminist ədəbi tənqidinin əsas məqsədi qadın müəllifliyi, qadın mütaliəsi və qadın yazı üslubu baxmından
ciddi, etiraf olunmuş ədəbi mətnlərin klassik qaydalarını yenidən dəyərləndirməkdən ibarət idi. Feminist ədəbi
tənqid fəlsəfi-nəzəri baxımdan müxtəlif biçimdə özünü göstərsə də, onun müxtəlif növləri dünyada qadın
varlığının xüsusi üsulunun və ona uyğun qadın reprezentativ strategiyaların qəbul edilməsində birləşirlər. Ümu-
miyyətlə, feminist ədəbi tənqid ədəbiyyata və yazı təcrübəsinə ənənəvi baxışların yenidən gözdən keçirilməsini
və qadın ədəbiyyatı sosial tarixinin yaradılmasını qarşıya qoyur.
103
Elmi ədəbiyyatda araşdırmaçı Elizavet Qrossa əsaslanaraq feminist ədəbi tənqidin dörd əsas tərkib hissəsi
müəyyənləşdirilir: 1. qadın ədəbiyyatı (müəllifin cinsinə xüsusi diqqət verilir); 2. qadın mütaliəsi (oxucunun
qavrayışına diqqət yetirilir); 3. qadın yazısı (mətnin üslubuna diqqət yetirilir) və 4. qadın tərcümeyi halı (mətnin
məzmununa diqqət yetirilir).
Keçən yüzilin sonunda feminist ədəbi tənqid ədəbiyyat nəzəriyyəsində və bütünlüklə mədəniyyətdə böyük
təsir yaratdı. Antik dövrdən başlayaraq bir çox kişi və qadın müəlliflərin əsərləri feminist təhlildən keçirildi.
Ədəbi mətnlər təhlilinin yeni strategiyası tətbiq edildi. Feminist ədəbi tənqidin nəzəri əsasında essensializmdən
postmodernizmə doğru yeniləşmə özünü göstərdi: «Qadın ədəbiyyatı», «qadın mütaliəsi» və «qadın yazısı»
essensialist məntiqə əsaslanırdı. Ancaq yüzilin sonunda feminist nəzəriyyə mərkəzdən uzaqlaşma meylli
subyektin postmodernist konsepsiyası əsasında qadın subyektivləşməsinin essensialist olmayan lahiyəsini irəli
sürdü. Ədəbiyyatda performativ gender identifikaiyası elmi ədəbiyyatda diqqətə dəyər lahiyə kimi göstərilir.
Ədəbiyyatın gender aspekti üzrə aparılan araşdırmalar nəticəsində qadın müəllifliyi və qadın ədəbi
yaradıcılığı essensialist və postmodernist yanaşmalar kəsişməsində nəzəriyyələşdirildi. Mədəniyyətdə qadın
subyektivliyi şərhinin iki əsas strategiyası olan feminizm və postmodernizmin konseptual qarşılaşması qəti
şəkildə müəyyənləşdi. Hər iki strategiyanın qarşılıqlı münasibəti ədəbiyyat nəzəriyyəsində qadın subyektivliyi
nəzəriyyələrini doğurdu. Bu isə bu istiqamətdə gələcək inkişafı müəyyən etdi.
Bu deyilənlərdən irəli gələrək XIX – XXI yüzillərdə Azərbaycanın sosiomədəni məkanında gender
probleminin tarixini öyrənməkdə bəhs olunan dövrdə ortaya qoyulmuş ədəbi-bədii əsərlər əvəzsiz rol oynayır.
Gender yanaşmasından baxdığımız bu əsərlər üç müxtəlif ictimai-siyasi şəraitdə, üç müxtəlif sosial münasibətlər
situasiyasında – sosializmdən əvvəl, sosializm dövrü və sosializmdən sonrakı dövrdə yaradılmış və hər şəraitin,
dövrün sosiomədəni, siyasi-iqtisadi planda xüsusiyyətləri şəxslərarası, o cümlədən, cinslərarası münasibətlərdə
öz əksini tapmışdır. Əlbəttə, burada bəhs olunan dövrdə yaradılmış bədii əsərlərin bütünlüklə araşdırmaya cəlb
etmək imkanımız yoxdur. Ancaq bəzi örnəklərin təhlili əsasında fikrimizi müəyyənləşdirməyə çalışacağıq.
XX yüzilin ikinci yarısında dünya ölçüsündə özünü göstərən qadın hərəkatı Azərbaycanda da özünü hiss
etdirir. Qadın cəmiyyət həyatının bütün sahələrində kişilərlə bərabər olmaq istəyir. Müasir dövrün bu tələbi İlyas
Əfəndiyevin yaradıcılığında daha dolğun, daha yüksək səviyyədə əksini tapıb. Onun yaradıcılığının əsasını təşkil
edən roman, povest, pyes və hekayələrində qadın azadlığı, hüququ, qadın statusu mərkəzdə durur.
|