Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

II FƏSİL 
ANTİK DÖVR 
 
2.2.1. Qədim Yunanıstan mədəniyyəti 
 Krit - Miken dövrü 
 
 
Mədəniyyət tarixində  hər bir dövr özünə görə qiymətli və  təkrarolunmazdır. Tədqiqatçılar bu faktı 
təsdiqləyərək Qədim Yunan mədəniyyətinə xüsusi əhəmiyyət verirlər. Antik Yunan mədəniyyətinə müasir 
ədəbiyyat janrları və fəlsəfə sistemi, sütunlu arxitektura və heykəltəraşlıq, astronomiyanın əsasları, riyaziyyat və 
təbiətşünaslıq daxildir. Qədim Yunan mədəniyyətinin ən başlıca nailiyyəti isə insanın kəşfidir. Allahın yaratdığı 
insan ən ecazkar, mükəmməl və ali bir varlıqdır. Avropa tarixinə və mədəniyyətinə güclü təsir göstərən antik 
mədəniyyət, müasir dövrün tarixçilərinə «Yunan möcüzəsi»ndən danışmağa imkan yaradır.  
B.e.ə. I minillikdə  qədim  şərq sivilizasiyası sönməyə başlayır və öz yerini Aralıq dənizində yerləşən 
regionların mədəniyyət ocağına verir. B.e.ə. VII əsrdən başlayaraq bu bölgənin mədəniyyət mərkəzi Yunanıstan 
olur. Yunan mədəniyyətinin inkişafında etnik və coğrafi şəraitin rolu böyük idi.  
Yunanları kosmosdan gələn ağıllı, ilhamlı, məqsədyönlü və  hər bir qarışıqlığa qarşı duran kimi 
qiymətləndirirdilər. Artıq dünyaya, təbiətə və kainata baxış estetik kateqoriyaların yaranmasına səbəb olur. Bu, 
Qədim Yunan mədəniyyətinin tərkibinə daxil olub incəsənətdə xüsusi inkişaf – gözəllik, ölçü və harmoniyanı 
yaradır.  
Qədim Yunan bədii mədəniyyəti üç əsas mənbədən qidalanır. 
1.
 
Egey dənizinin adasında yerləşən əhalinin qədim krit-miken incəsənəti. Bu özünü zəngin arxitekturaya malik 
olan Krit, Miken və Tirinf iqamətgahlarında göstərir, həmçinin rəsmlərində, keramika və qızıl əşyalarında 
büruzə verirdi. 
2.
 
Aralıq dənizi sahilindəki Kiçik Asiya və Finikiyalılar tərəfindən daxil olan kompozisiyalı arxitektura, Qədim 
Misirin incəsənəti də güclü təsir göstərirdi.  
3.
 
Dori tayfalarının incəsənəti. Şimaldan gələn Dori tayfalarının incəsənəti və özləri ilə gətirdikləri həndəsi üslub 
da Yunan mədəniyyətinə təsir göstərir.  
Öz inkişaf tarixində  Qədim Yunan mədəniyyəti bir neçə  mərhələdən keçib. Bunlardan birincisi 
Krit-Miken mədəniyyətidir.  
Yunan ərazisindəki qədim sivilizasiya tədqiqatçılar tərəfindən Krit-Miken mədəniyyəti adını almışdır. Bu 
ad Krit adaları və materik Yunanıstanı ərazisindəki Miken şəhəri ilə əlaqədardır. Müəyyən yüksəliş və tənəzzül 
mərhələlərini yaşayan bu mədəniyyət təxminən b.e.ə. 2000-ci ildən 1200-cü ilə qədər yaşamışdır.  
B.e.ə. III və II minilliklər çərçivəsində Krit həyatı saraylar ətrafında cəmlənmişdi. Arxeoloqlar tərəfindən 
tapılan bütün saray kompleksləri siyasi, iqtisadi və dini həyatın mahiyyətindən xəbər verir. Belə mərkəzlərdən 
dördünün – Knoss, Fest, Malliya, Kato Zakropun adını çəkmək olar. Əvvəllər bunlar müstəqil dövlət olsalar da, 
sonralar Knossun tabeçiliyi altında birləşdilər. Krit saray kompleksləri içərisində Labirint adlı saray 
tədqiqatçılar tərəfindən daha dərindən öyrənilmişdir. O, Knoss şəhərində yerləşirdi. Sarayın belə adlandırılması, 
onun daxilindəki müxtəlif təyinatlı otaqların bir neçə (2-4) səviyyələrdə yerləşdirilməsi ilə bağlı idi. 
Simmetriyanın olmaması bütün Krit memarlıq nümunələrində olduğu kimi, bu sarayda da təzahür tapmışdır. 
Sarayların birinci mərtəbəsində tacqoyma zalı, amfiteatr və digər otaqlar nəzərdə tutulurdu. Daxili pillələr 
mərtəbələri birləşdirərək böyük eyvanlarla əhatələnirdi. Burada sənətkarlıq emalatxanaları, digər təsərrüfat xa-
rakterli otaqlar yerləşmişdi. Bu cür tikililərdə planlaşdırmanın hər hansı bir sistemini təsəvvür etmək mümkün 
deyil. Dövrün ən məşhur memarı əfsanəvi Dedal idi. 
Knoss sarayı divarları gözəl freskalarla bəzədilirdi. Bu təsvirlər bu gün bizlərə qədim kritlilərin həyat və 
məişəti, mədəniyyəti, dini mərasimləri haqqında zəngin məlumatlar verir. Freska süjetlərindən belə bir nəticə 
əldə etmək olar ki, kritlilər təbiətə məftun insanlar idi. Peyzaj rəngkarlığının əsas mövzusunu dəniz, balıq ovu, 
delfin təsvirləri, kolluq və aslan, öküz, keçi rəsmləri təşkil edir. Bütövlükdə götürdükdə Kritin təsviri sənəti son 
dərəcə dinamik və rəngarəngdir.  
Krit rəssamları insan fiqurlarının təsvirinə Misir kanonları ruhunda yanaşırdılar: insanın ayaq və sifəti 
yandan, gözləri tamaşaçıya zillənmiş şəkildə təsvir olunurdu. Təbiətin təsviri o qədər realist ruhda idi ki, insan 
təsvirləri bu rəsmlərə bütövlük, dolğunluq bəxş edirdi. Krit həyatında din əhəmiyyətli dərəcədə böyük rol 
oynayırdı. Lakin burada xüsusi məbədlər və kahin kastaları yox idi. Əvvəldən Kritdə çar hakimiyyətinin xüsusi 
forması olan teokratiya mühüm yer tuturdu. Bu hakimiyyətdə kübar və ruhani hakimiyyət bir adamın üzərinə 
düşürdü. Çar sarayı universal funksiyaları yerinə yetirirdi, o eyni zamanda həm dini, inzibati, həm də təsərrüfat 
mərkəzi idi. B.e.ə. XVI əsr və XV əsrin I yarısında Knoss (və ya Minoy) mədəniyyətinin çiçəklənmə dövrü 
b.e.ə. XV əsrin axırlarında tənəzzülə  uğramağa başlayır. Bu, b.e.ə. təxminən 1450-ci ilə  təsadüf edən vulkan 
püskürməsi nəticəsində şəhərin gözəl tikililərinin yerlə-yeksan olması, habelə, bu hadisədən istifadə edən Tu-
nan-axey hərbçilərinin Kritə hücum etməsi ilə izah edilirdi. Krit, mədəniyyət mərkəzindən axey Yunanıstanının 

 
153
əyalətinə çevrildi. Bu çağlarda Miken (və ya axey) mədəniyyəti çiçəklənməyə başlayır. Kritdə olduğu kimi, Mi-
ken mədəniyyətində də əsas mərkəzlər saraylar idi. Bunlardan ən əhəmiyyətlilərini arxeoloqlar Miken, Tirinfe, 
Pilos, Afinada tapmışlar. Krit saraylarından fərqli olaraq Miken tikililərində simmetriya, otaq və zalların 
yerləşdirilməsinin dəqiq sistemi mövcud idi. Tikilidə mərkəzi hissəni Meqaron – iri mərkəzi zal tuturdu. Bütün 
axey sarayları möhkəm bərkidilərək,  əsil qüllələri xatırladırdı. Məsələn, Tirinfe şəhərindəki sarayın xarici 
divarlarının hər biri 12 tondan ibarət iri əhəng daşlarından tikilir, divarın eni 4,5 m, hündürlüyü 7,5 m olurdu. 
Sonralar burada yaşayan yunanlar möhtəşəmliyinə görə bu tikililəri sikloplar adlandırırdılar.  
Axey saraylarının divarları da freskalarla bəzədilirdi. Lakin bunlarda döyüş səhnələrinin təsvirləri başlıca 
yer tuturdu. Rəsmlər aslanların ov edilməsi, atları  yəhərləyən döyüşçülərin təsvirlərini də  əks etdirirdi. 
Mikenlilər təsviri sənətdə kompozisiyalarda statikliyin nümayişinə başlıca yer verirdilər.  
Kritin yerini tutan Miken mədəniyyəti öz təsirini Egey ərazisinin hüdudlarından uzaqlarda da göstərə 
bilmişdir. Onun izlərini Kiçik Asiya, Kipr, İtaliya, hətta Misirdə  də tapmaq mümkündür. Egey dənizində 
Mikenlilərin dominantlığına b.e.ə. XII əsrdə bir çox xalqların, o cümlədən dorilərin buraya gəlməsi son qoydu. 
Bununla əlaqədar, Miken mədəniyyətinin bir çox mərkəzləri barbarlar tərəfindən zəbt olundu. İqtisadi resurslar-
la zəngin, yüksək mədəniyyət, hazırlıqlı kadrlar, yaxşı hazırlanmış hərbi maşına xas axey dövlətlərinə vəhşilər 
qarşısında möhkəm dayanmaq nəsib olmadı. Hər şeydən əvvəl, buna başlıca səbəb bu dövlətlərin daxili zəifliyi, 
xalqın narazılığı, çoxsaylı hərbi münaqişə və müharibələrdə maddi və insani resurslarının əldən getməsi idi. Ona 
görə, kiçik bir daxili təkan dövlətin dağılmasına zəmin yaradırdı. Düzdür, Miken mədəniyyəti bizim e. ə. XII 
əsrin sonlarına qədər Yunanıstan, Kiçik Asiya, daha sonralar ion və eoli mədəniyyətlərinə daxil olaraq yaşamaq 
hüququ qazandı.  
 
 
2.2.2.Homer və arxaik dövr mədəniyyəti 
 
Yunanıstanın dorilər tərəfindən qəsbi Egey mədəniyyətinin və ümumilikdə  təsərrüfatın süqutuna səbəb 
oldu. Tarixdə bu dövrün, yəni b.e.ə. XI-IX əsrlərin Qədim Yunan mədəniyyətində «qaranlıq əsrlər» kimi qəbul 
edilməsi məqbul hesab edilmir. Bu dövrün digər məşhur adı Homer dövrüdür. Homer Qədim Yunan 
mədəniyyətinin  əzəmətli nümayəndəsi olub, məşhur «İliada» və «Odisseya» əsərləri ilə dünya ədəbiyyatı 
siyahısına töhfə bəxş etmişdir. Bu əsərlər poema janrında yazılmış və Homerin dövründən çox-çox əvvəllərin 
(b.e.ə. IX əsr) hadisələrini təsvir edir. Homer «İlliada» poemasında qədim Troyanı «Müqəddəs  şəhər» kimi 
qiymətləndirir.  
Bu dövrün mədəniyyətinin inkişafının  əsas meyarı yunanların təsərrüfat həyatında ümumi-xüsusi 
münasibətlərin təsdiqlənməsi hadisəsi oldu. Bu özlüyündə siniflərin təşəkkülünə  zəmin yaratdı  və  cəmiyyətin 
sosial strukturunu müəyyənləşdirdi. Yeni ictimai şərait insanın dünya, həyat haqqında təsəvvürlərini dəyişdi ki, 
bu da, xüsusilə, bədii praktikada, yəni sənətdə özünü daha bariz şəkildə  təzahür etdirdi. Səbəblərin obyektiv 
zəncirini dərk etmək, dünyanı bütün keyfiyyətləri ilə anlamaq tələbatı insan üçün zəruri mənəvi ehtiyaca çevril-
di. Çox zaman bu ehtiyacdan irəli gələn cəhd insanı məlum olan çərçivədən, yəni reallıqdan təsəvvürlərə aparıb 
çıxarırdı. Təbiətin möcüzələri, müəmmaları qarşısında cavabsız qalan insan, gücsüzlükdən illüzor 
ümumiləşdirmələrə üz tutur, obyektiv hadisələrə fövqəltəbiilik donu geydirərək mifoloji mənzərə yaradır.  
Mifologiya yunan bədii mədəniyyətinə nağıl – dini şərtilik gətirməklə, həyatın bədii tərzdə  dərki üçün 
əhəmiyyətli rol oynamışdı. Həyat yeni tərzdə – allah və mələklərlə təzahür tapır. Əsərlərdə insani fəaliyyətləri 
bu mifoloji surətlər yerinə yetirir. Ona görə də həyatda mövcud olan hər şeyin Allah timsalında obrazı yaradılır. 
Qədim Yunanların şüurunda Olimp allahları (ali allahların məkanı olan dağ) insana xas hisslərə, əməllərə malik 
olmaqla zadəgan – aristokratlar, rəhbər, hakim və çarlar idi. Bunlar hər bir möcüzəni, sehri həyata keçirən ob-
razlar idi. Allahlar haqqında bu yunan təsəvvürləri təkcə  şifahi, söz sənətində yüksək  əsərlərin deyil, həm də 
təsviri sənət nümunələrinin yaranmasında əhəmiyyət kəsb edirdi.  
Homer dövrünün bədii mədəniyyətindəki bəzi xüsusiyyətlər,  əvvəlki tarixi dövrlərin mədəniyyət və 
incəsənətindən qalsa da, əvvəllərə bənzəməyən, keyfiyyətcə yeni bir mədəniyyət yaranırdı. İncəsənətdə həndəsi 
üslubda təsvirli keramika kimi növün yaranması mühüm mədəni hadisə idi. Bu sənətin mahiyyəti keramika 
nümunəsinin cizgili ornamentlərlə – dairə, üçbucaq, romb və s. ilə  bəzədilməsidir. Vazaların bu tərzdə 
bəzədilməsi, təsviri formalarının yüksək kamillik, tamlıq əsasında yerinə yetirilməsi və bu zaman riyazi hesab-
lamalara riayət olunması incəsənətdə yeni bir addım idi.  
Həndəsi üslub keçid çağlarının (ibtidai dövrdən sinifli cəmiyyətə keçid) təzahürüdür. Bu sənət sxematik 
səciyyə  kəsb etsə  də o, real həyat səhnələrini təcəssüm etdirirdi. Bu sənətdə yeni, başlıca ideya hakim idi: 
həndəsi fiqurların köməkliyi ilə predmet və hadisələrin ümumi cəhətlərini təsvir etmək olar, bunun əsasında 
gözəllik və bu gözəlliyin hansısa qaydasını müəyyənləşdirmək mümkündür.  
Homer dövründə yunanlar öz allahlarına müqəddəs mağara, düzənliklərdə etiqad edirdilər. Görünür, elə 
bununla  əlaqədar ilk məbədlər, məsələn Spartadakı Artemida məbədi yaranmağa başlayır. Bu dövrün maddi 
memarlıq abidələrinin əsas materialı ağacdan olduğu üçün dörümüzə qədər gəlib çatanı demək olar ki, yoxdur. 

 
154
Həmin dövrün memarlıq sənəti haqqındakı  təsəvvürlər tikililərin qalmış bünövrələri, keramik vaza və qablar 
üzərindəki taxta saray və  məbədlərin təsvirləridir. Yüksək təbəqədən olanların evləri geniş, 2 mərtəbəli idi. 
Tikililərin sadəliyinə baxmayaraq, dorilər yeni memarlığın əsasını qoydular: onlar ilk dəfə olaraq yerdən sütun-
lar qoymaqla, üstlərini dam örtüyü ilə bağlama texnikasını reallaşdırdılar.  
Yunan mədəniyyətində Homer dövrünün sonlarına yaxın sənətin spesifik, səciyyəvi, təkrarolunmaz 
xüsusiyyətləri təzahür tapmağa başlayır ki, bunlardan ilk növbədə, bütün yunan mədəniyyətinə aid olan kosmo-
loji xüsusiyyətdir. Bu xüsusiyyətin  əsas mahiyyətini bütün mədəni hadisələrin dünya qanununa uyğun 
nizamlanması məsələsi təşkil edir. Kosmik nizamlanmanın başlıca ideyaları yunanlıların gözəllik, ölçü, harmo-
niya haqqındakı  təsəvvürlərində  təzahür tapırdı. Gözəllik bizim dünyanın obyektiv mövcudluğudur. Gözəllik 
hər şeydə ölçü səciyyəsi kəsb edirdi. Əbəs yerə deyil ki, Delfdəki Apollon məbədinin divarında: «ölçüdən kənar 
yolverilməzdir» («Niçeqo sverx merı»).  
Yunan mədəniyyətində bütün əsrlərdə kosmos və  təbiət bütün şeylərin ölçüsü kimi insanla nisbətdə 
götürülür. Bu, cisim və hadisələrin insan üçün nə qədər faydalı olub-olmaması nöqteyi-nəzərini deyil, həm də 
insan bədəninin bütün əzalarının (barmaq, dirsək, ovuc, daban və s.) mütənasiblik xüsusiyyətlərinin sənətdə ölçü 
meyarı kimi qəbul edilməsi ilə də bağlıdır. Memarlıq tikililərində bu xüsusiyyətlər başlıca yer tuturdu. Bunlar 
Homer dövrünün əsas cəhətləri idi. 
B.e.ə. VIII əsrin ortaları VI əsrin axırları arxaik dövr kimi qiymətləndirilərək Yunanıstanda müstəqil 
polislərin təşəkkül tapdığı çağdır.  Əhalinin kəmiyyətcə artması,  şumlanmış torpaqların azlığı polislərin çox 
hissəsini ticarətin, ərazi ekspansiyasıının inkişaf etdirilməsinə sövq etdi. Bu hadisə tarixdə «böyük kolonizasiya» 
kimi tanınaraq bədii mədəniyyətin inkişafına şərait yaratdı.  
Arxaik dövrdə memarlıq tikililərinin tipləri əsasən məbədlərlə izah edilir. Bu məbədlər b.e.ə. II minilliyin 
ən başlıca tikililəri hesab edilirdi. Arxaik dövrdə memarlığın vahid dili – order sistemi yaradıldı. Order sistemi-
nin mahiyyətini (ordo – latınca «qayda», «tikili» deməkdir) inşaatda vahid ölçü, moduldan istifadəni nəzərdə 
tuturdu. Bu xüsusiyyət tikililərə  məxsusi bütövlük verirdi. Orderin ən qədim növlərindən biri dorik üslubdur. 
Adından məlum olduğu kimi bu, qədim ellin xalqlarından birinin adı ilə bağlıdır. Dorik tikililər alçaq, ağırçəkili 
idi. Digər order üslubu ionik üslubdur. Bu tikililər yüngül, qamətli, zərif və incə idi. İonik order b.e.ə. V əsrdə 
geniş vüsət tapmışdır. Dorik sütunlar özünün gözəl fiziki kamilliyi ilə kişi bədəninin təcəssümü idisə, ionik 
sütunlar öz incə və bəzəyi ilə qadın bədəninə daha yaxın idi. 
Yunan sənətkarları  məbədləri zövqlə  bəzəyir,  ən  əsası isə bunları müxtəlif allahların  şərəfinə  həsr 
edirdilər. Məbədlər təbiət landşaftına uyğun şəkildə tikildiyindən xüsusi gözəllik bəxş edirdi. Bunların bir qismi 
düzənlikdə, bir qismi yüksəklikdə, digər qismi isə çaylardan kənarda, meşələrin sonunda və s. inşa edilirdi.  
Arxaik dövrdə müqəddəs yerlərin tikintisi də üstünlük təşkil etdi: Apollon (işıq və incəsənət allahı) 
Delfdə, Gera (Zevsin arvadı) – Olimpdə öz məşhurluğu ilə seçildi. Bu müqəddəs yerlər qədim yunanların 
həyatında mühüm əhəmiyyətə malik idi. Qədim ənənələr həyata keçirilən bu yerlər tədricən sənət mərkəzlərinə 
çevrildilər.  
Arxaik dövrün memarlıq formalarının düşünülmüş və aydın sistemi mövcud idi. Bu tikili çox da böyük 
olmayan otaqdan ibarətdir. Bu otaq şərqə açılaraq yan divarların (antlar) çıxıntıları fasadda iki sütunla 
əhatələnirdi. Prostil – məbədlərin daha geniş yayılmış tiplərindəndir; onun fasadı iki deyil, dörd sütundan 
ibarətdir. Amfiprostil ön və arxa fasadda sütunlar cərgəsindən ibarətdir. Lakin məbədlərin ən əsas tipi peripter – 
hər tərəfdən sütunlardan ibarət düzbucaqlı formaya malik məbəddir. O, b.e.ə. VII əsrin ikinci yarısında təcəssüm 
taparaq, sonrakı tarixi mərhələlərdə təkmilləşərək yeni konstruksiyalara malik olmuşdur.  
Arxaik dövrün məbədləri əsasən dorik üslubda tikilirdi. Müxtəlif şəhərlərdə inşa edilən bu məbədlər ölçü, 
həcm, sütunların sayına görə müxtəlif olsalar da, bir-birinə çox oxşardır. Bu tikililəri bir-birinə oxşadan  əsas 
amil, sütunlara möhkəm bərkidilmiş antablement (binanın divarı və ya sütunlar üzərindəki karniz) və sütunların 
entazisi (hündürlüyün üçdə bir hissəsinin enliliyi) idi.  
Arxaik dövr incəsənətinin mühüm sahələrindən birini də heykəltəraşlıq təşkil edirdi. Bu sənət növündən 
olan nümunələr təkcə məbədləri bəzəmir, həm də dini mədəniyyətin aparıcı tərkib hissələrindən biri sayılırdı. 
Heykəltəraşlıq arxaik dövrün insanlarını  qəhrəmanlıq ideallarına sövq edir və yunanlarda dini hisslər 
formalaşdırırdı. Çılpaq aristokrat fiqurunda – idman oyunlarında iştirak edən qalibin fiziki gözəlliyində yunanlar 
ilahi təcəssümlə üz-üzə dururdular. İctimai  şüurda fiziki kamillik, müvəffəqiyyət, xeyirxahlıq ifadə olunurdu. 
Demək olar ki, yunan heykəltəraşlığı stadion və olimpiadalarda yaranmışdır.  
Lakin arxaik heykəltəraşlığın təşəkkül və inkişafı mürəkkəb yolla inkişaf edirdi. İnsana maraq, onun cis-
mani və  mənəvi gözəlliyinin vəhdətdə  təcəssümü bu dövrün heykəltəraşlığında daha dolğun  şəkildə  təzahür 
tapdı. Təsadüfi deyil ki, erkən monumental heykəllərdə  çılpaq gənc – kuros və geyimli-keçimli qızların – 
koraların heykəlləri müstəsnalıq kəsb edirdi.  
Kuros heykəllərini uzun müddət arxaik apollonlar da adlandırırdılar. Bu heykəllərə hərəkətsizlik, təntənəlilik 
xüsusiyyətləri xasdır, əllər sallanmış, yana sıxılmış, barmaqların yumruq halını alması Misir təsvirlərindəki kimidir. 
Lakin get-gedə bədənin traktovkası yumşalır, forması dəyişərək dairəvi xarakter alır, pozalar nisbətən daha az gərgin 
vəziyyət alır. Kurosların dodaqlarında «arxaik təbəssüm» deyilən gülümsəməsi başlıca yer tutur. Bu heykəllər 

 
155
rənglərə boyanırdı. Rənglər  şərti idi: saqqal – göy və ya yaşıl, gözlər – qırmızı olmaqla əsərin dekorativliyini 
gücləndirirdi.  
Arxaik qadın heykəlləri uzun, sürüşməyən donlarda təsvir olunurdu. Müəlliflər bu geyimlə qadın 
bədəninin gözəllyini qabartmağa cəhd göstərirdilər. Onlar da «arxaik təbəssüm»lə gülümsəyirdilər. Kora və 
kurosların sifətləri fərdiləşdirilmiş deyil, ümumiləşdirilmiş tərzdə təsvir olunurdu.  
Rəngkarlıqdan danışdıqda, mütləq arxaik dövrünün vaza üzərindəki təsvirlərindən bəhs etmək yerinə 
düşərdi. Qabların səthindəki rəngkarlıq onları xalça kimi bəzəyirdi. Bu üslubu, adətən oriyentallıq kimi qələmə 
verirdilər. Bu xüsusiyyət, yunanların ornament sənətində çox şeyi, məhz  şərqdən götürməklə izah edilirdi. 
Şanagüllə, palmetta, təbiətin digər motivlərinin yunan sənətkarları  tərəfindən mifoloji təsəvvürlərlə 
zənginləşdirilməsi arxaik çağın mühüm sənət yeniliklərindən idi.  
B.e.ə. VII əsrin sonunda vaza təsvirində xalça üslubu qara fiqurla əvəz olunur. Qara şirə ilə qablara vurulan 
bəzək, naxış artıq xalça bəzəyi kimi deyil, daha sərbəst mahiyyət kəsb etməyə başlayır.  
B.e.ə. VI əsrin son rübündə qara fiqur öz yerini qırmızı fiqura verir. İşıqlı fonda qara fiqurların yerinə, 
qablarda tünd fonda işıqlı təsvirlərin verilməsi başlıca yer tutdu. Bu texnika rəssama öz təxəyyülünü ifadə etmək 
üçün daha geniş imkanlar verirdi.  
Arxaik çağın xüsusiyyətlərindən birini də elmin inkişafı  təşkil edirdi. Xüsusilə, fəlsəfi sistemin – 
naturfəlsəfənin  əsasının qoyulması ilk antik fəlsəfi məktəbin yaranmasının sübutu idi. Naturfəlsəfənin 
nümayəndələri aləmi, dünyanı vahid maddi varlıq kimi qəbul edərək onun qanunauyğunluqlarını təhlil etməyə 
cəhd göstərmişlər. Fales (b.e.ə. 624-546) həyatın başlanğıcının suda, Anaksimen (b.e.ə. 585-525) – havada, 
Anaksimandr (b.e.ə. 611-546) hüdudsuzluqda bir-birinin ziddinə duran bərk və maye, isti və soyuqda görürdü.  
Pifaqor (b.e.ə. 540-500) və onun ardıcılları mövcud cisimlərin mahiyyətini kəmiyyət münasibətlərində 
görürdü. Bu, riyaziyyat, astronomiya, musiqi nəzəriyyəsinin inkişafı üçün çox əhəmiyyətli bir nəticə idi. Dövrün 
ən nəhəng filosoflarından biri Efesli Heraklit (b.e.ə. 554-483) idi. O materiyanın  əsasını alovda görürdü. Onun 
fikrincə, təbiətdə  və  cəmiyyətdə daim hərəkət,  əbədi mübarizə mövcuddur. Həyat, cəmiyyət dəyişikliyə  məruz 
qalır.  
Fəlsəfi məktəblə yanaşı, arxaik çağda ədəbiyyat da inkişaf edirdi. Bu dövrə təsadüf edən görkəmli şair He-
siod idi. Onun «Teoqoniya», «Zəhmətlər və günlər» əsərləri məşhur sənət nümunələridir. Bu dövrün ədəbiyyatında 
əsas yenilik eposdan tədricən lirik poeziyaya keçid olur. İnsana və onun daxili aləminə marağı Arxiloxa (b.e.ə. VII 
əsrin II yarısı), Safo (b.e.ə. 610-580-cı illər), Alkeyə (b.e.ə. VII-VI əsr), Meqarlı Feoqnidə (b.e.ə. VI əsrin II 
yarısı), Anakreonta (b.e.ə. VI əsrin II yarısı) və b. şairlərə xasdır.  
Safonun lirikasının mərkəzində məhəbbət mövzusu başlıca yer tuturdu.  
B.e.ə. VI əsrə doğru yunan ədəbiyyatında təmsil xüsusi bir janr kimi təşəkkül tapır. Onun görkəmli 
nümayəndəsi Ezop hesab edilir. Onun təmsillərinin süjetləri sonrakı tarixi dövrlərdə  də aparıcı yer tutmağa 
başlayır. Məşhur əsərlərindən «Tülkü və üzüm», «Tülkü və qarğa» görkəmli rus təmsilçisi İ. A. Krılovun (1769-
1844) yaradıcılığına ciddi və əhəmiyyətli şəkildə təsir göstərmişdir.  
 
 
2.2.3. Klassik dövr mədəniyyəti 
 
 
Qədim Yunan mədəniyyətinin çiçəklənmə dövrlərindən birini də b.e.ə. VI-IV əsrləri  əhatə edən klassik 
dövr təşkil edir. Bu dövr erkən klassika (b.e.ə. VI-V əsrin I yarısı), orta klassika (b.e.ə. V əsrin ortaları) və son 
klassika (b.e.ə. V-IV əsrin sonları) çağlarına bölünür. 
Erkən klassika çağında incəsənətdə ciddi üslub başlıca yer tutur. Bu ilk növbədə, həmin tarixi dövrdə ic-
timai-siyasi  şəraitdəki vəziyyətlə bağlı idi. Yunanıstanın Fars hökuməti ilə mübarizəsi, yunan şəhər - 
dövlətlərində (polislərdə) demokratiyanın güclənməsi ilə izah edilməyə başlayır. Arxaik dövrdəki tiranlıq artıq 
keçmişdə qaldı. Tarix səhnəsində vətəndaş, insan başlıca fiqur kimi əsas yer tutdu. Bu isə incəsənətdə mübarizə 
və döyüşlərlə bağlı hadisələrə üstünlük verilməsinə səbəb oldu.  
B.e.ə. V əsrin 60-cı illərində Olimpiyada məşhur Zevsin məbədi ümumellin cəmiyyətinin əsas müqəddəs 
yerlərindən biri kimi qiymətləndirilir.  
Məbədin hər iki frontanı memar Libon tərəfindən əhəng daşından tikilərək mərmər heykəltəraşlıq qrupları 
ilə  təmsil olunurdu (hazırda bunlar Olimpiya muzeyində saxlanılır). Qərb frontondakı kompozisiya 
həyəcandoğurucu, ehtiraslı, patetik səhnəni təmsil edir: kentavrlar çar Pirifoyanın nigah mərasimində qadın və 
oğlanların üzərinə hücum çəkirlər. Dinamik və gərgin fiqurlar sanki öz hərəkətləri ilə bir-birinə qovuşur, küncə 
istiqamət götürürlər. Bütün təsvirlər həm forma, həm də süjetə görə bir-birilə vəhdət təşkil edir. Bu cür təsirli 
təsvirlər, tikilinin bütün tərəflərində əks olunur.  
Erkən klassikanın məşhur  əsərlərindən biri də «Disk atan oğlan» heykəlidir. Heykəl dövrümüzə  qədər 
olduğu kimi gəlib çatmasa da, roma surəti  əsasında o yenidən işlənib hazırlanmışdır. Onun yaradıcısı b. e. ə. 

 
156
yaşamış  məşhur Miron idi. O, tuncdan hazırlanaraq ciddi üsluba malik olmaqla dövrünün ruhuna tam uyğun 
şəkildə yaradılmışdır.  
Bu üslub Miron yaradıcılığına xas bir cəhətdir. O, insanı qeyri-adi vəziyyətdə təsvir etməyi çox sevirdi. 
Afina Akropolundakı «Afina və Marsi» adlı heykəltəraşlıq qrupu da bu cəhətdən əhəmiyyətlidir.  
Yunan incəsənəti orta klassika (təsviri sənət tarixində b.e.ə. V əsr – Perikl dövrü - orta deyil, yetkin klas-
sika dövrü adlanır, fəlsəfə tarixində isə yetkin dövr – b.e.ə. IV əsrin I yarısı – məhz Platon və Aristotelin adı ilə 
bağlıdır) çağında çiçəklənir. Farsların dağıntılarından sonra şəhərlərin dirçəldilməsi, məbədlərin bərpası  və 
yenilərinin tikintisi, ictimai bina və digər müqəddəs tikililərin inşası başlıca yer tutur. Afinada b.e.ə. 449-cu 
ildən başlayaraq Perikl adlı yüksək təhsilli bir şəxs hakimlik edərək öz ətrafına Elladanın bütün zəkalı 
insanlarını – filosof Anaksaqoru, rəssam Polikleti, heykəltəraş Fidini və d. cəlb edir. Afina Akropolunun 
yenidən, daha möhtəşəm və füsunkar formada tikilişi Fidinin üzərinə düşür və bunun öhdəsindən o çox 
peşəkarcasına gəlir.  
B.e.ə. V əsrin ortalarında  İktin və Kallikrat tərəfindən tikilmiş Parfenon məbədi də ellin tikililəri 
içərisində ən gözəllərindən biri hesab edilir. Bu məbəd çox böyük və möhtəşəm olub, iri qaya üzərində tikilib. 
Məbədə qalxan hər bir kəs onun düz, rəvan oduğunu hiss edirdi. Bütün bunlar onu yaradanların yüksək profes-
sionalizmini sübut edən amillərdir.  
Bu dövrün məşhur memarlıq nümunələrindən biri də b.e.ə. 410-cu ildə tikilib qurtaran Erexteyon adlı 
məbəd idi. Üç müxtəlif portik və heykəlləri olan bu tikili ona tamaşa edən hər bir kəsdə böyük təəssürat oyadır. 
Bu tikili bu gün də təbiiliyin, gözəlliyin etalonu kimi insanlara zövq verməkdədir.  
Orta klassik dövr, mədəniyyətin hərtərəfli şəkildə inkişafı ilə səciyyələnirdi. Tərbiyə sahəsində vətəndaşın 
fiziki və mənəvi kamilliyi öndə duran məsələlərdən idi. Təhsil sisteminə gimnastika, musiqi, rəqs, mütaliə, yazı 
daxil idi. İntellektual təhsilin inkişafında sofistlərin rolu böyük idi. Sofistlər pul ilə arzu edənlərə qrammatika, 
riyazi fənlər, ritorika, dialektikanı öyrədən səyahətçi filosoflar idi. Bu filosoflar hesab edirdilər ki, nə qədər in-
san, fərd varsa, bir o qədər də  həqiqət mövcuddur. Sofistlərin səciyyəvi xüsusiyyətlərindən biri də insanları 
inandırmaq, nəyi isə sübuta yetirmək bacarığı idi.  
Dövrün ən məşhur müdriki Sokrat (b.e.ə. 470-399) idi. Onun fəlsəfəsinə görə mütləq həqiqət, mütləq etik 
dəyərlər mövcuddur ki, bu da allah tərəfindən idarə olunur. Bu filosof özündən  əvvəlki müdriklərin  ənənəvi 
problemlərinə  nəzər yetirmədən  əsas diqqəti insana – onun təbiəti, imkan və  tərbiyəsinə yönəldir.  İnsanın 
mövcudluğunun və inkişafının başlanğıcını Sokrata görə  ağıl təşkil edir. Filosof təsdiqləyir ki, həqiqət yalnız 
müxtəlif suallardan doğan mübahisələr prosesində üzə çıxır.  
Bu çağın digər müdrik filosofu Demokrit (b.e.ə. 460 – uzun ömür sürərək vəfat etmişdir) idi. O, fəlsəfəyə 
atomist nəzəriyyənin müddəalarını  gətirmişdi. Demokritə görə  təbiət, materiya bölünməyən atom 
zərrəciklərindən ibarətdir. Müxtəlif cisimlərin atomları forma və ölçülərinə görə müxtəlifdir, eyni atomların 
görüşməsi, birləşməsi cismin formasını yaradır. Filosofun digər bir müddəası ondan ibarətdir ki, səbəbsiz hadisə 
yoxdur: təbiət və hadisələrin məqsədi yoxdur, lakin bütün hadisələr şərtidir. Materiya əbədidir, onun təşəkkülü 
izaha ehtiyac duymur, yalnız dəyişiklikləri öyrənmək, təhlil etmək mümkün və lazımdır, bunu isə allahsız və 
inamsız da etmək olar.  
Orta klassika dövründə elm naturfəlsəfə ilə vəhdət təşkil edirdi, lakin biliklərin həcmcə artması, ayrı-ayrı 
fənlərin yaranmasına təkan verdi. Məsələn, b.e.ə. V əsrdə Hippokratın adı ilə bağlı (b.e.ə. 460-370) təbabətin 
tərəqqisi müşahidə olunur. Yaranmış  xəstəlikləri Hippokrat ilahi qüvvələrdən asılı olmayaraq real səbəblərlə 
izah etməyə başlayır. Hər bir xəstənin özünün fərdi xüsusiyyətlərini nəzərə alaraq, orqanizmin qüvvəsini 
səfərbər edib, düzgün nəzarət, təbii müalicə vasitələrilə sağaltmağı irəli sürür. Hippokrat hesab edir ki, həkim 
posienti incitmədən, etik normalara riayət edərək müalicə etməlidir. 
Orta klassika dövründə  ədəbiyyatda irəliləyiş Esxil, Sofokl, Evripid, Aristofan kimi yazarların adı ilə 
bağlıdır. Esxil (b.e.ə. 525-456) klassik yunan faciəsinin banisi hesab edilir. O, dramı inkişaf etdirərək teatr 
səhnələrini daha dinamik və canlı etdi. Teatra dekorasiya, maskaların daxil edilməsi Esxilin adı ilə bağlıdır. 
Onun yaradıcılığının aparıcı motivində  vətəndaş xeyirxahlığı, vətənpərvərliyin tərənnümü başlıca yer tutur. 
Onun «Zəncirlənmiş Prometey» əsəri belələrindəndir.  
Tale, qismət, cəza motivləri də Esxil yaradıcılığında xüsusi yer tutur. Onun «Oresteya» adlı trilogiyasında 
bunu görmək mümkündür. 
Dövrün digər faciə ustadı Sofokl (b.e.ə. 496-406) hesab edilir. Müstəqil insan iradəsinin haqsızlığa qarşı 
mübarizəsində Sofokl insanın gücsüzlüyünü, qismətdən qaça bilməməsini acıqla ifadə edir. Onun çar Edip 
haqqındakı məşhur faciəsində bu motiv xüsusilə aparıcı yer tutur.  
Digər məşhur faciə ustadı Evripid (b.e.ə. 485/484 və ya 480-406) psixoloji dramların müəllifi idi. 
Əsərlərinin  əsas konflikti ağıl-ehtirasların mübarizəsi və bunun nəticəsində insanın məhvi, faciəsi təşkil edir. 
«Medeya», «Fedra» faciələrində bu motiv aparıcı yer tutur.  
Klassika dövrünün məşhur komediya ustadı Aristofan (b.e.ə. 445-386) hesab edilir. O, öz komediyalarına 
siyasi məzmun və aktuallıq səciyyəsi verirdi. Onun «Atlılar», «Dünya», «Lisistrata» komediyalarında bu motivi 

 
157
aydın  şəkildə görmək mümkündür. Aristofan demokratiyanın qızğın tərəfdarı idi, dövründə onun 
komediyalarındakı kollektiv əxlaq ideyası sofistlər, hətta Sokrat tərəfindən gülüşə məruz qalırdı.  
Orta klassika dövrünün təsviri sənətinin görkəmli nümayəndələrindən b.e.ə. V əsrə aid olan Poliqnot, 
Apollodorun adlarını  çəkmək olar. Onlar sənətə  işıq-kölgə, perspektivin verilməsi məsələlərini gətirmişlər. 
Dövrümüzə qədər gəlib çatmayan bu əsərlərdən savayı, arxaik dövrdən məşhur olan vaza təsvirləri də orta klas-
sika çağında əhəmiyyət kəsb edirdi.  
Son klassika çağı qədim yunan mədəniyyəti üçün kəskin bir dövrü əhatə edir. Afina və Sparta arasındakı 
müharibə siyasi böhranla müşahidə olunurdu ki, bu da sənətdə özünü aydın formada təzahür etdirirdi. Ona görə 
də bu çağda sənət iki əsas istiqamət üzrə reallaşırdı: patetik qəhrəmanlığın arxa plana keçməsi, yüksək lirik fərdi 
ruhun hakimlik etməsi. Hər iki sənət istiqamətinin məşhur heykəltəraşları b.e.ə. IV əsrdə yaşayan Skopas və 
afinalı Praksitel idi. Skopasın məşhur əsəri Qalikarnasdakı mavzoley idi. Praksitel isə, ilahi obrazların sənətkarı 
kimi məşhur idi. Onun «Şərab süzən satir», «Kərtənkələ öldürən apollon», «Erot» və d. heykəlləri var idi. Onun 
«Afrodita» adlı  əsəri isə, qadın füsunkarlığının ecazkar təsvirinə görə  məşhur  əsərlərdən idi. Məhz ilk dəfə 
Praksitel Afroditanı  çılpaq, geyimsiz təsvir etməyə nail olmuşdur. Sənətkarın «Hermes körpə Dionislə» adlı 
heykəli isə, dövrümüzə qədər gəlib çatmışdır.  
Makedoniyalı  İsgəndərin saray heykəltəraşı kimi tanınan Lissip də son klassika çağının görkəmli 
sənətkarlarındandır. Rəssam kimi onun yaradıcılığı çoxcəhətli idi. O, heykəltəraşlıq qrupları da yaradırdı. Onun 
belə  əsərlərindən «Heraklın qəhrəmanlığı»nı göstərmək olar ki, burada Makedoniyalı  İsgəndərin də  təsviri öz 
əksini tapmışdı. Digər məşhur heykəli isə «Anoksiomen»dir. Bu heykəldə heykəltəraş atletçi oğlanın yarışdan 
sonra bədənindən torpaq dənələrini təmizləyən təsvrini yaratmışdır.  
Lissipin heykəl fiqurları daha qamətli, təbii, hərəkətli və müstəqildir.  
Yunan mədəniyyətinin son klassika çağında memorial abidələr, xüsusilə qəbirüstü nümunələrin tikilməsi 
xüsusi bir janr kimi təşəkkül tapdı. Qəbirüstü relyeflər Attikada Fididən sonra canlanmağa başladı.  
Son klassika dövrünün məşhur filosofları Platon və Aristotel idi.  
Beləliklə, qədim yunan mədəniyyətində klassika dövrünün, onun ayrı-ayrı çağlarının çox böyük rolu 
vardır.  
 
 

 
158
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin