Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə18/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

2.1.9. Çin mədəniyyəti 
 
Çinin sivilizasiya tarixi minillikləri əhatə edən qədim mədəniyyətlərdən biridir. Çinlilərin özlərinin təsdiq 
etdikləri kimi, ölkənin tarixi e.ə. III minilliyin sonlarına gedib çatan Yao, Şunya, Yuya hakimlərinin hökmranlıq 
dövründən başlayır. 
Çin sivilizasiyasının uzun illəri  əhatə edən inkişaf yolu dünya mədəniyyəti tarixində  mədəniyyətin 
tamamilə yeni unikal tipini yaratdı. Qərb və qonşu hind mədəniyyətlərindən fərqli olaraq Çin sivilizasiyası daha 
rasional və praqmatik səciyyə kəsb etmiş və edir. Hər bir çinli üçün ilk növbədə sosial etika və inzibati praktika 
müstəsnalıq kəsb edirdi. 
Qədimdən başlayaraq çin mənəvi mədəniyyətinin spesifikasına rasional səciyyə xarakterikdir. Çinin erkən 
dinlərində yunan mifologiyasındakı allahların insan və canlı surətlərinə rast gələ bilmərik. Zevsin yerini bu mi-
fologiyada mücərrəd və soyuq substansiya olan Səma təşkil edir. O, insana qarşı çox laqeyd və əlbəttə ki, insani 
hiss və həyəcanlardan uzaqdır. Bir xeyli müddətdən sonra ölkənin mənəvi mədəniyyətinə daha humanist ideya-
lar, mistik dünyagörüşləri nüfuz etdi və onların transformasiyası praqmatik nəticələrə gətirib çıxartdı. 
Belə bir şəraitdə çin mədəniyyətində mifologiya qismən də olsa, təzahür olunmağa başlayır. Mif 
yaradıcılığı haqqında ilkin məlumatlar müdrik və  ədalətli hakimlərin mifəbənzər, tarixiləşdirilmiş 
əfsanələrindən  əldə edilir. Əfsanələrdəki qəhrəmanlara yüksək etik xüsusiyyətlər (ədalətlilik, müdriklik, 

 
124
xeyirxahlıq, sosial harmoniyaya cəhd və s.) xasdır. Bu qəhrəmanların həyatı dini ideyalar, fövqəltəbiilik, mistik 
dərketmədən uzaqdır. Görkəmli tarixçi L.S.Vasilyevin sözlərinə görə, qədim Çində erkən vaxtlardan 
demifologiyalaşma prosesi gedir, allahlar sanki yerə enərək müdrik və xeyirxah ədalətli xadimlərə çevrilir və 
Çini əsrlərlə idarə etməyə başlayırlar. Artıq Xanın dövründə (b.e.ə. III əsr – b.e.-nın III əsri) vəziyyət dəyişir və 
ritual etika çin ənənəvi mədəniyyətinin əsas simasını təmin edir. 

 
125
Bir qədər sonralar konfutsiçilik, daosizm, moizm və buddizm çin mədəniyyətini zənginləşdirdi. Burada ən 
vacib rolu sosial-siyasət və inzibatçılığı dini-etik norma və tələblərə tabe etdirən konfutsiçilik oynadı. Daosizm 
də bir dini ideologiya kimi Çin mədəniyyətində xüsusi yer tutdu. Astrologiya, alkimya, çin təbabəti və s. – bütün 
bunlar daosizmin məhsullarıdır. Daosizm bir çox şair, rəssam və filosofları da öz ətrafında birləşdirmişdi. Bu, 
əlbəttə ki, konfutsiçiliyə qarşı çıxış deyildi, əksinə, daoçu ideyalar məhz konfutsi fəlsəfəsi əsasında bəhrələnmiş 
və yaradıcılıq üçün yeni imkanlar açmışdır. 
Ənənəvi Çin mədəniyyətinə buddizm özünəməxsus təsir göstərmişdir. Bu, din Çinə I-II əsrlərdə 
maxayananın şimal formasında daxil olmuşdur. Bu, Çinin həmin dövrdəki incəsənətini, ədəbiyyatını və xüsusilə 
də, memarlığını  təzahür etdirir. Çoxsaylı  məbədlər, monastırlar, nəhəng mağara və qaya kompleksləri, bədii 
kamillik, bütövlük mücəssəməsi olan paqodalar Çin memarlığına yeni sima bəxş edərək, sözün əsil mənasında 
onu dəyişdirmişdi. Çində ilk budda ehramı b.e. 67-ci ildə Loynada Ağ at məbədi kimi tikilmişdir. Çin budda 
memarlığının qızıl dövrü III-IV əsrləri əhatə edir. Bu dövrdə çoxsaylı paqodalar (budda məbədləri), buddanın 
simvolik rəmzinə çevrilmiş çoxtəbəqəli tikililər Çinin milli iftixarıdır. Belələrindən ən görkəmliləri Lunmenya, 
Yunhana, Dunxuana mağara kompleksləridir ki, burada dairəvi heykəltəraşlıq və freska, barelyeflər müstəsnalıq 
təşkil edir. 
Buddizm Çin nəsrinin də  əsasını qoymuşdur. Budda prototiplərinə  həsr edilmiş novellalar bədii nəsrin 
aparıcı növlərindən birinə çevrildi. Bu isə öz növbəsində klassik Çin romanının təşəkkülünə ciddi təsir göstərdi. 
Dao monastırları kimi, budda monastırları da Çin mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. Bu 
mədəni ocaqda şair, rəssam, alim və filosoflar vaxt keçirərək, öz əsərlərinin ilham duyğusunu, məhz buradan 
əldə edirdilər. Monastırların arxiv və kitabxanalarında Çinin yazılı mədəniyyətinin ən nadir və dəyərli inciləri 
qorunub saxlanılırdı. Bütün bunlar isə sənətsevər rahiblərin – tərcüməçilərin, surət çıxaranların hesabına həyata 
keçirilirdi. Çin budda sənətkarları kitab çapı üçün vacib peşə hesab edilən ksiloqrafiya sənətinin də  əsasını 
qoymuşlar. 
Çin xalqının mədəniyyətinə  təsir göstərən buddizm əlamətlərindən biri də onun fəlsəfə  və mifologiyası 
olmuşdur. Bu fəlsəfədə yoqların gimnastik təcrübələrindən başlamış, cənnət, cəhənnəm haqqındakı təsəvvürlərə 
qədər olan hər şey öz əksini hekayə və əfsanələrdə tapmışdır. Müqəddəs budda qəhrəmanlarının obrazı real ta-
rixi qəhrəmanların həyatı ilə qarşılaşdırılır. Quaninin obrazı (bodhisatva Avalokiteşvara) Çində Çjou 
knyazlarından birinin qızının adı ilə bağı idi. 
Çin mədəniyyətində bir çox adət-ənənələr buddizmlə bir əlaqədardır. Məsələn, çay və çayiçmənin 
təşəkkülü haqqındakı əfsanə buna aiddir. Bu əfsanəyə görə buddaçılar etiqad zamanı gümrah olmalı, bir çox saat 
ərzində hərəkətsiz qalmalıdır. Bu zaman mürgüləmək və ya yuxuya getmək – böyük günah, eyib hesab edlirdi. 
Lakin bir dəfə görkəmli patriarx Bodxidxarma etiqad prosesində özü də bilmədən yatır. Oyandıqdan sonra 
hiddətlənən patriarx öz kipriyini kəsir. Bu zaman yerə düşən qan damlalarından çay kolunun yarpaqları yaranır. 
Ondan hazırlanan içki isə insana gümrahlıq bəxş edir. Bu bir əfsanə olsa da onun mahiyyətində böyük bir 
hikmət vardır. 
Çin ədəbiyyatının kökləri çox-çox qədimlərə gedib çıxır. Yaranmış əsərlər həqiqətən də möhtəşəmdir. Çin 
ənənəvi ədəbiyatı xronoloji prinsipə uyğun olaraq beş mühüm tarixi mərhələyə bölünür: b.e.ə. 206-cı ilə qədər; 
b.e.ə. 206 – b.e. 618-ci il; 618-1279; 1279-1911 və 1911-ci ildən bu günüdək (bunlar 1911-1949-cu illər və 
1949-cu illərdən bu günə qədərki dövrü əhatə edən yarım qruplara bölünür). 
Qədim Çin ədəbiyyatının ən məşhur abidəsi poetik ontologiya olan «Şitszin» («Nəğmələr kitabı») hesab 
olunur. Antologiyada 305 sayda şer toplanıb ki, bunlar da üç mühüm himn qrupuna (sun), odadan ibarət iki qru-
pa (ya), və 15 nəğməni əhatə edən (qofen) əsərlərə bölünür. Odaların ya (böyük, nəhəng) qrupunda saray həyatı 
tərənnüm olunursa, syao-ya-da (kiçik) cəmiyyəti tənqid edən müxtəlif bayramlar ifadə edilir. Şerlərin birinciləri 
Qərbi Çjou dövrünə (b.e.ə. XI əsr), sonuncu isə Yaz və Payız dövrünə (b.e.ə. VI əsrə) aiddir. 
«Nəğmələr kitabı»nın ənənələri 300 ildən sonra da Çin ədəbiyyatının görkəmli nümayəndəsi şair Tsyuy 
Yuanin (348-278) dövrünə  qədər davam etdirilmişdir.  Şairin  şerləri zərifliyi, rəngarəng mifoloji obrazları ilə 
fərqlənirdi. Bu şair Çində müəllif poeziyasının banisi hesab edilir. Şairin «Qovulanın kədəri» adlı odası lirik-
epik şer növündə nəsr nümunəsinin əlavə edilməsi ilə fərqlənən yeni bir janrın – «fu»nun əsasını qoyur. 
Digər şair Sun Yuy isə (290-223) oda poeziyasını daha da inkişaf etdirmişdir. O, Çində qadın gözəlliyini, 
məhəbbətini vəsf edən ilk şairdir. Onun «Tainin hündür dağları», «Ölməzlik haqqında oda» adlı əsərləri buna 
misaldır. 
Çin ədəbiyyatı janr rəngarəngliyi ilə seçilir. Məsələn, Xan sülaləsi dövrünə (b.e.ə. 206-cı il – b.e. 220-cı 
il) «fu» janrı xasdırsa, Tan dövrünə (618-906) «şi» şer janrı, Sun dövrünə (960-1279) «tsı» şeri xarakterikdir. 
Xan dövrünün «fu» janrı, öz növbəsində iki növü ilə «syaofu» və «dafu» şerləri ilə fərqləndirilirdi. Tan və 
Sun dövrünün şairləri şer düzülüşü qaydalarına ciddi riayət edirdilər. 
Xan dövrünün görkəmli nümayəndəsi Sıma Syanju (b.e.ə. 179-118-ci il) hesab edilir. O şerlərində impera-
tor U-dini vəsf etməklə onu «nəhəng insan» adlandırırdı. Məhz bu dövrdə Çinin ən məşhur tarixi əsəri olan «Ta-
rixi qeyd»lər yazılır ki, bunun da müəllifi Sıma Tsyanya hesab olunur. Əsər 130 hissə və 520 min ieroqlifdən 

 
126
ibarətdir. Yüksək bədii səviyyədə yazılmış bu tarixi ədəbi nümunə sonrakı dövrlərdə Çinin nəsr və dramının 
inkişafına güclü təsir göstərdi. 
Çin poeziyasının digər inkişaf dövrü Vey (220-265) və Tszin (265-420) sülalələrinin hakimiyyəti illərini 
əhatə edir. Bu dövrün ən tanınmış şairləri Tsao Tsao, Tsao Pi, Tsao Çji, juan Tszi, Tszi Kan, Tao Yuanmindir. 
Bu şairlərin yaradıcılığı digər dövrlər üçün əhəmiyyətli rol oynadı. 
Cənub və  Şimal sülalələrinin hakimliyi dövründə (420-589) xalq mahnıları, lirik əsərlər daha üstünlük 
təşkil edirdi. Xüsusilə hərbi ruhda olan əsərlərə üstünlük verilirdi. 
Suy (590-617), Tan və Sun sülalələrinin hakimliyi dövründə isə ədəbi poeziya bütün cəmiyyətin başlıca 
xüsusiyyətinə çevrildi. Şer ən gözəl hədiyyə növü hesab edilirdi. Bunlardan 50 minə yaxını dövrümüzdə qədər 
gəlib çatmışdı. Bu dövrün tanınmış şairləri Du Fu (712-770), Bo Tszyuyi (772-846), Sıkun Tu (837-908), Van 
Vey (699 və ya – 701-759; və ya 761)dır. 
Bu təhlildən bir daha aydın olur ki, qədim Çinin tarixinin zənginliyi onun ədəbi mühitinə də güclü təsir 
göstərərək müxtəlif şer, nəsr məktəblərinin formalaşmasına təsir göstərmişdir. 
Ədəbiyyat kimi, qədim Çin təsviri sənəti də rəngarəng səciyyə kəsb edir. Çinin ənənəvi rəngkarlıq janrı 
«qoxua» hesab edilir. Bu kağız və ya ipək üzərində qara və ya kül rəngli tişə ilə rəsmlərin təsvirindən ibarətdir. 
Qoxuanın  əsas mövzusu dağ, çay, gül və quşları  təsvir edən peyzajlardır. Təsvirlərin hər bir elementi rəmzi 
məna kəsb edir. Bu rəngkarlığın  əsas məktəbləri Suy, Tan, Sun sülalərinin hakimiyyəti dövrünə aiddir. Bu 
dövrün "qoxua" təsvirlərindən dövrümüzə gəlib çatanı Suy zəmanəsinə aid olan rəssam Qu Kayçjinin «Yazın 
sonu» adlı əsəridir. 
Tan rəssamlığının nümayəndələrinə isə, Yan Liben, Yuyçi İtszen, Li Sısyun, U Daotszı, Van Ven aid olsa 
da, dövrümüzə yalnız Fan Kuanyanın «Qarla örtülmüş dağ» və d. əsərləri gəlib çatmışdı. 
Çində rəngkarlıqla eyni vaxtda kalliqrafiya da inkişaf etmişdi. Hətta onun incəsənətin ən ali növü kimi dərk 
olunması qəbul edilmişdi. Qədim çinlilər yazılarda xətlərin ifadəliliyi, bədiiliyi, zərifliyinə diqqət yetirir, onların 
kompozisiya quruluşuna, qrafik elementlərin vəhdətinə xüsusi incəliklə yanaşırdılar. Görkəmli kalliqraflar b.e.-nın 
II əsrinə təsadüf etsə də, onun Çində çiçəklənmə dövrü IV-V əsrlərə aid edilir. Bu zaman kalliqrafiya xüsusi sənət 
növü kimi 4 ali keyfiyyəti ilə  fərqləndirilirdi:  şen-tam həyatilik və enerjini əks etdirən üslub kimi; tsi – fırça 
zərbələrinin qətiyyət və gücü; yun – ritm və tarazılıq; vey – estetik keyfiyyət, xassə kimi özünə yer tutmuşdu. IV 
əsrdə Çinin ən görkəmli kalliqrafı Van Siçji idi. Onun 353-cü ildə yaratdığı «Səhləb çiçəkli çardaq» kalliqrafik 
rəsminə uzun illər, əsrlər digər dünya rəssamları oxşarlar çəksələr də, həmin əsərin gözəlliyini yarada bilməmişlər. 
Çin incəsənətin digər sahələrində  də öz qədimliyi ilə seçilən ölkələrdəndir. Teatr növü bu sahədə  ən 
irəlidə olan incəsənət növlərindəndir. Qədim Çin teatrı öz rəngarəngliyinə görə dünyanın ən zəngin teatrlarından 
hesab olunur. Kölgə  və kukla teatrlarının 60-dan çox növü məlum idi. Müasir opera teatrı  məhz bu ənənələr 
üzərində formalaşmışdı. 
Çinin musiqisinə  gəldikdə isə, hələ b.e.ə. I əsrdə bu qədim ölkədə 80-ə yaxın milli musiqi alətinin 
olmasını söyləmək buradakı vəziyyəti anlamağa geniş imkan açır. Musiqinin inkişafı prosesində qədim Çində 
beş əsas ənənəvi musiqi janrı formalaşmışdı: mahnı, rəqs musiqisi, nəğməli nağıllar musiqisi, yerli opera musi-
qisi və instrumental musiqi. Çinin musiqi mədəniyyəti bir neçə dəfə çiçəklənmə dövrü keçirmişdi. Qədim klas-
sik musiqi nünunələrinə tsinyada ifa olunan (7 simli alət) üçün «Quanlinsan» adlı pyeslər, xutsya fleytası üçün 
18 hissəli süita, «Dairəvi tutqu» pyesi, nəfəsli və simli alətlərdə ifa olunan «Yaz çayında ay işığı və çiçəklər» 
pyesi və s. 
Çin musiqi mədəniyyətinin çiçəklənmə dövrü Suy və Tan sülalələrinin hakimiyyəti dövrünə təsadüf edir. 
Bu dövrdə oxuma, rəqs və instrumental musiqini birləşdirən musiqili tamaşa – «datsyuy» yaradıldı. Bu janrın ən 
məşhur nümunələri «Tsin knyazı düşmənləri məhv edir», «İcjou» və «Lyançjou» adlı əsərlərdir. 
Teatr və dramatik sənətlər içərisində Çin sirk sənəti də  qədim səciyyə  kəsb edir. Bu janr öz kökünü 
insanların həyatı, məişəti, dini adət və mərasimlərindən götürür. 
Sirk akrobatikası incəsənətin müstəqil növü kimi Yaz və Payız dövrünə (b.e.ə. 770-476 illər) aiddir. Bunu 
tarixi sənədlər təsdiq edir. Tan sülaləsinin hakimliyi dövründə bu sənət daha da təkmilləşdirildi. Freskalardakı 
təsvirlər təkcə akrobatları deyil, rəqqas və çovğanları da əks etdirir. Min və Tsin sülalələrinin hökmranlığı 
dövrlərində isə akrobatik tamaşaların xarakteri dəyişərək yeni forma əldə edir. Bu zaman əsas diqqət ifaçılıq 
dinamikasının mürəkkəbliyinə, çətinlik səviyyəsinə yönəldilir. Bu illərdə akrobatika incəsənəti Pekin operasının 
tərkib hissəsinə çevrilir. 
Qədim Çin mədəniyyətinin ən geniş yayılmış sənət növlərindən biri də dekorativ-tətbiqi incəsənət idi. Bu 
sənət aşağıdakı sahələr üzrə inkişaf edirdi: metal üzrə iş; toxuculuq, kağız, rəngli fonar, süni çiçəklərin, lak-şirəli 
məhsulların, kağız ilanların hazırlanması. 
Nefrit, fil sümüyü üzərində oyma, nəqş işləmələri dünya miqyasında tanınmış sənət növləridir. 
Çini və keramika Çinin ən qədim kəşflərindən biridir. 
Qədim Çin mədəniyyətində mühüm yer tutan mədəni hadisələrdən biri də milli bayram və festivallar idi. 
Belə ki, hələ  qədimlərdən çinlilər müxtəlif hadisələri tən-tənə ilə keçirtməyi, ona bayram əhvali-ruhiyyəsi 

 
127
verməyə diqqətlə, hörmətlə yanaşmışlar. Bunlardan ən qədimi Bahar bayramı, fonarlar Bayramı,  əjdahalı 
qayıqlar Bayramı, "Payızın ortası" bayramıdır. 
Bahar Bayramı ay təqviminə uyğun olaraq Çində Yeni il kimi, ümumxalq təntənəsi kimi müasir günədək 
gəlib çatmışdır. Hələ Sya sülaləsinin hakimiyyəti dövründə (b.e.ə. XXI-XVI əsr) Ay təqviminə uyğun olaraq 
birinci gün ilin başlancığı kimi qeyd edilirdi. Xan dövründən isə (b.e.ə. 206-cı il – b.e. 220-ci il) bu ümumxalq 
bayramı kimi qeyd edilməyə başladı. 
Tan dövründən Ay təqviminin birinci ayının 15-ci günü Fənər bayramı keçirilməyə başlanıldı. Əjdahalı 
qayıqlar Bayramı isə Ay təqviminə uyğun 5-ci ayın 5-ci günü keçirilir. Bu mərasim görkəmli  şair Tsyuy 
Yuanyanın şərəfinə keçirilr. Onun keçirilməsi şairin doğma vətəni Çu knyazlığının Tsin tərəfindən zəbti zamanı 
şairin özünü Milo çayına atması ilə əlaqədardır. 
Beləliklə, qədim sivilizasiyanın mühüm tərkib hissəsini təşkil edən çin mədəniyyətinin çox möhtəşəm yeri 
vardır. Öz unikallığı və humanizmi ilə fərqlənən qədim çin mədəniyyəti sonrakı tarixi dövr və mərhələlər üçün 
zəngin irs qoymuşdur. 
 
2.1.10. Yaponiya mədəniyyəti 
 
Yapon ənənəvi incəsənəti özünəməxsus mahiyyət kəsb edir. Onun fəlsəfi prinsip və estetik dəyərləri digər 
ölkə  və xalqların fəlsəfi görüşlərindən fərqlənir. Bu fərqin izahına ehtiyac var. Yapon incəsənətinin estetik 
prinsiplərinin formalaşması bu xalqın doğma təbiətə olan ilahi münasibəti təbiət gözəlliyinə  səcdə etməsi ilə 
izah edilir. 
Dağlıq ölkə olan Yaponiyada torpaq təsərrüfatı üçün məkan çox yararsız olduğuna görə insanlar tərəkəmə 
halında yaşayırdılar. Ona görə  də, bu ölkənin hər qarış torpağına yapon əcdadları böyük səy və  əmək sərf 
etmişlər. Bütün bu çətinliklərə baxmayaraq xalq öz həyatını  bəzəməyi, zənginləşdirməyi də yaddan 
çıxarmamışdır, bu isə həm ciddi nizam-intizama, həm də mədəniyyətin təşəkkülünə geniş imkanlar açmışdır. 
Yapon incəsənətinin estetik prinsipləri üç mühüm dini-fəlsəfi doktrina üzərində formalaşmışdı: bunlar 
Gündoğar ölkənin məskunları olmaq şərtilə sintoizm, konfutsiçilik və budduzmdir. 
İlahi başlanğıc kimi təbiətə hörmət və etiqad qədim yaponların milli dini olan sintonu – «allahların 
yolu»nu yaratdı. Sintoist inamlar şaman ayinlərinə çox yaxındır: burada göy cisimlərinin hərəkətini idarə edən 
mələklərə sitayiş başlıca yer tuturdu. Bu sitayiş təbiət hadisələrində, dağ, dəniz, çay, çəmənlik, ağac və daşlarda 
da təzahür tapırdı. Qədimlərdə hər bir tayfa və qəbilənin fərdi himayəçi allahları vardı. Sintoist təsəvvürlərinə 
görə yapon imperatorlarının nəsli nəhəng günəş ilahəsi Amaterasu –no Oomikamidən irəli gəlir. Bu allahın 
nəticəsi Yamato ölkəsini idarə etməyə göndərilən ilk əfsanəvi imperator Dzimmu Tennadır. Ona sehrli simvollar 
əxz edilmişdir. Bunlar aşağıdakılardır:  İlahə Amaterasuya xas olan sehrli güzgü; Susanoo-no mikoto allahı 
tərəfindən kəsilmiş qılınc, yaşma qaşlarından ibarət olan boyunbağı (maqatama). 
Sintoist allahlarının şərəfinə çoxsaylı ehram və məbədlər tikilirdi. Adətən bu tikililər meşə və dağ başında 
inşa edilirdi. Hər bir tikili, məbəd kiçik su hövuzu olan bağla  əhatələnirdi. Burada dualardan əvvəl xüsusi 
təmizlik işlərini həyata keçirmək üçün bulaçlar da tikilirdi. Məbədləri müqəddəs darvaza – torilər əhatə edirdi. 
Sintoist memarlığının gözəl nümunəsi kimi ilahə Amaterasunun şərəfinə İsedəki kömpleksi göstərmək olar. 
Yaponiyanın əfsanəvi tarixi, allah və ilahi qəhrəmanların şücaəti yapon incəsənətinin əsas süjetini təşkil 
edirdi. 
Konfutsiçilik də buddizm kimi Yaponiyaya Çindən daxil olmuşdur. Bu din altında adətən qədim Çin dini 
– fəlsəfi doktrinası başa düşülür ki, bu da estetik prinsiplərin formalaşmasına  şərait yaradır. Konfutsi 
qanunlarına görə kainatı idarə edən başlıca prinsip ahəngdarlıq və nizamın mənbəyi olan Aydır. Ayın Yer 
üzərindəki fövqəladə nümayəndəsi imperatordur. Onun fəaliyytindən bütün dövlətçilik asılıdır. Ona görə 
imperator Aydan göndərilən qanun və ritualların,  əxlaqi prinsiplərin nəzarətinə diqqətli olmalı, bütün bu 
müqəddəs məqamlara hörmətlə yanaşmalıdır. Çünki bütün bunlardan ailə  və dövlətin çiçəklənməsi bilavasitə 
asılıdır.  Əgər insan cəmiyyət və Ay-Səma qarşısındakı öhdəliklərini yerinə yetirmirsə, nəzərdə tutulan 
məqamlara diqqətli deyilsə, o, Səma hakiminin cəzasına məruz qalır. Yaxud əksinə, bütünlükdə ölkə və dövlətə 
cəza göndərilir. Ona görə də, cəmiyyətin hər bir üzvü öz borcunun ödənilməsinə, öz yerini bilməsinə diqqətli 
olmalıdır. Konfuitsiçiliyə görə ideal insan xeyirxah və maarifçi insan, alim – məmurdur ki, o da öz imperatoruna 
sadiq olub, hökumət və dövlətin maraqlarını qoruyur. İncəsənətdə, xüsusilə, rəngkarlıqda Konfutsi prinsipləri 
ideallaşdırılmış  təbiət peyzajlarında təzahür tapır. Bunlar səma harmoniyasına cavab olaraq tamaşaçıya 
kamilliyə  cəhd ruhu təlqin edir. Yaponiyada filosoflar tərəfindən yaradılmış  və bu cür ideallaşdırılmış peyzaj 
kanqa, yəni «yapon ruhlu rəngkarlıq» adlanır. 
Sintoist konfutsi və budda ideallarını özündə ehtiva edən ənənəvi yapon estetikası bu xalqın incəsənətinin 
dərk edilməsində xüsusi prinsiplər işləyib hazırlamışdır. Bunlardan ən vacibləri furyuu, monono avare, babi-sabi 
və yuqendir. Furyuu yüksək zövq, savad və əqlin zəkasını bildirir. Bu söz fen-lyü sözündən götürülərək «yaxşı 
təhsil və  əda» deməkdir. Yaponiyada bu anlayış estetik məna kəsb edərək incəsənət  əsərinin yüksək 
bədiiliyindən və onun yaradıcısının səviyyəsindən xəbər verir. 

 
128
Mono-no avare «şeylərin ecazkarlığı» olub, - Heyan dövrünün mədəniləşdirilmiş estetik idealıdır. Onun 
əsasında həm təbiət, həm də insani gərəkliyinin hiss və  həyacanları durur. Bu gözəllik poetik kədərlə  vəhdət 
təşkil edir. Avare prinsipi insan qəlbinin ən incə, zərif hissiyatını əks etdirir. 
«Vabi» - dünya qayğılarından azad, sakit həyatın estetik və  əxlaqi prinsipidir. Onun təşəkkülü orta əsr 
zahidlik  ənənələrindən irəli gəlirdi; o sadə, təmiz gözəlliyi, ruhun vəsfini təşkil edir. Bu prinsip əsasında çay 
mərasimi dururdu ki, bu da vaka, renqa, xayku adlanırdı. Vabi sözü «qəmli olmaq» felindən götürülmüşdü. Sabi 
anlayışı bu anlayışa sinonim kimi götürülür və yapon estetikasının mühüm prinsipi kimi təzahür olunurdu. 
«Sabi» qocalıqla assosiasiya edilərək barışıq və sakitliyi tərənnüm edir. Bu ruh Muka Kyöraini şerində öz 
təzahürünü tapır: 

 
129
İki ağsaqqal qoca 
Bir-birinə söykənərək 
Albalı çiçəyindən həzz alır. 
 
Bu şer parçasında bir-birinə təzadlı olan iki obyekt – ağsaçlı qocalar və albalı çiçəyi insanda gözəlliyin 
ecazkarlığını nümayiş etdirir. 
Yuqen «tənhalıq gözəlliyi»ni ifadə edərək XII-XV əsrdən yapon incəsəntinin inkişaf tapmış estetik 
idealıdır. Bu anlayış buddizmdə gizli həqiqəti, insan əqlinin dərk etməkdə aciz olduğu məhrəm həqiqəti ifadə 
edir. 
Yapon rəssamları bütün bu prinsipləri həyata keçirərək insanları  həyəcanlandıran sənət  əsərləri 
yaratmışlar. Bu əsərlərdən bir çoxu sirli mahiyyət kəsb edərək insanlara estetik və psixoloji təsir göstərmişdir. 
Ənənəvi yapon incəsənətinin inkişafında buddizm mühüm yer tuturdu. Buddizmin müxtəlif təriqətləri 
rəngarəng formalarla Koreya və Çindən Yaponiyaya V əsrdən başlayaraq nüfuz etmişdir. Budda fəlsəfəsinin 
əsasını real həyat (sansara)  haqqındakı  təsəvvürlər təşkil edirdi. Sansara hadisə  və  şeylərin mahiyyətini dərk 
etmədən, aydın olmayan şüurda insani yanılma və illüziyaların məhsuludur. Budda fəlsəfəsi onu da təsdiq edir 
ki, insan hər cür əziyyət və  əzablardan, «sansara»dan düzgün istiqamətləndirilmiş  fəaliyyətlə azad ola bilər. 
Buddizmin müxtəlif istiqamətləri azadolmaya, həqiqətə çatmağa müxtəlif vasitələrlə nail olmanın yollarını 
göstərir: budda yazılarının mütaliəsi, dərviş  həyatına çatma; bir sıra qanunlara riayət etmə; müqəddəs yerlərə 
ziyarət (monastır, məbəd); buddalara dualarla xitab; mistik, psixi təcrübə və s. ilə. 
Erkən Yaponiyanın imperator saraylarında budda rahibləri özlərini təbiət qüvvələrini idarə etməyə və baş verən 
təbii hadisələrə təsir göstərməyə qadir olduqlarını və insanları şeytanlardan azad etmək qüvvəsinə malik olduğunu 
göstərməyə çalışırdılar. Buddizmin xarakterik cəhətlərindən biri məhz onun yerli dini ənənələrə uyğunlaşmaq 
bacarığıdır. V əsrdən başlayaraq Yaponiyada müxtəlif təriqətlərə aid olan budda məbədləri tikilməyə başladı. Bu 
məbədlər özlüyündə, həm də memarlıq əsərləri, incəsənət abidələri kimi mədəniyyət tarixində görkəmli hadisə idi. 
Memarlıqla yanaşı, onunla birgə bağ-parkçılıq sənəti, heykəltəraşlıq, rəngkarlıq, kalliqrafiya, dekorativ-tətbiqi sənət 
də inkişaf edirdi. Ehram və monastırlar insanları yüksək ruhani hisslər əsasında düşüncə və yaradıcılığa cəlb edən 
məkan idi. Müəyyən psixoloji əhval-ruhiyyənin yaradılması budda incəsənətinin formalaşması üçün əlverişli mühit 
idi. Məbəd və ya monastırın yerləşəcəyi məkanın özünün bir sıra fərqli cəhətləri var idi: əvvəla, məkan «xeyirli» 
qüvvələrin hökm sürdüyü yer olmalı; ikincisi, şəhəri (və ya imperator iqamətgahını) şərdən və şeytanlardan qorulmalı 
idi. Bağla  əhatələnmiş  məbəd ansamblı yazda ağ-çəhrayı sakura, yayda bəzəkli çiçəklər, payızda al-qırmızı  rəngli 
güllərə qərq olur, qışda isə, hər şey sanki ağ rəngə bərq vuran səma ölkəsinə bənzəyirdi. 
Məbəd kompleksinin tərkibinə paqodalar (too), zəng (syoroo), ibadət üçün zal (ko odoo), kitabxana 
(əlyazmaları xəzinəsi - kyodzoo), qurbankəsmə üçün zal (xokkedo), rəhiblərin yaşayış yeri (sooboo) daxil idi. 
Paqoda məbəd  ərazisindəki  ən yüksək və uca tikilidir. O bəzən rayon və ya şəhərdə dominant yer kimi 
əhəmiyyət kəsb edirdi. 
Məbədlərin əsas hissələri (kondo və ya Hondo) divar rəngkarlığı ilə özünəməxsus idi. Buraya yapışqanlı və 
laklı boyalar aiddir. Divar boyu heykəltəraşlıq fiqurlarını buddanın və allahların obrazları təşkil edirdi ki, bu da 
binanın ikonoqrafik detallarıdır. Budda heykəltəraşlığına ağac, taxta, gümüş, gil, lak sənəti aid idi, o da bütövlükdə 
budda ritualının tərkib hissəsini təşkil edirdi. Məbədin interyeri həm də nəhəng fiqurlarla bəzədilirdi, bunların bir 
çoxu qurbankəsmə məqamını, döyüş mənzərələrini əks etdirirdi. 
VI-VII əsrlərdə ilk dəfə yapon heykəltəraşları plastik obrazlar yaratmaqla Çin, Koreya, Hind qanunlarına 
ciddi riayət edirdilər. VIII əsrə doğru yapon üslubu özünü budda qanunlarında taparaq XI əsrdə daha da inkişaf 
etdi. Bu üslub heykəltəraş Dzyötönün (1057-ci ildə  vəfat edib) adı ilə bağlıdır. Onun ardınca «En məktəbi» 
(Emna) «İn məktəbi » (İmna) rəqabətə başladı. 
Budda rəngkarlığında onun panteonuna aid olan obrazlar və buddanın sehrli qüvvələrinin, mandalların 
təsviri başlıca yer tuturdu. Budda incəsənəti obyektlərinə kalliqrafik yazılar, budda əlyazmaları, kalliqrafik 
mətnlər də daxildir. 
Budda sənətinin gözəl kolleksiyaları ilə  zəngin olan memarlıq  əsərlərinə VI-XIV əsrlərə aid olan 
Xoordyüzini (Nara şəhəri VII əsr) göstərmək olar. Koofukudzi (669-cu ildə əsası qoyulub) Nara şəhərində bu 
günədək yaşayan incəsənət abidəsidir. Bundan başqa, Toödaydzi (Nara şəhəri, VIII əsr); Kooryüdzi (Kioto 
şəhəri VII əsr); Dzinqodzi (Kioto, IX əsr); Kiyemidzudera (Kioto şəhəri, VIII əsr; Enryakudzi (Kioto şəhəri 
yaxınlığında 823-cü il); Byoadoin (Udzi şəhəri XI əsr); Sandzyüsangendo (Kioto şəhəri, 1164) və s-ni də 
göstərmək olar. Təxminən XIV əsrə yaxın  ənənəvi budda incəsənəti, xüsusilə, rəngkarlıq və heykəltəraşlıq 
kübar sənətin inkişafına təkan oldu. Portret heykəltəraşlıq və  rəngkarlığında irəliləyiş  əldə edildi. Artıq XIV 
əsrdən sonra budda plastikası tənəzzülə uğradı. 
Ənənəvi yapon rəngkarlığına rəngarəng üslub, forma və texnika xasdır. Rəngkarlıq nümunələri müxtəlif 
formalarda – yelpiklər, şirma, divar və s.-də təzahür tapır. Bunların hamısını iki başlıca istiqamət əhatə edirdi: 
kontinental (Çin və Koreyadan daxil olan) və xalis, təmiz yapon rəngkarlığı. 

 
130
Təxminən X əsrə  qədər yapon rəngkarlığında Çin istiqaməti olan kara-e (budda məzmunlu)  şərtsiz 
üstünlük təşkil edirdi. X əsrdən sonra yapon üslubu yamato-e təşəkkül tapmağa başlayır. Bu üslub özünü 
qatlanan şirma, hərəkət edən ekranlarda təzahür etdirirdi. Bir qədər sonralar emakimono üslubu inkişaf etməyə 
başlayır. 
Yapon incəsənətinin əsas prinsiplərini özündə cəm edən və kökü çox qədim ənənələrə, sintoizm, konfutsi 
və buddizmə gedib çıxan mədəniyyət sahələrindən biri də bağ-parkçılıq sənətidir. Lap qədimlərdən təbiətə 
sitayiş, etiqad, səcdə yaponların ona ilahi varlıq kimi yanaşmasını  təmin etdi. Yaponlar uca dağlara, təsvirli 
qayalara, ecazkar daşlara, qədim ağaclara, su hövzələrinə,  şəlalələrə etiqad edirdilər. Qədim yaponların 
təsəvvürlərinə görə landşaftın ən gözəl tərəfləri allahların yaşayış yerləri – kamilərdir. İlk süni yapon bağlarının 
yaradılması VI-VII əsrə aiddir; onlar sahilboyu miniatür vəhdət rolunu kəsb edirdi. Nara dövründə çin 
üslubunda olan bağlar daha məşhur idi. Xeyan zamanına isə, saray ətrafında göllərin salınması,  şəlalələrin 
axıdılması daha üstünlük təşkil etdi. Göl və başlıca tikililər arasındakı iri həcmli meydançalara ağ qumun 
səpilməsi hansısa böyük bir təntənənin keçirilməsindən xəbər verir. Mistik buddizmin inkişafı saray bağlarının 
sinden üslubunda tikintisinə başlıca amil oldu. Bu amidasit istiqamətinə aiddir. Kamakura dövründə isə iri 
peyzaj bağları (sukiyama) budda məbədləri yanında salınmağa başladı. 
 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin