2.1.11. Koreya mədəniyyəti
Koreya qədim mədəniyyətə malik ölkədir. Koreya tarixini başlanğıcı b.e.ə. 2333-cü ilə – əfsanəvi
hökmdar Tanqunun dövrünə təsadüf edir. O, allahın oğlu kimi qəbul edilib Çoson dövlətinin, yəni «Səhər
təravəti ölkəsi»nin banisi hesab edilir. Tarixi faktlar sübut edir ki, b.e.ə I əsrdə bu ölkədə Koqurye, Pekçe və
Silla dövlətləri də mövcud olmuşdur. VII əsrin ortalarından Silla bütün Koreya yarımadalırını birləşdirdi.
Koreya vahid ölkə səciyyəsi kəsb etməklə özünün siyasi və mədəni özünəməxsusluğunu qoruyub saxladı.
Mədəniyyətin çiçəklənməsi Koqurye dövrünə (X – XIV əsr) və Çoson (XIV – 1910 il) dövrünə təsadüf edir.
Koreya uzun müddət Yaponiyanın hökmranlığı altında olmuş və II Dünya müharibəsindən sonra iki dövlətə –
Koreya Xalq Respublikası və cənubda Koreya Respublikasına bölündlü.
Koreyanın bədii mədəniyyəti dinin təsiri altında olmuşdur. İlk çağlar ruhlara sitayiş (şamanizm və ya
musok), sonralar isə Konfutsiçilik, buddizm, ən başlıcası Mahayanının təsiri özünü təzahür etdirirdi. Silla
dövləti zamanı buddizm, Çoson dövründə isə konfutsiçilik üstünlük təşkil edir.
Koreyanın yazılı ədəbiyyatı hələ Silla dövründə – VIII əsrdə yaranmışdır. Onun əsası idu vasitəsilə həyata
keçirildi. Bu, koreya danışıq dilinin Çin ieroqlifləri ilə ötürülməsi demək idi. Müasir günədək idu ilə 25-dən
artıq şer gəlib çatmışdır ki, bunlar da xaynqo adlanırdı.
Kopye sülaləsi dövründə «Kaye mahnıları» janrı daha populyar idi. Bir qədər sonrakı dövrdə bu sülalənin
daha yeni bir lirik poeziya janrı – siçjo meydana çıxdı. Bir qayda olaraq siçjo hər hansı bir fikir və hissin üç
misra ilə çatdırılmasını nəzərdə tutur. XV əsrdə xanqıl əlifbasının kəşfi məhəbbət lirikasının rəngarəng
növlərinin meydana çıxmasına səbəb oldu.
Çoson dövrünün orta mərhələsində kasa adı altında doğma dildə peyzaj lirikası janrı geniş vüsət tapmağa
başladı. Zərif şerlərdə şairlər doğma təbiətin gözəlliklərini vəsf edirdilər.
Yazılı ədəbiyyatın inkişafı və kitab nəşri VIII əsrə təsadüf edir. 751-ci ildə ksiloqrafik üsul ilə buddaya
dair təsvir – «Daharapi-sutranın təmiz havası» adlı əsər çap edilir.
Rəngkarlığın erkən nümunələri öz təzahürünü Koqurye sülaləsinə aid sərdabələrin divar təsvirlərində
tapmışdır. Bu abidələrə Mancuriyanın cənubunda Phenyanın alt hissəsində (III – IV əsr), Kyonca (VI əsr)
ərazilərindədir.
Korye dövrü buddizmin çiçəklənməsinə aid olub, Koreya təsviri sənətinin «qızıl əsri» adlandırılır. Bu dövrün
rəssamları ecazkar məbəd freskaları, budda kitablarına illüstrasiyalar, müasirlərinin portretlərinin, həmçinin «dörd
möhtəşəm hakimin», gavalı, səbləh, payızgülü və bambukun təsvirinə başlıca yer vermişlər.
Çoson sülaləsi dövründə konfutsiçiliyin hökmranlığı ilə əlaqədar çin rəngkarlıq kanonları daha çox
qabardılmaba başladı və bu uzun müddət (XVIII əsrə qədər) davam etdi.
İncəsənətin mühüm növü olan Koreya memarlığında iki əsas üslub başlıca yer tuturdu: birincisi, saray-
məbəd üslubudur ki, burada çin kanonlarının güclü təsiri özünü göstərirdi; ikincisi isə xalq üslubudur ki, buraya
adi insanların mənzil tikililəri aid edilir. Sadə insanların mənzil tikililəri üçün samandan çardağın salınması
ənənəvi səciyyə kəsb edirdi. Varlılar isə böyük və gözəl evlər tikməklə yanaşı, çardaqlarını kirəmitlə
döşəyirdilər ki, bu da evə xüsusi gözəllik bəxş edirdi. Memarlıqda təbiət landşaftına çox böyük üstünlük
verilirdi. Bir çox budda monastrları təbiət qoynunda inşa edilmişdir. Bunların, xüsusilə, dağ döşlərində tikintisi
xüsusi peyzajın yaradılmasına geniş imkan açırdı.
Koreya heykəltəraşlığına qədim fiqurları nümunə göstərmək olar. Məsələn, Panqude (Şimali Konsan
əyaləti) qayası üzərində yonulmuş fiqurlarını, neolit dövrünün tapıntıları olan daş və sümükdən insan, heyvan
fiqurları göstərmək olar. Bürüncdən hazırlanmış fiqurlar isə bürünc dövrünün məhsulları hesab edilir. Yalnız
«üç dövlət»in hakim olduğu zamanlarda heykəltəraşlıq sıçrayış əldə etdi. Bu dövrdə buddaya həsr olunmuş
131
heykəllər məbəd və paqodalarda üstünlük təşkil etməyə başladı. Budda heykəllərinin ən gözəl nümunələri VIII
əsrdə Gönçə yaxınlığındakı Sokkuram mağara məbədində qalmaqdadır.
XIV əsrin sonunda Çoson sülaləsinin hakimiyyəti dövründə heykəltəraşlıq tənəzzülə uğradı. Hələ
qədimdən koreyalılar metalın aşılanması üzrə məşhur idilər. Koreya ərazisində bürüncdən hazırlanmış bir çox
məhsullar – güzgü, balta, bıçaq, zəng, orijinal həndəsi və zoomorf ornamentlərlə bəzədilmiş zinət əşyaları
bürünc mərhələsinə təsadüf edir. Metalların aşılanması sənəti dəmir dövrünün ilk mərhələsinə təsadüf edərək
«üç dövlət» hakimiyyəti çağlarında özünün kamillik səviyyəsinə çatmışdır. Silla dövrünün əşyaları
kolleksiyaları tac, sırğa, boyunbağı bel kəməri və s. öz unikal bəzəyi ilə, zərifliyi ilə seçilirdi. Tacların
bəzədilməsi xüsusi, unikal sənətkarlıqla yerinə yetirilirdi; dalğavari cizgi və xətlər, relyef ornamentləri, qızıl
simlərlə bir-birinə calaqlaşdırılmış yarpaqcıqlar zinyət əşyalarına xüsusi gözəllik verirdi. Zənglər öz zahiri
görünüşü və səslənməsinə görə məşhur idi. Belələri məbədləri bəzəyi kimi böyük dini və estetik əhəmiyyət kəsb
edirdi. Belə zənglərin biri VIII əsrin sonlarında tökülmüş «Emille zəngləri» kimi məşhur olan məbəd
zəngləridir. Bu zənglər lotos formasında gözəl medalyonlarla, həmçinin su pəriləri, çiçək təsvirləri ilə
bəzədilmişdir.
Koreya keramikası da məşhur idi. Bu sənətin özünün dərin ənənələri mövcuddur: neolit dövründə qədim
dulusçuluq qabları, xüsusi imzalarla bəzədilmiş vazaların hazırlanması və s. Neolit dövrünün erkən keramikası
dar qablarda paralel xətt və nöqtələrlə bəzədilmiş təsvirlərdən ibarətdir. Bir qədər sonra rənglənmiş gildən fiqur-
lar yaradılmağa başladı. Bu qədim keramik məhsullar sərbəst tərzdə, orijinal formada, özündə şamanizmi
nümayiş etdirirdi. Silla dövrünün keramikasnda qəlibçilik metoduna daha çox üstünlük verilirdi.
Dulusçuluq sahəsində yüksək inkişaf dövrü XII – XIII əsrə təsadüf edir. Bu zaman Koreya sənətkarları
mavi-yaşıl rəngli kaşıdan istifadə və bunların məhsul üzərində təsvirinə yer verdilər. Bu texnika Koreyaya
Çindən daxil olmuşdur.
Çoson sülaləsi dövründə keramikada aparıcı mövqeyi kobalt təsvirləri ilə ağ çini üzərində nəqşlər təşkil
edirdi. Bu texnika indiyədək öz varlığın saxlamaqdadır. Bu üsulla müasir yemək, çay dəstləri hazırlanır.
Qədim Koreya musiqi mədəniyyəti iki kateqoriyadan ibarətdir: çxanok (cəmiyyətin yüksək təbəqələrinin
musiqi ənənələrinin toplusu) və sonak (sadə insanların musiqisi). Çxanok melodiyaları, bir qayda olaraq, asta,
təntənəli və uzun musiqi frazalarını birləşdirən mürəkkəb kompozisiyalardan ibarətdir. Bunlardan müasir
dövrümüzə qədər gəlib çıxan «Suçjeçxon» pyesidir. Qədim dövrdə onlar saray təntənələri, bayramlarında ifa olu-
nurdu.
Xalq musiqisi isə, özündə şaman nəğmələrini əhatə edərək sançjo janrını (zərb alətləri musiqisi) və pxan-
sorini (musiqili dram) yaradırdı.
Musiqinin bir sahəsi olan rəqslər Koreyada bir neçə növdür: şaman, saray, xalq və maskalarla rəqs. Xo-
reoqrafik çiçəklənmə buddizminin hökmranlığı dövrünə təsadüf edir. Bu rəqslərin ifası zamanı əsas diqqət
tamaşaçıya ekstaz, vəch hissini çatdırmaqdır. Hərəkətlərin plastikası qeyri-cismani hesab edilirdi. Yaponların
əsarəti dövründən başlayaraq həmin rəqslər tənəzzülə uğramışdı. Kommu (qılıncların rəqsi), xanmu (durnaların
rəqsi), çxunenmu (yazda oxuyan bülbüllərin rəqsi), çxunyançjmon rəqsləri, «mədəniyyət dəyərləri» silsiləsinə
aid olan sərvətlərdəndir.
Koreya teatrının daha qədim köklərə gedib çıxdığını göstərmək lazımdır. Belə ki, bu teatr ibtidai dövrün
dini ənənələrinə söykənir. Teatrın ayrılmaz tərkib hissəsini isə, musiqi və rəqs təşkil edirdi. Bunun ən parlaq
nümunəsi txalcum – yəni maskalarda komediya tamaşalarıdır. Bunlar pantomima və rəqsləri xatırladır. Daha
geniş vüsət tapmış mahnı-dramatik tamaşalardan pxansorini göstərmək olar. Bu tamaşa populyar süjetlər
əsasında hazırlanırdı. Küçə aktyorlarının ifasında kukla teatr tamaşalarını da göstərmək olar. Kut adlı zamam
mərasimləri də dini xarakter kəsb edərək əyləncəvi mahiyyətə malik idi.
2.1.12. Vyetnam mədəniyyəti
Vyetnamlılar çox zənqin və unikal mədəniyyətə malik sülhsevər bir xalqdır. Vyetnamın əksər əhalisini
vyetlər və 50-dən çox azsaylı xalqlar təşkil edir. Bunlar: txay, txo, nunq, mionq, tiyam, kxmer, xaray, edə və
başqalarıdır.
Vyetnam haqqında əksər təsəvvürlər eramızdan əvvəl 2000-ci ilə təsadüf edir. Qədim əfsanəyə görə
ölkənin hökmdarı əjdaha – imperator Lak Lonq dağlara gəzintiyə çıxaraq orada pəri quşu Aukoya rast gəlmiş,
sevib ailə qurmuşlar. Əjdaha və pəri quşunun 100 uşağı dünyaya gəlmişdi. Onların yarısı əjdaha ata ilə
düzənliyə, yarısı isə anası ilə dağlara getmişlər. Hər il harada olmağından asılı olmayaraq Aukonun əcdadları
ruhlara sitayiş etmək üçün vətənlərinə dönürlər. Əfsanəyə görə vyetnamlılar bir anadan olan qardaşların
əcdadlarıdır.
Arxeoloji qazıntılar bir daha göstərir ki, vyetnamlıların çox qədim tarixi vardır. XX əsrdə artıq bütün
dünyada tanınmış Xoabin mədəniyyəti mezolit dövrünə, Bakşon mədəniyyəti neolit dövrünə aid edilmişdir.
132
Vyetnam cənub-şərqi Asiyada, Hind-Çin yarımadasında yerləşir. Şərqdən Cənubi Çin dənizi və onun
Bakbo körfəzi, cənub-qərbdən isə Siam körfəzi ilə əhatə olunur. Çin, Laos, Kampuçi ilə həmsərhəddir. İnzibati
cəhətdən 35 əyalətə və 3 əsas şəhərə bölünür. Əsas şəhərləri Xanoy, Xayson və Xoşimindir.
Səthinin çox hissəsini dərələrlə parçalanmış, alçaq və orta yüksəklikli dağlar tutur. Dağların hündürlüyü,
əsasən, 1500-2000 m, ayrı-ayrı massiv və silsilələrin hündürlüyü isə 2000 m-dən artıqdır. Ən yüksək zirvələrin
hündürlüyü 3143 m olan Fanşi və 3280 m olan Nqokandır. Vyetnamın şimal-şərqi Cənubi Çin platformasına,
cənub-qərbi Mezozoy qırısıqlıq sisteminə, cənub hissəsinin şimalında yerləşən Kontum yaylası Hind-Sinay
massivinə, Kontum yaylasından cənubdakı strukturlar isə bir sıra tədqiqatçılara görə Hersin qırışıqlıq sisteminə
daxildir. İqlimi subekvatorial musson tiplidir. Qışı cənubda isti, şimalda sərin keçir. Çay şəbəkəsi sıxdır. Bütün
çayları Cənubi Çin dənizi hövzəsinə aiddir. Mühüm çayları Hoqha və Mekonqdur. Çaylardan suvarmada və
daxili yük daşınmasında istifadə edilir. Vyetnamlıların əksəriyyəti əkinçilik və balıqçılıqla məşğuldur. Əsasən
çəltik, qarğıdalı, pambıq, çay, küncüt və s. becərirlər. Çaylarında qumlaqçı, çəkibalığı, xanı balığı və s. var.
Vyetnam ərazisində Alt Paleolitə aid arxeoloji mədəniyyət aşkar olunmuşdur. Ən qədim Vyetnam dövləti
Vanlanq vyetnamlıların tayfa birliyi əsasında e.ə. I minillkdə yaranmışdır. E.ə. 257-ci ildə ölkənin şimalında
Aulak dövləti formalaşdı. Aulak dövləti e.ə. IV-III əsrlərdə yaranmış Vanlanq dövlətinin, e.ə. 207-ci ildə auvet
tayfalarının birləşməsindən sonra yaranıb. Aulak dövlətindən başqa e.ə. III əsrin II yarısında Nambyet adlı
dövlət də mövcud olmuşdur. Nambet dövləti daha sonralar Aulak dövləti ilə birləşir. Nambet dövlətinin
sərhədləri indiki Şimali Vyetnamın, qismən də cənubi Çinin ərazilərini əhatə etmişdir. E.ə. 111-ci ildə dövlətin
ərazisini Qərbi Xan imperiyası kimi tanınan Çin işğal etmişdi. Çin feodallarının çoxəsrlik istismarına baxmaya-
raq vyetnamlılar dillərini qoruyub saxlamışlar. E.ə. III-II əsrlərdə dini-mifoloji görüşlərdən politeist sistem
formalaşmışdı. Eramızın ilk əsrlərindən Vyetnama Hindistan və Çindən dini və fəlsəfi cərəyanlar: buddizm
fəlsəfəsi və konfusiçilik yayılmağa başladı. Bunların birləşməsindən Çin daosizmindən kəskin surətdə fərqlənən
daosizmin mistik görüşlər kompleksi yarandı.
Vyetnam ərazisindəki qədim sənət nümunələri e.ə. I əsrə aiddir. Vyetnam incəsənətinin çiçəklənmə dövrü
Puatra dövlətinin yaranması ilə əlaqədardır. Bu, I minilliyin ortalarına təsadüf edir. Puatra kimi tanınan Mərkəzi
Vyetnam incəsənətinə Hindistan, müəyyən dərəcədə isə Khmer mədəniyyətinin təsiri olmuşdur.
2.1.13. Şimali Amerika xalqlarının mədəniyyəti
Amerika mədəniyyəti haqqında ilkin təsəvvürlər adətən müasir mədəni nailiyyətlərlə əlaqədar olsa da bu
ölkənin qədim və orta əsrlərini əhatə edən bir sivilizasiya mövcud olmuşdur.
28-30 min il əvvəl ilk dəfə olaraq müasir tipli insanlar Alyaska və Çukotka arasındakı Beringiya adlanan
quru körpüdə məskunlaşmışlar. Məhz bu dövrdən Amerika mədəniyyətinin tarixi başlayır.
Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid, yaxud protoa-
siya qrupuna mənsub olmuş Altay, finuqor, Tibet xalqlarına daha yaxındırlar. Özünün təsdiqini tapmış bu
fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslandırılmaqdadır.
Avropalılar tərəfindən Amerika qitəsinin kəşfi və işğalı digər çoxsaylı xalqların həmin ərazidə
məskunlaşması ilə nəticələndi. Bunların ümumi sayı təxminən 15-20 milyona bərabər idi. İlk dəniz
səyyahlarının səhvən Hindistan torpağı kimi başa düşdükləri bu qitənin sakinləri XVI əsrdən «hindular»
adlandırılmağa başladı. Bu dövrdə qitənin müxtəlif hissələrində məskunlaşmış sakinlərin inkişaf səviyyəsi bir-
birindən fərqli idi.
Qitənin şimal hissəsində məskunlaşmış tayfa və xalqlar ibtidai yaşayış səviyyəsində idi. Texas, Nevad,
Kaliforniyada (Lyüisvill, Tyul-Sprinqs, Santa-Ros adası), Sandia rayonunda (b.e.ə. 25-15-ci minillik) od və Daş
silahları ilə davranmağı bacaran yığıcılıq və ovçuluqla məşğul olanların düşərgələri tapılmışdır. Arizon və Nyü-
Meksikoda tapılmış ilk kənd təsərrüfatı qəsəbələrinin tarixinin b.e.ə. VII-VI minilliyə aid olması sübuta yetirilir.
XVI əsrdə Şimali Amerika xalqlarının inkişaf səviyyəsi yekcins deyildi: ibtidai icma cəmiyyətinin ayrı-ayrı
inkişaf səviyyələrində yaşayan bu xalqları məskunlaşdıqları yerlərə, ərazilərə görə bir neçə qrupa bölmək olar:
birinciyə Arktika zonasına aid ovçu və balıqçılar – aleut və eskimoslar (hinduca: çiy ət yeyən) daxil idi.
Bu ərazidə yaşayanların başlıca məqsədi yaşamaq üçün mübarizə aparmaq idi. Bu məqsədin
reallaşdırılmasına yönəldilmiş özünəməxsus təsərrüfat-mədəni tip formalaşmışdı. Bu tip mürəkkəb iqlim
şəraitinə uyğun təşəkkül taparaq dəniz heyvanlarının, maral, sığın, quşların ovlanması, balıqçılıq, meyvə və
müxtəlif ot bitkilərinin yığılması kimi peşələrdə təzahür edirdi.
Dəri və ya qabıqla örtülmüş yaşayış yerləri yayda, iqlular (buz komalar) isə qışda sakinləri soyuqdan və
pis havadan qoruyurdu. İki laydan ibarət dəri geyim (geyimin içi və səthi dəridən ibarət olur). Dəridən tikilmiş
uzunboğaz çəkmələr, balıq dərisindən plaşlar, tozağacından şlyapalar arktika adamının geyimi idi. Bu ərazinin
sakinləri bədii yaradıcılığa da biganə deyildilər. Bu yaradıcılıq mahnı, rəqs, ağac üzərindəki oyma, geyim
ornamentlərində və s. təzahür tapırdı.
133
Arktika qrupuna Kanadanın şimali meşəlik hissələrinin və Sakit okean sakillərinin şimali-qərb
hissəsindəki sakinləri (tlinkit, xayda və s.) də aid edilirdi. Burada məskunlaşmışların həyat tərzi ilə əvvəlkilərin
müəyyən yaxınlığı da var idi: məşğuliyyət növü, istifadə edilən əmək alətləri (yay-kaman, ox, harpun, tələ, balıq
tutmaq üçün xüsusi çəngəl aləti), yaşayış məskənlər və s. Alqonkinlərin karkası ağacdan, üzəri tozağacı qabığı
və ya dərilə örtülən konus formalı tikililəri də (viqvamlar) mühüm yer tuturdu.
Hindular qış mövsümü üçün dəridən, yay üçün isə zamşdan (yumşaq maral dərisi) geyimlər
hazırlayırdılar. Əsas geyim köynək (kişilər üçün dizdən aşağı, qadınlar üçün topuğa qədər) və tuman hesab edi-
lirdi. Bu geyimlər mokasina adlanan çəkmələrlə geyilirdi. Başı və əlləri qışda soyuqdan, yayda isə,
həşəratlardan qorumaq üçün kapyuşon adlı üst geyim ilə örtürdülər. Şimal-qərb rayonlarının sakinləri dəridən
hazırlanmış geyimlərə dağ keçilərinin yunundan istehsal olunmuş parçalar da əlavə edirdi. Tlinkitlərin parçadan
xüsusi naxışlarla bəzədilmiş çiyinlikləri fəxr hesab edilirdi.
Geyimlər saçaqlarla, maral tükləri, dəniz balıqqulaqlarından hazırlanmış rəngarəng naxışlarla bəzədilirdi.
Meşə hinduları nadir balıq sümüklərindən düzəldilmiş boyunbağıları, molyuskadan çıxarılmış çəhrayı və yaşıl
incilərdən ibarət sırğaları, sidr ağacının təmizlənmiş köklərinin hörüklərindən, tülkü quyruğu və qartal
lələklərindən hazırlanmış baş örtüklərini istifadə edirdilər. Onlar öz sifət və bədənlərini tatuirovka ilə
bəzəyirdilər. Zəngin qadınlar alt dodaqlarından ziynət əşyası taxırdılar ki, bu qeyri-adi şəkildə zərif və incə
görünürdü.
Qeyd etmək lazımdır ki, bu xalq ağac üzərində işləmə sahəsində şöhrət tapmışdır. Belə ki, onlar ağacdan
müxtəlif məişət ləvazimatları (qaşıq, qablar, boşqab), rituallar üçün əşyalar – qalxan, döyüşlər üçün dəbilqə-
maska, şamanlar üçün əsa, totem maska və dirəklər hazırlayırdılar. Bunlar sehrə malik olan müqəddəs əşyalar
kimi dərk olunurdu. Dəbilqə insanın daxili, mənəvi gücü, şəxsi ləyaqətinin təzahürü kimi başa düşülürdü. Qal-
xan öz sahibinə xoşbəxtlik və müvəffəqiyyət gətirən qüvvə kimi dərk edilirdisə, şamanın əsası ona ruhi aləmə
daxil olmaq üçün qüvvə gətirir və bu əşya vasitəsilə ruhları çağırmaq mümkün idi. Maska əcdad və ya
fövqəltəbii qüvvələrin təzahürü kimi dərk edilirdi.
Müxtəlif heyvanların rəmzi fiqurları tayfanın totemləri hesab edilirdi. Çox zaman bu fiqurların incə və
zərif işlənməsi, bəzədilməsi yüksək bədii səviyyə ilə izah edilir. Qumdaşından hazırlanmış yonucu alət və akula
dərisinin hissələrindən polirovka zamanı istifadə olunurdu.
Tlinkitlər qurğuşundan müxtəlif bəzək və ziynət əşyalarının hazırlanmasında məşhur idilər. Soyuq döymə
üslubunu tətbiq edərək ustalar sırğa, üzük, qolbaq, boyunbağı kimi əşyalar düzəldirdilər. Şimali Kanada, Sakit
okean sahillərinin şimalında məskunlaşmış sakinlər qəbilə inkişafı səviyyəsində olduğu halda şimal-qərb
hinduları artıq quldarlıq çağında idilər.
Kaliforniya hindularına şoşon, penut, xoka, yeukilər və d. aid idi. Bu tayfalar ya rütubətli və yumşaq, ya
da isti və quru iqlimi olan meşə rayonlarında məskunlaşmışlar. Onların başlıca məşğuliyyəti – qoz, meyvə,
yabanı bitkilərin toxum və köklərinin yığımı idi. Ovçuluq və balıqçılıq bu yığıcılıq işini tamamlayırdı. Qida
axtarışı ailələrin köçəri həyat sürməsinə əsas səbəb idi. Ağac budaqları və otlardan hörülmüş örtüklər bu
insanları günəş şüalarından, qazma komalar isə qış küləyindən qoruyurdu. Hər bir düşərgənin əsas tərkib
hissələrini hamam, buxarxana təşkil edirdi.
Dulusçuluq sənətinə yiyələnmədən, kaliforniyalılar spiralvari toxumanın qədim texnikasını tətbiq edərək
çox gözəl səbətlər hörürdülər. Söyüdağacının köklərindən sındırılmış çubuqlarını və ya qırmızı ağacın
budaqlarını təmizləyərək hörmə formasına salınaraq sümük və ya taxta iynələr ilə tikilirdi. Bunları qəhvəyi-
qırmızı və ağ rənglərin vəhdətilə ikirəngli ornamentlərlə bəzəyirdilər. Toxunma o qədər sıx və möhkəm idi ki,
hətta suyu belə özünə buraxmırdı. Bu cür səbətlərdə hətta qida hazırlanırdı. Od üzərində möhkəm qızdırılmış
daşlar içi su ilə dolu səbətlərə xüsusi maqqaşlarla qoyulurdu. Soyumuş daşları yeniləri ilə əvəz edirdilər. Məhz
bu cəhətə görə kaliforniyalıları «daşbişirənlər» də adlandırırdılar. Kaliforniyalı hindular tikişi bacarmadıqlarına
görə çox yüngül geyinirdilər: kişilər maral dərisindən hazırlanmış yan sarğılardan, qadınlar isə ağac qabığı,
lifindən qısa yubkalar geyinirdilər. Yalnız ağsaqqallar, xüsusi hallarda quşlələklərindən hazırlanmış plaşlar
geyinmək hüququna malik idilər. Kaliforniyalı hindular Şimali Amerikanın qədim sakinlərinin daha primitiv
qrupuna məxsus idilər.
Şimali Amerikanın şərq vilayətlərində yaşayan irokez, delavarlar, magikan, mosgen tayfaları Missisipidən
başlamış Atlantik okeanına qədərki meşəliklərdə məskunlaşmışlar. Onlar oturaq həyat tərzi keçirirdilər. Bu tay-
falar ovçuluq, balıqçılıq, yığıcılıq məşğuliyyəti ilə yanaşı, kərkiçiliklə də (bostançılıq) məşğul olurdular. Qitədə
torpaq təsərrüfatının təşəkkülü hələ b.e.ə. 6500-1500-cü illərdə baş vermişdir. Təsərrüfatçılar lobya, yunan
qabağı, qarğıdalı, günəşəbaxan, balqabağ, qarpız yetişdirməklə məşğul olurdular. Onların qidasına yırtıcılar is-
tisna olmaqla digər vəhşi heyvanların əti, meşənin yeməli bitkiləri və s. daxil idi. Sevimli şirniyyat növləri
ağcaqayın şirəsindəki patka (tam şəkərləşməmiş nişastadan ibarət qəliz maddə) və şəkər idi. Bunlardan
kefləndirici içkilər hazırlanırdı. Qoz və ayı yağı kimi məhsullardan da istifadə olunurdu.
Şərq vilayətlərin sakinləri sənətkarlıqları ilə şöhrət tapmışdılar: lələklər, hörmə, dulusçuluq, toxuculuqla
məşğul olan sənətkarlar başlıca yer tuturdu. Parçaları sənətkarlar gicitkən, oduncaq qabığı, hind toyuğunun
lələkləri və ya tükündən hazırlayırdılar. Ən maraqlısı isə bu sənətkarların tozağacının qabığı ilə işləmək ustalığı
134
idi. Bundan səbət, maye məhsullarını saxlamaq üçün xüsusi qablar, mücrülər hazırlamaqla yanaşı, kanoe
(yüngül idman qayığı) və kağız da istehsal olunurdu. Məhsullar üzərinə həkk olunmuş piktoqrafik yazılar
yazının təşəkkülündən xəbər verir. Bu cür yazı xronikasına «gerçək rəngkarlıq» mənasını verən «Valam olum»
yazısı aiddir. Mürəkkəb informasiya verən əşyalardan biri də vampum adlanan bel toqqaları idi. Bu toqqalar
qiymətli, dəyərli mal sayılırdı. Toqqanın xüsusi məsamələrində rəsmi sənədlər qeydə alınırdı. Belə sənədlərdən
biri 1682-ci ildə hindular ilə Şimali Amerikada ingilis müstəmləkəsinin əsasını qoyan Vilyam Pennon ilə torpaq
haqqındakı saziş idi ki, bu indiyə qədər saxlanılmaqdadır.
Ərazinin qonaqpərvər və əliaçıq əkinçiləri yeri gələndə irokezlər Liqasına uyğun intizam və nizamlı,
məğlub edilməz əsgərlərdən ibarət bir ordu yarada bilərdilər. Onlar özlərini «uzun evin adamları»
adlandırırdılar. Çünki irokezlər 100 adamı tutan və çox otaqdan ibarət qabıqdan tikilmiş evlərdə yaşayırdılar.
Amerikalılar irokezlərlə fəxr edirdilər.
Bu tayfalarda qadının cəmiyyətdəki rolu və statusuna yüksək qiymət verilirdi, xüsusilə, qadının ana
olması ən şərəfli hadisə kimi dəyərləndirilirdi. Qadını təhqir və ya töhmət etmək, təbiətin, həyatın özünə qarşı
çıxış etmək kimi qarşılanırdı. Ona görə də ailədə əsas icraçı sima qadın hesab edilirdi. Məhz icraçı qadın və ana-
lar şurası qəbilənin hərbi ağsaqqalını seçirdi. Birlikdə onlar tayfanın şurasını təşkil edirdilər.
Şimali Amerikada məskunlaşmış Böyük Düzənlik (preriya, yəni çöl, düz) hinduları – appaçilər, navaxo,
komançe və digərlər avropalıların yaddaşına canilər kimi həkk olunmuşdur. Xüsusilə onların döyüş zamanı
sifətlərinin rənglənməsi, əllərində saçı ilə birgə insanın baş dərisinin çıxarılması onların qəddar olması
təsəvvürünü yaradırdı.
Preriya sakinlərinin piylə qarışdırılmış boyalardan hazırlanmış qarışığın dəriyə çəkilməsi adətən çox geniş
yayılmışdı. Bu təkcə insanın bəzədilməsini deyil, həm də qoruyuculuq funksiyasını yerinə yetirirdi. Rənglərə
boyanmış bədən guya müvəffəqiyyət qazana biləcəyi inamı təlqin edir, digər tərəfdən isə, bədən zəhərli
təsirlərdən qorunurdu. Bu həm də hindunun qəbiləsi, tayfası, sosial mənsubiyyəti, habelə şəxsi keyfiyyətləri
haqqında da məlumat verirdi. Hərbi rənglənmə döyüş zamanı həm düşməni, həm də bəd, şər ruhları qorxutmaq
məqsədinə qulluq edirdi. Qırmızı rəngə daha çox üstünlük verildiyindən hindular «qırmızıdərilər» kimi də
adlandırılır.
Döyüş zamanı bu hinduların düşmənin saçı ilə baş dərisinin soyulub ələ götürülməsi hərbi vuruşun əsas
məqamlarından hesab edilirdi. Hinduların təsəvvürünə görə düşmənin saçı ilə birgə baş dərisinin soyulması ma-
gik qüvvəyə, sehrə malik idi. Bununla guya onlar özlərinə sağlamlıq, mənəvi ruh və güc qazanırdılar. Qətlə
yetirilmiş düşmən nə qədər güclü, qiymətli olarsa, magik, sehrli qüvvə də bir o qədər dəyərli, güclü hesab edi-
lirdi.
İnsan ovu hərbi dövrü səciyyəvi xüsusiyyətlərindən hesab edilirdi. Adi günlərdə preriya hinduları bizon
ovlayır, əkinçilik və sənətkarlıqla məşğul olmur, adətən heyvan sürülərinin ardınca gedərək, əldə etdikləri
qənimətləri itlər üzərində daşıyırdılar. Bu hindular ovu əllərilə ox-kaman, nizə ilə piyada həyata keçirirdilər.
Bizonları ayaqdan vurmaq vacib sayılırdı. Bu cür ov çox çətin, təhlükəli olsa da, ondan əldə edilən qənimət bir o
qədər dəyərli idi. Belə ki, bizonlar qida ilə yanaşı, piyindən yanacaq, dərisindən geyim, səyyar ev, qayıqlar
hazırlanmasına görə çox qiymətli ov məhsulu idi.
Köçəri ovçuluq məişəti ilə yanaşı salnaməçilik də özünəməxsus şəkildə təşəkkül tapmışdır. Dəri üzərində
çəkilmiş təsvirlər il ərzində görülmüş işlərin, baş vermiş hadisələrin hesabatını xatırladırdı. Rəmzlərdən geniş
istifadə olunur, təsviri sənət inkişaf etməyə başlayırdı. Dəri üzərində toxuma, onun rənglənməsi əsas sənət
sahəsi hesab edilirdi.
Regionun əhalisinin dini heykəltəraşlıq nümunələrinə papiros qəlyanlarını aid etmək olar. Bunlar müxtəlif
ölçü və formada hazırlanaraq ritual xarakteri kəsb edirdi. Bu haqda, hətta belə bir əfsanə də mövcud idi ki, guya
qəlyan insanlara ildırım vasitəsilə verilib ki, onlar bundan müqəddəs ruhların çağırılmasında istifadə etməklə
özləri ilə həmin qüvvələr arasında əlaqə yarada bilsinlər. Ona görə də qəlyan həm müdafiə, həm də ruhların
rəmzi hesab edilirdi. O, öz qüvvə və enerjisi ilə insanları mühafizə və müdafiə edirdi. Onun adı elə belə də
adlanırdı – Sülh Qəlyanı. Bu əşyaya sahib olanlar bütün hindu tayfalarının dostu hesab edilirdi və qəbilələri
səyahət etmək səlahiyyətinə malik idi.
ABŞ-ın cənub-qərb hissəsinin şimalında məskunlaşan sonuncu sakinləri qrupunu pueblo adlandırırdılar.
Bu söz ispanca «əhali», «xalq» mənasını verir. Bunlara zuni, xoxokam, xöpi və d. daxil idi. Həmin qrupun
məskunlaşdığı vilayət və tikililər də Pueblo adlandırılırdı.
Pueblolar minə yaxın insanı əhatə edə bilən çoxsaylı tipik ailələr üçün yaşayış yerləri idi. Xaricdən şaquli
divar, daxili divardan isə, amfiteatrı xatırladan pillələr yaşayış yerləri təsəvvürü verən bağlı həyat mənzərəsini
yaradırdı. Puebloların hamısında torpaq və ovçuluq təsərrüfatları mövcud idi. Buradakı insanlar öz mühəndis və
aqronomları ilə məşhur idilər. Bu hinduların zəhməti nəticəsində bütün səhralar gülzara çevrilir, balqabaq,
pambıq, qarğıdalı, lobya kimi məhsullar yetişdirilirdi. Tüklərindən bəzək, müxtəlif adət-ənənələrdə istifadə üçün
nəzərdə tutulan ev heyvanlarından it və hind toyuğu da saxlanılırdı.
Cənub-qərbin sakinləri yaxşı təsərrüfatçı, inşaatçı olmaqla yanaşı, əvəzsiz sənətkarlar idi. Xüsusilə bu
sənətkarların dulusçuluq məhsulları öz bədii dəyərinə görə regionun ən gözəl sənət nümunələri idi. Bu
135
nümunələr çəhrayı, sarı, açıq sarı rəngə boyanmış çox zərif və incə formalı, gözəl təsvirə malik, müxtəlif, antro-
po və zoomorf fiqurlarla bəzədilmiş məhsullar idi. Bu dulusçuluq nümunələrinin Qədim Şərq və Avropa
sənətkarlarının hazırladıqları məhsullarla müəyyən oxşarlığı hiss olunmaqda idi. Yüksək səviyyədə hazırlanmış
bu gil məhsullar insanlardan yüksək peşəkarlıq və sənətkarlıq tələb edirdi. Bunların istehsalı həm də çox vaxt
tələb edirdi. Hazırlanmış bu nümunələr təkcə məişət əşyaları deyildi, burada hinduların fəlsəfi dünyagörüşü və
təsəvvürləri öz təzahürünü tapırdı. Bu əşyaların bəzədilməsində Kosmosun təsviri qədim hinduların həyat
haqqında düşüncələrərindən xəbər verirdi. Hindular bu mənada dulusçuluğu Dünyanı yaradanın - Allahın sənəti
kimi dəyərləndirir və peşəyə xüsusi məhəbbətlə yanaşırdılar.
Pueblolar arasında toxuculuq sənəti də populyarlıq əldə etmişdi. Onların hazırladıqları örtüklər,
çiyinliklər, toqqa, döş önlükləri, yubkalar indiyə qədər şöhrətini itirməmişdir.
Cənub-qərb hinduları cəmiyyətində ana xətti üstünlük təşkil edirdi. Lakin buna baxmayaraq ailə başçısı
ata hesab edilirdi.
Şimali Amerika hindularının müxtəlif həyat tərzi bir-birindən fərqlənən dini görüşlərin formalaşmasına
təsir göstərmişdir: köhnə ovçuluq dinləri və yeni əkinçilik dinləri.
Birinci dini təsəvvürlərdə hindu ovçuluq üçün ona zəruri olan kömək və müdafiəni fövqəltəbii qüvvələrdə
təkbaşına axtarırdı. Yalnız qeyri-adi, ekstremal hallarda hindu təbibə, kollektiv ritualın köməyinə müraciət edir-
di. Aqrar cəmiyyətlərdə isə, əksinə, fərdiçilik deyil, kollektivizim, ritualizm aparıcı xətt kimi təzahür tapmışdır.
Nailiyyət ümumi tayfa üzvlərinin birgə səyi ilə qazanılırdı.
Məişət və ritual tərzinin müxtəlifliyinə baxmayaraq hinduların birləşməsi üçün müəyyən əsas mövcud idi.
Bu əsas İlahi Təbiət, allah və insanların birliyi, bütün canlı və cansızların yaradıcısı olan ilahi köklərin olması
ilə izah edilirdi. İnsanın vəzifəsi gözəllik və nizamı pozmamaq şərtilə yeni bir sivilizasiya yaratmaqdır.
Hinduların inamlarına görə Kainat üç əsas təbəqədən ibarətdir: ali təbəqə – səmavi; alt təbəqə – yeraltı;
orta təbəqə – yer üstü. Bu təbəqələri birləşdirən Dünya Ağacı kosmos modeli və əlaqə rəmzidir. Onun kökləri
cəhənnəmə gedir, çətirləri səmayə çatır, gövdəsi onları birləşdirərək eyni vaxtda insan dünyasını təmsil edir.
Kainatın bütün təbəqələri mərkəzdə yerləşən fövqəlallah fiqurunun ətrafında düzülmüşlər. Bunu çox za-
man «Naş Ata» adlandırırlar. Qeyd etmək lazımdır ki, ayrı-ayrı tayfa və xalqlarda bu ayrı adla da çağrılır
(Məsələn, şoşonlar Tam Apo, lakotasiular Yakan Tanka, zunilər Auonavilon və s. adlandırırlar.)
Ali varlıq öz gücünü ulduz, ay, günəş vasitəsilə ifadə etmək qüdrətinə malik idi. Bu varlıq dünyanı, insanı
yaratmış, kainatı idarə etməklə, ilbəil onu təzələyir. Onun yanında həyatın davamına, gedişinə kömək edən digər
allahlar da mövcuddur: Günəş-Ata, Ay-Ana, Yer-Ana, həmçinin Şimşək, Yağış, Külək allahları və s. Bunlar
həm xeyir, həm də şər işlər törətməyə qadirdir.
Həmçinin insana yaxın olan çox sayda digər ilahi ruhlar da mövcuddur. Onlar müxtəlif formalara
girməklə, müxtəlif xeyir və şər qüvvələrə malik ola bilirlər. Onlar Yerin hər tərəfində məskunlaşmışlar. Onların
daha çox məskunlaşdıqları məkan dağlar, sular, meşələr, geyzerlər və s. idi. Hinduların ətrafında daim ölən
hinduların kölgələri fırlanır. Bütün bu dediklərimiz qədim hinduların Kainat haqqındakı dini görüş və
inamlarıdır.
Fövqəltəbii qüvvələrin dünyası insanı daim həyat yollarında müşayiət edir, onlar insanlara müxtəlif
yerlərdə istənilən zaman kömək etməyə hazır idilər. Bu qüvvələrlə hinduların əlaqələrinin, münasibətlərin
yaranmasında dualı lələklər, qırmızı söyüd ağacından hazırlanmış dualı əsalar mühüm yer tutur. Adətən onu
əldə saxlayıb sehrli sözləri ifadə etməklə yerə sancırlar.
Hindu tayfalarının həyatında şamanlar xüsusi rol oynayırdı. Onlar kahin, həkim, filosof, təbib, ekstrasens,
cadugər funksiyalarını yerinə yetirirdilər. Şamanlar şəxsi arzularından çıxış edərək müəyyən üsulları yerinə
yetirməklə (qarğışlar oxumaqla, təbil, tütək çalmaqla, rəqs etməklə) özünü ruhlarla əlaqəli olan xüsusi ruhi
aləmə gətirir. Bunların vasitəsilə şaman gizli aləmə daxil olaraq başqalarına kömək etmək üçün biliklər əldə
edir. Bu «fəaliyyət» çox qorxulu bir hadisə hesab edilirdi, çünki magik qüvvələrlə qeyri-düzgün rəftar, ruhlarla
düşünülməmiş münasibət xəstəliklə, hətta ölümlə də nəticələnə bilərdi.
Hinduların dünyagörüşlərində yaranmış haqqındakı əsatir başlıca yer tuturdu. Bu əsatirdə nəql olunur ki,
bir dəfə Ata-Səma (və ya Ata-Günəş) ibtidai dünyaya dumanlar içərisindən gəlmiş və Ana-Yer ilə yaşamağa
başlamışdı. Nəticədə – Yerin ən dərin qatında həyatın başlancığı qoyulur. Bu, müəyyən dərəcədə insan mənşəli
varlıqlar idi. Səma övladları insanları işıqlı dünyaya gətirənə qədər dünya boş idi. İnsan mənşəyindən olanlar
bir-birini dərk etməyə başlayırlar. Daha sonra planetin ibtidai sakinlərinin bir çoxu heyvan və quşlara çevrilir.
Ancaq insanlar özlərinin ilkin simalarını saxlayırlar.
Qədim hinduların həyatında totemlər aparıcı həyat vasitəsi hesab edilirdi. Belə ki, bu tayfalar heyvan və
quş aləmini dərindən sevir və onları öz hərəkət və geyimlərində təqlid edirdilər: özlərini quş tükü və lələkləri ilə,
heyvan quyruqları ilə bəzəyir, onların hərəkətlərini rəqslərlə ifadə etməyə çalışırdılar. Belə hesab olunurdu ki,
onlar magik xüsusiyyətlərə, qüvvəyə yiyələnirlər. Belə ki, ayı daxili güc, dovşan nailiyyət, bayquş sehr, ilan
primitiv enerji, maral qaçış zaman cəldlik bəxş edir. Hər bir qəbilə kollektivinin onu himayə edən heyvanı var
idi. Ona görə də Bəbir, Şahin, Bizon qəbilələri adı altında qruplar mövcud idi. Bu heyvanlar qohum kimi dərk
136
olunaraq totemlər adlandırılırdılar. Onların şərəfinə bayram, təntənələr qeyd olunur, müxtəlif ifalar həyata
keçirirdilər.
Hinduların dünyagörüşündə həyatın inkişafı üç mühüm komponentin – təbiət, insan və fövqəltəbii
qüvvələrin nisbətindən doğur. Bu işdə müqəddəs görüntülərə başlıca yer verilirdi. Bunun baş verməsinə kömək
edən bir çox vasitələrdən - psixi təsiredici bitkilərdən, məsələn, kaktusun kiçik növləri olan meskal və peyotdan
istifadə olunurdu. Bu bitkilər Texas və Meksika ştatında bitirdi. Guya bu bitki insanı ruhi aləmə daxil olmağa və
öz himayəçi ruhunu görməyə kömək edir. Belə hesab edilirdi ki, əgər ruh kiminsə gözünə görünüb, onunla
danışırsa, deməli, ruh həmin adama himayədarlıq etmək istəyir. Ruh özünəxas keyfiyyətləri himayəyə
götürdüyü şəxsə ötürür, onu öz mahnı və rəqsləri ilə təmrin etdirir.
Şimali Amerika hinduları qəti əmin idilər ki, kimin himayəçi ruhu yoxdur, deməli, o kəs həyatda
müvəffəqiyyətdən məhrumdur.
Yuxarıda qeyd etdiyimiz kimi, Şimali Amerika hindularının dünya haqqındakı düşüncə və təsəvvürləri
əsatir və əfsanələrdə öz əksini tapmışdır. Elə bir təbiət qüvvəsi yox idi ki, o öz poetik təcəssümünü tapmasın.
Hinduların təbiətə olan incə və həssas duyğulu hissləri elə buradan başlayırdı.
Əsatir və əfsanələrdə nəqletmə dili elə hinduların mənəvi aləmləri kimi zəngin və obrazlı idi. Mətnlərdə
«Məhəbbət», «Sevgi» sözlərinin tez-tez işlənilməsi onların daxili zənginliyindən xəbər verir. Poetik
nümunələrdə sədaqət, məhəbbət, sevgi aparıcı ideya, bədii motiv rolu oynayırdı. Qızın valideynlərinə
sədaqətindən danışan «Boz rəngli alaqapı», ata borcundan bəhs edən «Sivaş qayası», qadın sədaqətindən bəhs
edən «Yeddi ağ qu quşu» əfsanələrinin adlarını çəkmək olar.
Hindu xurafat ədəbiyyatı xüsusilə böyük maraq doğurur. İnsan qəlbinə təsir edən xeyir və şərin nağılından
bəhs edən əsərlər də çox maraqlıdır. Bu əsərlərdə ədalətlik qanunlarına, əsasən kafir, qəddar, qaniçən insanlar
Daşa çevrilir, məhəbbət, xeyirxahlıq isə, əbədi yaşayaraq insanlara gözəllik bəxş edir. «Stenli-Parkdan olan
cadugər» adlı əfsanə, məhz belələrindəndir. Xeyirxahlıq hindular tərəfindən ləyaqət, comərdlik timsalı kimi
dərk edilirdi. Hinduların düşüncəsinə görə, dünyadakı hər şey xeyirxah insanların ixtiyarındadır.
Əfsanələrdə nifrət doğuran bir çox insan keyfiyyətləri – tamahkarlıq, acgözlük, xəsislik də ifşa edilir.
Məsələn, irokez tayfalarında yeməyin qonşuda deyil, öz evində olması eyib sayılan əxlaqi normalardan biri he-
sab edilirdi. Hindu əxlaqına görə asan, zəhmətsiz qazanc, gəlir ən mənfi mənəvi keyfiyyətdir.
Şimali Amerika hindu əfsanə və əsatirlərində qarğa obrazı sehrlənmiş insan təsəvvürünü verir. Bəzi
əsatirlərdə bu obraz, hətta yaradıcı fövqəltəbii başlanğıc kimi də təsvir olunur. Hinduların bütün nağıl, əfsanə və
əsatirlərində insan qəlbinin ən ali istək və arzuları təcəssüm olunur. Bütün bunlarla hindu xalqının gözəl
mənəviyyatı, daxili dünyası öz təzahürünü tapır.
2.1.14. Cənubi Amerika mədəniyyəti
Bəzi alimlərin fikirlərinə görə Cənubi Amerikaya insanlar artıq b.e.ə.XI-X minilliklərdə Panama
boğazından gəlmişlər. Kolumbiya çayları Kauki və Maqdolenanın axarı boyu, Ekvador sahili boyunca onlar
Mərkəzi And vilayətinə daxil olmuş, daha sonra materikin bütün ərazisinə səpələnərək b.e.ə.VIII minillikdə
Magellan boğazını əldə etmişlər. Bunu sübut edən əsas tapıntılar ovçuların düşərgə və daş silahlarının
qalıqlarıdır.
Cənubi Amerikada ibtidai insanların mədəniyyəti bir-birindən ayrı şəkildə yaşayan tayfa qruplarının
məişət və əmək fəaliyyətində təzahür edirdi. Onlar Cənubi Amerika və Odlu Torpaq rayonunun tropik
meşəlikləri və düzənliklərində məskunlaşmışlar. Hündür dağlar, böyük çaylar, təsəvvürəgəlməz düzənliklərlə
əhatələnmiş bu məkandan insanlar öz ibtidai məişətlərindən irəliyə addımlaya bilməmişlər.
Odlu Torpaq rayonu, Şərqi Braziliya, Argentina, Boliviya, Paraqvayda yaşayan tayfalar cəmiyyət və
mədəniyyətin ibtidai inkişafında idilər. Onların həyat tərzi dinamik xarakter kəsb edirdi. Başlıca məşğuliyyət
növlərinə dəniz ovu (delfin, molyuska, balıq ovu), quru ovu (meymun, tısbağa, yaquar) və yığıcıllıq, işi (qoz,
çiyələk, cücülərin yumurtaları və s.). Qədim tayfalar birlik halında yaşayırdılar. Hər bir ailənin ya öz örtüyü, ya
da yumru formada koması vardı. Qida hazırlamaq üçün xüsusi qab-qacaqdan istifadə olunurdu: məsələn,
molyuskaları balıqqulaqlarında bişirir, əti daş və kömürdə qızardır, balıq, quş və yumurtanı isə sobalarda
hazırlayırdılar.
Buranın sakinlərinin geyimi minimal idi. Səhra və meşəliklərin sakinləri lüt gəzirdilər. Təkcə kişilər
baldırlarını bağlarla bağlayırdılar. Lakin onlar bəzək-düzəyə biganə deyildilər: alt dodaqları və qulaqlarına taxta
tıxaclar vururdular.
Dostları ilə paylaş: |