§4. DÜNYA TƏSƏRRÜFATINDA YIĞIM HAQQINDA
NƏZƏRİYYƏLƏR
Bu barədə bir sıra nəzəriyyələr vardır. A.Emmanuelin kitabı çapdan çıxandan sonra müəllifin söylədiyi ideyalar barədə kəskin mübahisələr yayıldı. Radikallar onu son dərəcədə abstrakt olduğuna görə tənqid etdilər. Burada Samir Amin mühüm rol oynadı.
S.Amin mənşəcə misirli olub həyatının çox hissəsini Dakarada keçirmiş, orada 1981-ci ilə qədər Afrikada iqtisadi inkişaf və planlaşdırma işinə rəhbərlik etmiş, daha sonra Afrikanın iqtisadi və sosial inkişafının tədqiqi üzrə Şuranın birinci icraçı katibi olmuşdur. Onun kitabları Fransa, ABŞ, İngiltərə və bir sıra azad olmuş ölkələrin iri nəşriyyatlarında müntəzəm çap olunmuş çoxlu sayda kitab və məqalələrin müəllifidir. Bir çox Afrika dövlətləri və BMT-nin ixtisaslaşdırılmış təşkilatları onu dəfələrlə ekspert və məsləhətçi kimi dəvət etmişlər.
S.Amin A.Emmanuel ilə mübahisədə qeyri-ekvivalent mübadiləyə qarşı belə sadə əks tədbirlər təklif etdi: 1.İxraca vergiqoyma. Bu, inkişaf proqramını reallaşdırmaq üçün vəsait yığmağa imkan verir. 2. Daxili istehsalın diversifikasiyası, yəni manevr etməsi. Bu, xarici aləmdən asılılığı ixtisar etməyə və inkişaf etməkdə olan ölkələrin özünün təminatını yüksəltməyə səbəb olur.
Bazar mexanizminin ideallaşdırılması A.Emmanuel konsepsiyasının əsas nöqsanı kimi haqlı olaraq qeyd edilmişdir. S.Amin qeyri-ekvivalent mübadilədə inhisarların roluna diqqət yetirmiş və göstərmişdir ki, burada proporsiya xeyli dərəcədə kapitalın hərəkətilə müəyyən olunur. Həqiqətən müasir şəraitdə beynəlxalq ticarəti TMK-ların fəaliyyətindən ayrılıqda nəzərdən keçirmək olmaz. Ona görə dünya bazarında mənfəət normasının tam bərabərləşməsini güman etmək reallığa sığmır.
S.Aminin nəzərincə indiki vaxtda kapitalın beynəlxalq fəaliyyəti həlledici amildir. Onun fikrincə inhisarların mərkəzində yaradılan mərkəz və periferiyalarda əmək haqları arasında kənarlaşma imperialist burjuaziyanın diqqət mərkəzində durur. Dünya miqyasında əldə edilən izafi dəyərin çox hissəsi onların cibinə gedir.
Kapitalizm özünün yarandığı vaxtdan dünya miqyasında ekspansiya, yəni genişlənmə meylli cəhətilə xarakterizə olunur. Lakin kapitalist sisteminin qərarlaşmasilə onda asimmetrik, yəni uyğunsuz meyllər, beynəlmiləlləşmə artır, xüsusən də imperializm dövründə. S.Amin hətta xüsusi "periferiy istehsal üsulu" anlayışını işlədir. Onun başlıca cəhəti kapitalist ictimai sistemi çərçivəsində müasir texnologiyanın, yəni artan əmək məhsuldarlığının və aşağı əmək haqqı səviyyəsinin eyni zamanda mövcud olmasından ibarətdir.
Əvvəllər istehsalın texnikası primitiv qaldığı vaxtadək xarici kapital tərəfindən ona birbaşa nəzarət edilirdi. Lakin sonralar texnologiyanın güclənməsilə birbaşa, yəni S.Aminin sözü ilə desək "bilavasitə" nəzarət formalarına zərurət olmadı. Həqiqətən, hazırda inkişaf etmiş ölkələr dünya elmi-texniki potensialının 98 faizini öz əlində mərkəzləşdirir. Halbuki bunun yalnız 2 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Belə asılılıq forması S.Aminin fikrincə mülkiyyətə bilavasitə nəzarət olmasa da külli miqdarda mənfəət götürməyə imkan verir. Buna dünya ticarətinin kənd təsərrüfatı məhsullarının inkişaf etmiş, sənaye məhsullarının isə inkişaf etməkdə olan ölkələrə ixracı kimi paradoksal quruluşunun yaranması qətiyyən zidd deyildir. Əgər əvvəllər onların arasında inkişaf xətti sənaye - kənd təsərrüfatı sənayeləşmə meyarı üzrə keçirdisə, indiki vaxtda proses postsənayeləşmə, yəni mərkəzdə əmək tutumlu və mürəkkəb texnologiyalı istehsal, periferiyalarda isə sadə texnologiyaya əsaslanan standart məhsul xətti üzrə gedir.
Mübahisənin gedişində dünya əmək bazarına xeyli birtərəfli yanaşılmasına da diqqət yetirilmişdir. Xüsusən də, bir çox iştirakçıların fikrincə, mərkəz və periferiyada, əmək məhsuldarlığında və iş qüvvəsinin ödəniş dəyərində olan fərqləri daha dəqiq göstərmək, eləcə də həm inkişaf edən, həm də inkişaf etməkdə olan ölkələrdə həmin bazarın seqmentləşmə amillərini də nəzərə almaq lazımdır.
A.Emmanuelin konsepsiyasının sonrakı konkretləşməsi beynəlxalq inhisarların ekspansiyasının (yayılmasının) tədqiqi və iş qüvvəsi təhlilinin dəqiqləşdirilməsilə bağlı olmuşdur. Ş.Mişale 1976-cı ildə çapdan çıxan "Dünya kapitalizmi" kitabında tədbiq edilən texnologiya və onun xidmətedici iş qüvvəsi arasında, yəni kapital və əmək bazarları arasında qırılmaz əlaqə haqqında məsələ qoymuşdur. Transmilli şirkətlərin inkişaf etməkdə olan ölkələrdə yeni texnologiya yerdəyişmələri yalnız iqtisadi mühit yaratmır; həm də müəyyən dərəcədə beynəlxalq iqtisadi məkan ayrılığını aradan qaldırır. Kapital axınının stimulu yüksək mənfəət normasının əsası olan aşağı əmək haqqıdır. Eyni zamanda transmilli şirkətlər bu ayrılığı azaldaraq kapital tutumlu texnologiyanı tətbiq etməklə məşğulluq problemini kəskinləşdirir.
Transmilli şirkətlər periferiy cəmiyyətlərin təsərrüfat quruluşunda filiallar "yetişdirməklə" onların mərkəzdən asılılığını gücləndirir, onları dünya kapitalist təsərrüfatının tabeli hissəsinə çevirir. Transmilli şirkətlərin təsiri altında həyata keçirilən sənayeləşmə prosesi eybəcər formalar alır. Q.Zingerin ədalətli hesab etdiyi kimi hər cür sənayeləşmə ölkəni gerilik və asılılıqdan çıxarmağa qabil deyil. Müasir iqtisadiyyatın meyli hər şeydən əvvəl cəmiyyətin imkanlı təbəqələri üçün əmtəələr istehsalına yönəldilmişdir. Onların zövqü, vərdişləri isə təmtəraqlı istehlakın təsiri altında formalaşmışdır.
F.Aydalo "Məkan dinamikası və qeyri-ekvivalent inkişaf" kitabında A.Emmanuelin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əməyin eyniliyi haqqında fərziyyəsini də inkar edir. O göstərir ki, bu sahədə müxtəlifliyin səbəbi əmək ehtiyatlarının təkrar istehsalı xərclərindəki olan fərqlərdir. F.Aydalo həmin əsərində müxtəlif regionlarda təhsilin, ixtisasın və əhalinin həyat tərzinin rolu barədə daha geniş yazır. Göstərir ki, iş qüvvəsinin miqrasiyası və transmilli şirkətlərin fəaliyyəti bu uyğunsuzluğu tam aradan qaldıra bilməsə də, xeyli dərəcədə azaldır.
Belə yanaşmada transmilli şirkətlər tərəfindən istismarın məhdudlaşdırılması inkişafın şərtidir. S.Amin yazır ki, qlobalizm ideologiyasının tərəfdarları köməklik dayağına və dünya bazarında bərabərsizliyi dərinləşdirən amil kimi xarici kapitalın soxulmasına antitezis axtarırlar. O, konsepsiyasında inkişaf etməkdə olan ölkələrə öz qüvvələri üzərində kollektiv dayaq tapır. Lakin inteqrasiya vasitəsilə iqtisadi müstəqilliyə nail olunması ilk baxışdan göründüyü kimi elə də asan deyil. İş ondadır ki, inkişaf etməkdə olan ölkələrin daxili quruluşu deformasiya olub, yəni transmilli şirkətlərin mənafelərinə tabedir.
Ona görə deformasiya - asılı olmuş struktur istənilən nəticəni verə bilməz; yalnız "lyumpen-inkişaf" təkrar istehsal edə bilər. S.Amin sosializmin tərəfində dururdu. Lakin o, SSRİ-də qurulmuş sosializmin deyil, Şərqi Avropa ölkələrindəki sosializmə rəğbət bəsləyirdi. Belə real sosializmi o, "kapitalistsiz kapitalizm", "dövlət kapitalizmi", "dövlətlə idarə olunan istehsal üsulu" adlandırırdı.
Dostları ilə paylaş: |