XVIII FƏSİL
BEYNƏLXALQ İQTİSADİ HÜQUQ
Beynəlxalq iqtisadi hüququn anlayışı
Beynəlxalq iqtisadi hüquq - beynəlxalq ümumi hüququn bir sahəsi kimi, dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında iqtisadi münasibətləri nizama salır.
Beynəlxalq iqtisadi münasibətlər sistemi öz subyekt tərkibinə görə müxtəlif cür münasibətlərdən ibarətdir və bu faktın özü müxtəlif hüquqi nizamasalma metod və vasitələrinin tətbiqini şərtləndirir. Bu münasibətlərin iki səviyyəsi mövcuddur: birincisi, dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı (məsələn, dövlətlər və beynəlxalq təşkilatlar arasında) münasibətlər; ikincisi, ayrı-ayrı dövlətlərin fiziki və hüquqi şəxsləri arasındakı münasibətlər (buraya habelə dövlətlə başqa bir dövlətin fiziki və ya hüquqi şəxsləri arasındakı münasibətlər də daxildir.). Beynəlxalq iqtisadi hüquq yalnız birinci səviyyədə olan münasibətləri - dövlətlərarası iqtisadi münasibətləri nizama salır. Dövlətlər beynəlxalq iqtisadi əlaqələrin həyata keçirilməsi üçün hüquqi əsaslar müəyyən edirlər. Əlbəttə ki, beynəlxalq iqtisadi əlaqələrin əsas hissəsi ikinci səviyyədə - fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilir. Bu əlaqələr hər bir dövlətin daxili qanunvericiliyi ilə, xüsusən onun tərkib hissəsi olan beynəlxalq xüsusi hüquq vasitəsilə nizama salınır. Beynəlxalq iqtisadi hüquq bu əlaqələrə dövlət vasitəsilə, dövlətlər üzərinə müəyyən öhdəliklər qoymaq yolu ilə təsir edir.
Beynəlxalq iqtisadi hüququn nizamasalma obyekti daha bir xüsusiyyətə malikdir. Belə ki, dövlətlərarası iqtisadi münasibətlər məzmun etibarilə müxtəlif münasibətləri əhatə edir; buraya
227
ticarət, nəqliyyat, maliyyə, investisiya və digər münasibətlər aiddir. Spesifik məzmuna malik olduğuna görə, bu münasibətləri nizama salan prinsip və normalar beynəlxalq iqtisadi hüquq çərçivəsində ayrı-ayrı yarımsahələr əmələ gətirir: beynəlxalq ticarət hüququ, beynəlxalq nəqliyyat hüququ, beynəlxalq maliyyə hüququ, beynəlxalq investisiya hüququ və s. Bütün bu yarım- sahələr ümumi nizamasalma obyektinə, ümumi məqsəd və prinsiplərə malik olan vahid beynəlxalq hüquq sahəsində ~ beynəlxalq iqtisadi hüquqda birləşir.
Dostları ilə paylaş: |