Fəaliyyətin quruluşu haqqında anlayış. İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun özünəməxsus quruluşu diqqəti cəlb edir. İnsanın hər cür fəaliyyəti eyni quruluşda, eyni sistem və ardıcıllıqda həyata keçir. Başqa sözlə, bütün fəaliyyət növlərində eyni ümumi struktur komponentlər özünü göstərir. İnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluşunu təhlil etdikdə onun təxmini məzmununu təşkil edən aşagıdakı əsas elementləri, komponentləri aşkara çıxarmaq mümkün olur: fəaliyyətin motivləri, fəaliyyətin məqsədi və fəaliyyətin vasitələri. Motivlər haqqında yuxarıda qeyd etdiklərimizdən aydın olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən, yönəldən səbəblərdir. Hər cür fəaliyyət zamanı müvafiq tələbatdan doğan səbəblər bizi həmin fəaliyyətə girişməyə və bu yolla öz tələbatımızı ödəməyə yönəldir.
Məqsədəgəldikdə o, insanın fəaliyyət zamanı hansı nəticəyə nail olmağa yönəlməsidir. Son nəticə daima fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan fəaliyyəti daima dərk olunmuş məqsədləri ilə tənzim edilir. İnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat yerinə yetirməsi qarşıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə olunur.
Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düşsə də çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənirlər. Məsələn, tələbədə olmayan hər hansı bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv həm də məqsəd rolunu oynaya bilər. Lakin «psixologiya» dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaşması üçün getməsi isə motivi ola bilər.
Fəaliyyətin vasitələrinə gəldikdə o, həmin fəaliyyətin həyata keçirildiyi yollardır. Başqa sözlə insan həmin fəaliyyət zamanı qarşısına qoydugu məqsədə hansı yollarla nail olur. Şəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir.
Bütövlükdə götürüldükdə insanın hər cür fəaliyyətinin quruluşunda motiv, məqsəd, müvafiq işlər, onların icrası, qiymətləndirilməsi və nəzarət kimi mühüm komponentlər özünü göstərir. Bunları ümumiləşdirilmiş şəkildə götürmüş olsaq fəaliyyətin üç mərhələni keçdiyini söyləyə bilərik: hazırlıq, icra vəqiymətləndirilmə. Fəaliyyətin icra mərhələsində insan müvafiq işləri və hərəkətləri həyata keçirir ki, bu da həmin fəaliyyətin məzmununu, ən mühüm komponentini təşkil edir. Onlara qısa nəzər salaq.