Əxlaqi şüurun inkişafı. İlk gənclik dövründə mənlik şüuru ilə yanaşı əxlaqi şüurun inkişafında da əsaslı dəyişiklik baş verir. Bu dövr yeni əxlaq səviyyəsinə - konvensional əxlaqa keçidlə xarakterizə olunur (L.Kolberq). Psixoloqlar bu cəhəti onunla izah edirlər ki, uşaq öz inkişafı prosesində əvvəlcə əxlaqi davranışın “xarici” normalarına istinad edir. Böyüklərin onu cəzalandırmasından yaxa qurtarmaq, onlar tərəfindən rəğbətləndirilmək üçün özünü yaxşı aparır, hərəkətlərinin böyüklər tərəfindən necə qarşılanacağını əsas götürürlər. Lakin inkişafın sonrakı mərhələsində şagirdlərdə əxlaqi davranışın “xarici” norma və qaydaları daxili - əqli plana keçir. Ona görə də bu dövrdə böyük məktəblilər onlar üçün əhəmiyyətli olan adamlar tərəfindən bəyənilmək və müəyyən qaydanı gözləmək tələbatının təsiri altında özlərini yaxşı aparmağa çalışırlar. Buradan isə aydın olur ki, bu dövrdə məktəblilər hələ də xarici, formal əlamətləri əxlaqi tələblərin mənbəi kimi qavrayırlar. Tədricən psixi inkişafın yüksəlməsi ilə bağlı olaraq böyük məktəblilərdə dərkolunmuş əxlaqi prinsiplər təşəkkül tapmağa başlayır. Əxlaqi davaranış konkret şəraitin və ayrı-ayrı şəxslərin təsirindən azad olur. Oğlan və qızlar avtanom əxlaqa malik olur.
Müasir gənc oğlan və qızlarda həyatın özü əvvəlki on illiklərindən fərqli psixologiyanın formalaşmasına səbəb olmuşdur. Bununla, əlaqədar olaraq gənclərin əxlaqi-etik problemlərə münasibəti də dəyişmişdir. Bu sahədə gənclərin daha cəsarətli baxışları özünü göstərir.
Müasir gənc oğlan və qızların bir sıra əxlaqi anlayışlara münasibəti dəyişmişdir. Məsələn, «ədalətlilik» anlayışı artıq gənclər tərəfindən əvvəllər başa düşülən stereotip şəklində – «ədalətlilik odur ki, heç kimin arasında fərq qoyulmasın» şəklində qavranılmır. Müasir böyük məktəblilər ədalətliliyi «hər kəsdən imkanlarına görə və hər kəsə gördüyü işə və ya insanların ümumi rifahı üçün verdikləri real töhvəyə görə» yanaşmaqda görürlər.
Müasir gənclərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi anlayışlara münasibətləri də dəyişmişdir. Bu anlayışlar, bir tərəfdən yaş artdıqca böyük məktəblilər üçün öz əbədi romantikliyini itirir, digər tərəfdən, gənclər tamamilə real mövqeyə əsaslanır və adamların: valideynlərin, müəllimlərin, yoldaşların və dostların həqiqi hərəkətləri bundan asılı olaraq qiymətləndirilir. Bu prinsip daha aydın şəkildə böyük məktəblilərin öz müəllim və valideynlərinə münasibətlərində təzahür edir. Gənc oğlanlar və qızlar onları həmin cəhətə görə daha çox qiymətləndirir və qəlbən sevirlər. Bu hal kiçik məktəb yaşı və yeniyetməlik dövründə özünü göstərmir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, gənclik dövründə məktəblilər borc, şərəf, şəxsi qürur hissi, vicdan, təvazökarlıq kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər. Bununla belə onlar həmin anlayışların şərhi zamanı, eləcə də əxlaqi davranışı həyata keçirərkən bəzi qüsurlara yol verirlər.
Ümumiyyətlə götürdükdə, orta məktəbi qurtaran oğlan və qızların əksəriyyəti özlərini praktik olaraq əxlaqi cəhətdən formalaşmış, yetgin və kifayət qədər davamlı əxlaqa yiyələnmiş adam kimi göstərirlər. Bu isə qabiliyyətlər, motivlər və xarakter əlamətləri ilə yanaşı şəxsiyyətin dördüncü mühüm yenitörəməsi kimi özünü göstərir.