İdrak proseslərinin inkişafı. İlk gənclik dövründə idrak prosesləri inkişaf edərək yeni keyfiyyətlər kəsb edir. Bu dövrdə qavrayışın seçiciliyi və mənalılığında əsaslı dəyişiklik baş verir. Məktəblilər daha çox əhəmiyyətli, təlimin məqsədləri ilə səslənən obyektləri və materialları seçir və qavrayırlar. Nitqin və təfəkkürün inkişafı qavrayışın mənalılığını artırır. Onların qavrayışları daha çox məqsədyönəlmiş xarakter daşıyır. Məkan, zaman, hərəkət qavrayışı geniş və əhatəli olur.
Diqqət tam mənasında ixtiyari xarakterə malik olur. Böyük məktəblilər maraqlılıq dərəcəsindən asılı olmayaraq diqqətlərini onlar üçün zəruri olan obyektin üzərinə yönəldə və onun ətrafında mərkəzləşə bilirlər. Böyük məktəblilərdə diqqətin davamlılığı, mərkəzləşməsi əsaslı şəkildə yüksəlir. Bu ən çox böyük məktəblilərin hər gün məktəbdə, sinifdə, ictimai işlər zamanı yerinə yetirdikləri işlərin əhəmiyyətini dərk etmələri ilə bağlı olur. Böyük məktəblilər bəzən bütün dərs müddətində diqqətlərini onun üzərində saxlaya bilirlər. Bununla yanaşı olaraq böyük məktəblilərdə diqqətin həcmi əsaslı şəkildə genişlənir. Bu, böyük məktəblilərin öyrəndiklərini əvvəllər öyrənmiş olduqları ilə əlaqələndirə bilmək bacarığı ilə şərtlənir. Böyük məktəblilər diqqətlərini paylamaqda və keçirməkdə çətinlik çəkmirlər.
İlk gənclik yaşında hafizənin inkişafı nəzərə çarpacaq dərəcədə yüksəlir. Mənalı, məntiqi yaddasaxlama üstünlük təşkil edir. Bu dövrdə məktəblilər yaddasaxlamanın səmərəli yollarından istifadəyə geniş yer verirlər.
İlk gənclik dövründə təfəkkürün inkişafında da əsaslı yüksəliş baş verir. Bu dövrdə məktəblilərin təfəkkürü özünün müstəqilliyi, tənqidiliyi, ardıcıllığı, nəzəri və mücərrəd xarakter daşıması ilə fərqlənir. Təfəkkürün proseslərindən və formalarından yerində və düzgün istifadə etmək imkanları artır. Bütün bunlarla yanaşı bu dövrdə məktəblilərin ümumiləşdirmələrində bəzən tələsgənlik ucundan qüsurlar özünü göstərə bilir.
Təlim prosesində böyük məktəblilərdə bərpaedicitəxəyyüllə yanaşı yaradıcıtəxəyyülün inkişafı üçün də geniş imkan yaranır. Bu hal ən çox şagirdlərin yaradıcı fəaliyyətdə özünü aydın göstərir.
Bütün qeyd edilənlərlə yanaşı ilk gənclik dövründə məktəblilərdə maraq və tələbatlar, xüsusilə mənəvi tələbatlar inkişaf edir. Onlar elmin, texnikanın, cəmiyyət və onun həyat tərzinin müxtəlif sahələri ilə maraqlanmaqla yanaşı, onlarda ünsiyyətə, incəsənətə, əxlaqi davranış normalarını həyata keçirməyə mənəvi tələbatlar formalaşır.