Şəxsiyyətin özünütərbiyəsinin psixoloji əsasları. Tərbiyənin idarə olunması. Xarici və daxili idarəolunma. Özünütərbiyə və onun motivləri. Şəxsiyyətin inkişafı və özünütərbiyənin xüsusiyyətləri. Şagirdlərin özünütərbiyəsinin təşkili.
Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji əsasları. Əxlaqi şüur və əxlaqi davranışın formalaşmasının vəhdəti. Şagirdlərin kollektivdə tərbiyəsi. Kollektivin uşaq şəxsiyyətinin inkişafı üçün şərait və alət rolunu oynaması. Yüksək əxlaqi hisslərin formalaşmasında kollektivin rolu. Yeni nəslin əxlaq tərbiyəsində ailənin rolu.
“Çətin” uşaqlar və onlarla aparılan işin xüsusiyyətləri. “Çətin” uşaqlar və onların psixologiyası. “Çətin” uşaqların pedaqoji baxımsızlıqdan və ailə tərbiyəsinin nöqsanları ilə bağlılığı. “Çətin” uşaqlarla işin əsas istiqamətləri.
VI.23.1. Şəxsiyyətin formalaşması tərbiyə psixologiyasının əsas problemi kimi
Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. Müasir dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdırılması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata keçirilməsində məktəb və müəllimlərimiz həlledici mövqe tutur.
Məktəblərimizin, müəllim və tərbiyəçilərimizin bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmələri tərbiyə prosesinin psixologiyası, psixoloji əsasları, qanunauyğunluqları haqqında biliklərdən çox asılıdır. Təsadüfi deyildir ki, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi tərbiyə psixologiyasının başlıca vəzifəsi hesab olunur.
Şəxsiyyətin əxlaqi-iradi sahəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür, anlayış, prinsip və inamının, əxlaqi hisslərinin, adətlərinin, başqa adamlara, cəmiyyətə, əməyə münasibətdə ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji mexanizmlərini açmaqla, tərbiyə psixologiyası böyüyən gənc nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün imkan verir.
Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, məktəblilərin özünütərbiyəsinin psixoloji əsaslarını aşkara çıxarmaqla, tərbiyə psixologiyası şəxsiyyətin keyfiyyətlərinin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmlərini də öyrənir.
Tərbiyə şəxsiyyətin formalaşmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Bu prosesdə daha yaşlı nəsl özünün təcrübəsini, ehtiraslarını, inamını kiçik nəslə verir. Tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən inkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diqqəti birinci növbədə cəlb edən cəhətlərdəndir. Bu baxımdan ilk növbədə nəyi tərbiyə etmək məsələsi, başqa sözlə şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. Məlum olduğu kimi, şəxsiyyət hər bir keyfiyyəti bir-biri ilə ayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı olaraq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsus əhəmiyyət kəsb edir. Ona görə də tərbiyə prosesində şəxsiyyətin formalaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəruridir. Başqa sözlə, insanı hissə-hissə deyil, bir şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır. Şəxsiyyətin əlamət və keyfiyyətlərinin əlaqəsini, qarşılıqlı təsir imkanlarını nəzərə almadan onun düzgün, məqsədəuyğun formalaşmasına nail olmaq mümkün deyildir.
Dostları ilə paylaş: |