Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları. Şagirdlərin tərbiyə prosesini idarə etmək üçün tərbiyənin təsiri altında onların şəxsiyyətində baş verən dəyişiklikləri nəzərə almaq imkanının olması lazım gəlir. Başqa sözlə, şagirdlərin tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq imkanımız olmazsa, tərbiyə prosesini idarə etməyimiz də mümkün olmazdı. Tərbiyə psixologiyası və pedaqoqikasının ən başlıca vəzifələrindən biri əxlaqi cəhətdən tərbiyəliliyin kriteriyalarının məzmununu aşkara çıxarmaq və müəllimləri uşaqda şəxsiyyətin formalaşmasının gedişi haqqında tam dəqiq və etibarlı məlumat verə bilən metodlarla silahlandırmaqdan ibarətdir.
Biz həyatda çox vaxt elə adamlara rast gəlirik ki, onlar müəyyən şəraitdə əxlaqi cəhətdən düzgün davrana bilirlər. Lakin bu adamların biz hələ əxlaqi cəhətdən tərbiyəli olduğunu söyləyə bilmərik. Biz yalnız o adamın əxlaqi tərbiyəliliyə malik olduğunu söyləyə bilərik ki, həmin adam heç cür əxlaqsız hərəkətə yol verə bilməsin. Ona görə də əxlaqi tərbiyəliliyin əsas kriteriyalarından biri əxlaqi tələbatların, hiss və adətlərin formalaşma səviyyəsindən ibarətdir.
Şəxsiyyətin formalaşmasının və tərbiyəliliyin mühüm kriteriyalarından biri də davranışın ixtiyarilik səviyyəsindən ibarətdir. İnsanın əxlaqi cəhətdən sabitliyi, çətinlikləri aradan qaldıra bilmək bacarığı öz arzularını, istəklərini idarə edə bilmək və öz niyyətini yerinə yetirə bilmək bacarığı, öz davranışını idarə edə bilmək bacarığı olmadan mümkün deyildir.
Düzgün tərbiyə almış adam müəyyən bir işi icra etməyi qərara alır və öz niyyətini həyata keçirir. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün bütün başqa arzuları, maneələri aradan qaldırır. İradi davranış adlandırılan bu cür davranışın təhlili göstərir ki, həmin davranışın əsasında şüurlu tənzim motivasiyası təmayülü mexanizmi dayanır. Bu zaman insan şüurlu olaraq bir təmayülün, meylin qiymətini artırır, digər təmayülün qiymətini isə azaldır. Şübhəsiz heç də insan həmişə özünün motivasiya təmayülünü əldə edə və onu lazımi istiqamətdə yönəldə bilmir. Belə olduqda iradi davranış həyata keçmir. Beləliklə, deyilənlərdən bir daha aydın olur ki, insanın tərbiyəliliyinin mühüm kriteriyalarından biri onun davranışının ixtiyarilik səviyyəsindən, özünün tələbatlarına yiyələnə bilmək səviyyəsindən ibarətdir. Şübhəsiz, tərbiyəliliyin müəyyən səviyyəsində insanın mədəni davranış formalarına, cəmiyyətdə qəbul olunmuş birgəyaşayış norma və qaydalarına, məişət və peşə vərdişlərinə və özünü apara bilməyin digər cəhətlərinə yiyələnməsini də nəzərə almamaq olmaz. Bu keyfiyyətləri asanlıqla müşahidə etmək mümkün olduğuna görə, bizə belə gəlir ki, insanın motivasiya sahəsinə əsasən onların barəsində asanlıqla fikir yürütmək mümkündür. Lakin tərbiyəlilik həmin zahiri əlamətlərə diqqətlə yanaşmağı da tələb edir. Onlar insanın həmin sahəyə təlabatları ilə motivləşən davamlı davranış forması kimi özünü göstərə bilər, eləcə də yalnız zahirən mənimsənilmiş davranış da ola bilər. İkinci halda şagirdlər təzyiqin, nəzarətin təsiri altında ondan tələb olunanların hamısına əməl edir, nəzarət olmadıqda isə müvafiq davranış tərzini yerinə yetirmirlər. Buradan isə aydın olur ki, müvafiq davranış forması şəxsin tələbatına çevrilməmişdir və həmin adam bu sahədə tərbiyəli deyildir.
Deməli, nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi davranmağı tərbiyəliliyin mühüm kriteriyalarından biri hesab etmək olar.