Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.23.4. Şəxsiyyətin özünütərbiyəsinin psixoloji



Yüklə 1,29 Mb.
səhifə228/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   224   225   226   227   228   229   230   231   ...   297
psix

VI.23.4. Şəxsiyyətin özünütərbiyəsinin psixoloji

əsasları


Tərbiyənin idarə olunması problemi. Tərbiyə kor-koranə bir proses olmayıb, idarəolunan proses­dir. Tərbiyə prosesi ona görə idarə olunan prosesdir ki, onun məqsədi, motivləri, funksiyaları və gözlə­nilən nəticələri mövcuddur. Şübhəsiz bunların hər birini nəzərə almaq və tərbiyə işini onlara müvafiq şəkildə təşkil etmək elə onun idarə edilməsi de­məkdir. Bir cəhəti də qeyd etmək lazımdır ki, tərbiyə həm xarici, həm də daxili idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə olunanlardan deyil, tərbiyə edənlərdən asılıdır. Burada müəllim və tərbiyəçilərin, tərbiyəvi işi həyata keçirən kollektivin fəaliyyəti diqqəti cəlb edir. Ona görə də məktəblinin şəxsiyyətinin öyrə­nilməsi tərbiyə prose­sinin idarə edilməsinin mühüm bir amilidir. Bunsuz məktəbli şəxsiyətini formalaşdırmaq da çətin olardı. Bu cür xarici idarəetməyə tərbiyəvi üsul və vasitələrin düzgün seçilməsi və s. amillərə istinad edilməsini də aid etmək olar. Lakin tərbiyənin idarə olunması təkcə xarici formada gedə bilməz. Tərbiyə prosesində biz konkret canlı insanın, fərdin şəx­siyyətini formalaşdırırıq. Ona görə də bu prosesdə həmin fərdin özünün bu prosesə münasibəti, özündə bu və ya digər keyfiyyəti aşılamaq cəhdi də mühüm rol oynayır. Bu isə tərbiyədə daxili idarəetmənin zəruri­liyini irəli sürür. Belə daxili idarəetmə isə özünü­tərbiyə prosesində həyata keçir və özünüidarə rolunu oynayır.
Özünütərbiyə və onun motivləri. Özünütərbiyə insanın şüurlu olaraq qarşısına qoyduğu məqsədə, ideal və inamlarına müvafiq şəkildə öz şəxsiyyə­tində dəyişikliklər etməyə yönəlmiş fəaliyyətindən ibarətdir. Özünütərbiyənin həyata keçməsi üçün şəx­siyyətin və onun özünü dərk etməsinin müəyyən inkşaf səviyyəsinin, özünün hərəkətlərini başqalarının hə­rəkətləri ilə müqayisə zamanı təhlildən istifadə edə bilmək qabiliyyətinin, eləcə də daim özünütək­minləşdirmək ustanovkasının olması tələb edilir.
Şəxsiyyətin özünütəkminləşdirməsi onun cə­miyyətdəki həyati tələbatları və fəaliyyəti ilə, inkişafı ilə şərtlənir. İnsanın yaşadığı ictimai şərait, aldığı təlim və tərbiyə onun özünütərbiyə­sində həlledici rol oynayır.
İctimai həyatı, eləcə də onu əhatə edən mühi­tin tələblərini, öz qüvvə və imkanlarını aydın dərk etmək əsasında insanın öz həyatını daha münasib əsaslar üzrə qurmaq üçün arzu etdiyi keyfiyyətləri özündə inkişaf etdirməsi və ya malik olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən ötrü özünə şüurlu, planlı, məqsədəuyğun və müntəzəm surətdə təsir etməsi, rəftar və davranışını təkminləşdirmək qayğısına qalması özünütərbiyə adlanır.
Həyati faktlar özünütərbiyənin geniş imkan­lara malik olduğunu bir daha təsdiq edir. Bir çox görkəmli adamlar uşaqlıqdan pis təlim-tərbiyə al­malarına, onların şəxsiy­yətində bir sıra qüsurla­rın olmasına baxmayaraq gənclik və sonrakı dövrdə özünütərbiyənin köməyi ilə öz şəxsiy­yətlərinin yük­sək inkişaf mərhələsinə yüksələ bilmiş, davranış və fəaliyyətlərindəki qüsurları, aradan qaldıra bil­mişlər. Məsələn, görkəmli rus yazıçısı L.N.Tols­toyun özü­nün etirafına görə o, uşaqlıq və ilk gənc­lik dövründə öz xarakterində, davranışında olan qüsurları, o cümlədən tən­bəllik, lovğalıq, şöhrətpə­rəstlik və s. kimi mənfi cəhət­ləri aydın şəkildə görə bilmiş və həmin qüsurlara qarşı ciddi döyüş elan etmişdir. Bütün həyatı boyu özündə əməksevər­lik, humanizm, düzgünlük, cəsarətlilik keyfiy­­yətləri tərbiyə etmişdir.
Həyatdan özünütərbiyənin mahiyyətini açan yüz­lərcə bu cür faktlar gətirmək mümkündür. Bunların hamısından bir ümumi cəhət aydın olur ki, insanın özünü, öz hərə­kətlərini idarə etməsində özünütərbiyə əvəzolunmaz əhə­miyyətə malikdir. Özünütərbiyə bir növ özünüidarə demək­dir. Həm də özünütərbiyə özünü­idarənin ən ali forması kimi özünü göstərir. İnsan hər bir yaş dövründə özünü­təkmilləşdirməyi, özündə yüksək hisslər aşılamağı, öz şəx­siy­yətində təzahür edə biləcək birtərəfliliyi aradan qaldırmağı, xeyir və şəri bir-birindən ayırmağı bacarmalıdır.
Özünütərbiyə insanın kamilləşməsi ilə, özünü istər mənəvi, istərsə də fiziki cəhətdən cəmiy­yətdəki mövqeyilə və yaxud cəmiyyətdə tutmaq istədiyi mövqeyə uyğunlaş­­dırmaq meyli ilə əlaqədardır.
Özünütərbiyə özünüidarə prosesində həyata keçir. Burada insanın özünütəyini mühüm rol oynayır. Özünütəyin insanın özünün həyat yolunu, məqsədlərini, əxlaq norma­larını, peşə və həyat şəraitini şüurlu olaraq seçməsi demək­dir.
Özünütərbiyədə özünüdərketmə, özünü ələ almaq, özünüstimullaşdırma xüsusi rol oynayır.
Özünüdərketməyə özünümüşahidə, özünütəhlil, özü­nü­qiymətləndirmə, özünümüqayisə daxil olur.
Özünü ələ ala bilmək özünəinama, özünənəzarətə, özünütəlqinə, özünü məcburetməyə əsaslanır.
Özünüstimullaşdırma isə özünütəsdiqi, özünübəyən­­məni, özünürəğbətləndirməni, özününümayişi, özünüməh­­dud­­­­laşdırmanı nəzərdə tutur.
İnsanda özünütərbiyə tələbatının yaranması göstərir ki, o, həyata, qarşısında duran vəzifəyə kor-koranə deyil, şüurlu şəkildə yanaşır, öz fəaliyyətində müvəffəqiyyət qazanmaq üçün özündə müəyyən keyfiyyətlər tərbiyə etmək zərurətini dərk edir. Buradan isə aydın olur ki, özünütərbiyə insa­nın yüksək şüurluluğu ilə, hər şeydən əvvəl, insa­nın özündə müəyyən müsbət əlamətləri inkşaf etdir­mək, mənfi əlamətlərin isə qarşısını almaq meyli­nin yaranması ilə bağlıdır.
Bəs özünütərbiyə nə üçün baş verir? İnsanı özünütərbiyəyə təhrik edən səbəblər-motivlər hansı­lardır? Bu sahədə aparılmış psixoloji tədqiqatlar özünütərbiyənin bir sıra motivini aşkara çıxar­mışdır. Adətən, aşağıdakılar özünütərbiyənin mo­tivi kimi özünü göstərə bilər: 1) cəmiy­yətin əxlaqi tələbləri, 2) kollektivin, yoldaşlarının hörmətini qazanmaq iddiası, 3) yarış, 4) tənqid və özünü­tənqid, 5) işdəki çətinliklər, 6) ətrafdakıların nümu­nəsi, 7) maddi həvəsləndirmə və s.
Fəaliyyətin başqa sahələrində olduğu kimi, özünü­tərbiyənin motivlərini də xarici və daxili olmaqla iki yerə bölmək olar.
Xarici motivlərə birinci növbədə cəmiyyətin əxlaqi tələblərini, onun iqtisadi-siyasi həyat şərai­tini aid etmək olar. Bununla yanaşı olaraq ətrafda­kıların nümunəsi, maddi həvəsləndirmə, tənqid və s. də xarici motiv kimi özünü göstərə bilər. Əgər xa­rici amillər insan tərəfindən dərindən dərk edilir və onun şəxsi marağı, arzu və istəkləri ilə uyğun gəlirsə, həmin amillər insanı öz üzərində işləməyə, o tələblərə layiqincə cavab vermək üçün hazırlaş­mağa vadar edir, deməli, özünütərbiyənin motivinə çevrilir.
Özünütərbiyənin daxili motivlərinə isə, in­sanların maddi və mənəvi tələbatları, müxtəlif həyati yönəliş­­liklərini ifadə edən etiqadları və s. daxildir.
Özünütərbiyənin ən ali motivi idealdır. İnsa­nın qəbul etdiyi ideal həmişə onu müəyyən sahədə özünütərbiyəyə, öz idealarında olan keyfiyyətlərə yiyələnmək üçün cəhd göstərməyə yönəldir.
Qeyd etmək lazımdır ki, özünütərbiyə həmişə yalnız bir motivin təsiri ilə həyata keçmir. Adətən, özünütərbiyə bir neçə motivin təsiri ilə baş verir. Lakin bu motivlərin biri aparıcı rol oynayır.
Özünütərbiyənin motivlərini bilmək həm tərbiyəçilər, həm də özünütərbiyə ilə məşğul olan yeniyetmə və gənclər üçün çox əhəmiyyətlidir. Çünki həmin motivlərin bir qismi daha təsirli, davamlı olduğu halda, qalanları az təsirli, keçici ola bilər. Özünütərbiyə üçün daha təsirli və davamlı, uzun müddətli motivlərin olması böyük əhəmiyyətə malik­dir. Bu halda özünütərbiyə ilə məşğul olmaq, başqa sözlə, insanın daim özünütəkmilləşdirməyə, daha yüksək insani keyfiy­yətlər qazanmağa çalışması şəx­siyyətin ayrılmaz xüsusiy­yətinə çevrilə bilər.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin