İnkişafetdirici funksiya, adından məlum olduğu kimi, müəllimdən öz şagirdlərini inkişaf etdirmək vəzifəsini həyata keçirməyi tələb edir. Təlim və şagirdlərin inkişafı vahid, bir-birilə bağlı proseslərdir. Ona görə də inkişafetdirici pedaqoji funksiya o zaman müvəffəqiyyətlə həyata keçə bilər ki, müəllim şagirdlərin şəxsiyyətlərinin əqli, sensor və emosional sahəsinin, idrak imkanlarının formalaşması və inkişafı yollarını müəyyənləşdirə bilsin, onlarda müstəqil işləmək bacarığı aşılaya bilsin. Bunun üçün isə müəllim bir sıra zəruri bilik, bacarıq və vərdişlərə malik olmalıdır. Bunlardan: müxtəlif yaş dövründə şagirdlərdə idrak qabiliyyətləri inkişafının psixoloji-pedaqoji əsasları haqqında bilikləri, öyrənilən faktları təhlil etmək və ümumiləşdirmək, müqayisə etmək, onların mühüm və ikinci dərəcəli əlamətlərini ayıra bilmək bacarığını, şagirdi problem situasiya ilə qarşılaşdıra və onu fikirləşdirə bilmək bacarığını və s. göstərmək olar.
Tərbiyəedici funksiya da inkişafetdirici funksiyadan az əhəmiyyətə malik deyildir. Tərbiyəedici pedaqoji funksiya təlim prosesində və sinifdənkənar tədbirlər zamanı şagirdlərdə düzgün elmi dünyagörüşünün formalaşması, ideya-siyasi, əxlaqi, estetik və vətənpərvərlik tərbiyəsi vəzifələrinin yerinə yetirilməsi ilə bağlıdır. Şübhəsiz, bu funksiyanın həyata keçirilməsi də müəllimdən zəruri pedaqoji bacarıq və vərdişlərə yiyələnməyi tələb edir. Bunlardan, dərsdə və sinifdənkənar tədbirlər zamanı tədris edilən fənnin imkanlarından tərbiyəvi məqsədlər üçün istifadə edə bilmək bacarığını, kollektivizm, prinsipiallıq, fəal əxlaqi mövqe tərbiyə edə bilmək bacarığını, şagirdlərin şüurlu olaraq peşə seçmələri və ilkin peşə hazırlığı üçün şərait yarada bilmək bacarığını və s. göstərmək olar.
Kommunikativ öyrədici funksiya bir tərəfdən müəllimin kommunikativ fəaliyyətinin təşkili, digər tərəfdən onun şagirdlərə zəruri məlumatlar verməsi ilə bağlıdır. Müəllimin kommunikativ fəaliyyəti düzgün qurulduqda tədris etdiyi elmin əsaslarını öyrədə bilir, şagirdlərin maraq və ehtiyaclarını ödəyir, real şəraitdən asılı olaraq təlim və tərbiyə metodlarından səmərəli şəkildə istifadə etməyi bacarır. Kommunikativ funksiyanı həyata keçirmək üçün müəllim siniflə və ayrı-ayrı şagirdlərlə, ayrı-ayrı müəllimlərlə və bütün müəllim kollektivi ilə, məktəb rəhbərləri ilə, şagirdlərin valideynləri ilə tez və asanlıqla işgüzar əlaqə yaratmağı bacarmalıdır.
Müəllimin pedaqoji fəaliyyətindəki qnostik funksiyaya gəldikdə, o, hər şeydən əvvəl məktəbdə bu və ya digər fənnin öyrədilməsinin son məqsədini dərindən dərk etməyə əsaslanır. Bununla yanaşı, həmin funksiya müəllimdən həmin tədris fənninin spesifik cəhətlərini, məzmununu, tədris metodlarını bilməyi, öyrənilən materialın mühüm əlamət və keyfiyyətlərini ayırmaq bacarığını, eləcə də proqramda və dərslikdə verilmiş tədris materialını şagirdlərin mənimsəmə, dərk etmə imkanları və mənimsəmədəki çətinliklərin səbəbləri barədə biliyə malik olmağı tələb edir.