Pedaqoji ünsiyyətin psixoloji mexanizmləri. Pedaqoji ünsiyyətin ümumi xarakteristikası. Müəllimin şagirdlərlə ünsiyyət üslubu: avtokratik, avtoritar, demokratik, liberal, qeyri-sabit. Müəllim və şagirdlərin qarşılıqlı münasibətləri. Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi. Gənc müəllimlərin şagirdlərlə ünsiyyətindəki əsas çətinliklər. Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı psixoloji çətinliklərin tipləri və onların aradan qaldırılması yolları. Müəllimin pedaqoji mərifəti. Pedaqoji mərifətin müəllimin davranışında həlledici yeri. Pedaqoji mərifətin onun ümumi əxlaqi keyfiyyətlərindən, pedaqoji etika qanunlarını nəzərə almasından asılılığı.
Şagird şəxsiyyəti və sinif kollektivinin öyrənilməsi və onlara psixoloji xarakteristika tərtibinin prinsipləri. Dərsin psixoloji təhlili.
Pedaqoji kollektiv və ona rəhbərliyin bəzi psixoloji məsələləri. Pedaqoji kollektiv və onun pedaqoji fəaliyyətin müvəffəqiyyətində rolu. Müəllimlərin qarşılıqlı münasibətləri və pedaqoji kollektivdə psixoloji iqlim. Peedaqoji kollektivə rəhbərlik. Pedaqoji kollektivə rəhbərliyin sosial-psixoloji funksiyaları.
VI.25.1. Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri
Pedaqoji fəaliyyət cəmiyyətin yaşlı üzvlərinin məqsədi gənc nəsli tərbiyə etməkdən ibarət olan fəaliyyətidir.Başqa sözlə, pedaqoji fəaliyyət müəllimin təlim, tərbiyə, inkişaf, şagirdlərin təşkili zamanı cəmiyyət tərəfindən irəli sürülən sifarişə müvafiq olaraq məktəblilərdə şəxsiyyətin keyfiyyətinin formalaşmasına yönəldilmiş peşə fəallığından ibarətdir.
Pedaqoji fəaliyyət mürəkkəb fəaliyyətdir. Onun müxtəlif cəhətləri diqqəti cəlb edir. Ona görə də pedaqoji fəaliyyət pedaqoji elmlərin müxtəlif sahələri tərəfindən öyrənilir, tədqiq olunur. Burada birinci növbədə müəllim əməyinin psixoloji qanunauyğunluqları diqqəti cəlb edir. Ona görə də pedaqoji fəaliyyətin psixologiyasından danışarkən müəllim əməyinin, müəllimin cəmiyyət tərəfindən irəli sürülən məqsədləri və pedaqoji fəaliyyət sistemini necə qavraması və həyata keçirməsi, konkret şəraitdən asılı olaraq öz fəaliyyətinin vəzifə, forma və metodlarının aktuallığını necə dərk etməsinin psixoloji qanunauyğunluqlarını öyrənən psixoloji bilik sahəsini nəzərdə tuturuq. Bu bilik sahəsi ümumiyyətlə fəaliyyətin psixoloji qanunauyğunluqlarına istinad edir, özünün strukturunu müəyyənləşdirərkən həmin qanunauyğunluqlardan qidalanır. Fəaliyyət haqqında mövcud biliklərə istinad etmiş olsaq, pedaqoji fəaliyyətin strukturunda aşağıdakı cəhətləri ayırd edə bilərik:
1) pedaqoji fəaliyyətin motivləri - insan yetişdirməklə əlaqədar ictimai tələbat;
2) pedaqoji fəaliyyətin məqsədi ─ cəmiyyət üzvlərinin tərbiyəsi;
3) pedaqoji fəaliyyətin predmeti ─ insan (yaşlı və uşaq). Fəaliyyətin başqa növlərindən fərqli olaraq pedaqoji fəaliyyətin predmeti özünəməxsus xüsusiyyətə malikdir. Burada əsas cəhət ondan ibarətdir ki, uşaq öz fəaliyyətinin həm obyekti, həm də subyekti kimi çıxış edir;
4) müəyyən iş və əməliyyatların məcmuundan ibarət olan fəaliyyətin özü ─ ayrı-ayrı öyrədici, inkişafetdirici və tərbiyələndirici iş və əməliyyatlar;
5) pedaqoji fəaliyyətin vasitələri ─ məktəbdə təlim və tərbiyənin məzmunu, forması və metodları;
6) pedaqoji fəaliyyətin şəraiti ─ cəmiyyətin böyüməkdə olan gənc nəslin tərbiyəsinə qayğısı, məktəbin maddi cəhətdən təchiz olunması, məktəbin pedaqoji kollektivindəki birlik, məktəbə lazımı səviyyədə rəhbərlik etmək və s.;
7) pedaqoji fəaliyyətin nəticəsi ─ şagird şəxsiyyətinin əlamət və keyfiyyətlərinin formalaşması.
Bu cəhətlərin hər biri pedaqoji fəaliyyətin səmərəliliyi üçün əsas amil rolunu oynayır. Məhz buna görə də onların hər biri pedaqoji fəaliyyətin tələblərinə uyğun səviyyədə olmalıdır. Eyni zamanda pedaqoji fəaliyyət bu cəhətlərə malik olmadan bir fəaliyyət kimi təzahür edə bilməz.
Müəllim əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-biri ilə vəhdətdə olan üç cəhət diqqəti xüsusi olaraq cəlb edir. Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim şəxsiyyətinin xüsusiyyətlərindən ibarətdir. Onlar vahid məqsədə ─ cəmiyyətin sosial sifarişini həyata keçirməyə yönəlsələr də bir-birini təkrar etmirlər. Belə ki, pedaqoji fəaliyyət müəllimin şagirdlərə təsirini (eləcə də şagirdlərin müəllimə təsirini) əhatə edir. Pedaqoji ünsiyyət ─ birgə fəaliyyət zamanı müəllim və şagirdlərin əməkdaşlığından ibarətdir. Pedaqoji fəaliyyəti, pedaqoji ünsiyyəti müəllim şəxsiyyətindən kənarda nəzərdən keçirmək mümkün deyildir.
Müəllimin şəxsiyyəti onun əməyinin sosial istiqamətini müəyyən edən əsas amildir. Qeyd olunan cəhətlərin hər üçü müəllim əməyinin gedişi zamanı bir-biri ilə mürəkkəb dialektik əlaqədə olmaqla, onlardan hər biri gah zəmin, gah vasitə, gah da inkişafın nəticəsi kimi özünü göstərir.
Psixoloji tədqiqatlar əsasında müəyyən edilmişdir ki, pedaqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd və vəzifəni yerinə yetirir. Psixoloqlar həmin məqsədlərin aşağıdakı təsnifini vermişlər: 1) cəmiyyətin sosial sifarişindən doğan ümumi ilkin məqsədlər, 2) təlim fənninin spesifikliyindən irəli gələn konstruktiv məqsədlər, 3) sinfin konkret tərkibi ilə bağlı olan operativ pedaqoji məqsədlər.