Dərsdə yaddasaxlama tərzlərindən səmərəli istifadə etmənin şərtləri. Təlimin müvəffəqiyyəti dərsdə öyrənmənin, yaddasaxlamanın səmərəli yollarından istifadə olunmasından da çox asılıdır. Öyrənmənin, yaddasaxlamanın səmərəliliyini artıran bu cür tərzlər çox və müxtəlifdir. Onlardan bəzilərinə nəzər salaq. Dərsdə öyrənmənin, yaddasaxlamanın bilavasitə müəllimlə bağlı olan səmərəli yollarından biri kimi şagirdlərdə öyrənilən materiala qarşı idrak maraqlarının aşılanmasını, başqa sözlə, təlimin daxili motivlərinin inkişaf etdirilməsini göstərmək olar. Müəllim şagirdlərdə öyrəndiklərinə qarşı idrak marağı yaratdıqda şagirdlərin öyrəndiklərini yaddasaxlamaları da səmərəli olur.
Yaxşı öyrənmək və yaddasaxlamanın səmərəli şərtlərindən bir də müəllimin dərs zamanı şagirdlərin diqqətini səfərbər edə bilməsidir. Bu baxımdan dərsdə şagirdlərin diqqətini öyrənilən obyek (material) üzərinə yönəltmək, onun ətrafında mərkəzləşdirmək ən zəruri şərtlərdəndir.
Öyrənilən materialın daha yaxşı yadda saxlanılması qarşıya qoyulmuş yaddasaxlama məqsədi, yaddasaxlama müddətindən də asılıdır. Müəllim dərsdə şagirdlərin qarşısında (eləcə də şagirdlər öz qarşılarında) yaddasaxlama, həm də uzun müddət üçün yaddasaxlama məqsədi qoyduqda öyrənilən material uzun müddət yaddan çıxmır. Əksinə, şagird materialı sabah müəllimə cavab vermək məqsədini qarşısına qoyursa, cavab verəndən az sonra həmin material asanlıqla unudulur.
Yaddasaxlamanın səmərəli yollarından biri də öyrəndiklərini anlamadır. Əgər müəllim verdiyi materialın şagirdlər tərəfindən anlaşılmasına nail olarsa yaddasaxlama da bir o qədər davamlı və səmərəli olur.
Müəllimin öyrətdiyi materialları həyatla əlaqələndirməsi də yadda saxlamanın səmərəliliyinə müsbət təsir edən şərtlərdəndir.
Müəllim dərsdə şagirdlərin öyrəndiklərini yaxşı yadda saxlaya bilmələri üçün onları həmin materialı təxəyyüllərində canlandırmağa alışdırmalıdır.
Öyrənmənin, yaddasaxlamanın səmərəliliyini təmin edən yolların sayını artırmaq olardı. Şübhəsiz müəllimin burada qeyd olunan və digər səmərəli yollardan istifadə etmək bacarığı aşılaması şagirdlərin zəruri bilik, bacarıq və vərdişlərə yiyələnməsi işini asanlaşdırır, təlim fəaliyyətinin səmərəliliyini yüksəldir.