Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici amillər. Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici amillər təlimmaterialının xüsusiyyətləri ilə bağlıdır. Bu xüsusiyyətlər çoxdur. Psixoloqların apardıqları tədqiqatlar həmin xüsusiyyətlərin sistemini müəyyənləşdirməyə imkan vermişdir.
Təlim materiallarının xarici amil kimi öyrənmənin müvəffəqiyyətini təmin edən xüsusiyyətlərindən birincisi onun məzmunudur. Təlim materiallarının əsas məzmununu məlumatlar, anlayışlar, prinsiplər, qaydalar, bacarıq və vərdişlər təşkil edə bilir. Həmin məzmunun düzgün seçilməsi təlimin səmərəliliyi üçün zəruridir. Təlim materialları məzmunca dolğun, anlayışları dəqiq açacaq, şagirdlərin yaş və bilik səviyyələrinə uyğun olmalıdır.
Təlim materialını öyrənmənin müvəffəqiyyətini təmin edən xarici amil kimi ikinci mühüm xüsusiyyəti onun formasıdır. Adətən, təlim materialları müxtəlif formaya malik ola bilər. Forma etibarilə o, əşyavi, obrazlı, sözlü və simvolik şəkildə ifadə edilir. Təlim materialının göstərilən formalarının hər birinin özlərinə məxsus dil və üslub xüsusiyyətləri vardır. Ona görə də təlimin həmin formalarından və onların xüsusiyyətlərindən asılı olaraq öyrənmə, mənimsəmə də müxtəlif şəkildə gedir. Bu baxımdan təlim prosesində həmin cəhətlərin nəzərə alınması zəruridir. Müəyyən yaş dövründə təlim materialının müvafiq formasından istifadə olunması öyrənmənin müvəffəqiyyətini təmin etmək üçün mühüm əhəmiyyətə malikdir.
Psixoloji tədqiqatlar əsasında materialın formaca düzgün tərtib edilməsinə verilən psixoloji tələblər müəyyənləşdirilmişdir. Bu tələblərə düzgün əməl edilməsi təlim materiallarını şagirdlərin səmərəli şəkildə öyrənmələrinə imkan yaradır. Belə tələblərdən biri fikri istinadların, mətnin quruluş «vahidinin» qabarıq şəkildə verilməsidir. Bu tələbə görə təqdim edilən təlim materialının əsas cəhətlərini qabarıq şəkildə nəzərə çarpdırmaq lazımdır. Material elə tərtib olunmalıdır ki, əsas cəhətləri bir-birindən dərhal fərqlənə bilsin, onları birləşdirmək, qruplaşdırmaq və ümumiləşdirmək mümkün olsun (A.A.Smirnov).
Öyrənmənin müvəffəqiyyətinə təsir göstərən xarici amillərdən biri də təlim materiallarının çətinlik dərəcəsidir. Öyrənmənin səmərəliliyinə, onun sürətinə və düzgünlüyünə bu amilin böyük təsiri vardır.
Materialın çətinliyi onda olan informasiyaların məktəblinin idrak imkanlarına müvafiq olmaması ilə müəyyən edilir. Materialın ayrı-ayrı ünsürləri arasında əlaqənin zəif olması, onun bir tərkib hissəsinin özündən sonra gələn tərkib hissəsini ətraflı aydınlaşdıra bilməməsi, səbəb-nəticə əlaqəsinin pozulması, ardıcıllığın itməsi, mətn daxilində qayda və tərifləri üzə çıxarmaq imkanı verən ümumiləşdirmənin zəif olması materialın çətinlik dərəcəsini artırır. Ona görə də bu cür materiallar şagirdlər tərəfindən çətin mənimsənilir.
Təlim materialının öyrənməyə təsir edən əsas xüsusiyyətlərindən biri də onunəhəmiyyətidir. Materialın əhəmiyyətlilik dərəcəsi müxtəlif sahələrlə bağlı ola bilər. Material, ola bilsin ki, şagirdlərə təqdim edilmiş digər materialları mənimsəmək, qarşıda duran məsələni həll etmək, yeni məlumatlar əldə etmək, şagirdlərdə şəxsiyyətin bu və ya digər keyfiyyətlərini formalaşdırmaq və s. baxımından əhəmiyyətli olsun. Bunların hamısında materialdan insanın faydalanması nəzərdə tutulur. Əgər verilmiş təlim materialı heç cür faydalanmağa imkan vermirsə, onun öyrənilməsi də bir o qədər səmərəsiz olacaqdır. Çox vaxt dərsliklərdə və ya şagirdlərə təqdim olunan əlavə ədəbiyyatdakı materiallar bu tələbə cavab vermədiyinə görə şagirdlər tərəfindən rəğbətlə qarşılanmır, əksinə asanlıqla psixoloji doyumluluq yarada bilirlər. Ümumiyyətlə götürdükdə təlim materialının əhəmiyyətliliyi qnostik (idraki), praktik (əməli), etik (əxlaqi), estetik (bədii), sosial (ictimai), tərbiyəvi (pedaqoji) sahələri əhatə edir.
Lakin buradan heç də belə bir nəticə çıxarmaq olmaz ki, materialın təkcə öz-özlüyündə əhəmiyyətli olması onun müvəffəqiyyətlə mənimsənilməsini təmin edə bilər. Öyrənmənin müvəffəqiyyətlə getməsi üçün material şagird üçün əhəmiyyətlilik kəsb etməli, onun tələbat və maraqlarına cavab verməlidir.
Təlim materialının anlaşıqlılığı da onun öyrənilməsinə təsir edən əsas amillərdəndir. Psixoloqların apardıqları müşahidə və eksperimentlər göstərmişdir ki, anlaşıqlılıq dərəcəsi yüksək olan materiallar daha tez mənimsənilməklə yanaşı bu prosesdə buraxılan səhvlərin miqdarı da az olur və həmin material uzun muddət yaddan çıxmır. Anlama öyrənmənin səmərəli yollarından hesab olunur. Şagird öyrəndiyini anlamalıdır. Materialın mənasını dürüst və dərindən anlayaraq öyrənmənin mexaniki öyrənmədən fərqli olduğu şübhəsizdir. Şagird dərindən anlayaraq, əsaslı şəkildə düşünərək öyrəndikdə həmin materialı bir o qədər düzgün və möhkəm yadda saxlayır. Psixoloji tədqiqatlar göstərmişdir ki, mənanı anlamadan, başa düşmədən materialı mexaniki öyrənmək üçün daha çox təkrar tələb olunur, bu cür öyrənilən material, mənası anlaşılaraq öyrənilən materialdan tez unudulur.
Adətən, hər bir idrak məsələsi, fikri məsələ beyində sual və suallar sistemi kimi əks olunur. İnsanda yaranmış sual nəyi isə anlamaq tələbatını ifadə edir. Belə sualın cavabı məlum olduqda anlama dərhal baş verir, məlum olmadıqda isə cavabın fəal şəkildə axtarılması və ya anlama prosesinin yaranması başlanır. Anlama yarandıqda öyrənmə də bir o qədər səmərəli olur. Ona görə də müəllim çalışmalıdır ki, şagird öyrəndiyini anlasın, həm də bu cür anlama təkcə müəllimin şərh etdiyi materialların öyrənilməsi zamanı deyil, şagirdin hər cür materialı öyrənməsi zamanı səmərəli yol olaraq qalsın. Bunun üçün isə materialın özünün anlaşıqlı olmasının rolu böyükdür. Lakin bununla yanaşı olaraq, nəzərə almaq lazımdır ki, materialın anlaşıqlılığı mənimsəmə subyektindən asılı olmayan təcrid edilmiş keyfiyyət deyildir. Materialın anlaşıqlı olması eyni zamanda şagirdin həmin materialı anlaması üçün zəruri anlayış və işlərə nə dərəcədə yiyələnməsindən də asılıdır. Bununla yanaşı anlaşıqlılığın səviyyəsi də müxtəlif ola bilər. Bütün bunlar müəllimin həmin prosesi idarə etməsini tələb edir.
Təcrübə göstərir ki, bəzən şagird müəllimin izahında müstəqil oxuyub öyrəndiyi materialda hər hansı bir cəhəti anlamadıqda, onu müəllimdən xəbər almayıb başa düşmədən mexaniki olaraq öyrənir ki, bu da biliyin keyfiyyətinə mənfi təsir göstərir. Ona görə də müəllim öz şagirdlərinə başa salmalıdır ki, aydın olmayan, az anlaşılan məsələlərin üstündən keçməmək, onları tamamilə anlayıb öyrənmək vacibdir. Ən düzgün və səmərəli yol fikirləşə-fikirləşə öyrənməkdir. Məhz buna görə də L.N.Tolstoy haqlı olaraq yazmışdır ki, bilik yalnız o zaman bilikdir ki, o, təkcə hafizə ilə deyil, həm də adamın öz fikirlərinin gücü ilə qazanılmış olsun.
Tədris materialının strukturu, quruluşu da onun öyrənilməsinə, yaxşı və ya pis mənimsənilməsinə öz təsirini göstərir. Materialın bu xüsusiyyəti onun anlaşıqlılığı ilə sıx bağlıdır. Materialın anlaşıqlılığı yeni ilə köhnə, məlum olmayanla məlum olan arasındakı əlaqəyə, materialın strukturu isə bu əlaqənin necə, hansı yollarla yarandığına əsasən müəyyən edilir.
Materialın həcmi də onun mənimsənilməsinə təsir edən mühüm xüsusiyyətlərdəndir. Materialın həcmi dedikdə ona daxil olan ünsürlərin miqdarı nəzərdə tutulur. Mənasız materialda yadda saxlanılacaq ünsürlərin miqdarını müəyyənləşdirmək o qədər də çətin deyildir. Burada verilmiş mənasız hecaların, rəqəmlərin və s. miqdarı materialın həcmini müəyyən edir. Mənalı yadda saxlanılacaq materialın həcmini müəyyənləşdirmək isə çətindir. Burada fikri proseslərin iştirakı lazım gəlir. Şagirdin təcrübəsi və biliyindən asılı olaraq həmin material sistemləşdirilir. Öyrənilən materialda ikinci dərəcəli məsələlər atılır, fikri dayaqlar– mətnin struktur vahidləri ayrılır, onun bütün bir hissəsi ümumiləşdirilir. Ona görə də təlim materialının həcmini təkcə onun ünsürlərinin miqdarı ilə ölçmək olmaz. Çünki şagirdlər dərslikdə yazılanı olduğu kimi deyil, mətni fikrən işləmək əsasında onda alınan formada, öz təcrübəsinə uyğun şəkildə öyrənir, yadda saxlayırlar. Şagirdlərin hər birində bu proses özünəməxsus şəkildə gedir. Mənalı təlim materialının həcmini yalnız mənimsənilməsi tələb olunan yeni anlayış və işlərin miqdarı ilə ölçmək mümkündür. Bu cür materialın həcmini eyni zamanda onda müəyyənləşdirilən əlaqələrin və mühakimələrin miqdarı ilə də ölçmək mümkündür. Təcrübə göstərir ki, məhz bu cəhətlər nəzərə alınmadıqda şagirdlərin öyrənməli olduqları mənalı materialların həcmi dərslik və dərs vəsaitlərində ya tələb olunduğundan artıq, ya da aşağı səviyyədə olur ki, bunların hər ikisi şagirdlərin öyrənməsinə mənfi təsir göstərir. Materialın həcminin həddindən artıq şişirdilməsi, şagirdlərdə yorğunluq, materiala qarşı ikrah hissi yaradır. Şagirdlər belə materialdan birtəhər yaxa qurtarmağa çalışırlar. Materialın həcmi az olduqda, daha doğrusu, buradakı yeni anlayış və əlaqələrin miqdarı həddindən aşağı olduqda material şagird üçün maraqsız olur.
Nəhayət, təlim materialının emosionallıq dərəcəsi də şagirdlərin həmin materialı mənimsəmələrinə təsir edən xüsusiyyət kimi özünü göstərir. Buraya materialın cazibədarlığı, şagirdlərdə müəyyən hiss və emosiya yarada bilmə xüsusiyyətlərini aid etmək olar. Adətən, şagirdlərdə qüvvətli müsbət hissi hal yaradan material cansıxıcı materiala nisbətən asan öyrənilir və yadda saxlanılır. Mənfi emosional təsirə malik olan material isə bəzən pis, bəzən də cansıxıcı materiala nisbətən yaxşı yadda saxlanılır.