Geridə qalan şagirdlərin psixoloji xüsusiyyətləri. Psixoloqların geridə qalan şagirdlərlə apardıqları işlər zamanı müəyyən edilmişdir ki, bu cür uşaqlar deduktiv əqli nəticə apara bilmir, əsas əlamətləri, xüsusilə bir neçə belə əlamət olduqda, ayırmaq və onların əsasında ümumiləşdirmə aparmaqda çətinlik çəkirlər.
Bununla yanaşı olaraq, geridə qalan şagirdlər təhlil aparmaqda da çətinlik çəkir, adətən onların mücərrədləşdirmə və ümumiləşdirmə səviyyələri problemin məhsuldar şəkildə həlli üçün lazım olan səviyyədən aşağı olur.
Təlimdə yetirməyən bu cür şagirdlərin sözlü-məntiqi təfəkkürünün inkişafı əyani-əməli təfəkkürlərindən geridə qalır. Ona görə də həmin şagirdlər ya qaydanın şərhini başa düşmür, ya da qayda haqqında yalnız formal biliklər məsələnin düzgün həllinə gətirib çıxarmır.
Psixoloji tədqiqatlar təlimdə geridə qalan şagirdlərin üç tipini müəyyənləşdirməyə imkan vermişdir:
birinci tip özünün öyrənməyə qabilliyinin aşağı səviyyəsi ilə, lakin təlimə qarşı müsbət münasibətləri və məktəbli mövqelərini saxlamaları ilə xarakterizə olunurlar;
ikinci tip geridə qalan şagirdlər fikri fəaliyyətinin yüksək keyfiyyətləri və məktəbli mövqelərini qismən və ya tamamilə itirmələri ilə fərqlənirlər;
üçüncü tip şagirdlərdə öyrənməyə qabillik aşağı olmaqla onlarda təlimə qarşı mənfi münasibət və məktəbli mövqelərini qismən və ya tamamilə itirmə xüsusiyyətləri özünü göstərir.
Psixoloji tədqiqatlar geridə qalan şagirdlərin bu cür tiplərinin özünəməxsus yarımtipləri olduğunu da aşkara çıxarmışdır (N.İ.Muraçkovski).
Hər bir tipi yarımtiplərə ayırmaq üçün aşağıdakı iki göstəriciyə istinad olunmuşdur:
şagirdlərin təlimdəki müvəffəqiyyətsizliklərini əvəz etmələrinə imkan verən vasitələr;
Gələcəkdə müəyyən fəaliyyətə qarşı yönəlmənin olması və ya da olmaması.
Bu göstəricilərdən asılı olaraq birinci tip şagirdlər arasında iki yarımtip müşahidə olunur.
Bunlardan birincisinə təlim işlərindəki müvəffəqiyyətsizliyi hər hansı bir praktik fəaliyyətin köməyi ilə əvəz etməyə çalışan şagirdləri aid etmək olar. Belə şagirdlər üçün ümumi olan cəhət onlarda mücərrəd təfəkkürün inkişaf etməməsi və bununla əlaqədar olaraq məsələnin şərti və həlli yollarını konkretləşdirmək cəhdindən ibarətdir. Onların bu cür hərəkətləri təlimdə bəzi müvəffəqiyyətlər qazanmaq imkanı verir.
Bu cür şagirdlərdə analitik təfəkkür inkişaf etmədiyinə görə təlim materialını çətinliklə mənimsəyirlər. Onlar təhlili məsələ həllinin bütün gedişində tətbiq edə bilmədiklərinə görə, çox vaxt məsələni də axıra kimi həll edə bilmirlər.
Geridə qalan şagirdlərin həmin yarımtipində gələcəkdə müəyyən fəaliyyət növünə qarşı yönəlişlik, arzu olunan peşəyə dair az və ya çox dərəcədə aydın təsəvvür mövcud olur. Adətən, bu cür yönəlişlik onların təlim fəaliyyətindəki müvəffəqiyyətsizliklərini əvəz edən praktik fəaliyyətinin məzmunundan asılı olur. Bununla əlaqədar olaraq həmin şagirdlərdə özünüqiymətləndirmə obyektiv xarakter daşıyır.
Geridə qalan birinci tip şagirdlərin ikinci yarımtipinə təlim işindəki hər cür çətinlikdən qaçmağa çalışan şagirdləri aid etmək olar. Təlimdə müvəffəqiyyət qazanmağa çalışan həmin şagirdlər çox vaxt qadağan olunmuş yollardan istifadə etməyə çalışırlar: yoldaşlarından köçürür, onların gizlincə dediklərinə istinad edir və s. Bu cür şagirdlər başqa işlərin hamısına da təlimə yanaşdıqları kimi yanaşırlar. Ətraf aləm haqqında onların təsəvvürləri olduqca məhduddur. Birinci yarımtipdən fərqli olaraq onlar hətta təlim tapşırıqlarının mahiyyətini anlamağa cəhd göstərmirlər. Bir qayda olaraq onlar gələcək haqqında düşünmürlər.
İkinci tipə aid etdiyimiz geridə qalan şagirdlər, adətən məktəbə yaxşı hazırlıq və oxumaq həvəsi ilə gəlirlər. Lakin həmin uşaqlar evdə səbrlə oturub işləməyə alışdırılmamış olurlar. Onlarda yalnız xoşlarına gələn işlə məşğul olmaq adəti hökm sürür. Ona görə də diqqəti cəmləşdirmək, hafizəni gərginləşdirmək, fəal şəkildə fikirləşmək onlarda narazılıq yaradır. Bunun əsasında təlimdə yaranan müvəffəqiyyətsizlik mənəvi konfliktin yaranmasına gətirib çıxarır. Bu da öz növbəsində təlimə qarşı mənfi münasibət yaradır. Belə uşaqların gələcək planları təlimlə bağlı olmur. Onların maraqları müxtəlif olur ki, bunların içərisində idrak maraqları da mühüm yer tutur.
Geridə qalan ikinci tip şagirdlər arasında da iki yarımtip müəyyənləşdirmək mümkündür.
Bunlardan birinci yarımtipə özünün təlimdəki müvəffəqiyyətsizliyini, kollektivdəki uğursuz vəziyyətini sinifdənkənar əqli fəaliyyətlə əvəz edən şagirdləri aid etmək olar. Onların gələcək haqqında arzuları məhz sinifdənkənar məşğuliyyətin həmin sahəsi ilə bağlı olur. Bu cür şagirdlərdə təlimin geniş sosial motivləri formalaşmamış olur.
İkinci yarımtipə məxsus olan şagirdlərin təlimdəki müvəffəqiyyətsizlikləri onları başqaları ilə, xüsusilə məktəbdənkənar qruplarla əlaqəyə girmək üçün yollar axtarmağa yönəldir. Belə uşaqlarda tez-tez mənfi sosial istiqamətə malik olan maraq və meyllər müşahidə olunur. Bu şagirdlər çox vaxt şagird mövqeyini itirirlər. Onlar intizamı kobudcasına pozurlar və müəllimlərin yanında etibarlarını itirirlər.
Dərsdə geridə qalan üçüncü tip şagirdlərin xarakteristikasını vermək o qədər də çətin deyildir. Bu tipə aid olan şagirdlər bir növ birinci tip şagirdlərin zəif öyrənməyə qabillik xüsusiyyətini və ikinci tip şagirdlərin asosial istiqamətlərini özlərində əks etdirirlər.
Geridə qalma, təlimdə müvəffəqiyyətsizliyin səbəblərinin və onların tiplərinin təhlili müəllim üçün, şübhəsiz, böyük əhəmiyyətə malikdir. Çünki bu zaman məktəbdə özünə yer edən bu xəstəliyin qarşısını almaq və aradan qaldırmaq imkanı yaranır. Lakin hələ psixoloji tədqiqatlar həmin xəstəliyin qarşısını almağın tam səmərəli yollarını aşkara çıxara bilməmişdir. Bu sahədə aparılan ayrı-ayrı tədqiqatlara istinad edərək təlimdə geridə qalmanın aradan qaldırılmasına kömək edə biləcək bəzi yolları nəzərdən keçirək.
Birinci tipə mənsub olan şagirdlərlə (öyrənməyə qabillik keyfiyyəti aşağı olan) birinci növbədə elə iş aparmaq tələb olunur ki, onların müvəffəqiyyətlə oxumalarını ləngidən, ona mane olan fikri fəaliyyət xüsusiyyətləri yenidən qurulmuş olsun.
Ümumiləşdirmə qabiliyyətinin zəif inkişaf etməsi, əyani-əməli təfəkkürün məntiqi təfəkkürə nisbətən üstünlüyü həmin şagirdlərlə iş apararkən təlimin ilk mərhələsində əyani obrazlara istinad etmək zəruridir. Bu zaman müəllim elə bir şərait yaratmalıdır ki, istifadə olunan əyani vəsait şagirdlərin diqqətini əsas fikri məsələnin həllindən uzaqlaşdıran ikinci dərəcəli əlamətlərə yönəltməsin.
Həmin şagirdlərlə aparılan mümarisələrin xarakterinə də xüsusi fikir verilməlidir. Sübutluluğun məntiqi strukturunun inkişafına, əqli nəticələrin formalaşmasına imkan verən mümarisələrdən geniş istifadə olunmalıdır. Öyrənməyə qabilliyi zəif olan şagirdlərlə müqayisəli təhlil tələb edən mümarisələrin aparılması daha faydalıdır.
Müəllim elə bir şərait yaratmalıdır ki, hər bir şagird orada özünü göstərə bilsin, müəllim isə şagirdləri hər bir, hətta ən kiçik müvəffəqiyyətinə görə rəğbətləndirsin.
Şagirdlərə verilən tapşırıqlar içərisində elələri də olmalıdır ki, şagirdlər müstəqil şəkildə asanlıqla yerinə yetirə bilsinlər. Belə olduqda, şagirdlərdə müstəqil işləri yerinə yetirməyə qarşı müsbət münasibətin formalaşması imkanı yaranır.