Birincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyətin əldə edilməsi mənimsənilməli olan materialdan, onun məzmunu və sistemindən asılıdır. Ona görə də təlimin məzmununun düzgün seçilməsinə xüsusi diqqət yetirilməlidir. Məzmun düzgün seçilmədikdə, sistemsiz və pərakəndə olduqda, öyrənilməsi nəzərdə tutulan məfhumlar lazımi səviyyədə açılmadıqda mənimsəmənin səmərəli gedəcəyinə ümid bəsləmək olmaz. Ona görə də öyrənilən fənlərin siyahısını və həcmini dəqiqləşdirmək, dərs proqramlarının və dərsliklərin həddən artıq yüklənməsini aradan qaldırmaq, bunları lüzumsuz mürəkkəbləşdirilmiş, ikinci dərəcəli materialdan təmizləmək; tədris fənnləri haqqında əsas anlayışları və ümdə ideyaları son dərəcə aydın ifadə etmək, elm və təcrübənin yeni nailiyyətlərinin bunlara da lazımınca əks olunmasını təmin etmək lazımdır.
Adətən, təlimin məzmunu düzgün seçilmədikdə, şagirdlərə dolaşıq, çətin, ikinci dərəcəli, o qədər də yenilik xarakteri daşımayan materiallar təqdim olunduqda onlarda asanlıqla həmin materiallara qarşı psixoloji doyumluluq yaranır. Təlim prosesindəki fəallıqları aradan qalxır.
İkincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyət əldə edilməsi öyrədən adamın - müəllimin şəxsi keyfiyyətlərindən, pedaqoji və metodiki ustalığından, hər bir halda tətbiq etdiyi konkret tədris metodundan, şagirdlərin psixologiyasını dərindən bilməsindən və s. asılıdır. Müəllim öz şəxsi keyfiyyətləri ilə şagirdlərə nümunə olmalıdır. Yüksək pedaqoji bacarıq və qabiliyyətlərə malik olmayan müəllim öz vəzifəsinin öhdəsindən lazımınca gələ bilməz. Onda yüksək pedaqoji mərifət, pedaqoji ünsiyyət keyfiyyəti formalaşmalıdır. Müəllim təlim materialını didaktik yolla işləyərək şagirdlərə zəruri məlumatı verməyi, onların fəaliyyətini səfərbər edə bilməyi, şagirdlərin əqli inkişafına təkan verməyi bacarmalıdır. Təlimin müasir metodlarından yerli-yerində istifadə edə bilməyən müəllim öz vəzifəsinin öhdəsindən lazımınca gələ bilməyəcəkdir.
Nəhayət, üçüncüsü, təlim prosesi öyrədilənin-şagirdin xüsusiyyətlərindən, onun fərdi psixi inkişaf xüsusiyyətlərindən (əqli, emosional, iradi), onda təlimə qarşı münasibətin yaranmasından, onun meyl və maraqlarından, tələbat və öyrənməyə qabillik imkanlarından da çox asılıdır. Başqa sözlə, təlim prosesi şagirdlərin fərdi-psixoloji və yaş xüsusiyyətləri ilə sıx bağlıdır. Bu cəhətlər nəzərə alınmadan təlim fəaliyyətini təşkil etmək və lazımi müvəffəqiyyətə nail olmaq mümkün deyildir.