Təlim problemi bəşəriyyətin daima diqqət mərkəzində olan bir problemdir. Bu problem hazırda da öz əhəmiyyətini itirməmiş, əksinə özünün yeni cəhətləri ilə daha qabarıq şəkildə diqqəti cəlb edən bir problemə çevrilmişdir. Həmin problemin günün tələbləri səviyyəsində həlli pedaqoji psixologiyanın qarşısında duran əsas vəzifələrdən hesab olunur.
Təlim problemi pedaqoji psixologiyanın qarşısında həm nəzəri, həm də tətbiqi problem kimi durur. Təlimin nəzəri problem kimi həlli birinci növbədə onun nəzəri əsaslarını, qanunauyğunluqlarını psixoloji aspektdə açmağı tələb edir. Bir nəzəri problem kimi təlim fəaliyyətinin psixoloji strukturunun açılması, onun motivləri, məqsədləri və vəzifələrinin dəqiqləşdirilməsi, təlim fəaliyyətinin müasir tələblərdən doğan konsepsiyalarının aşkara çıxarılması pedaqoji psixologiyanın həll etməli olduğu əsas problemlərdən hesab edilir.
Bu məsələlərin həlli üzərində çalışan psixoloqlar təlim nəzəriyyəsini bir sıra istiqamətlərdə inkişaf etdirmişlər. Bunları ümumiləşdirdikdə pedaqoji psixologiyada aşağıdakı təlim nəzəriyyələri diqqəti cəlb edir: 1) izahlı illüstrativ (ənənəvi) təlim; 2) proqramlaşdırılmış təlim; 3) fikri işlərin və anlayışların mərhələlər üzrə təşəkkülü nəzəriyyəsi; 4) problemli təlim; 5) təlim nəzəri təfəkkürün inkişafı kimi; 6) tərbiyəedici təlim.
Təlim problemi yalnız nəzəri problem olaraq qala bilməz. Həmin problemin aşkara çıxarılmış qanunauyğunluqları təcrübəyə, məktəb həyatına tətbiq olunmazsa və həmin sahədə öz səmərəsini göstərməzsə, onun əhəmiyyətindən də danışmağa dəyməz. Məhz buna görə də təlim və onun keyfiyyətini idarə etmək mühüm tədbiqi problem kimi pedaqoji psixologiyanın qarşısında durur. Təlimin forma və metodlarından istifadəni, təlim prosesində şagirdlərin inkişafının psixoloji xüsusiyyətlərini öyrənmək bu sahədə müəllimi zəruri biliklərlə silahlandırmaq deməkdir. Müasir dərsə verilən psixoloji tələblərin aşkara çıxarılması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.