Təlimin mahiyyəti və qanunauyğunluqları. Təlim insanın əsas fəaliyyət növlərindən biridir. Məktəb yaşı dövründə isə həmin fəaliyyət məktəblilərin aparıcı fəaliyyətinə çevrilir. Onun köməyi ilə şagirdlər müəyyən məlumatları, hərəkətləri və davranış formalarını mənimsəyirlər. Oyundan fərqli olaraq burada subyekt öyrənmə məqsədi güdür, ona məlum olmayan məlumatları əldə etməyə, bu və ya digər hərəkətlərə, davranış tərzlərinə yiyələnməyə çalışır. Bu iş kor-korana deyil, şüurlu, planlı şəkildə həyata keçirilir. Məhz buna görə də təlim prosesində aşağıdakı məqsədlərə nail olma baş verir:
a) hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə təşkil edilməsi üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında məlumatın mənimsənilməsi; b) həmin fəaliyyət növlərini təşkil edən yolların və əməliyyatların mənimsənilməsi; v) qarşıda duran məsələnin həllində lazım olan yolları və əməliyyatları düzgün seçmək və onlara nəzarət etmək üçün qeyd olunan məlumatlardan istifadə qaydalarını mənimsəmək. Birinci halda biliklərin, ikinci halda vərdişlərin, üçüncü halda isə bacarıqların yaranması baş verir.
Buradan isə aydın olur ki, təlim o zaman mümkündür ki, müəyyən bilik, vərdiş və bacarığa yiyələnmək üçün insanın fəaliyyəti şüurlu məqsədlərlə idarə olunsun. Həqiqi mənimsəmə həmişə müxtəlif idrak məsələlərinin həlli ilə bağlı olan fəal prosesdir. Belə mənimsəmə nəticəsində əldə edilən biliklər müəyyən sistem təşkil edir və təcrübəyə tətbiq oluna bilir.
Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və həmin bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmişməqsədyönlü idrak fəaliyyətidir. Təlim məqsədəyönəlmiş prosesdir. Burada insanın öyrənməsi baş verir. Lakin hər cür öyrənməni təlim adlandırmaq olmaz. Yalnız mütəşəkkil, məqsədəuyğun və planlı öyrənmə prosesini təlim adlandırmaq olar.
Adətən, təlimdən danışarkən müəllimin buradakı rolunu nəzərə alırıq. Təlim prosesində öyrədən müəllim və öyrənən şagird mövcud olur. Onların qarşılıqlı təsiri şəraitində, həm müəllim, həm də şagirdin fəallığının təsiri altında şagird bilik və vərdişlər əldə edir. Müəllim isə həmin prosesi idarə edir.
Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən bir-biri ilə bağlı olan üç amildən asılıdır: nəyi öyrədirlər, kim və necə öyrədir, kimi öyrədirlər.