VI. 24.3. Öyrənməyə qabillik problemi və mənimsəmə
Öyrənməyə qabillik problemi. Bu problem şagirdlərin geridə qalma, mənimsəyə bilməmə səbəblərini aşkara çıxarmaqla əlaqədar meydana çıxan problemdir. Təlim materiallarının mənimsənilməsində geridə qalan şagirdlərin psixoloji xarakteristikası əsasında psixoloqlar “öyrənməyə qabillik” anlayışını irəli sürmüşlər. Həmin anlayış altında şagirdlərin bilikləri və təlim fəaliyyəti tərzlərini mənimsəməyə nə dərəcədə həssas, qabil olduqları nəzərdə tutulmuşdur. Öyrənməyə qabilliyi şagirdin əqli inkişafı ilə qarışdırmaq olmaz. Yüksək əqli inkişaf səviyyəsinə malik olan adamda bəzən öyrənməyə qabilliyin aşağı səviyyədə olduğunu müşahidə etmək mümkündür. Yaş artdıqca əqli inkişaf yüksək səviyyəyə qalxa bildiyi halda, öyrənməyə qabillik uzun müddət az və ya çox dərəcədə öz sabitliyini saxlaya bilər.
Deməli, öyrənməyə qabillik insanın təlim prosesində bilik, bacarıq və vərdişləri mənimsəməsinin sürət və keyfiyyətinin fərdi göstəricisindən ibarətdir. Öyrənməyə qabilliyin ümumi və xüsusi növləri vardır. Öyrənməyə ümumi qabillikdən danışarkən hər cür materialı, bütün tədris fənlərini mənimsəməyə qabillik, öyrənməyə xüsusi qabillikdən söhbət gedərkən isə ayrı-ayrı materialları (müxtəlif elmləri, incəsənəti, yalnız bir fənni, tək bir praktik fəaliyyət növünü) mənimsəməyə qabillik nəzərdə tutulur. Bunlardan birincisi fərdin ümumi, ikincisi isə xüsusi istedadının göstəricisi hesab olunur.
Öyrənməyə qabilliyin əsasında idrak proseslərinin, şəxsiyyətin iradi-emosional sahəsinin inkişaf səviyyəsi, eləcə də bunlardan doğan təlim komponentlərinin inkişafı dayanır. Lakin öyrənməyə qabillik təkcə fəal dərketmənin inkişaf səviyyəsilə, daha doğrusu, subyektin müstəqil olaraq dərk etmə və mənimsəmə bacarığı ilə deyil, onun artıq müvafiq bilik və bacarıqlara malik olan adamın köməyilə dərk edə və mənimsəyə bilmək bacarığı səviyyəsi ilə də şərtlənir. Ona görə də öyrənməyə qabillik təlim və mənimsəmə qabiliyyəti kimi müstəqil dərk etmə qabiliyyətlərindən fərqlənir və yalnız idrak qabiliyyətlərinin inkişafı kimi qiymətləndirilə bilməz.